Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Əkİnçİlİk

Misir torpaqları Nil çayının hədiyyəsidir. Min illər bundan əvvəl qədim zamanlarda camaat öz əkin yerlərini suvarmaq üçün ibtidai üsulla Nil suyundan istifadə edirdilər. Yusifin hökumətə gəlməyi ilə əkinçilik sənəti fəallaşdı və məhsulları suvarmaq üçün yeni üsul tapıldı. Öncə əkin sahələrini suvarmaq üçün vedrədən istifadə edirdilər. Amma, Yusif hakimiyyətə gəldikdə yeni bir üsul işlətdi. Onlar Nil çayının sahilində hovuzlar qazdılar. Nil sularının səviyyəsi qalxdıqda o hovuzlar əkinçilərə heç bir zəhmət olmadan dolur və eləcə dolu qalırdılar. Əkin sahələrini suvarmaq üçün onlardan yeni kanallar ayrılırdı.

Beləliklə, əkinçilik rövnəqləndi və məhsuldarlığının səviyyəsi artdı. Yusif əmr etdi ki, buğdanı saxlamaq üçün anbarlar tiksinlər. Camaatın gündəlik yeməsi üçün ayrılan miqdardan əlavə qalan bütün buğdalar o anbarlara yığılırdı. Onlar yeddi il əkinçiliklə məşğul oldular, onu biçdilər və buğdaları anbara yığdılar. Həqiqətdə o illər xeyir, bərəkət və bolluq illəri idi.

Qıtlıq və quraqlıq

Quraqlıqlar başlandı. Həmin il yağış yağmadı. Nil çayının suyu hər ilki adətinin əksinə olaraq yuxarı qalxmadı. Əkin sahələri soldu, əkinçilik yerləri qurudu.

Növbəti il gəldi. Nilin suları daha da çəkildi. Suyun səviyyəsi güclü surətdə azaldı. Qıtlıq Misir torpaqlarını və digər qonşu ölkələri bürüdü.

Misirlilər Yusifi çox sevirdilər. Çünki, O, onları qıtlıq və quraqlıqdan xilas etmişdi. Anbarlar buğda ilə dolu idi.

Yusif pak və saleh bir insan idi. O, aclara yemək verirdi. Buğdaları onların arasında ədalətlə bölürdü.

Beləliklə, Misir torpaqları Yusifin hesabına iqtisadi çətinliklərdən xilas oldu. Yusif bütün bunları Allahın lütf və mərhəməti hesab edirdi. Quraqlıq təkcə Misri tutmadı, yerin böyük bir sahəsini əhatə etdi. Ona görə də buğda almaq üçün müxtəlif yerlərdən karvanlar Misrə gəlirdilər və Misrin Əzizi olan Yusif o diyara gələnlərin heç birini əliboş qaytarmırdı. Karvanlar buğda və yeyinti məhsulları ilə Misri tərk edirdilər. Onların hamısı Misrin Əzizindən razı idilər. Əziz onlarla qardaş kimi rəftar etmiş, onların qablarını yeyinti maddələri doldurmuşdu. Onlar çoxlu malla öz şəhər və diyarlarına qayıdırdılar.

Misir ölkəsi öz yeni Əzizi Yusifin tədbiri sahəsində xeyir və bərəkətlə dolu bir məmləkətə çevrildi. Uzaq məkanlardan karvanlar buğda almaq üçün o torpağa gəlirdilər və Yusif səfa və səmimiyyətlə Misrə gələnləri qə’bul edirdi. O, öz post, məqam və qüdrətindən istifadə etmirdi. Təvazökar insan idi. Camaata qulluq edirdi. Onların üzünə gülümsəyirdi. Uzaq yoldan gələnlər üçün isə münasib bir iqamətgah nəzərdə tutmuşdu.

