Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

Xudavəndi-aləmin salamı biz namaz qılanlara və Allahın yaxşı bəndələrinə olsun.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Allahın salamı, rəhməti və bərəkəti siz mö`minlərə olsun.

NAMAZIN TƏ`QİBİ

Məsələ 1109: Müstəhəbbdir ki, insan namazdan sonra bir qədər tə`qibatla məşğul olsun. Yə`ni zikr, dua və Qur`an oxusun. Daha yaxşısı odur ki, öz yerindən hərəkət etməmişdən və dəstəmazı, qüslü və ya təyəmmümü batil olmamışdan əvvəl, tə`qibi üzü qibləyə oxusun. Tə`qibin ərəb dilində olması da lazım (vacib) deyildir. Amma yaxşıdır ki, dua kitablarında göstəriş verilən şeyləri oxusun. Artıq tapşırılan tə`qiblərdən biri, Həzrəti-Zəhra (səlamullahi ələyha)-nın təsbihidir; Yə`ni otuz dörd dəfə «Əllahu əkbər», otuz üç dəfə «Əlhəmdu lillah», otuz üç dəfə «Subhanəllah» desin. «Subhanəllah»ı, «Əlhəmdu lillah»dan əvvəl də demək olar. Amma yaxşıdır ki, «Əlhəmdu lillah»dan sonra deyilsin.

Məsələ 1110: Namazdan sonra şükr səcdəsi etmək müstəhəbbdir. Belə ki, şükr səcdəsi məqsədilə alnını yerə qoyması kifayətdir. Amma yüz dəfə və ya üç dəfə, hətta bir dəfə belə, «Şukrən-lillah» və yaxud «şukrən» ya «Əfvən» deməsi daha yaxşıdır. Habelə insana bir ne`mət çatdığı və ya bir bəla ondan uzaqlaşdığı zaman şükr səcdəsi etməsi müstəhəbbdir.

PEYĞƏMBƏRƏ SALAVAT

Məsələ 1111: Hər vaxt insan, Həzrət Rəsul-Əkrəm (səlləl-lahu ələyhi və alihi və səlləm)-in mübarək adını, məsələn, Muhəmməd, Əhməd (s.ə.v.v.), yaxud ləqəb və ya künyəsini, məsələn, Mustəfa, Əbul-Qasim (s.ə.v.v.) desə, yaxud eşitsə, namazda olsa da belə, müstəhəbbdir ki, salavat göndərsin.

Məsələ 1112: Həzrət Rəsul (səlləllahu ələyhi və alihi və səlləm)-in mübarək adını yazanda, salavatı da yazmaq müstəhəbbdir. Həmçinin daha yaxşı odur ki, hər zaman o Həzrəti yad etsə, salavat göndərsin.

NAMAZI BATİL EDƏN ŞEYLƏR

Məsələ 1113: On iki şey namazı batil edir və onlara mübtilat deyilir:

1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.

2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, namazın son səcdəsindən sonra meydana gəlsə belə, vacib ehtiyata əsasən namazı batil olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər istihazənin göstərişinə əməl etsə, namazı səhihdir.

Məsələ 1114: İxtiyarsız şəkildə yatmış olan bir şəxs, namaz əsnasında, yaxud namazdan sonra yatdığını bilməzsə, qılmış olduğu miqdara ürfün nəzərində namaz söylənilərsə, namazı yenidən qılması lazım deyildir.

Məsələ 1115: Əgər ixtiyari şəkildə yatdığını bilsə, lakin namazdan sonra, yoxsa namaz əsnasında namazda olduğunu unudaraq, yatdığında şəkk edərsə, əvvəlki məsələdə açıqlanan şərtlə namazı səhihdir.

Məsələ 1116: Əgər səcdə halında yuxudan ayılsa və şəkk etsə ki, namazın axır səcdəsindədir, ya şükr səcdəsində, istər ixtiyarsız yuxuya getmiş olmasını istərsə ixtiyar üzündən yatmış olduğunu bilsə, namazın səhih olmasına hökm olunur və yenidən qılmaq lazım deyil.

3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur.

Məsələ 1117: Əgər unutqanlıqdan, çarəsizlikdən, təqiyyə, yaxud da əl qaşımaq və bu kimi başqa işlər üçün əlləri bir-birinin üstünə qoysa, eybi yoxdur.

4. Namazı batil edən növbəti şey, Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, mə`mumdan başqasında ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, haramlığında şəkk yoxdur. Habelə, «Amin»i səhvən ya təqiyyə üzündən desə, namazının eybi yoxdur.

