Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Yusif Yusifli --- Gürcüstan azərbaycanlılarını...docx
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
844.96 Кб
Скачать

İbrahim

Mən eşqdən qan ağlaram, tökərəm leysan üzünə,

Yasını əzbər eylərəm, kəlamı firqan üzünə.

Cəbrayıl vəhy gətirdi, ol haqqın rəsuluna,

Rəsul bir gül eylədi, dəryayi-ümman üzünə.

Nəbi

Bil, alimlər dəftəridi ustadların sinəsi,

Qeyibindən təb gətirir ona qadir mövlası.

İlahi qərar vermiş, şəmsi-qəmər şöləsi,

Leyli-nahar gərdiş eylər, külli cahan üzünə.

İbrahim

Ərşdə bir məlakə var, qələm alıb əlinə,

Gəl baxma şeytan sözünə, uyma fitnə-felinə

Məhəmməd getdi meraca, kəlmə gətirdi dilinə,

Gecə-gündüz zikr edərəm, deyərəm pünhan üzünə.

Nəbi

Hansı bəndə yola getməz, üqbanı sübhan bili,

Bayıs olan ol nəfsinə, deyər bunu kim bili.

Şair Nəbi inkar etməz ol qəni sübhan bili,

Gizli sirrin aşkar eylər, ədalət divan üzünə.

İbrahim

İbrahiməm oxumuşam, zəbərim var, zirim var,

Həqiqətdən götürmüşəm, gövhərim var, dürüm var.

Kim deyir ki, bu dünyada mənim gizli sirrim var,

Qiyamətdə aşkar eylər, şahı-mərdan üzünə.

XIX əsr Borçalı ədəbiyyatına daxil olan şairlərin həyatını, dövrünü, yaradıcılığını tədqiq etmək üçün Borçalıda nə təzkirə, nə müntəxəbat, nə də antologiya mövcud deyildi.Ona görə də dövlət arxivlərində, ayrı-ayrı ailələrdə mühafizə edilən, qorunub saxlanılan ev arxivlərində, 1980-2000-ci illərdə Borçalı haqqında yazılan kitablar, qəzet və dərgilər üzərində gecə-gündüz işləməyi, araşdırma aparmağı qərara aldım. Bu sahədə ilk əlimdən tutan, imdadıma çatan vaxtı ilə saxladığım qəzetlər, topladığım şeirlər,əlyazmaları və kitablar oldu. Beləliklə, uzun axtarışın, araşdırmanın nəticəsində on üç nəfər Borçalıda yaşayıb-yaradan XIX əsr qələm və söz sahibini ədəbiyyat tarixinə daxil etdik: Güllər Pəri, Axund Mir Yusif Təbrizi, Alxas ağa Hacallı, Səhnə Alməmmədli, Miskin Vəli, Miskinoğlu Allahverdi, İsmayıl Orucoğlu (Güllər), Nabat xanım, Dollu Əbuzər, Məhəmməd Şindili, Molla Qasım, Mirzə Mehdi Valizadə, Kərbəlayı İbrahim.

=

İkinci fəsil.

XX əsrin əvvəllərində ədəbiyyat

Azərbaycan maarifçilik hərəkatının ən mühüm nailiyyətlərindən danışarkən ilk öncə maarifçilik ruhunda əsərlərin meydana gəlməsinə, anadilli məktəblərin və mətbuatın yaranmasına, milli teatrın öz mübarək qədəmləri ilə həyata ayaq açmasına diqqət yetirməliyik. Bütün qafqazlıların, o cümlədən də azərbaycanlıların mədəni mərkəzi olan Tiflisdə professional teatrın yaranması və orada göstərilən tamaşalar Azərbaycan ziyalılarının teatra olan həvəsini daha da artırdı. Həm Azərbaycanın, həm də Borçalının ayrı-ayrı bölgələrində yaşayan ziyalılarda teatra ürəkdən bağlılıq, həvəs, maraq oyatmaqla yanaşı tamaşalar göstərmək meylini də gücləndirdi. Zəngin Tiflis ədəbi mühitində yazıb–yaradan, tez–tez teatr tamaşalarına gedən gənc Mirzə Fətəlini İlahi bir qüvvə, İlahi bir sevgi səhnə əsərləri yazmağa sövq etdi. O, ilk yaradicılığa şeirlə başlasa da, onu sənətin ən yüksək zirvəsinə ucaldan komediyaları oldu. 1850-1855-ci illərdə yaratdığı altı komediyası ilə Orta və Yaxın Şərqdə dramaturgiyanın əsasını qoydu. İlk komediyası ,,Hekayəti-Molla İbrahimxəlil kimyagər”də yazıçı adamların avamlığından istifadə edib onları soyan fırıldaqçıları ifşa etdi. ,,Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah” adlı ikinci əsərində ədib mədəni geriliyi tənqid etmiş, Şərqdə yayılmış cadugərlik, dərvişlik kimi mövhümatın, xurafatın yaratdığı eybəcərlikləri ifşa edir. ,,Sərgüzəşti-vəziri-xani-lənkaran” komediyasında saray çəkişmələri, feodal dövlət qurluşunun eybəcərlikləri göstərilmişdir.

,,Hekayəti-xırs quldurbasan” əsərində Mirzə Fətəli əsas diqqəti Azərbaycan kənd və kəndlisinin ağır vəziyyətinə istiqamətləndirmiş, quldurluğu, oğurluğu, soyğunçuluğu satira atəşinə tutmuşdur. ,,Hacı Qara” komediyasında müəllif xəsisliyi, ən mənfi, ən eybəcər hal kimi, ifşa etmişdir. ,,Mürafiə vəkillərinin hekayəti” komediyasında Axundzadə fırıldaqçı, yalançı, məhkəmə vəkillərinin ədalətsizliklərini tənqid və ifşa etmişdir.Mirzə Fətəlinin komediyaları 1851-ciildən başlayaraq ,,Qafqaz” qəzetində çap olunur. Bu pyesləri oxuyub tanış olan xarici və rus ədəbiyyatşünaslarının diqqətini çox cəlb etmişdir.1851-ci ildə ,,Biblioteka dlya çteniya” jurnalında Pol Fevalın ,,Gecə gözəlləri” romanına yazılmış rəydə ,,Müsyo Jordan və dərviş Məstəli şah”ın təhlili də verilir. Məqalə müəllifi M.F.Axundzadənin komediyasını Pol Fevalın romanına qarşı qoyur və bu Qərb yazıçısının üzücu, bezdirici, maraqsız romanını oxumaqdan təngə gələn oxucuları Şərq dramaturqunun gözəl komediyasını oxumağa çağırır. 1852-ci ildə komediya Sankt-Peterburqda ailə teatrlarının birində tamaşaya qoyulmuşdur. Elə həmin ildə də ,,Müsyö-Jordan” komediyası rus dilindən alman dilinə tərcümə edilmişdir. Sonralar Barbiyede Meynarı ,,Xırsquldurbasan”ı, Alfone Silyerin ,,Vəziri-xani-lənkaran”, ,,Mürafiə vəkilləri” komediyalarını fransız dilinə tərcümə etmişlər.

