Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Yusif Yusifli --- Gürcüstan azərbaycanlılarını...docx
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
844.96 Кб
Скачать

XX əsrin ortalarında ədəbiyyat.

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının birinci cildində XX əsr ədəbiyyatını iki dövr üzrə:(,,XX əsrin əvvəllərində ədəbiyyat” və ,,XX əsrin ortalarında ədəbiyyat”) başlıqlarında təqdim etmişik .

XX əsrin ortalarında yazıb-yaradan doqquz nəfər şair, altı nəfər yazıçı, bir nəfər də ədəbiyyatşünas ,,ədəbiyyat tarixi” kitabında öz layiqli yerini tutan aşağıdakı söz sahibləridir: Abbasqulu Eləbağlı, İsa Borçalı, Ziya Borçalı, Leyli Taharqızı, Qara Qərib, İbrahimxəlil Alı oğlu, Gülməmməd Alı oğlu, Əsli oğlu Məhəmməd, Təhləli Novruz, Rəşid Hacallı, Abbas Kirəcli, Hidayət Bayramlı,Vəli Əliyev, Yusif Yusifli, Əli Abbasov, Emin Elsevər.

Əslində XX əsrin ortalarına daxil olacaq şair və yazıçıların sayının on altı nəfərdən dəfələrlə çox olmasına baxmayaraq, maliyyə çətinlikləri buna imkan vermədiyinə görə bu dövrə ancaq on altı nəfər söz sahibini daxil edə bildik.

Abbasqulu Eləbağlı Borçalının Gorarxı elində anadan olub. Əvvəlcə evdə təhsil alıb, sonra kənddəki molla məktəbində təhsilini mükəmməlləşdirib. 1910-cu ildə Gorarxıda açılmış məktəbin müdiri və müəllimi Qazağın Şıxlı kəndindən gəlmiş Seyfəddin müəllim Nəsibovdan dərs almışdır.

Şair Abbasqulu Eləbağlını yaxından tanıyırdım, onun haqvergili şair olduğunu bilirdim. Onun oğlu şair Qurban Əzizli ilə birlikdə bir neçə gün ev arxivində uzun illər yazdığı şeirlər üzərində araşdırma aparıb ,,Dünya”, ,,Axtar”, ,,Bilinir”, ,,Gözəlliyi gözüm tutub”, ,,Elin içində”, ,,Odum-ocağımdır mənim”, ,,Adımdır”, Dağlar”, ,,Qalır” adlı şeirlərini kitaba daxil etdim.

Xeyirxah, çox nurlu, el-obada sayılıb-seçilən şəxslərdən olan Abbasqulu Eləbağlının şeirlərində halallığa, düzlüyə, ədalətə çağrış güclü olduğuna görə onun şeirlərinin tərbiyəvi əhəmiyyəti də güclü və böyükdür. Şair üzünü həmkarlarına, oxucularına tutaraq tələb edir ki, başqalarında haqq və ədalət, sədaqət və etibar axtaran insan, bunları əvvəlcə sən özündə axtar:

Həqiqət, etibar axtaran insan,

Sən bunu ən əvvəl özündə axtar.

Vətənə bağlılıq, həyat eşqini,

Könül dünyasında, gözündə axtar.

Sevirəm yurdumun aran, dağını,

Bərəkət yuvası gen qucağını,

Sən Eləbağlının yaşamağını,

Qoyduğu itməyən izində axtar.

Şairin qələmi ilə, nurlu zəkası ilə, yazdığı şeirləri ilə, səxavətli əlləri ilə, el – obaya xidmət etməyi, elin gözündə ucalmağı, el üçün tac olmağı, dünyasını dəyişəndə də, yaxşı ad-san, xeyirxah yol, iz qoyub getməyi arzulayır:

İstərəm yaşamaq, həm də yaratmaq,

Taclanam, xalqıma tac olam, dünya.

Hər kəsə meyardır işi, əməli,

İz qoymaz, gözləri ac olan, dünya.

Aləmdə sevilir, sevilən eldə,

Çəmənlər içində baş olan gül də,

Xeyirxah əməllə gözdə, könüldə,

Bar verəm, yüksələm, ucalam, dünya.

Şair Abbasqulu ,,Bilinir” rədifli şeirində də tövsiyə edir ki, yaxşı əməl sahibləri, el-obanın qeyrətli oğulları, xeyriyyəçi şəxsləri daha tez tanınır və heç vaxt da unudulmurlar. Şair üzünü söz sahiblərinə tutaraq deyir ki, hansı şeirlərlə xalqın istək və arzuları tərənnüm edilirsə, o şeirlər həmişəyaşarlıq qazanacaqdır, çünki bu ruhda, bu məzmunda olan şeirlər oxucu qəlbinə tez yol tapır, oxucuların yaddaşına hopur, toy-nişan məclislərinə tez ayaq açır, sazın pərdələrində, simlərində, aşığın ifasında gələcək nəsillərə ərmağan edilir.

Əgər varsa dərinliyi, dəyəri,

Ölməyəcək sənətkarın əsəri,

Abbasqulu, şairlərin hünəri,

Eldən gələn alqışından bilinir.