5. Namazı batil edən şey, üzrsüz olaraq qiblədən dönməkdir. Amma əgər üzrlü olsa, məsələn, unutqanlıq, ya məcburi olaraq (şiddətli küləyin onu qiblədən döndərməsi kimi) qiblədən əyilsə, amma sağ və sol tərəfə çatmasa, onun namazı səhihdir, amma lazımdır ki, üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa, ya arxası qibləyə olsa, əgər unutqanlıq üzündən və qəflətdən olsa, qibləni düz tapmamış olsa və elə bir vaxt yadına düşsə ki, namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər, hərçənd ona bir rük`əti vaxt daxilində qılınmış olsa da, gərək namazı başdan başlasın. Əks təqdirdə, o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir. Habelə onun qiblədən dönməsi məcburi olsa, gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın, hərçənd bir rük`əti vaxt daxilində olsa da gərək namazı başdan başlasın. Əks təqdirdə həmin namazı tamam etsin. Ona, namazı yenidən qılmaq və qəza etmək lazım deyildir.

Məsələ 1118: Əgər yalnız sifəti qiblədən dönsə, amma bədəni qibləyə tərəf olsa, belə ki, arxasından bir miqdar görə biləcək qədər başını geriyə döndərmişdirsə, bu da əvvəldə zikr olunan qiblədən dönmə hökmünü daşıyır. Amma əgər, bu qədər döndərməsə bu işin məkruh olduğuna baxmayaraq, namazı batil olmaz.

6. Namazı batil edənlərdən biri də, qəsdən danışmaqdır. Danışan zaman kəlmə bir hərfli belə olsa, əgər ərəb dilində «qoru» mə`nasını verən «qi» hərfi kimi və ya əlifba hərflərindən ikincisi olan və sual edən şəxsin cavabında söylənilən «b» hərfi kimi, ayrı bir kəlmənin mə`nasını ifadə edərsə, namazı batil olur. Hər hansı bir mə`nanı ifadə etməyən, iki və ya daha çox hərfdən ibarət olarsa, yenə də ehtiyata əsasən, namazı batil edər.

Məsələ 1119: Əgər namaz əsnasında bir və ya daha çox hərfdən ibarət olan bir kəlmə səhvən ifadə edilərsə və o kəlmənin də mə`nası olsa belə, namazı batil olmaz. Amma ehtiyata əsasən, namazdan sonra səcdeyi-səhv əmələ gətirməlidir.

Məsələ 1120: Namazda öskürmək və ya gəyirməyin eybi yoxdur. Lazım ehtiyat odur ki, namazda ixtiyar halında «ah» çəkməsin və nalə etməsin. Amma namazda «ax» və «ah» kimi nidaların deyilməsi qəsdən olarsa namazı batil edər.

Məsələ 1121: Əgər zikr məqsədi ilə, məsələn, «Əllahu əkbər» desə və onu deyərkən başqasına bir şeyi başa salmaq üçün səsini ucaltsa, eybi yoxdur. Həmçinin zikr məqsədi ilə bir kəlmə desə, belə ki, bu iş bir mətləbə diqqət yetirməyə səbəb olsa, eybi yoxdur. Amma əgər zikr məqsədi olmasa və ya hər iki işi etmək məqsədi olsa, belə ki, sözü hər iki mə`nada işlətsə, namazı batildir. Amma əgər zikr qəsdi etsə və bu zikri deməkdə məqsədi başqasına bir şeyi anlatmaq olsa, namazı səhihdir.

Məsələ 1122: Namazda Qur`an oxumaq (vacib səcdəsi olan dörd ayənin hökmü 992-ci məsələdə «qiraət»in hökmlərində deyilmişdir) və həmçinin namazda dua etməyin eybi yoxdur. Amma müstəhəbb ehtiyat odur ki, dua ərəbcə olsun.

Məsələ 1123: Əgər Həmdin, surənin və ya namazın zikrlərindən bir şeyi qəsdən və ya ehtiyatən bir neçə dəfə desə, eybi yoxdur.

