Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Sürəkli inkişaf

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.  Müsbət dinamika, başqa sözlə müsbət istiqamətə yönəlmək çətin bir işdir. Bunun üçün iradəli və çalışqan olmaq lazımdır. Narahatlıq və əlavə başağrısı verdiyi üçün əksər insanlar dəyişməyə meylli olmurlar. Uğur qazanmaq üçün dəyişmək lazımdırmı? Uğursuz olmaq üçün, əlbəttə ki, lazım deyil. Müsbət yöndə dəyişmək bizim uğurumuzu zəmanət altına almasa da, uğurlu yoldan çıxmamaq üçün bizə kömək edir. Son mənzilə çatıb-çatmayacağımız isə həmin yolda maşınımızı necə sürəcəyimizdən asılıdır. Dəyişkənliyə müqavimət göstərməkdənsə, onunla necə rəftar etməyi öyrənmək daha məntiqli addımdır. Bunun üçün vərdiş və gərdişi-dövranımızı dəyişməyi bacarmalıyıq. “Ən böyük axmaqlıq işi həmişə eyni tərzdə görərək ondan fərqli nəticələr gözləməkdir”. Əməli fəaliyyət görmədən işlərin dəyişəcəyini gözləyiriksə, deməli artıq gecikmişik. Digər tərəfdən hər çalınan havaya oynasaq, enerjimizi lazımsız yerə xərcləmiş və israf etmiş olarıq.  Yaponların “kaizen” düşüncəsi daimi, sürəkli inkişaf deməkdir. Sürəkli inkişafı sürətli inkişafdan fərqləndirmək lazımdır. Sürəkli inkişaf dedikdə yavaş, amma fasiləsiz inkişaf başa düşülür. İnkişaf yolunu tutan birisi mütləq bir gün uğur əldə edəcəkdir. Onlar müvəqqəti uğursuzluqlarını düzgün qiymətləndirərək daim daha yaxşı vəziyyətə doğru irəliləyirlər. Bob Dilan: “doğumla məşğul olmayan ölümlə məşğuldur”, – deyərək uğurlu olmaq istəyənlərə düzgün yol göstərməyə çalışır.  Ani dəyişikliklərə insanlar sərt reaksiya ilə cavab verirlər. Ani dəyişkənliyə misal olaraq, qurbağa üzərində aparılmış təcrübəni göstərə bilərik. Bir ləyənin içində qaynar sobanın üstünə qoyulan qurbağa elə o saniyə tullanaraq ləyəndən çıxır. Amma ləyən sobanın üstünə qoyulduqdan sonra sobanı yandırdıqda və soba tədricən isindikdə qurbağa istilikdən həzz alır və ölüm anında belə kənara tullanmağa cəhd eləmir. Sürətlə dəyişən müasir dünyamızın inkişaf tezliyi gələcəkdə daha da artacaqdır. Qarşıda bizi hansı dəyişikliklərin gözləməsindən asılı olmayaraq, birinci növbədə öz-özümüzlə mübarizə aparmalıyıq. Təcrübələr də sübut edir ki, uğur qazanmaq üçün əsas təkanverici qüvvəni rəqiblərlə mübarizədə yox, özümüzü müsbət yöndə dəyişdirmək üçün etdiyimiz cəhdlərdə axtarmalıyıq. “Heç nədən qorxma! Gəmini yüklə və yola çıx. Gəminin sağ-salamat limana çatıb-çatmayacağını heç kim bilmir. Dəryalar aşmağa cəsarət etməyən tacirlər kimi olma. Bu, pul qazanmaq və ya itirməkdən daha əhəmiyyətlidir”, – deyən Mövlana hələ orta əsrlərdən bəşər övladını cəsarətli olmağa çağırmışdır.

Sən ki ağac deyilsən!