İsa Borçalı (Əliyev İsa Məmmədqulu oğlu) 1900-cü ildə Ulu Borçalının Qaçağan kəndində anadan olub, 1987-ci ildə dünyasını dəyişibdir.O, Ali Kənd Təsərrüfatı İnstitutunu bitirib. Qaçağan, Ağməmmədli məktəblərində müəllim, Böyük Muğanlı natamam orta məktəbində 1943-1945-ci illərdə məktəb direktoru işləyibdir. İsa Borçalı gənclik illərindən lirik şeirlər yazmışdır.Qaçağan kəndində yaşayan yaxın qohumlarından onun külliyyatını əldə edə bilmədik. ,,Gürcüstan” qəzetində vaxtı ilə dərc edilən bu şeirlərini əldə etməyə nail olduq: ,,Ellərdə”, ,,Xoş gəldin”, ,,Ay beləsindən”, ,,Bilmirəm”, ,,Yerindədi”, ,,Tiflis”, ,,Ola bilməz”, ,,Gedirəm”.

Ömrünün son aylarında ağır xəstəliyə düçar olan şair ölümün ona yaxınlaşdığını hiss edəndə ,,Gedirəm” rədifli şeirini yazır. O, bu şeirdə vəsiyyət edir ki, nurlu dünyanı tərk edəndə mənə yas tutmayın, çünki ölüm həyatın pozulmaz qanunudur, əcəl şərbətini hamı içəcəkdir.

Deyirəm dostlara sözüm-söhbətim,

Ayrılıq çağıdır köçüb gedirəm.

Səbrim qalmayıb, nə də möhnətim,

Əcəl şərbətini içib gedirəm.

Bu dünya fanidir gəlməyib gedən,

Qan donub, süzülmür, inciyir bədən,

Dolanır keçmişi xəyalım hərdən,

Xələti əlimlə biçib gedirəm.

Ziya Borçalı Bolnisi bölgəsinin Arıxlı kəndində anadan olub. Atası Yusif Əfəndi dövrünün mükəmməl dini təhsil almış, təhsili, elmi, maarifi yüksək qiymətləndirən açıq fikirli şəxs olmuşdur. O, oğlanlarının mükəmməl təhsil almasına ciddi diqqət yetirmişdir.

Ziya Borçalı Arıxlı rus-tatar məktəbində təhsil alır, 1921-ci ildə Arıxlı əmək məktəbinə müəllim təyin edilir. 1929-cu ildə Tiflis Türk Pedaqoji Texnikumunu bitirəndən sonra Sarban yeddiillik məktəbinə müəllim göndərilir. Sonralar APİ-nin filologiya fakültəsini bitirib, Tiflis texnikumunda müəllim işləməyə başlayır. 1935-1944-cü illərdə Tbilisi Dövlət Pedoqoji İnstitutunun qiyabi şöbəsində dərs deyir. 1941-ci ildən ömrünün sonunadək Tbilisi Pedaqoji İnstitutunda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. O, 1965-ci ilin dekabrında dünyasını dəyişmişdir.

Ziya Borçalının maarif, elm, təhsil, mətbuat, ədəbiyyatşünaslıq tariximizdə xidmətləri xüsusi dəyərləndirilməlidir. O, yarım əsrlik pedaqoji fəaliyyəti dövründə yüzlərlə ədəbiyyat müəllimi, çoxsaylı alimlər, şairlər, jurnalistlər nəsli yetişdirmişdir. Tiflis, Borcalı ədəbi mühitinin ilk tədqiqatçılarından olmuşdur.

Ziya Əfəndiyevin yaradıcılığından danışarkən ilk öncə Azərbaycan Ədəbiyyat və Mədəniyyət Arxivinin direktoru Maarif Teymurun tərtib etdiyi və ön söz yazdığı ,,Zabit təxəllüslü bir şair...”(Bakı 1999), ,,Tiflis Azərbaycan mətbuat tarixindən” (1830-1920) kitabları haqqında söz açmaq istərdim.

1999-cu ildə nəşr edilən ,, ,,Zabit” təxəllüslü bir şair...” kitabını tərtib edən, Maarif Teymur ,,XX əsr cünk ədəbiyyatımızın tərtibçisi” adlı beş səhifədən ibarət olan dəyərli ön söz yazmışdır. Tərtibçi Ziya müəllimin tədqiqatlarından aşağıdakıları kitaba daxil etmişdir:

I. Azərbaycan ədəbiyyatı və görkəmli şəxsiyyətlər haqqında məqalələr;

1). ,, ,,Zabit” təxəllüslü bir şair”, ,,M.F.Axundov və əlifbamız”, ,,Dağlılar”,

,,Mətbuatımızın tarixindən”.

II. XIX əsr Azərbaycan klassiklərinin çap edilməmiş əsərlərindən;

III ,,Bir neçə lirik şeir haqqında”, ,,Şair Mühəqqər”,

IV. XX əsr ədəbiyyatı.

V ,,Aşiqanə şeir cərəyanı”, ,,Bayatılar”

VI. Tarixi şəxsiyyətlər haqqında məqalələr:

,,Q.Belinski”, ,,Böyük yazıçı və ictimai xadim”, ,,Böyük xalq şairi” məqalələri, ,,Hörmətli Ziyəddin yoldaş”(xalq şairi Mirvarid Dilbazinin məktubu).