Məsələ 1124: Namaz halında insan gərək başqasına salam verməsin. Əgər başqası ona salam versə, gərək cavab versin. Amma cavab gərək salam mislində olsun, yə`ni salamın əslinə əlavə olunmasın, məsələn, gərək cavabda «Salamun ələykum və rəhmətullahi və bərəkatuh» deməsin. Hətta lazım ehtiyata əsasən, gərək «ələykum və ya ələykə» sözlərini, cavabda «salam» sözündən qabağa salmasın. Əgər salam verən kəs bu cür etməmiş olsa da, hətta müstəhəbb ehtiyat odur ki, cavabı bütünlüklə onun verdiyi kimi versin. Məsələn, əgər desə «səlam-ələykum», cavabda desin «salam ələykum» və əgər desə «əs-səlamu-ələykum», desin «əs-səlamu-ələykum» və əgər desə «səlam-ələykə», «səlam-ələykə» deməlidir. Amma «ələykuməs-səlam»ın cavabını hər hansı formada (yə`ni qrammatik formada) istəsə deyə bilər. ələykuməssəlam, əssəlamu ələykum, ya salamun ələykum kimi.

Məsələ 1125: İnsan gərək salamın cavabını istər namazda, istərsə də başqa vaxtda, dərhal versin. Əgər qəsdən və ya unutqanlıq üzündən salamın cavabını, o salamın cavabı hesab olunmayacaq qədər gecikdirsə, əgər namaz halındadırsa, cavab verməlidir və əgər namaz halında olmasa, cavab verməsi vacib deyildir.

Məsələ 1126: Gərək salamın cavabını elə deyə ki, salam verən eşidə. Amma salam verən kar olsa, ya salam verib, tez ötüb keçsə, onda mümkün olsa salamın cavabını işarə və onun başa düşdüyü kimi vermək lazımdır. Əks təqdirdə, namazda deyilsə, cavab verməsi lazım (vacib) deyildir. Namazda olarsa da, cavab verməsi caiz deyildir.

Məsələ 1127: Vacibdir ki, namaz qılan salamın cavabını, salamlamaq məqsədi ilə desin. Dua məqsədilə deməyin də maneçiliyi yoxdur, yə`ni Allah-təaladan salam verən, kəs üçün salamatlıq istəsin.

Məsələ 1128: Əgər qadın, naməhrəm kişi və ya ağlıkəsən uşaq, namaz qılana salam versə, namaz qılan gərək onun cavabını versin. Əgər qadın salamı «salam ələyk» desə, cavabında «salam ələyki» deyə bilər, yə`ni «kaf» hərfinə «kəsrə» əlavə edərək cavab verə bilər.

Məsələ 1129: Əgər namaz qılan salamın cavabını verməsə, günah etməsinə baxmayaraq namazı səhihdir.

Məsələ 1130: Əgər bir kəs, namaz qılana səhv salam versə, vacib ehtiyata əsasən onun cavabını səhih verməlidir.

Məsələ 1131: Məsxərə, ya zarafat üçün salam verən kəsin cavabını, həmçinin, müsəlman olmayan kişi və qadının salamının cavabını vermək, belə ki, zimmi olmasalar vacib deyil. Əgər zimmi olsalar, vacib ehtiyata əsasən «əleyk» kəlməsi ilə kifayətlənmək lazımdır.

Məsələ 1132: Əgər bir kəs bir yerdə olan bir neçə nəfərə salam versə, onun salamının cavabı onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir.

Məsələ 1133: Əgər bir şəxs, bir dəstəyə salam versə və salam verənin qəsd etmədiyi bir şəxs ona cavab versə, onun salamının cavabı yenə də o dəstəyə vacibdir.

Məsələ 1134: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında namaza məşğul olan şəxs, salam verənin ona da salam verib-verməməsinə şəkk etsə, gərək cavab verməsin və habelə vacib ehtiyata əsasən bilsə ki, salam verənin məqsədi o şəxsə də salam vermək olub, lakin başqası onun salamının cavabını vermişdirsə, cavab verməsin. Amma əgər bilsə ki, məqsədi o da olmuşdur, lakin başqası cavab verməyib, yaxud cavabının verilib-verilməməsində şəkk etsə, gərək namaz qılan onun cavabını versin.

Məsələ 1135: Salam vermək müstəhəbbdir, çox tövsiyələr olub ki, atlı piyadaya, duran oturana və kiçik böyüyə salam versin.

Məsələ 1136: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, vacib ehtiyata əsasən, gərək hər biri digərinin salamının cavabını versin.

Məsələ 1137: Qeyri-namaz halında, salamın cavabını, salamdan yaxşı almaq müstəhəbbdir. Məsələn, əgər desə «salamun ələykum», cavabında desin: «salamun ələykum və rəhmətullah».