Həyat rəngarəngdir, həyat maraqlıdır. Amma, bəzən bizlər bu marağı görmürük, anlamırıq. Elə bilirik ki, hər şey necə də mənasızdır. Həyat qazanında günlərimizi qaynadıb gedirik, amma, bilmirik ki, bu yeməyə necə dad qataq. Bəzən arzularımız, istəklərimiz yarı yolda qalır, çin olmurlar, bu da yava-yavaş bizim qol-qanadımıza çart verir. Amma, həyatda optimist olmaq lazımdır. Həyata gülmək lazımdır ki, həyat da sənə gülsün.  Biz özümüz özümüzü günün qaralığına inandırsaq gün həqiqətən də qara olmazmı? 

Bir məsəl var: – Əgər hal-hazırda olduğun yer səni qane eləmirsə yerini dəyiş. Sən ki ağac deyilsən!!! Biz isə irəliyə baxmağı bacarmırıq. Halbuki, bacarsaq, nələrə nail olarıq, nələrə. Həqiqətən də, axı biz ki, ağac deyilik, bəs nə üçün eyni yerdə didinib-durur, irəliyə doğru hərəkət edə bilmirik?! Sonra da ruhdan düşüb qara günün qaranlığında solub gedirik.

Yer üzündə optimist olmaq, həyata sağlam baxışlarla baxmaq lazımdır. Bunun üçün bizlər ilk öncə qarşımıza məqsəd qoymalıyıq. Məqsəd çox vacibdir. Çünki, o bizi ruhlandırır, gücləndirir.

 Xatırlayın, biz uşaq olanda anamızın dabanlı ayaqqabılarını geyər, bəzənər, güzgü önündə böyükmüşük kimi, məzələnərdik. Biz böyüməyi yaman çox istəyirdik və valideynlərimiz bizə yemək yedizdirdiklərində biz o yeməyi istəmirdiksə, onlar bizə belə deyərdilər: “bunu yesən tez böyüyəcəksən!” Biz də bu sözdən sonra o yeməyi yeyirdik, yeyirdik ki, tez, daha tez böyüyək. Demək istəyirəm ki, biz hətta uşaq ikən belə, məqsədin nə olduğunu dərin anlamasaq da böyümək üçün çalışırdıq, can atırdıq. Məqsədimiz böyümək idi..

Bu hər zaman belə olur. Biz əgər həyatdan nəsə istəməsək, deməli can atacağımız bir şey də olmur və beləcə ağac kimi qalırıq yerimizdə. Bir qasırğa olan kimi də, sınıb, aşırıq. Bu ağac kimi eyni bir yerdə qalmamaq üçün qarşımıza məqsəd qoymalı, bu məqsədə doğru getməli və bu ağac kimi bir qasırğanın, qasırğa da bir yana, adi bir küləyin təsirindən sınıb, aşmamaq üçün iradəli olmalıyıq. Çoxları üçün bu çətindir. Çoxları da deyir ki, qarşımıza məqsəd qoymaq üçün heç olmasa ilk öncə iradəmiz möhkəm olmalıdır. Amma, axı məqsədimiz olmasa o iradə hardandır?

Qarşımıza o məqsədi qoymaq üçün bizdə ilk öncə istək olmalıdır, həqiqi istək. İradə isə mütləq bizə lazımdır o vaxtda ki, biz o istəyə, o məqsədə çata bilək, bu yolda qarşımıza çıxan min-bir çətinlikləri yenib, istədiyimizə nail ola bilək. Bizim məqsədimiz olarsa və biz ona çatmağı nə qədər möhkəm diləsək, istəsək, iradəmiz də bir o qədər güclü olacaq.  Bunlar hər biri bir-biri ilə bağlı, bir-biri ilə əlaqəlidirlər. İradə də olmalıdır, məqsəd də. Arzu da olmalıdır, istək də. Ən əsası da unutmamaq lazımdır ki, optimist olmaq gərəkir. Yəqin ki, ən başda məhz elə bu durur..

Həyat yolunda hər bizimizə uğurlar olsun, məqsədlərimizə, arzularımıza çataq! Amin!