Ziya Borçalının ikinci kitabında da ,,Ziya”, ,,Ziyayi-Qafqaziyyə” qəzetləri, ,,Kəşkül” jurnalı-qəzeti, ,,Şərqi-rus” qəzeti, ,,Molla Nəsrəddin” məcmuəsi, ,,Məzhər” qəzeti haqqında tədqiqat səciyyəli məqalələri daxil edilmişdir.

Hər iki kitabda verilən məqalələr Ziya müəllimin uzun illər apardığı səmərəli tədqiqatlarının nəticəsində araya-ərsəyə gəlmişdir. Tədqiqatçının Zabitin həyatı, yaradıçılığı, şeirləri haqqında apardığı araşdırmalar bu günümüz üçün də çox dəyərli tədqiqat işidir. Araşdırıcının bu tədqiqatı Zabit haqqında yaranan mübahisələri yekunlaşdırmaqda mənə də yardımçı oldu. Hər iki kitabda verilən məqalələr tədqiqatçılar üçün dəyərli, gərəkli, istiqamətverici ədəbi mənbədir.

Ziya müəllim yüz on beşdən artıq bayatı toplayıb tərtib etdiyi cünklərə daxil etməklə yanaşı, ,,Bir neçə bayatı haqqında” yazdığı məqaləsi də kitaba daxil edilmişdir. Həmin məqalədə müəllif yazır:

,,Bayatıların toplanması işinə hələ inqilabdan əvvəl başlanmış, bir sıra ədəbiyyat maraqlıları və mədrəsə tələbələri tərəfindən toplanaraq cünklərə, kitabların haşiyələrinə, ayrı-ayrı vərəqələrə yazılmışdır”. Elə biz də məqaləmizdə hələ çap olunmamış yüz on beş bayatıdan bir neçəsini nümunə veririk:

Əzizim, yüz il belə, Əzizim, Salmasa,

Qəvvas ol yüz il belə, Yol gedər Salmasa,

Ömür fanı, xətt baqi, Bəndə bəndəyə neylər,

Yaz qalsın yüz il belə. Fələk gözdən salmasa.

Əzizim, ağlağandı, Əzizim, dolu gözlər,

Qaraxaç Ağlağandı, Yağış yağar, dolu gözlər,

Gedək dərdli yanına, Mənə derlər ağlama,

Görək kim ağlağandı. Durarmı dolu gözlər.

Eləmi, Mərəndə gəl, Əzizim, oda para,

Xoya gəl, Mərəndə gəl, Bir ay doğdu, o da para,

Bir gəldin, xəstə gördün, Yoxdurmu odu keçmiş?

Bir də can verəndə gəl. Sinəmdən od apara.

Ziya Borçalı ,,Aşiqanə şeir cərəyanı” məqaləsində Vaqif şeirlərinin təsiri altında aşiqanə xalq şeiri cərəyanının Azərbaycanin üç böyük mahalında: Qaradağ mahalında, (Cənubi Azərbaycanda), Qarabağ və Qazax rayonlarında daha çox inkişaf edib geniş yayılmasını yazır. Müəllifin araşdırılmalarına əsasən XIX əsrin ilk on illərində bu cərəyanın ən fəal nümayəndələrindən Əndəlib Qaradağlının, Qırxbulaqlı Məhəmməd Xəlifə Acizin, Üstibinli Seyid Əbdülqasim Nəbatinin, Ərdəbilli Qaradaş Baba Zikrinin, Qarabağda aşiqanə xalq şeirinin nümayəndələrindən Aşıq Valehin, Aşıq Qənbərin, Q. Zakirin, Cani oğlu Abdullanın, Cəfərqulu xan Nəvanın, bu cərəyanın Qazaxdakı nümayəndələrindən Mustafa ağa Arifin, Kazım ağa Salikin, Əbdürrəhman ağa Dilbaz oğlunun adlarını qeyd edir. Tədqiqatçı bu şeir cərəyanı barədə dörd səhifəlik ümumi məlumat verəndən sonra Əndəlib Qaracadaği, Aciz, Valeh, Aşıq Pəri, Qurbaninin şeirlərindən nümunələr verir və ,,Abbas və Gülgəz Pəri” dastanından bir parça, Tufarqanlı Abbas haqqında araşdırmalarını ən dəyərli, ən qiymətli məlumatlarla, dərin mənalı təhlillərlə oxuculara təqdim etmişdir.

Leyli Taharqızı (1902-1987) Qazax bölgəsinin Kəmərli kəndində anadan olmuşdur. Ruhani məktəbinin 3-cü sinfini bitirmişdir. İlahinin ona bəxş etdiyi ilham nəticəsində 13-14 yaşlarından coxlu sayda bayatılar, qoşmalar yazmışdır. Diqqətsizlik nəticəsində gənclik illərində yazdığı şeirlər itib – batmışdır. 1925-ci ildə Marneuli bölgəsinin Qasımlı kənd sakini Əhməd İsmayılovla ailə həyatı qurur. Onun Qasımlıda yazdığı şeirlərin bir hissəsini -- aşıqların və həvəskarların yaddaşında qalan 58 bayatısını professor Mürsəl Həkimov toplayıb ,,Xalqımızın deyimləri və duyumları” kitabına daxil etmişdir.