M.F.Axundzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqe haqqında professor Zaman Əsgərli yazır: ,,M.F.Axundzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük bir sənətkar, milli dramaturgiyamızın və realist bədii nəsrimizin banisi kimi daxil olmuşdur. Yaxın Şərq bədii fikir tarixində XII əsr-Nizami Gəncəvi, XVI əsr-Məhəmməd Füzuli dövrü kimi tanınırsa, XIX əsr-ilk növbədə, Mirzə Fətəlinin adı və imzası ilə bağlanır. Bu dövrdə bütün İslam və Şərq hüdudlarında M.F.Axundzadə qədər geniş miqyaslı bədii-estetik, ədəbi-ictimai problemlər qaldıran və bu problemləri yüksək sənətkarlıqla həll edən ikinci bir yazıçıya təsadüf edilmir. Azərbaycan ədəbiyyatı tarixində 300 ildən bəri davam edib gələn romantik poeziya hegomonluğunu, Füzuli tilsimini Mirzə Fətəli sındırır. Onun yaradıcılığı ilə Azərbaycan və Yaxın Şərq xalqlarının bədii fikrində yeni bir ədəbi məktəbin əsası qoyulur.”

Tətqitadçı alimin yazdığı kimi, M.F.Axundzadə doğma xalqına, onun dilinə, əlifbasına, mədəniyyətinə, ədəbiyyatına, klassik ədəbi irsinə möhkəm tellərlə bağlanmaqla yanaşı, həm Yaxın Şərq, həm də Qərb mədəniyyətini də dərindən mənimsəmiş və öyrənmişdir. Onun orijinal, çoxşaxəli yaradıcılığında iki böyük mənəvi mədəniyyət: Şərq və Qərb mədəniyyəti qovuşur. Azərbaycan ədəbiyyatı müəyyən mənada özünün inkişaf mərhələsi, yeni forma, yeni məzmun daşımaqla yeni zirvələrə yüksəlir. M.F.Axundzadə 1859-cu ildə ,,Təmsilat”adi ilə nəşr edilən komediyalar kitabını tehranlı dostu Mirzə Məhəmməd Cəfərə göndərir. 1871-1874-cü illər arasında Mirzə Məhəmməd komediyaları fars dilinə tərcümə edir. Şərqşünaslar komediyaları 1880-ci illərdən başlayaraq fars dilindən Qərbi Avropa dillərinə tərcümə edirlər. Komediyalar fransız, alman və ingilis dillərində nəşr olunur. Böyük Azərbaycan dramaturqunun komediyalarındakı milli kolorit, döyüşkən məzmun, ruh, sadəlik və aydınlılıqla yanaşı, obrazlılıq və dərin mənalılıq, fərdiləşdirilmiş bədii dil və dərin realizm Avropada M.F.Axundzadəyə böyük şöhrət qazandırmışdır.

M. F. Axundzadənin komediyaları Cənubi Azərbaycan və İran ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. Bu komediyaların təsiri altında Mirzə ağa bir neçə pyes yazmışdır: ,,Əşrəf xan”, ,,Sərgüzəşti-dehbaşı Qasım və Kövkab”, ,,Sərgüzəşti-Ağa Haşim”, ,,Sərgüzəşti-Şahqulu Mirzə”.

Ədəbi mənbələrin verdiyi məlumata istinadən XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan ədəbiyyatında bədii nəsri inkişaf etdirməyə xüsusi səy göstərən yazıçıların bir çoxu dünyanın qabaqcıl mədəniyyətini, ədəbi mühitini dərindən öyrənmiş qüdrətli qələm sahibləri gözəl, orijinal, oxucuların rəğbətini qazanan roman və povestlər yazmışlar. Bu yazıçılardan Əbdürrəhim Talıbov və Zeynalabdin Marağalı diqqəti daha çox cəlb edir. Əbdürrəhim Talıbov və Zeynalabdin Marağalı Cənubi Azərbaycanda yaşamış, fars dilində mükəmməl təhsil almış, sonra Qafqaza gəlmişlər. Z.Marağalı Kutaisi və Krımda, Ə.Talıbov isə Tiflisdə yaşamış və yazıb yaratmışlar. Hər iki sənətkar XIX əsr Tiflis ədəbi mühitinin zəngin ənənələrini çox dərindən öyrənirlər. Öz ədəbi yaradıcılıqlarında həm Z.Marağalı, həm də Ə.Talıbov M.F.Axundzadənin zəngin ədəbi irsindən öyrənmək, bəhrələnmək və M.F.Axundzadə ədəbi irsinə, yaradıcılığındakı yeniliklərinə baş əyə-əyə M.F.Axundzadə ədəbi məktəbinin davamçıları sırasına daxil olmuşlar. Ə.Talıbov təhsilini fars dilində aldığına görə əsərlərini də fars dilində yazmışdır. Ədibin həyat və yaradıcılığını ilk dəfə araşdıran, ədibin bəzi əsərlərini Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas M.Mənafi olmuşdur. Ədibin 1888-ci ildə yazdığı ,,Eşşəyə kitab yüklənmişdir” romanı ilk bədii nəsr sayılır. Bu roman başdan–başa Azərbaycan və İran həyatı ilə sıx bağlıdır.

Çox qiymətli əxlaqi dəyərlərə, öyüd və nəsihətlərə malik olan ,,Eşşəyə kitab yüklənmişdir” romanını Azərbaycan dılinə tərcümə etməyi Mənafi çox vacib saymışdır. Azərbaycanlı yazıçının əsərlərini farsca yazması Tiflis Azərbaycan ədəbi mühitində bir mənalı qarşılanmır. Ciddi mübahisələrə səbəb olan suala tutarlı, elmi dəlillərlə əsaslandıran ilk cavabı M.Şahtaxtlı verir.