7. Namazda qəsdən səslə gülmək namazı batil edən işlərdəndir. Hərçənd ixtiyarsız olsa da; əgər müqəddiməsi ixtiyari olsa da, hətta ehtiyat vacibə əsasən müqəddiməsi ixtiyari olmasa da, belə ki namazı yenidən qılmağa vaxt olsa gərək yenidən qılsın. Amma əgər qəsdən səssiz və ya səhvən ucadan gülsə, namazının işkalı yoxdur.

Məsələ 1138: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyişsə, məsələn, rəngi qızarsa, vacib ehtiyat odur ki, namazını ikinci dəfə qılsın.

8. Vacib ehtiyata əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneçiliyi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur.

9. Namazı batil edən işlərdən biri də, namazın surətini pozmaqdır. Məsələn, havaya tullanmaq və ya bu kimi hərəkətlər etmiş olsa, istər qəsdən olsun və yaxud unutqanlıq üzündən, namazı batil edər. Amma əl ilə işarə etmək kimi, namazın surətini pozmayan hərəkətlərin işkalı yoxdur.

Məsələ 1139: Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək qədər sakit qalsa, namazı batil olar.

Məsələ 1140: Əgər namaz əsnasında bir iş görə, yaxud bir müddət sakit dayana və şəkk edə ki, namazı pozulub ya yox, gərək namazı təzələsin. Amma daha yaxşı odur ki, onu tamam etsin və sonra təzələsin.

10. Namazı batil edənlərdən biri də, yemək və içməkdir. Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək şəkildə, bir şey yeyərsə və ya içərsə, istər qəsdən olsun, istərsə də unutduğuna görə, namaz batil olur. Amma oruc tutmaq istəyən şəxs, əgər sübh azanından əvvəl müstəhəbb bir namaz qıldığı halda susuz olarsa, belə ki, namazı tamamladığı təqdirdə, sübh azanının olacağından qorxarsa və su onun qarşısında bir neçə addımlıqda olarsa, namaz arasında su içə bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir şey etməməlidir.

Məsələ 1141: Qəsdən yemək və ya içmək, hətta namazın şəklini pozmasa belə; istər namazın ardıcıllığı pozulsun, istər pozulmasın, vacib ehtiyata əsasən o namazı yenidən qılmalıdır.

Məsələ 1142: Əgər namaz arasında ağzında, yaxud dişinin dibində qalan yeməyi udsa, namazı batil olmaz. Habelə əgər ağızda qənd, şəkər və bu kimi şeylər qalmış olsa və namaz halında az-az əridikcə onu udsa, eybi yoxdur.

11. Namazı batil edənlərdən biri də, iki rük`ətli və üç rük`ətli namazların rük`ətində, yaxud dörd rük`ətli namazların iki əvvəl rük`ətlərində şəkk etməkdir. Bu hökm namaz qılanın şəkk halında qaldığı hala aiddir.

12. Namazı batil edən şeylərdən biri də, namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır. Həmçinin rüknü, məsələn, rüku və ya iki səcdəni bir rük`ətdə səhvən artırsa, namazı vacib ehtiyata əsasən, batil olar. Amma səhvən «təkbirətül-ehramı» artırmaq namazı batil etməz.

Məsələ 1143: Əgər namazdan sonra şəkk etsə ki, namaz əsnasında namazı batil edən işlərdən edib ya yox, namazı səhihdir.

NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 1144: Namazda əvvəl deyildiyi kimi, «qiblədən dönmüşdür» deyilməyəcək şəkildə, üzünü bir az sağa və ya sola çevirmək məkruhdur, belə ki, arxasından bir miqdarını görə bilməyəcək qədər dönərsə; Əks təqdirdə namaz batil olur. Həmçinin, namazda gözləri yummaq, ya sağa-sola döndərmək, əli və sağ qolu ilə oynamaq, barmaqlarını bir-birinə keçirtmək, ağzının suyunu çölə atmaq, Qur`anın, ya kitabın, ya da üzüyün yazısına baxmaq, Həmd, surə və zikr deyən vaxt bir nəfərin sözünü eşitmək üçün, sakit olmaq məkruhdur. Ümumiyyətlə xüzu` və xüşu`nu aradan aparan işlərin hamısı məkruhdur.

Məsələ 1145: İnsanın yuxusu gələn vaxt, həmçinin, bövl və ğaitdən özünü saxlayan vaxt namaz qılması məkruhdur. Həmçinin, namazda ayağı sıxan dar corab geymək məkruhdur. Qalan məkruhat müfəssəl kitablarda deyilmişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]