Professor Mürsəl Həkimovun tədqiqatından sonra 2009-cu ilin əvvəllərində şair Səyavuş Uyğunun köməkliyi ilə Leyli xanımın oğlu İsmayıl İsmayılovla əlaqə yaradaraq şairənin ev arxivində araşdırma apardıq. Zəhmətimiz hədər getmədi, şairənin iyirmi bir bayatısını əldə etməyə nail olduq. Qəmlə yoğrulmuş, mayası kədərlə tutulmuş bu bayatılarda Böyük Vətən müharibəsində ərini itirmiş sevən bir qəlbin faşist Hitlerə qarşı qəzəbini, nifrətini görürük:

Dərdlərə daldım ancaq, Eləmi, yuvasına,

Başımda qızıl sancaq. Şahmarın yuvasına,

Nə qız oldum, nə gəlin, Görüm qanı çilənsin,

Odlara yandım ancaq. Hitlerin yuvasına.

Bulağın başı mənəm, Əzizim, ulusuna,

Dibinin daşı mənəm. Ellərin ulusuna,

Yar üçün ağlayanın, Görüm bir azar düşsün,

Bil, göz yaşı mənəm. Hitlerin ulusuna.

Eləmi, ilan çala, Bakının ocağında,

Daraşıb, ilan çala. Od yanar qucağında.

Hitleri yatağında, Hitler, öyün dağılsın,

Zəhərli ilan çala. Körpəm ağlar qucağımda.

Qara Qərib on doqquzuncu yüzilliyin əvvəllərində yaşamış, gözəl şeirlər yaratmış, şair Güllər Pərinin qız nəvəsidir. ,,Ədəbiyyat tarixi”nin birinci cildində onun çoxsaylı şeirlərindən ,,Dünya”, ,,Arxamda duranım ola”, ,,Bu dünya”, ,,Görünür”, ,,Cənnət bulağı”, ,,Ay Nənə” (Güllər Pəriyə), ,,Döndü”, ,,Qaraxaç” (bu dağın əsil adı Qaraarxaçdır, sonralar onun adını ermənilər dəyişdiriblər).

Şair-tətqiqatçı Bəhram Mehdinin ev arxivində qorunub saxlanan bir neçə qovluqda Borçalı şairlərinin, aşıqlarının şeirlərinə də rast gəldim. Qaraçöplü aşıq Musanın, şair Bayramın, Qara Qəriblə aşıq Pərvanə Həsənin bir çox deyişmələri və b. qiymətli məxəz kimi, tədqiqatçıların əlindən tutur. Bu yaxınlarda yenə də təkrarən Bəhram Mehdinin ləl-cəvahir mücrüsünə baş əyməli oldum. Qara Qəribin aşağıdakı şeirlərini əldə edə bildim: ,,Şair Nəbi köç eylədi cahannan”, ,,Birisi istidi, birisi sərin”, ,,Bu yandadı”, ,,Gəlir”, ,,Görünür”, ,,Deginən”, ,,Olumu?”, ,,Nə deyirsən”, ,,Düşəndə” və s.

Qara Qərib dağdan atla gəlib Faxralıya çatanda yolda qoruqçular ona xəbər verirlər ki, keçən gecə mədəniyyət evində aşıq Pərvanə Həsən özünü haqq aşığı və alim adlandırdı. Özü də Həsənov Nadirin evində qalır, deyəsən hələ bir-iki gün burada qalacaqdır. Qara Qərib evə çatan kimi doqquz bənddən ibarət ,,Nədəndi?” qıfılbəndini yazıb Pərvanə Həsənə təqdim edir. O gündən hər iki söz sahibi arasında deyişmələr başlayır.

Qara Qəribin ,,Dalımda duranın ola” üç bənddən ibarət olan şeiri səhvən ,,Ulu Borçalı” kitabının 499-cu səhifəsində şair Nəbinin şeiri kimi təqdim edilir. Kitabın müəllifi yazır ki, Tiflisdə kömür alveri ilə məşğul olan şair Nəbi nisyələrini yığan zaman ,,Şeytanbazarlılar” onu aldadır, pulunu vermirlər. Nəbi kor-peşman qayıdan zaman meyxanada çalıb-oxuyan aşıq səsi eşidir, meyxanada guya şairi döyürlər. Bu vaxt şair Nəbi Cöyrə oğlu Qaranı yadına salır:

,,Hardan alım Cöyrə oğlu Qaranı,

Çəkə xəncərini, kəsə aranı”

Bu yazılan yalanları, uydurmaları oxuyanda mən gözlərimə az qala inanmağım gəlmədi. Əvvala çox zəngin ədəbi irsə malik olan, Borçalı şeirinin klassiklərindən biri kimi ədəbiyyat tariximizdə şərəfli yeri olan Şair Nəbinin başqa şairlərin şeirlərinə nə ehtiyacı?!...