Məhəmməd Şahtaxtlı orta əsr Avropa yazıçılarının, bəzilərinin latın dilində, Firdovsi, Sədi və Hafizdən əvvəl fars şairlərinin də ərəb dilində yazmalarını misal çəkir və göstərir ki, ,,Talıbovun sözünün təsiri əfkarının səhih və lüzumlu olmasındadır ki, bu surətdə dil məsələsi ikinci dərəcədə qalır”.

Ə.Talıbovun ən böyük nəsr əsəri ,,Talibi gəmisi” romanıdır. Üç cilddən ibarət olan bu romanın birinci cildi 1894-cü ildə, II cildi 1895-ci ildə İstanbulda, ,,Həyat məsələləri”adlı III cildi isə 1906-cı ildə Tiflisdə nəşr edilmişdir.

Ə.Talıbov Əhmədin həyatının üç dövrünü-uşaqlıq, gənclik və yetginlik illərini qələmə almışdır. Əhməd xarakter etibari ilə öz arzularını vuruşmaq, mübarizə aparmaq yolu ilə deyil, insan şüuruna mənəvi cəhətdən təsir etməyi üstün tutur. ,,Əhmədin kitabı”nın ,,Həyat məsələləri” adlı üçüncü cildi janr xüsusiyyəti ilə daha təsirlidir. Müəllıf romanın bu hissəsində Fransada təhsil alıb vətənə qayıtmış Əhmədin düşüncələrini, arzularını, əməllərini, fəaliyyətini ön plana çəkir. Əsasən, ,,Əhmədin kitabı” elmi – pedaqoji, fəlsəfi-didaktik xüsusiyyətlərə malikdir.

Ə.Talıbov ,,Xeyirxahlar yolu” əsərini 1905-ci ildə yazmışdır. Bu əsərin quruluşu, süjet xətti Avropa və Şərq ədəbi-ənənələrinə əsaslanmışdır. Çox maraqlı süjet xəttinə malik olan əsər ,,Səyahətnamə”, ,,Səfərnamə”, ,,Xatirələrin qanadlarında” dastanlarını xatırladır oxucuya.

Əsər beş nəfər ziyalı şəxsin Dəməvənd dağına səyahətini və bu beş nəfərin başına gələn sərgüzəştləri, romantik xəyallarını, fikir və düşüncələrini əhatə edir. İndiyədək alpinistlərin çıxa bilmədiyi, tədqiq edə bilmədiyi zirvəni Ə.Talıbovun qəhrəmanları Dəməvənd dağının zirvəsini fəth etmişlər. Əsərin qəhrəmanlarının kəşf etdikləri, elmə gətirdikləri yeniliklər müasir elmi nailiyyətlərlə səsləşməsi fərəh hissi doğurur oxucuda.

Əsərin elmi və tərbiyəvi əhəmiyyəti onun təbiət və cəmiyyət, ictimai quruluşlar, dövlətlər, elm, ədəbiyyat, mədəniyyət haqqında real, obyektiv fikirlər bildirməsində, bir də ictimai quruluşdakı təzadları, ziddiyyətləri, ədalətsizlikləri, ictimai zülmlərı, despotizmi, xurafatı, dində kök salmış zərərli, qondarma ,,adətləri”, istismarı və s. ciddi tənqid etməsindədir.

,,Xeyirxahlar yolu” əsərinin əsas qəhrəmanları: Hüseyn Rusiyada, Əhməd Fransada, Məhəmməd İngiltərədə, Mustafa İstanbulda mükəmməl təhsil almış Azərbaycan maarifçi gəncləridir. Öz ölkəsinin ictimai, siyasi, iqtisadi mədəni və s. geriliyini görən bu gənclərin hərəsi öz gördüyü, təhsil aldığı xarici ölkəni tərifləyir. Bu gənclərin xarici ölkələrdə qazandıqları elmi, zəngin bilikləri öz doğma ölkəsində, doğma vətənində tətbiq etməmələri, ölkələrinə maarif, mədəniyyət, elm ziyası saçmamaları, geriliyə, nadanlığa, dini-xurafata, despotizmə qarşı mübarizə aparmamaları oxucuda bədbin əhvalı-ruhiyyə yaradır. Haqlı olaraq müəllif xaricdə təhsil alan gənclərin nümayəndə rəhbəri, ağıllı və uzaqgörən Möhsünün dili ilə gənclərin bu passivliyini, fəaliyyətsizliyini tənqid edir. O, üzünü gənc ziyalılara tutub deyir ki, xaricdə gördüklərini, təhsil aldığın illərdə öyrəndiklərini xalqının, vətəninin səadətinə, xoşbəxtliyinə sərf etməlisən, başqa ölkələrə pərəstiş etməkdənsə, bütün bilik və bacarığını öz doğma xalqının, vətəndaşı olduğun ölkənin çiçəklənməsinə, yüksəlməsinə sərf etməlisən.

Dahi Nizami hələ XII əsrdə despotizmi, qul, kasıb və yoxsul, ağa və bəy, hakim və məhkumlar dünyasını tənqid edərək, ideal, azad, bərabər, mərtəbəsiz insan cəmiyyəti arzulamışdır. Nizami yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edən bu humanizm bir çox Nizami davamçılarının əsərlərındə davam etdirilmişdir.

M.F.Axundzadə də azad , ədalətli, insanlara xoşbəxtlik bəxş edəcək, insanlara hörmət göstərəcək, xalqın və yoxsullar təbəqəsindən seçilmiş, despotizmin düşməni, haqq və ədalət carçısı dövlət başçısının olmasını ,,Aldanmış kəvakib” əsərində arzulayırdı. Nizami və M.F.Axundzadə əsərlərindəki humanizmi Əbdürrəhim Talıbovun ,,Həyat məsələləri” ndə ,,Qırmızı respublika” da ideal Baysonqur, Cübə kimi kənd və şəhər, Bayqu dərəsi, ideal insan, azad cəmiyyət təşkil edir.Yazıçı inanırdı ki, arzuladığı azad cəmiyyət qurulacaqdır. O, inanırdı ki, zülmün, despotizmin kökü kəsiləcək, böyük elmi kəşflər başlayacaq, sirli-sehrli dünyanın bir çox sirlərini insan dühası açacaqdır.