Fələstİndən bİr karvan

Bir gün Fələstin torpaqlarından bir karvan gəldi. Bu, on qardaşın karvanı idi. Onlar da buğda almaq üçün ora gəlmişdilər və bir qədər gümüş sikkəsindən başqa bir şeyləri yox idi. Qardaşlar şəhərə girib, Misrin Əzizinin yanına getdilər. Bu qardaşlar Misrin Əzizinin qarşısında durub, onun əzəmət və cəlalı önündə tə’zim etdilər. Yusif ayağa qalxdı və onlara baxdı. Onların hörmətinə cavab olaraq daha üstün salam verdi. Yusif onların hamısını tanıdı. Onlar onun qardaşları idilər: ona həsəd aparan qardaşları; onu öldürmək istəyən qardaşları. Həmin qardaşlar ki, Yusifi quru, su və otsuz çöllərdə karvan yolunun üstündə quyunun dibinə atmışdılar.

Bəli, onlar Şəm’un, Rubil, Lavi və digər qardaşları idilər. Yusif iyirmi ildən sonra onları tanıdı.

Sizin fikrinizcə o anda Yusif nə etdi?

Onlar Yusifi tanımadılar. O illərdən sonra Yusifin üzü dəyişilmişdi və indi ömründən otuz il keçirdi. O günlərdə onlar onun köynəyini götürüb, özünü isə quyuya atmışdılar. Amma, Allah-təala özünün ixlaslı bəndələrini unutmur. O indi Misrin Əzizidir. Padşahlıq libası geyinmiş, qoruyucular və əsgərlər ətrafını əhatə etmişlər. Əlində buğda anbarlarının açarları vardır. Güman edirsinizmi, Yusif onlarla nə edəcəkdir? Onları qovacaq, onlardan intiqam alacaqdırmı?

Yox! Niyə belə etmədi? Halbuki, onlar Yusifi öldürmək istəyirdilər. Çünki, Yusifin ürəyi imanla dolu idi. Qəlbində eşq, məhəbbət və xeyirxahlıqdan başqa heç bir şey yox idi. Yusif insanların peyğəmbər və müəllimi, onları Allaha doğru hidayət edəndir. O, qardaşlarına «Xoş gəldin» deyib, onları istirahət yerlərinə göndərdi. Onlar da az mallarını çoxlu buğdaya dəyişən, heç kəsi rədd etməyən bu pak fitrətli Əzizə bağlandılar.

Onların bütün qablarını buğda ilə doldurdu. Mehribanlıq göstərdi. Onların diyarının vəziyyəti və sayları barəsində suallar etdi. Onlar hər şeyi ona dedilər və əlavə etdilər ki, Yə’qub İbrahimin (ə) övladlarındandır. Həmçinin dedilər:

-Biz on iki qardaşıq. Bizim Yusif adlı bir qardaşımız dünyadan köçüb. Onu canavar parçalayıb, yedi.

Yusif onlardan soruşdu:

-Bəs o biri qardaşınız hardadır?

Dedilər:

-Atamız onu bizimlə göndərmədi.

-Niyə?

-Çünki, qardaşımız Yusifi bizimlə göndərdi və canavar onu yedi. Ona görə Benyamini bizimlə göndərmədi. O, onun canı üçün qorxur. Əvvəllər Yusifə qarşı da belə idi.

Yusif qardaşlarına «Xoş gəldin» dedi. Amma, özünü tanıtdırmadı və onlara özünə aid bir şey demədi. Öz ataları və diyarlarından soruşdu. Onlar da ataları Yə’qubun qəm və kədərlərindən ona danışdılar. Onun tutulan səsindən, korluğundan və gözlərinin ağarmasından dedilər. Atalarının iyirmi il bundan əvvəl canavar yemiş Yusifə olan eşq və məhəbətindən danışdılar. Yusif öz xidmətçilərinə tapşırdı ki, onların qablarını buğda ilə doldursunlar. Özü isə ağacların arasında bir yerə gedib, ağlamağa başladı. O, ata və anasından və Benyamindən ayrılığı üçün ağlayırdı. Onları görmək həvəsi onun bədənini lərzəyə gətirmişdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]