Aşağıda təqdim etdiyimiz bu şeiri Faxralı şairi Qara Qərib Şəmkirli aşıq Pərvanə Həsənə yazıbdır:

Düşmən gəlib başım üstə dolanır,

Vur deyib, arxamda duranım ola.

El yığıla tamaşaya, seyr edə,

Bir geniş meydanı quranım ola.

Hardan alım Cöyrə oğlu Qaranı,

Gəzirəm, bulamam dağı, aranı,

Çəkə xançalını, kəsə aranı,

Düşmənlər bağrını yaranım ola.

Yetərmi dadıma Təhməzqulu xan,

Quvuoğlu Əlləznən Zuraf Mustafan,

Qarayam, düşmənə tutaram divan,

Dağları bürüyən boranım ola.

Şair İbrahimxəlil Alı oğlu M.P.Vaqifin, Borçalı şairlərinin və yaradıcı aşıqların yaradıcılığından ilham alaraq sevgi və məhəbbət şeirləri yazıb-yaratmışdır. O, ədəbiyyat tariximizə lirik şair kimi daxil olmuşdur. 1999-cu ildə işıq üzü görən ,,Kəndim Lecbədindi, özüm İbrahim” adlı kitabına şeirlərinin bir hissəsi daxil edilmişdir. (73 şeiri)

Şair İbrahimxəlilin Ağacanla, Mirzə Həsən Məcruhla, Vahid Kirəcli ilə dəfələrlə deyişmələri olubdur. Şair Borçalının nurlu şəxsləri, şairləri, aşıqları haqqında yazdığı şeirlərin bəziləri məzar-üstü abidələrə, baş daşlarına həkk olub. Ağacanın şagirdi, ürəyəyatımlı, könül oxşayan səsi, avazı olan aşıq Rza Qəniyevə, şairin ibtidai sinifdə müəllimi olmuş Əliyar Qarabağlıya, Aşıq Avdı Qaymaqlıya və b. yazdığı şeirlər onun maarif xadimlərinə, şeir-sənət sahiblərinə ruhən bağlı olduğunu bir daha təsdiqləyir.

Borçalı şairlərindən Çoban Rəşidlə İbrahimxəlil 1984-cü ilin aprelin 4-də görüşür. Çoban Rəşid ,,Görüşdük” şeirində şair İbrahimxəlili özünə ustad hesab edərək ona olan hörmət və ehtiramını bildirir:

Qoy səslənsin dodaqlarda yeni söz,

Borçalıda şair bəylə görüşdük.

Qaynar bulaq, qaynar ürək, qaynar göz,

Nurlu günəş, isti yayla görüşdük.

Bəzən dalğalanan, bəzən lal axan,

Sinəsində yelkən keçən, lal axan,

Dodağından misra-misra bal axan,

Köpüklənib coşan çayla görüşdük.

Rəşid istər el içində ad ala,

Ustadından ibrət ala, od ala,

Tərlan könlüm dostdan necə yad ola,

İbrahimtək hətəmtayla görüşdük.

Gülməmməd Alməmməd oğlu bütün mənalı ömrünü torpaq əkib- becərməyə həsr edən zəhmət adamı olub. El şairlərinin şeirlərinə, Qaraçöp toy- nişan məclislərində aşıqlara qulaq asa-asa onda şeirə, sənətə, sözə bağlılıq formalaşıbdır. Aşıq şeirinin təsiri altında lirik şeirlər yazan şairin ,,Gözəldir”, ,,Ay lələ”, ,,Bu dağlar mənim” şeirləri əlimizdədir.

Şairin ,,Ay lələ”, ,,Bu dağlar mənim” şeirləri qəmli notlar üstündə köklənib:

Mən nə deyim, dediyimi bilməzsiz,

Gözdən axan qanlı yaşım silməzsiz.

Dərdimi danışsam, deyib-gülməzsiz,

Çaya dönər axar sellər, ay lələ.

Gülüyəm, seyr etdim gözəl dağları,

Durdu göz önündə qəm oylaqları.

Gətirdim yadıma ötən çağları,

Qoydu qəm içində bu dağlar məni.

Əsli oğlu Məhəmməd Qaraçöp mahalının Tüllər kəndində 1911-ci ildə anadan olubdur. İlahinin ona verdiyi ömrü gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Qaraçöp kimi sazlı-sözlü bir mühitdə yaşayan, ilk gənclık çağlarından aşıq məclislərinə bütün varlığı, qəlbi, ruhu ilə bağlanan Məhəmmədin bir şair kimi formalaşmasında bu mühitin müstəsna rolu olmuşdur.

Məhəmməd özünü Qaraçöpün qüdrətli qələm sahibi, ustad sənətkarı aşıq Musanın şagirdi hesab etmişdir. Aşıq Musanın dünyasını dəyişməsi şairi çox kədərləndirir. Bu ağır itkidən qəmlər dəryasına dalan şair yazır:

Hayıf, aşıq Musa görsənmir daha,

Gəlmişdi cahana, bir idi, köçdü.

Aşıqlar ustadı, şairlər başı,

Kəlməsi cahanda dürr idi, köçdü.