M.F.Axundzadə dramaturgiyasını araşdıran və tədqiq edən professor Əli Sultanlının yazdıqlarına istinadən XX əsrin əvvəllərində Təbrizdə yaranan teatr və aktyor dəstələri M.F.Axundzadənin əsərləri və realist üslubu əsasında inkişaf edir. Bu zaman Cənubi Azərbaycan aktyorları özləri də bir silsilə orijinal pyeslər (,,Cəhalət qurbanı”, ,,Tükənməz xəzinə”, ,,Xəyanət və vəfa”, ,,Cinayət,, və s.) yazırlar ki, bu əsərlərdə Axundzadənin təkrarsız və bənzərsiz sənətinin, realizminin, döyüşkən ruhunun güclü təsirini görürük.

*** **** ****

XX əsrin əvvəllərində Tiflis Azərbaycan ədəbi mühitində maarifçilik hərəkatının canlanması, Azərbaycan mətbuatının və teatrının yaranması, inkişafı, realist və satirik şairlərin, yazıçıların yetişməsinə, formalaşmasına çox ciddi təsir göstərmişdir.

Mirzə Cəlil ,,Molla Nəsrəddin” jurnalının ətrafında satirik və demokratik qələm və söz sahiblərini: şairləri, yazıçıları, publisistləri, rəssamları birləşdirmişdir. Cəlil Məmmədquluzadə Ö. F. Nemanzadə, Ə. Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Əli Nəzmi, Mirzəli Möcüz Şəbüstəri, Mirzə Həsən Məcruh kimi şair və yazıçıları, Ə.Əzimzadə, O.İ.Şmerlinq, Rotter kimi məşhur rəssamları jurnalın ətrafında birləşdirməklə ,,Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycan ədəbiyyatı tarixində ilk ədəbi məktəb yaratmışdır. Bu zəngin, çoxşaxəli, satirik, demokratik ədəbi mühitin yaradıcıları, onların yaratdıqları bənzərsiz əsərlər Türkiyə, İran, Orta Asiya, Qazaxıstan, Rusiyanın müxtəlif bölgələrində yaşayan türklərə, eləcə də Gürcüstanda yaşayan Azərbaycan türklərinin qələm və söz sahiblərinin yaradıcılığına öz güclü təsirini göstərmişdir.

Gürcüstan azərbaycanlılarının təhsil almasında Tiflisdə, Borçalıda, Ahısqada fəaliyyət göstərən XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinin yaradıcıları, eləcə də Qori Müəllimlər Seminariyasını bitirən gənclər Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə, Tbilisi şəhərində pedaqoji fəaliyyətlərini davam etdirmiş, maarif və mədəniyyətin inkişafında böyük və unudulmaz xidmətlər göstərmişlər.

Gürcüstanda fəaliyyət göstərmiş Azərbaycan məktəblərinin təşəkkülü, inkişafı, geniş əhatə dairəsinə yüksəlməsi, bir çox çətinliklərlə, təzyiqlərlə üzləşən fədakar müəllimlərin dini təhsil sistemindən dünyəvi təhsil sisteminə kecmələri və təhsilin başqa sahələri haqqında tədqiqatçı alimlər Əmrulla Paşayev, Novruz Bayramov, Gülnarə Qocayeva-Məmmədovanın 2012-ci ildə işıq üzü görən ,,Gürcüstanda Azərbaycan məktəbləri” kitabında geniş işıqlandırılmışdır.

Kitabın 241-ci səhifəsində Gülnara xanımın təqdim etdiyi tam olmayan siyahıya əsasən 1882-1917-ci illərdə otuz dörd nəfər azərbaycanlı gəncın Qori Müəllimlər Seminariyasını bitirib, Gürcüstanlı Azərbaycan türklərinin yaşadıqları bölgələrdə pedaqoji fəaliyyət göstərmələrinin müfəssəl təhlilini vermişdir. Qori Müəllimlər Seminariyasını bitirən bəzi həmyerlilərimizin pedaqoji və ədəbi fəaliyyəti haqqında oxuculara qısa məlumat vermək istərdim:

Mirzə Şərif Mirzəyev (1862-1937) 1882-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib. Tiflis Əliyyə məktəbində, Tiflis piyada hərbi məktəbində, Qafqaz hərbi dairəsi Şərq dilləri zabit kurslarında, Bakı Dövlət Universitetində rus və Şərq dillərini tədris etmişdir. Publisistika sahəsində də orijinal sənət nümunələri yaratmışdır. Tiflisdə 1918-1921-ci illərdə mətbuat səhifələrində tez-tez çıxış etmişdir.

Mirzə Mehdi Vəlizadə (1859-1929) Qarayazının Kosalı kəndindəndir. Dağıstan Hunzax normal məktəbində, Qori, Qazax, Gəncə Seminariyalarında dərs demişdir. O, bir şair, bir maarif xadimi kimi, ədəbi-pedaqoji fəaliyyəti ilə yanaşı, Qarayazı aşıqlarının məclislərdə oxuduğu ,,Koroğlu”dastanının Borçalı qolunun bir hissəsini qısaldılmış formada yazıya almış və Tiflisdə nəşr olunan ,,SMOMRK” adlı məcmüənin 1890-cı il buraxılışının 121-126-cı səhifələrində çap etdirmişdir.

Əlimirzə bəy Molla Məhəmməd oğlu Nərimanov (1880-1943) (Nəriman Nərimanovun əmisi oğludur) Qori Müəllimlər Seminariyasında təhsil almış, 1903-1906-cı illərdə Qızılhacılı kənd məktəbində müəllimlik etmiş, 1910-1920-ci illərdə vaxtilə oxuduğu Tiflis Azərbaycan yüksək pillə məktəbində Azərbaycan, fars dillərini tədris etmiş, 1917-ci ildən Müqəddəs Nina qızlar məktəbində Azərbaycan dilindən dərs demişdir.

Bu yaradıcı şəxs Komenskinin ,,Gənclər ücün toplanmış qaydalar” əsərini Azərbaycan dilinə tərcümə etmişdir. O, əsərlərini Tiflisi-Sənani imzası ilə yazardı. 1907-1913-cü illərdə ,,Uşaqlara nəsihətlər” dərsliyinin I-II hissələrini çap etdirmişdir. Tiflis mətbuatında ədəbiyyata, teatra və maarifə dair məqalələrlə çıxış etmişdir.

Paşa Həsənbəyovun 1888-ci ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra pedaqoji fəaliyyəti əsasən, Tiflis Əliyyə məktəbi ilə bağlı olmuşdur.

Baxşəli Məhərrəmbəyov 1886-cı ildə Qori Müəllimlər Seminariyasını başa vurduqdan sonra pedaqoji fəaliyyətini Tiflis Əliyyə, Qızılhacılı, Sarvan məktəblərində davam etdirmişdir.

