Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.

Bu kateqoriyaya aiddir:

a)   Hissi davranış: emosiyaların dayanıqlılıq tərzi, o cümlədən, öz emosiyalarını tez büruzə vermək (tez sevinib, tez kədərlənmək, tez ağlayıb, tez gülmək, tez heyrətlənmək, tez qəzəblənmək və s.), yoxsa bunları daim nəzarətdə saxlaya bilmək;

b)  İntellektin tempi:təfəkkürünün, o cümlədən, onun təzahürü olan davranış və nitqinin sürəti, tempi, reaktivlik dərəcəsi;

1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.

Bu kateqoriyaya aiddir:

a) Rasionalizm, o cümlədən, beyinin assosiativ qabiliyyəti, ümumi-xüsusi, səbəb-nəticə arasında əlaqəni görə bilmək qabiliyyəti, çıxarılan nəticələrin ehtimallıq faizi, motivlərinin subyektiv-obyektivlik dərəcəsi;

b) Erudisiya potensialı; Yəni, məlumatlılıq, kompetensiya, dünyagörüşü və s.

1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.

Bu kateqoriyaya aiddir:

a) məqsəd və motivləri seçə bilmək qabiliyyəti;

b) motivlərin defisiti və ya izafiliyi şəraitində fəallığı tənzimləyə bilmək qabiliyyəti;

c) psixi prosesləri yerinə yetirilən fəaliyyət növünə uyğun təşkil edə bilmək qabiliyyəti;

d) məqsədin əldə olunması yolunda ortaya çıxan maneələrin dəf edilməsi üçün fiziki və psixi imkanları səfərbər edə bilmək qabiliyyəti və s.

Bu dörd sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displeyi, illüminatoru, ekranıdır. Hər bir insanın psixi portreti məhz bunların ayrı-ayrılıqda bir-biri ilə necə kombinasiya olması ilə müəyyənləşir. Onların hər birindəki elementar belə dəyişiklik insan psixikasında gedən proseslərlə əlaqədardır, onların ifadəsi, inikasıdır. İnsanların ürəyində saxladığı, gizlətmək istədiyi, illərlə açmadığı istənilən fikrini açıq bir kitab kimi oxumaq, qəlbində yaşatdığı hisslərini duymaq, gizli dünyasını qarış-qarış gəzmək onların sinxronik üsulla tədqiqi vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində məhz indikator, ossilloqraf, barometr və s. adlandırıla biləcək həmin bu dörd sferanın kodlarını deşifrə, detektə, interpretasiya edə bilmək hesabına mümkün olur. Bunun üçün isə, deyildiyi kimi, həmin bu sferaların bir sıra qanunauyğunluqlarını bilmək zəruridir ki, aşağıda məhz bu qanunauyğunluqlar barədə söhbət açılır.

1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları

Relyativistik dedikdə burada mütləq yox nisbi, yəni hansısa müqayisədə və ya meyar baxımından olan parametrləri nəzərdə tutulur.

Yəqin ki, dahi mütəfəkkir Məhəmməd Füzulinin öz dövründə necə bir acınacaqlı tale yaşadığını bilməyən azərbaycanlı tapılmaz — hətta ömrünün sonlarında ona kəsilən təqaüdü belə ala bilməməsi faktı orta məktəb dərsliyindən hər bir azərbaycanlıya yaxşı məlumdur. Lakin bu, dahilərin öz dövründə ayaq altında tapdanmasına dair yeganə haldırmı?

Bəşər tarixi bu kimi faktlarla doludur: görkəmli şair Dante sürgündə yaşayıb yaradıb və orada da ömrünü başa vurub; V.N.Rentgen və J.B.Lamark, Alman bəstəkarı İohan Sebastyan Bax və b. ehtiyac və tənhalıq içində ölmüşlər; Spinoza ömrünün sonunacan — şüşəyonan, Molyer — divarrəngləyən işləyib və s. Bu siyahını kifayət qədər uzatmaq olar. Lakin bu hələ məsələnin hamısı deyil. Bəs heç bir ləyaqəti olmayan insanların çox vaxt zirvələri yüksəlib, insanlar tərəfindən bir büt kimi qavranılmasının səbəbi nədir? — hansıların ki, bu cür yüksək münasibətə layiq olmadıqları çox-çox sonralar üzə çıxıb. İnsanların dəyərləndirilməsində bunca subyektivlik nədəndir?

Rəy və zövqə etalon yoxdur. Biz yuxarıda hər bir kəsin malik ola biləcəyi mümkün parametrləri sadaladıq. Lakin bu parametrlərdən hansının yaxşı, hansının pis olduğunun müəyyən etməyə hələlik heç bir meyar tapılmayıb. Ayrı-ayrı vaxtlarda buna cəhd olunubdusa da, ən axırda bu cəhdlərin hamısı iflasla nəticələnib — avropalıların gözəlliyi xətkeşlə ölçüb qiymətləndirməsi kimi gözəllik standartları nəzərdə tutulur

Dahi — yüksək bioloji potensialı bunun sosial sferada realizə olub-olmamasından, şəxsiyyətsə (tarixi şəxsiyyət) — yüksək sosial statusu bioloji potensialının olub-olmamasından təcrid formada qəbul edilən fərddir. Şəxsiyyətlər — yaxşı uydurulmuş miflərdirlər və onların taleyində sosial səmt küləklərinin rolu, bütün hallarda bioloji faktorlardan daha çoxdur. Məhz həmin bu küləkləri məqsədli idarə edə bilmək liderlərin (ulduzların, qəhrəmanların...) taleyini, kütlələrinsə seçim və qərarını planlı idarə edə bilməyə bərabərdir. Hər kəsin bioloji ''Eqo-Mən''inin sosial proyeksiyası isə çoxsaylı subyektiv faktorların prizmasından keçərək formalaşdığından, bu arada insanların «dəyərlər şkalasındakı» yerini müəyyənləşdirib, tarixə kimlərisə qızıl, kimlərisə qara xətlə yazmağın meyarı da itir. Tarixən neçə-neçə nəhəng kütlələrin illüziyalara uyaraq məhv olmasının, neçə-neçə dəyərli şəxsiyyətlərinsə ayaqlar altında qalaraq tapdanmasının, əvəzində zirvələrə çox vaxt fırıldaqçıların yüksəlməsinin mexanizmi məhz bu nüanslarla əlaqədardır...

Bir sözlə, insan ifrat dərəcədə gözəl, ağıllı, güclü və s. ola bilər. Lakin düşdüyü kollektivdə, cəmiyyətdə hazırkı vaxtda hansı meyarların üstün bilinməsindən, hansı insani keyfiyyətlərin daha çox dəyərləndirilməsindən asılı olaraq, bu sadalanan keyfiyyətlərə malik şəxslər də, çox cılız görünə bilər. Əksinə, başqa yerlərdə ayaq altında tapdanan birisi, burada nüfuz, hörmət sahibi ola bilər. Necə ki, bugünkü dünya əsasən məhz bu prinsip üzərində qurulub.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]