Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ

Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yə`ləmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yə`ləmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.

Qunutda bu dua oxunmalıdır:

اَللَّهُمَّ اِنَّى اَسأَلُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا

Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la yə`ləmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf`ələ bi kəza və kəza.

«Kəza və kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar:

اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا فَضَيتَهَالِى

Əllahummə əntə vəliyyu ni`məti vəl-qadiru əla təlibəti tə`ləmu hacəti fə əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li.

QİBLƏNİN HÖKMLƏRİ

Məsələ 764: Məkkeyi-Müəzzəmədə olan Kə`bə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.

Məsələ 765: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.

Məsələ 766: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.

Məsələ 767: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.

Məsələ 768: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat müstəhəbbə görə səhv səcdəsini də üzü qibləyə yerinə yetirmək gərəkdir.

Məsələ 769: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım (vacib) deyildir.

Məsələ 770: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni tə`yin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin mehrablarından, mö`minlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən zənnə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.

Məsələ 771: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.

Məsələ 772: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılması ehtiyat müstəhəbbdir.

Məsələ 773: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə də namaz qılmalıdır.

Məsələ 774: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir.

Məsələ 775: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.

NAMAZDA BƏDƏNI ÖRTMƏK

Məsələ 776: Kişi namaz halında onu bir kəs görməsə də övrəteynini örtməlidir. Ən yaxşısı odur ki, göbəkdən dizə kimi örtsün.

Məsələ 777: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat vacib odur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

Məsələ 778: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Müstəhəbb ehtiyat odur ki, səhv səcdəni yerinə yetirərkən də özünü örtsün.

Məsələ 779: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə səhlənkarlığa görə olubsa, vacib ehtiyata görə gərək namazını yenidən qılsın.

Məsələ 780: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma vacib ehtiyata əsasən, övrət yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 781: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda, məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu örtsə, onun namazı səhihdir. Amma ehtiyat müstəhəbb odur ki, o paltarla namaz qılmasın.

Məsələ 782: İnsan namaz üçün özünü ot-ələf və ağac yarpağı ilə örtə bilər. Amma müstəhəbb ehtiyat odur ki, libası olmadıqda özünü bunlarla örtsün.

Məsələ 783: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər.

Məsələ 784: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi kəsilməmişsə, namazını vaxtın axırına saxlaması vacib ehtiyatdır. Bu halda əgər bir şey tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər. Əgər bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən qılması lazım deyil.

Məsələ 785: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, normal rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə müstəhəbb ehtiyat odur ki, həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə ilə qılsın. Lazım ehtiyata görə, lüt olan şəxs namaz halında övrətini əzalarının bə`zisi ilə örtməlidir. Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər.

Namaz qılanın paltarının şərtləri

Məsələ 786: Namaz qılanın paltarının altı şərti vardır:

1. Pak olsun.

2. Mübah olsun; vacib ehtiyata əsasən.

3. Murdarın (ölü heyvan) hissələrindən olmasın.

4. Yırtıcı heyvandan olmasın, hətta vacib ehtiyata əsasən əti haram heyvandan olmasın.

5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın.

Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir.

Birinci şərt

Məsələ 787: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis bədənlə və libasla namaz qılsa, namazı batildir.

Məsələ 788: Şər`i məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, əgər nəcis bədən və ya libasla namaz qılarsa, vacib-ehtiyata əsasən gərək namazı yenidən (pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin.

Məsələ 789: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza etməsi lazım deyil.

Məsələ 790: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 791: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz e`tinasızlıq və səhlənkarlığından baş vermişsə, lazım ehtiyat olaraq o namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq hökmə görə əməl etməlidir.

Məsələ 792: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq haldadırsa, yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, lazım ehtiyat olaraq o namazı pak paltarla yenidən qılmalıdır.

Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlamalıdır.

Məsələ 794: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o halla namazı tamamlamalıdır və həmin namaz səhihdir.

Məsələ 795: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmiş olsa lazım-ehtiyata əsasən namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir.

Məsələ 796: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 797: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 798: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 799: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və namazı batildir.

Məsələ 800: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan birini yumağa yetəcək qədər suyu olarsa, lazım-ehtiyata əsasən bədənini yumalı və nəcis libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması caiz deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı birini yumaq xüsusunda ixtiyar sahibidir.

Məsələ 801: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. Belə olan təqdirdə namazı səhihdir.

Məsələ 802: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə namaz qılsa, kifayətdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]