Nəriman Nərimanov 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirəndən sonra Borçalının Qızılhacılı məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

Mirzə Hüseyn Axund Hacı Baba oğlu Həsənzadə (1869-1948) 1890-cı ildə Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Tiflis Aleksandr Müəllimlər İnstitutunun nəzdindəki kursları bitirmişdir. O, ilk pedaqoji fəaliyyətini 1890-cı illərdə Ahısqa qəzasının Azqur kənd məktəbində, sonralar Tiflis 3 saylı kişi gimnaziyasında müəllim, Tiflis Puşkin adına şəhər məktəbində müdir işləmişdir.

Mirzə Hüseynin pedoqoji, ictimai, siyasi sahələrdəki çox gərəkli fəaliyyəti ilə yaradıcılığı məhdudlaşmamış, o, çoxşaxəli yaradıcılıga malik maarif xadimi, 1912-ci ildə yeni əlifba ilə çap edilmiş ,,Tamam əlifba” və bir neçə dərs kitabının müəllifi kimi, şair, nasir, dramaturq kimi, XX əsr ədəbiyyat tariximizə daxil olmuşdur. Onun 1914-cü ildə işıq üzü görmüş ,,Üç hekayə” kitabında ,,Puşkinin nağılı”nı, rus dilindən tərcümə-iqtibas etdiyi, ,,Gözətci Vəli”, ,,Çalğıçı İbrahim” hekayələri verilmişdir.

Bunlardan başqa Tiflisdən İmaməddin Sübhanquluyev, Səməd Acalov, Məmməd Məmmədov, Sarvandan Abbas, Hüseyn Minasazlılar, Ziyad Şərifov, Rüstəm ağa Şərifov, Faxralıdan Mirzə ağa Əlizadə (Məmmədəlizadə), Kürtlərdən Əli Süleymanov, Sadaxlıdan Mustafa Məmmədov, Başkeçiddən Qulam Vahabov, Qaxet-Qaracalardan Əbdülmanaf Sofiyev, Ahısqanın Sinis kəndindən Halaysultan Muradov, Qazaxdan Hüseyn Əfəndi Əfəndiyev, Tiflisdən Həsən Qapalov, Arıxlıdan Siracəddin Əfəndiyev və b. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra şərəfli, çox gərəkli ömür yolu keçmiş, bu fədakar Borçalı oğulları ömürlərini Azərbaycan övladlarının mükəmməl təhsil almalarına, savadlı şəxslər kimi formalaşmaları üçün Borcalı ellərinə maarif ziyası saçmağa həsr etmişlər.

Tiflisdə Azərbaycan teatrının fəaliyyətə başlaması Gürcüstanda yerli azərbaycanlı dramaturqların yetişməsinə istiqamət verdi, bu sahəyə meyli daha da gücləndirdi. Professor Şürəddin Məmmədlinin, ,,Borçalı ədəbi mühiti” monoqrafiyasına istinadən yerli (Tiflis əsilli) dramaturqlardan Mirzə Əli Abbasovun (1870-1943) tarixi mövzularda dram əsərləri: ,,Sultan Mahmud Qəznəvi”, ,,Fəxrəddin kişi”, ,,Yusif və Züleyxa”, ,,Dövreyi-Səltənəti-Ənuşiravan-Adil, yaxud Tağı-Kəsra” Tiflis Azərbaycan teatrının repertuarını daha da zənginləşdirmişdir. Mirzə Əli Abbasov həm də Tiflis Azərbaycan teatrının ən tanınmış aktyoru və rejissoru kimi də teatrın tarixinə daxil olmuşdur.

Əslən Marneuli bölgəsinin Araplı kəndindən olan Tiflis-Borçalı ədəbi mühitində, teatr və dramaturgiya tarixində xüsusi xidmətləri olmuş tanınmış aktyor, rejissor Mirzəxan Quliyev dörd pərdədən və yetmiş iki səhifədən ibarət olan ,,Məhəbbət və azadlıq” pyesini 1914-cü ildə yazmışdır. Bu dövrdə Əlimirzə Nərimanovun, Təhmas bəy Qulubəyovun və Hüseyn Qasımovun və b. səhnə əsərləri də teatrın repertuarında xüsusi yer tutmuşdur.

*** *** ***

Ulu tanrı yer üzünə nur saçanda, bəşəriyyəti xəlq edəndə, Borçalı torpağına günəşli günlər, aylı-ulduzlu gecələr, insan ruhunu oxşayan əlvan sinəli, başı buludlara dirək olan məğrur qamətli dağları, ömür uzadan, xəstələrə loğman kimi şəfa verən gül-çiçək dənizini, diş göynədən bulaqları, bir də bu şıltaq təbiəti cilovlayan, öz polad iradəsınə tabe edən dağ vüqarlı insanları bəxş etdi Borçalıya!...

Bu bərəkətli torpağı cana gətirən, gözəlləşdirən, ilanlar mələşən, susuzluqdan sinəsi od tutub yanan bu torpağa can verən, həyat verən əməksevər qeyrətli insanlar bəxş etmişdir Ulu Yaradan!... Bol məhsul götürmək üçün ilboyu əkib-becərən, bu torpaqda cənnəti xatırladan bağlar, bağçalar salan, bu torpaqda insanı valeh edən min bir dürlü gözəlliklər yaradan, abadlaşdıran aqil, müdrik, xeyirxah ağsaqqallar, bu torpağa arxa olan, bu torpağı öz nurlu gözləri kimi qoruyan cəsur oğullar bəxş etmişdir Allah!...

XX əsrin əvvəllərində ulu Borçalıya maarif ziyası gətirən, Borçalı övladlarına təhsil, elm vermək eşqiylə şam kimi qətrə-qətrə yanan pak, müqəddəs əməl sahibi olan müəllimlər, bənzərsiz sənət sahibləri, ustad aşıqlar, insan qəlbini, insan ruhunu oxşayan şairlər, ədəbiyyatımıza yeni üslubda sənət əsərləri bəxş edən yeni-yeni dramaturqlar, yazıçılar, publisistlər, ədəbiyyatşünaslar, tərcüməçilər nəsli yetişmişdir.