,,Qaraçöp” kitabının verdiyi məlumata əsasən Həsənov Məhəmməd Həsən oğlunun üç yüzdən artıq şeiri nurlu şəxslərin, saxlanc mücrülərinin hafizəsində bu günlərimizə çatdırılmışdır. ,,Ədəbiyyat tarixi”nin birinci cildində onun ,,Yıxar”, ,,Köçdü”, ,,Dağların”, ,,Dağlar”, ,,Ay yarı gəzər” təcnisi, ,,İndi” cığalı təcnisi, ,,Uçdu” bağlaması, ,,Qaraçöp” müxəmməsi daxil edilmişdir.

Azərbaycan aşıq şeirinin bütün növlərində qələmini sınayan və bu sınaqda böyük nailiyyətlər qazanan şair Məhəmmədin şeirlərinin tərbiyəvi əhəmiyyəti diqqəti daha çox çəkir:

Düzgün dolan, düşmə el nəzərindən,

Kəcinə çəkməynən, el səni yıxar.

Yazbaşı bulanıb-daşan çaylara,

Salmaynan özünü, sel səni yıxar.

Dolaşma yazığa, toxunma dula,

Dolan öz evində sən bala-bala.

Nəhlət şeytana de, gəl doğru yola,

Axırda bu əyri yol səni yıxar.

Təhləli Novruz Qarayazının Qara Təhlə kəndində anadan olubdur. Şairin atası Şahismayıl Məşədicəfər oğlunu ,,qolçomaq” adıyla Rusiyanın Orenburq şəhərində güllələyiblər. Atasının güllələnməsindən yeddi il sonra heç bir günahı olmayan oğlu şair Novruz doqquz il Kütaisi şəhər dustaqxanasında cəza çəkməyə məhkum edilibdir.

Təhləli Novruz şeirlərinin əsas mayasını türkçülük və islamçılıq təşkil edir. Ulu Tanrıya, Qurani-Kərimə, Məhəmməd peyğəmbərə, Həzrət Əliyə həsr edilmiş ,,Əzəl”, ,,Özü birdir, adı min bir”, ,,Baş endirir”, ,,Qırmızı”, ,,Sorağındayam”, ,,Sən”, ,,Mərd”, divanilərində, ,,Allah”, ,,Ya Yahu Mədəd”, ,,Eylə”, ,,Ya Əli”, ,,Aman günüdür”, ,,Əli” və s. şeirlərində qadir Allaha, islam dinini yaradan müqəddəslərə şairin tükənməz hörmət və ehtiramının şahidi oluruq. Böyük sənətkarlıqla yazılmış bu şeirlərdə Azərbaycan divan ədəbiyyatının güclü təsirini görürük:

Özü birdir, adı minbir,

Ərşdə sübhan durur.

Haqq göndərmiş Məhəmmədə,

Dəstində Quran durur.

Əli dəstində zülfiqar,

Yarı böldü əntəri,

Yetiş dada qadir Allah,

Qarşıda meydan durur.

Təhləli Novruz türk ozan-aşıq şeirinin bütün janr və növlərində gözəl sənət əsərləri yaradıbdır. Aşıq ədəbiyyatının epik janrında ,,Şam şahzadəsi”, ,,Zərqamşah” dastanlarını Borçalı aşıq mühitinə bəxş etdiyi kimi, lirik səpkidə də divanilər, qoşmalar, təcnislər, ustadnamələr, ərzi-namələr və vəsfi-hallar, qoşa yarpaqlar, bağlamalar, müxəmməslər yazmışdır:

Hörmət qoy böyüyə, yolunu saxla,

Şərə fitva vermə, özünü haxla.

Aç qəlbin kitabın, bir-bir varaqla,

Doğrunu, dürüstü danıb danışma.

Novruzun şeirlərində haqq və ədalət müdafiə edilir, Allahın yolundan çıxıb, şərə, böhtana uyanlar, ədəb-ərkanı gözləməyənlər tənqid edilir. Şair tövsiyə edir ki, insan oğlu gərək bu fani dünyada mərifətlə, namusla yaşasın, haram yolla var - dövlət toplamağa həris olmasın, çünki taxt-tac sahibi şahların dəbdəbəli həyatının faciəli sonluqlarını bir yada salsınlar. Bu nəsihətlərdə şairin etik-fəlsəfi görüşlərinin parlaq təzahürünü görürük.

Rəşid Hacallı tanınmış şair, görkəmli maarif xadimi, Gürcüstan respublikasının əməkdar müəllimi kimi ədəbiyyat tariximizdə öz layiqli yerini tutmuşdur. O, ömrü boyu Borçalı maarifində Fərhad kimi külüng çalmış, ədəbiyyat müəllimi kimi, Azərbaycan ədəbiyyatının klassiklərini Borçalı məktəblilərinə dərindən öyrətməyə nail olmuşdur. Böyük Vətən müharibəsi illərində Qafqazdan başlamış Avropa ölkələrinin faşizm tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, qolundan yaralanmış, çoxsaylı orden və medallarla təltif edilmişdir.

Rəşid Hacallı güclü təbə malik şair idi. Onun yüksək sənətkarlıqla yazılmış şeirləri ideya-məfkurə və məna dərinliyi ilə seçilir. O, XIX əsrdə yazıb-yaratmış görkəmli tarixi şəxsiyyət və el şairi Alxas ağa Hacallının oğul nəvəsidir.