 Daha çox 5 +, daha az 5 -

Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır? Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi?   Bəlkə, tanıdığımız uğurlu insanların uğur sirrlərindən biri də davamlı olaraq öz üzərlərində işləmələri, inkişafa meyilli olmaqlarıdır? Bəlkə, onlar hər gün, hər həftə, hər ay daha çox uğura imza atmaq, daha çox yaxşılıq etməyə çalışırlar? Bəlkə, biz də həyatımızda müsbət dəyişikliklər etmək üçün, «daha çox 5 +» və «daha az 5 -»qaydaları qoyub, bu qaydaları tətbiq etməklə həyatımızı və başqalarının həyatlarında fərq yarada bilərik?  Məsələn, kitab oxumaqda çətinlik çəkən biri «hər gün əvvəlki gündən 5 səhifə daha çox kitab oxuyacam», yaxud «hər ay əvvəlki aydan 5 kitab daha çox oxuyacam» deyə bilər.  Yaxud, xaricdə təhsil almaq istəyən bir gənc, hazırlaşdığı imtahan üçün «hər gün əvvəlki gündən daha çox 5 yeni söz öyrənəcəm, hər gün 5 daha çox riyaziyyat məsələsi edəcəm» deyə bilər. Kimsə «mən hər həftə daha 5 nəfərə gülümsəyəcəm, daha 5 yardıma möhtacı olan şəxsə, ailəyə kömək edəcəm, məndən bir kömək xahiş edən 5 nəfərə nəzakətlə kömək edəcə deyə bilər. Bir başqası «hər həftə xeyirli işlər üçün 5 manat daha çox, özümə və başqalarının həyatını yaxşılaşdırmayan işlərə 5 manat daha az pul xərcləyəcəm, hər həftə 5 siqaret daha az çəkəcəm» deyə bilər. Yaxud kimsə «həyatımda hər həftə şükür edəcəyim yeni 5 tərəf tapacam, hansılar ki, digərlərində yoxdur. Eyni zamanda məni məyus edən 5 problemi həll etməyə çalışacam və bundan şikayətlənməyəcəm» deyə bilər.  Kimsə «Mən hər gün, yaxud hər həftə Azərbaycanda müsbət dəyişikliklərin olacağına ümidini itirmiş daha çox 5 nəfərə ümid, inam aşılayacam.» deyə bilər. Təbii ki, bütün bunları tətbiq etmək üçün bir az iradə, bir də bunları sizə xatırladacaq və birlikdə tətbiq edəcəyiniz dostlar olmalıdır.  Onu da bilirəm ki, bu yazını oxuyacaq hər 200 nəfərdən bəlkə də 195-i sadəcə oxuyub keçəcək, 10 dəqiqə sonra yaddan çıxaracaq belə yazı ilə qarşılaşdığını.  Bəlkə də, 200 nəfərdən sadəcə 5 nəfər bu prinsipi öz həyatına tətbiq etməyə çalışacaq, həm öz həyatında, həm də başqalarının həyatlarında müsbət dəyişikliklər etməyə çalışacaq.  Amma biz oxuyub keçən 195 nəfəri yox, bu həftə sonu 5 nəfər bunu öz həyatında tətbiq etməyə, daha çox 5 nəfərə təbliğ etməyə çalışanları görsək və başqalarına təbliğ etməyə çalışsaq, gələn həftə sonu 25 nəfər, ondan sonrakı həftə 125 nəfər eyni müsbət dəyişiklikləri öz həyatlarıında və başqalarının həyatlarında tətbiq edə biləcəklər.  1-ci həftə: 5 nəfər 2-ci həftə: 5*5 = 25 nəfər 3-cü həftə: 25*5 = 125 nəfər 4-cü həftə: 125*5 = 625 nəfər 5-ci həftə: 625*5 = 3125 nəfər 6-cı həftə: 3125*5= 15625 nəfər ....

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]