XIX əsr və XX əsrin əvvəllərində coşqun və qaynar Tiflis Azərbaycan ədəbi mühitinin başqa bolgələrdə olduğu kimi, Borçalı ədəbi mühitinə də müsbət təsiri nəticəsində iyirminci yüzilliyin əvvəllərində ədəbiyyat tariximizdə öz layiqli yerini tutan Balakişi Alı oğlu, Xəstə Namaz, Miskin Nəbi Borçalı, Ağacan, Məhəmməd Qasim oğlu, Hüseyn Minasazlı, İbad Piri oğlu, Sədi bəy Arif, Əhməd Alı oğlu, Mühəqqər Məhəmməd Rzazadə, Kərim bəy Şərifli, Mirzə Həsən Məcruh və b. söz sənətkarları yetişmişdir.

Balakişi Alı oğlu Başkeçid (Dmanisi) bölgəsinin Saca kəndində anadan olubdur. Gənclik illərindən tavar saza könül bağlayıb el məclislərində aşıqlıq edibdir. Sazın odlu simləri üstündə söz qoşub, mahnılar oxuyan Balakişi el-obanın ən çox hörmət və ehtiram etdiyi şəxslərdən olubdur. 1937-ci ildə qardaşları repressiyanın ağır və qəddar hökmü ilə Sibirə sürgün edilmişdir. 1941-1945-ci illərin qanlı-qadalı müharibəsinə yola saldığı üç oğlundan yalnız biri sağ qayıdıbdır.

El şairi Balakişinin aşıq şeiri üslubunda yazdığı şeirlərində Başkeçidin ecazkar təbiətinin tərənnümü əsas yer tutur. Məs: onun dağları tərənnüm edən dörd şeiri, ,,Gedib”, ,,Açılıb”, ,,Doğru”, ,,Bax”, ,,Gedər” rədifli şeirlərində Başkeçid dağlarının, yaylaqlarının, şəfalı bulaqlarının, göz- könül oxşayan çəmənlərinin təkrarsız gözəlliyini bir rəssam kimi təbii mənzərəsini, tablosunu yaradır. Peyzaj lirikasının ən gözəl nümunələrini ,,Gedər” rədifli şeirində daha inandırıcı, daha cəlbedici vermişdir:

Yazın-yayın sanki cənnət,

Sən ellərin oylağısan,

Lalə, nərgiz, bənövşənin,

Hər güllərin oylağısan.

Hər gül üstə dolu badə,

Bülbüllərin oylağısan.

Əriyər qar, daşar çayın,

Sən sellərin oylağısan.

Hər çiçəyin bir loğmandı,

Xəstə şəfa bular gedər.

Durna gözlü bulaqlara,

Gözəllərin gözü düşüb.

Su içəndə əksin gördü,

Elə bildi özü düşüb.

Üstünə gəlib-gedənin,

Dürlü-dürlü izi düşüb.

Neçələri sevib keçib,

Eşq odunun közü düşüb.

Səndən ayrı düşənlərin,

Bax, gözləri dolar gedər.

Balakişi ilə başlanan bu şeir çeşməsi bu gün də özünün həzin nəğməsini oxuya-oxuya çaylara, ümmanlara qovuşur. Çünki bu ocağa İlahi tərəfindən bəxş edilən ilham, vergi oğlu Bayramın, nəvəsi Mehmanın yaradıcılığında davam etməkdədir. Bu ocaqda şeir çeşməsi hələ uzun illər çağlayacaq, öz yolunu dəyişmədən, öz axarı ilə davam edəcəkdir. Çünki bu şeir-sənət çeşməsini Balakişinin ocağına Ulu Tanrı bəxş etmişdir.

Mollanəsrəddinçilərin Azərbaycan ədəbiyyatında yaratdıqları, formalaşdırdıqları maarifçiliyin və satira məktəbinin Borçalı şair və yazıçılarının yaradıcılığına da öz təsirini göstərmişdir. Bir el şairi kimi, Xəstə Namaz da bu satira məktəbindən kənarda qala bilməzdi. Şair ictimai quruluşun yaratdığı ziddiyyətləri, təzadları, kolxoz quruculuğunun kənd əhalisinə ,,bəxş” etdiyi iqtisadi çətinlikləri, kasıbların, yoxsulların keçirdiyi ağır sarsıntıları, kollektiv təsərrüfatın gətirdiyi aclığı, ağır məişət şəraiti nəticəsində xəstəliklərin çoxalmasını tənqid etməsi çox real və o dövrün həyat həqiqətləri idi. Çünki fərsiz, bacarıqsız, nadan kolxoz sədrləri el-obaya qayğı və diqqət göstərmədilər, uşaqları, qocaları dağa getmələrinə qadağa qoymaları uşaqları kütləvi surətdə qara qızdırma deyilən xəstəliyə düçar etdi. Şair ,,Dolandırır” şeirində zülmkar kolxoz sədrlərini tənqid atəşinə tutur:

Köç geri dönəndən, gədə bəyləşib,

Obanı ağıldan kal dolandırır.

Zəmanə pozulub, insan cırlaşıb,

İndi gədələri pul dolandırır.

Bu dünyada ağı qaradan seçməyən,

Eşqin şərbətini dadıb içməyən,

Arvadının yanında sözü keçməyən,

İndi katda olub, el dolandırır.

XX əsrin əvvəllərində Borçalı ədəbiyyatına şair Miskin Nəbi Borçalı yüz əlliyə yaxın aşıq şeirinin bütün növlərində yazdığı şeirləri ilə, bir də ,,Mehdi bəy” dastanı və iyirmiyə yaxın rəvayət və deyişmələri ilə daxil olmuşdur. Şair Nəbi şeirlərinin tərbiyəvi əhəmiyyəti, tərbiyəvi dəyəri, haqq və ədalətə çağrış motivləri çox güclüdür. O, Borçalının müdrik və aqil ağsaqqalı kimi, böyük söz sərrafı kimi, üzünü gənclərə tutaraq, onları yekəxana, təkəbbürlü olmamağa, ömürlərini eyş-işrətlə keçirməməyə dəvət edir. O, gəncləri ədəb-ərkana baş əyməyə, ağıl-kamal sahibi olmağa, xeyirxah əməlləri ilə el-obada ad-san qazanmağa çağırır.

Özünnən böyüyə qulluq buyurma,

Sözün yerə düşər, qiyməti olmaz.

Hər nə tutursansa öz əlinlə tut,

Cəfası çox olsa minnəti olmaz.

Riyasət elmində bir pula dəyməz,

Kəndi məğrur olan bir qula dəyməz.

Halaldan qazanıb, halaldan yeməz,

Dəhanı şəhd olsa, ləzzəti olmaz.