Alxas ağa ocağında yaranan şeir ənənəsini o, ləyaqətlə davam etdirir. ,,Köklərdən budaqlara” kitabında (Bakı 1998) Alxas ağa Hacallının on səkkiz şeiri, on üç bayatısı verilibdir. (şeirləri əsasən, qoşma, ğəraylı, təcnis, cinas qafiyə və divanilərdən ibarətdir).

Həmin kitabda nəvənin (Rəşid Hacallının) isə otuz səkkiz şeiri dərc edilibdir. Bütün şeirlərini heca vəznində yazan şair Azərbaycan dilinin zənginliklərindən, bədii ifadə vasitələrindən, atalar sözü və məsəllərdən zərgər dəqiqliyi ilə istifadə etmişdir. Onun şeirlərinin ən başlıca xüsusiyyətlərindən biri də şeirlərində fikir aydınlığının, məna dərinliyinin, fəlsəfi-etik düşüncə tərzinin ardıcıllığının, üslub orijinallığının, dil şirinliyinin, insan qəlbinə və ruhuna tez hakim kəsilməsinin çox güclü olmasındadır. Bu cəhətdən şairin on doqquz bənddən ibarət olan ,,Dünya” şeiri daha çox diqqət çəkir:

Adam var nə ətdi, nə də balıq,

Adam var köhləndi, kaldı dünyada.

Adam var nə undu, nə də urvalıq,

Adam var kəlləsi kaldı dünyada.

Kimisi dünyadan dad aldı getdi,

Kimisi can qoydu, ad aldı getdi,

Prometey dağlardan od aldı getdi,

Zincirli, qandallı qaldı dünyada.

İnləyən kamandı, çalınan tardı,

Oxunan ,,Segahdı”, ,,Şurdu”, ,,Qatardı”,

Oxuyan canları torpaq apardı,

Çalan, da çağıran da valdı dünyada.

Çoxları ağlından düşdü azara,

Axtardı, tapmadı dərdinə çarə,

Adamlıq almağa getdi bazara,

Nadanlıq qazandı, aldı dünyada.

Dünya bər-bəzəkli zəngin otaqdı,

Hərə bir anlığa orda qonaqdı.

İnsanın mənzili qara torpaqdı,

Çəkdiyi qovğadı, qaldı dünyada.

Buludlar əl çalıb, dağ söyünməsin,

Zirvə gileylənib, yol deyinməsin.

O məğrur qayalar çox öyünməsin,

Deməsin dərələr laldı dünyada.

Ulu tanrının Rəşid müəllimə bəxş etdiyi səksən bir illik ömrün əlli ilini maarif sahəsində yüksək ad-sanla işləmiş, isti yay günlərini dağ Borçalısının insan ömrünə rövnəq və coşqunluq verən yaylaqlarında keçirmişdir. Ona görə də şairin yaradıcılığında təbiət lirikası xüsusi ilhamla, xüsusi sevgi və məhəbbətlə ərsəyə gəlmişdir:

Çəməndə xalı var, mirvari şehdən,

Ərişi-arxacı güldən, çiçəkdən,

Dağlarda körpü var qövsi-quzeydən,

Dərədən keçirib düzə yalvarar.

Və ya:

Yay olanda yaşıl geyər,

Kainat başdan-başa,

Qızıl güllər al-qumaşdır,

Yayda bağlar tamaşa,

Payız fəsli, qış ayları,

Ömrü xoş vurar başa.

Havası can, suyu dərman,

Torpağı loğman gör.

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının birinci cildində ,,1940-50-ci illərdə yaranan yeni Borçalı nəsrinin inkişaf yolları” məqaləsində müəllif yazır: ,,Azərbaycan nəsrinin ayrılmaz bir qolu olan 1940-1945-ci illərdə yaranan yeni Borçalı nəsri Tiflis-Borçalı ədəbi mühitinin yaranmasında böyük xidmətləri olmuş M.F.Axundzadənin, C. Məmmədquluzadənin, N. Nərimanzadənin, Ə. Haqverdiyevin, O. F.Nemanzadənin, A.Şaiqin, H.Minasazlının, Ş.Kərimlinin, Ə.Qayıbovun, Z.Marağalının, Rza Şahvələdin və b. yaradıcılığının dərin kökləri üzərində qol-budaq atmışdır”.

1940-cı illərdə yeni Borçalı nəsrinin əsasını qoyan Abbas Kirəcli 1939-1946-ci illərdə bir roman, iyirmidən artıq povest, dörd hekayə yazmışdır. Yazıçı APİ-də oxuduğu 1939-cu ildə ,,Salam” hekayəsini, ,,Ləkə” povestini, çox saylı ədəbi-tənqidi məqalələrini yazmışdır.

O, 1945-1946-cı illərdə Belorusiyada aşağıdakı povestləri yazmışdır:

,,Zelyonovka kəndinin tarixçəsindən” 27.01.1945. Polotsk şəhəri.

,,Bənövşə” 27.06.1945-ci il Belorusiyanın Polotsk şəhərində.