Şair Nəbi, pür kamalı yaxşı bil,

Zikr elə, sən gecə gündüz, ilbəil.

Ədəb-ərkanına qayıtmayan qul,

Cəhənnəm hazırdı, cənnəti olmaz.

Və yaxud:

Yoldan çıxıb şər yoluna varanlar,

Haqqa, ədalətə qarşı duranlar,

Eyş-işrətlə ömrü başa vuranlar,

Axrı qəm libası geyibdi, geyib.

Vaqif gözəlləmələrində və aşıq şeirində olduğu kimi, şair Nəbinin şeirlərində də Azərbaycan gözəllərinin tərənnümünə və vəsfinə geniş yer verilmişdir. Şair sevgi və məhəbbət ruhlu, məzmunlu şeirlərində Azərbaycan gözəllərinin boyunu sərv ağacına, saçlarını buluda, qaşlarını kamana, gözlərini oxa, nizəyə, yanaqlarını laləyə, dodaqlarını bala, dişlərini inciyə, duruşunu marala, yerişini kəkliyə, turaca bənzədir.

Ağacan XX əsrin əvvəlləri Borçalı şeirinin ən görkəmli nümayəndələrindəndir. O, yaradıcılığına sevgi və məhəbbət şeirləri ilə başlayıb. Bu səpkidə yazdığı şeirlərdən ,,Ceyranım”, ,,Gəldim”, ,,Gəlmədi”,

,,Gedirəm” və s. daha çox diqqət çəkəndi. Apardığımız tədqiqatlara əsasən, bir də ustad aşıq Xındı Məmmədin vaxtı ilə məclislərdə danışdıqlarına əsasən Ağacan gənclik illərində Ceyran adlı bir gözəl qıza aşiq olubmuş. Qızla görüşüb eşqini bəyan etməyə heç cür imkan əldə edə bilmir. Bir gün gənc aşiqə xoşbəxtlik üz verir, bulaq başında sevdiyi Ceyranla rastlaşır, qızdan bir qab su alır. Suyu içəndən sonra əlindən dəli divanə olduğu qıza elə bulaq başında ,,A Ceyranım” şeirini qoşur.

Ağacanın şeirlərində xalq şeirinin, aşıq poeziyasının vəhdəti özünü qabarıq şəkildə göstərmişdir. Onun şeirlərinin əsas istiqamətini türkcülük və islamçılıq təşkil edir.

Azərbaycan ədəbiyyatının klassiklərindən Məhsəti xanım Gəncəvinin, Xaqaninin, Nəsiminin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Bəkir Çobanzadənin və b. üzləşdiyi faciələrlə şair Ağacan da üzləşmişdir. Yetmiş beş illik ömrün bütün fəsilləri Ağacan üçün şaxta, boran, qar və çovğun olmuşdur. Ağacan haqq aşiqi idi, o, ədalət, demokratiya, söz, fikir, düşüncə azadlığı axtarırdı. Lakin şairin bu nəcib və çox gərəkli arzularına çatmağa zəmanə, ictimai -quruluş, qəddar sovet rejimi imkan vermirdi. Bu azadlıq mücahidini qanlı terrorun, qırmızı repressiyanın qurbanı etdilər. Şair hər yerdə ölümlə, faciələrlə üzləşməli olur, erməni cəlladları onun ailə üzvlərini pərən-pərən salır, şair həyat yoldaşından, üç körpəsindən uzaq düşür. Bu didərginlik həyatı Ağacana çəkilməsi mümkün olmayan faciələr, dərd, bəla verir. O, Borçalının əvvəlcə Quşçu, sonralar da Qaçağan kəndində sığınacaq tapır. Rahat yaşayış məskəni axtaran şairə rahatlıq vermirlər. Təhlükəsizlik idarələri onu ardıcıl izləyirlər.

1949-cu ildə Ağacan ailə üzvləri ilə birlikdə Sibirin Tomsk vilayətinə sürgün edilir, 1951-ci ildə sürgündə vəfat edir.

Şair Ağacan ürəyinin al qanı ilə yazdığı ,,Ağlaram” şeirində dərdini oxuculara belə bəyan edir:

Gecə yarısında, şirin yuxuda,

Cəlladlar üstümü kəsdi, ağlaram!

Üzümə oxundu sürgün olduğum,

Titrədi bədənim, əsdi, ağlaram!

Tiflisə gedəndə doldu şalonlar,

Yollara düzüldü dəmir vaqonlar,

Siz salamat qalın, gerdə qalanlar,

Yandı ciyər, od nəfəsdi, ağlaram!

Vaqonlar, qatarlar yola düzüldü,

Əllərimiz əlinizdən üzüldü,

Ünvanımız uzaqlara yazıldı,

Oxudum şikəstə, səsdi, ağlaram!

Gecəni-gündüzü vaqonda yatdım,

Ah-naləmlə yatanları oyatdım,

Bir ay tamamında Sibirə çatdım,

Nə idi düşmənin qəsdi, ağlaram!

Mindik gəmilərə,düşdük çaylara,

Sürüldük Sibirdən ayrı diyara.

Vətənim görünmür, bulunmur çara!

Fələk zülmünü basdı, ağlaram!

Gəmilər ikinci suya yanaşdı,

Böyükdən-kiçiyə hamı ağlaşdı,

Ağbirçək analar gözləri yaşdı,

Neçəsi özünü asdı, ağlaram!

Ey Ağacan, gəldin qürbətdə qaldın,

Heyva tək saraldın, gül tək soldun,

İndi də çox ağır günlərə qaldın,

Dərd mənim başımdan aşdı, ağlaram!

Ağacanın şeirlərindən nümunələr 20-30-cu illərdə məşhur tətqiqatçılar: Hümmət Əlizadənin ,,Azərbaycan aşıqları”, Salman Mümtazın ,,El şairləri” kitablarında verilmişdir. Sonralar bu ənənə Ağacan şəxsiyyətinə, sənətinə hörmət əlaməti kimi, ,,Dan Ulduzu-N-1” məcmuəsində, Müşfiq Borçalının ,,Çağdaş Borçalı ədəbi məktəbi”, ,,Ulu Borçalı”, ,,Borçalı aşıqları”, ,,Azərbaycan ədəbiyyatı antologiyası-Borçalı”, ,,Ozan – aşıq dünyası” kitablarında Ağacanın şeirlərindən nümunələr və həyatı haqqında bir sıra lazımi məlumatlar verilmişdir.