,,Belorusiyada payız”. 09.09.1945 Polotsk şəhəri.

,,Lager həyatı” 03.10.1946. Belorusiya.

,,Qafqaz oğlunun sevgisi”, ,,Qaçaq İsaxan”, ,,Yaralı əsrin son sözləri”, ,,Xudpəsəndin sevgisi”, ,,Qoç Polad”, ,,Gülüş”, ,,İki daş yığını”, ,,Şeytan nəziri”, ,,Otuz üçüncü gecə”, ,,İki elçi”, ,,Ən dəyərli xidmət”, ,,ilk təsadüf” və s.

Böyük Vətən müharibəsinin son illərindən başlayaraq, (1944-1947-ci illər) öz cəbhə xatirələri əsasında Hidayət Bayramlı ,,Döyüş yollarında”, ,,İntizar”, ,,Kaş belə olmayaydı”, ,,Naməlum adam”, ,,Vətəndaş rəis”, ,,İnsan dirilir” və s. povest və hekayələrini yazmışdır.

1940-50-ci illərdə yeni Borçalı nəsrinin təməlini qoyan Abbas Kirəclidən, Hidayət Bayramlıdan sonra Vəli Əliyevin, Yusif Yusiflinin, Əli Abbasın, Emin Elsevərin, Dünyamalı Kərəmin, Əzim İsmayıllının, Bahaddin Oruclunun, Zümrüd Orxanın, İslam Hacıoğlunun, Şahvələd Musayevin, Tofiq Qurbanlının, Arif Mustafazadənin, Elbrus Həsənlinin, Şamxəlil Abdullayevin, Eldar Muxtar oğlunun, Vəli Musayevin və b.roman, povest, hekayə, ocerk, publisistik əsərləri, xatirələri yarandı.

XX əsr Borçalı nəsrini araşdırarkən yaradıcılığının ilk nübarını məhz Borçalıda yaradan, oxuculara ərmağan edən, sonralar Azərbaycan respublikasında yaşayan, öz istedadları, öz kəsərli qələmləri ilə yüksələn, ucalan, ad- san qazanan gözəl romanlar, povest və hekayələr yaradan Tahir Hüseynovu, Nəriman Əbdülrəhmanlını, Eyvaz Əlləzoğlunu, Seyfəddin Ziyalını, Şahbaz Şamıoğlunu, Həmid Vəliyevi, Yaşar Vəliyevi və b. xüsusilə qeyd etmək istərdim Çünki Borçalı nəsrinin inkişafında, zənginləşməsində onların da xidmətləri olmuşdur. Roman və povestlərinin əsasən baş qəhrəmanları Borçalı və borçalılar olan Tahir Hüseynovun bu sahədəki xidmətlərini xüsusi qeyd etmək istərdim.

XX əsrin əvvəllərində yaranan Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi zaman etibarı ilə qısa bir dövrü əhatə etsə də, xüsusi bir mərhələyə yüksələ bilmişdi. Bu dövrün yazıçıları klassik irsdən öyrənə-öyrənə müasirliyə, ümumi-bəşəri dəyərlərə doğru istiqamət almışlar. Bu dövrdə Balakişi Alıoğlu, Xəstə Namaz, Ağacan, İbad Pirioğlu, Sədi bəy Arifl lirik şair kimi tanınmışlar. Həsən Məcruh, Mühəqqər maarifçilik ruhunda yazılmış şeirləri ilə, C. Məmmədquluzadə və Ə.Sabir satira məktəbinin ən yaxşı ənənələrini Borçalı ədəbi mühitimizə gətirmişlər. Misgin Nəbi Borçalı aşıq şeiri üslubunda çox saylı şeirləri ilə bərabər, ,,Mehdi bəy” dastanını yaratmaqla ədəbiyyatımızda çox əsrlik dastançılıq ənənəsini davam etdirmişdir. Xətib Təbrizi, M.F.Axundovla başlanan ədəbiyyatşünaslığımızı Hüseyn Minasazlı, inkişaf etdirməklə yanaşı ğözəl publisistik əsərləri, satirik hekayələri ilə ədəbiyyatımıza yenilik gətirmişdir. Kərim bəy Şərifli isə XX əsrin əvvəllərində ən aktual mövzular əsasında ədəbi mühitimizə səhnə əsərlərini bəxş etmişdir. Bu sənətkarların əsas xidmətlərindən biri də XX əsrin ortalarında yaranan ədəbiyyatımıza güclü təsir göstərməsidir. XX əsrin ortalarından sonlarına qədər olan dövr ədəbiyyatımız Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixinə yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə yazıb-yaradan çox saylı şair, yazıçı, dramaturq, ədəbiyyatşünas və tərcüməçilərin az bir hissəsini -- on səkkiz nəfərini ,,Ədəbiyyat tarixi”nin birinci cildinə daxil etdik. Bu cildə daxil edə bilmədiyimiz sənətkarları ikinci cildə daxil etmək məcburiyyətində qaldıq. Çünki maliyə çətinlikləri ucbatından XX əsrin ortaları dövrünə məxsus olan şairlərin ancaq on səkkiz nəfərini birinci cilddə verə bildik.

Dördüncü fəsil.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]