Yazıçı və folklorşünas Əli Abbas şairin şeirlərini toplayıb nəşr etdirmiş, Ağacanın həyat və yaradıcılığı haqqında ön söz yazmışdır.

Çox təəssüf ki, 1980-90-cı illərdə nəşr edilən ,,Çeşmə”, ,,Dan Ulduzu” məcmuəsinin 2-3 saylarında, sonrakı illərdə çap edilən ,,Antologiyalarda (2010-cu ilə qədər cap edilən antologiyalarda və bəzi toplularda) klassik irsə münasibət ürəkaçan olmayıbdır!....

Hüseyn Minasazlı XXəsrin əvvəllərində Borçalı ədəbi mühitinə qüdrətli jurnalist, cəsarətli, qorxmaz, geriliyi, xurafatı, istismarı, qadın hüquqsuzluğunu ardıcıl tənqid edən yazıçı-publisist, Azərbaycan ədəbiyyatı klassiklərinə yüksək qiymət verən və dəyərləndirən ədəbiyyatşünas kimi daxil olmuşdur.

Hüseyn Minasazlının atası Mirzə Baxşəli Azərbaycan, fars, rus, gürcü dillərini mükəmməl bilən, Qızılhacılıda, Tiflis Əliyyə məktəbində müəllim işləyən, Borçalının sevilib-seçilən, savadlı şəxslərindən idi. O, hər iki oğlunun: Abbasın və Hüseynin mükəmməl təhsil almasına nail olur. Abbas Minasazlı Azərbaycan xalq maarifi və təhsili tarixində ən qabaqcıl maarif xadimi kimi, gənclərin demokratiya, humanizm və vətənpərvərlik kimi tərbiyəvi dəyərlər əsasında təhsil və tərbiyə almalarına nail olan görkəmli maarif xadimlərindən olmuşdur. L.N.Tolstoyun əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri də Abbas Minasazlı olmuşdur.

Mirzə Baxşəlinin kiçik oğlu Hüseyn Minasazlı da Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Bakı quberniyası Cavad qəzasının Xıllı kəndində (indiki Salyan r-n), daha sonra Sabunçu qəsəbəsində müəllim işləmişdir.

1902-ci ildə 21 yaşlı gənc Hüseyn Bakıda rus dilində nəşr edilən ,,Kaspi” qəzetində bir jurnalist, bir publisist kimi, ədəbi fəaliyyətə başlayır. O, bu qəzetdə publisistik məqalələri ilə yanaşı, ,,İnsan”, ,,Oğul”, ,,Namus naminə” və s. kiçik hekayələrini çap etdirir. 1905-ci ilin sonuna qədər bu qəzetin redaksiyasında işləyir. 1906-cı ilin əvvəllərində Tiflisə gəlir, ,,Zakafkazye” qəzetinin redaksiyasında işə düzəlir.

Gürcü xalqının istedadlı oğlu, haqq və ədalət carçısı, beynəlmiləl və humanist ruhlu şeirlər müəllifi İlya Çavçavadzenin mürtəce qüvvələr tərəfindən öldürülməsi Hüseyn Minasazlını çox hiddətləndirir. ,,İsari” qəzetində qardaş gürcü xalqına başsağlığı verir. ,,Zakafkazye” qəzetində isə ,,Böyük şairin xatirəsinə” məqaləsini çap etdirir.

1907-ci il oktyabrın 14-də Tiflis şəhərində Minasazlı ,,Oqne” adlı rus dilində jurnal nəşr etdirir. Minasazlı jurnalın qarşısında duran bütün vəzifələri, tapşırıqları ləyaqətlə, cəsarətlə yerinə yetirir. Minasazlı jurnalda sözün geniş mənasında, demokratik, beynəlmiləl və humanist ruhlu məqalələrə yer verməklə jurnalın hörmət və nüfuzunu yüksəltmişdir. O, jurnaldan götürdüyü gəliri ən zəruri sahələrə sərf edərdi. Həmin gəliri birinci növbədə ehtiyacı olan jurnalistlərə, yazıçılara, xeyirxah yönümlü sahələrə xərclərdi. Jurnalın saylarında Azərbaycan, gürcü, rus, Ukraina, osetin və b. xalqların nümayəndələrinin məqalələrinə də redaktor geniş yer verərdi.

Hüseyn Minasazlının publisistik məqalələrində, hekayələrində qadın hüquqsuzluğuna, çadra əleyhinə, qadınların təhsil almaqdan, əmək fəaliyyətindən uzaq salan köhnə, mürtəce qaydalara qarşı ardıcıl mübarizə aparan, vuruşan, döyüşən əsərlər yazan, ardıcıl olaraq Mollanəsrəddinçilər mövqeyindən çıxış edən mübariz yazıçı kimi görürük. ,,Namus naminə”, ,,Ölüm ayağındakı müsəlman qadını”, ,,Çadra” və b. hekayələrində köhnə adət və ənənələri, geriliyi, nadanlığı tənqid atəşinə tutan satirik qələm sahibi kimi, ədəbiyyat tariximizə daxil olmuşdur Hüseyn Minasazlı.

Hüseyn Minasazlı Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ən görkəmli nümayəndələrindən M.F.Axundzadə, N.Vəzirov, N.Nərimanov, C. Məmmədquluzadə, Ə. Sabir, M. T. Sidqi, S. M. Qənizadə, N.Mahmudbəyov, U. Hacıbəyli, H. Ərəblinski, Şövkət Məmmədova və b. haqqında yazdığı məqalələri ilə ədəbi mühitimizdə yaranan ədəbiyyatşünaslığın ilk yaradıcılarından biri kimi dəyərləndirilir.

H.Minasazlı C.Məmmədquluzadənin ,,Poçt qutusu”, M.T.Sidqinin ,,Kəblə Nəsir” hekayələrini rus dilinə tərcümə etmişdir.

Şair İbad Pirioğlu Qaraçöp mahalının Əyrəm kəndində anadan olubdur. Azərbaycan klassik aşıq şeirinin təsiri altında, xalq dilinin şirinliyindən məharətlə istifadə edərək ürəyəyatımlı, göz-könül oxşayan ,,A dağlar”, ,,Gözəldir”, ,,Gəlib gedir”, ,,Doğru”, ,,Gedir”, ,,Çıxdım”, ,,Tərsinə gedər”, ,,Divani” kimi şeirləri üzdədir. ,,Qaraçöp” kitabında şair İbad yaradıcılığına xüsusi diqqət verilmişdir. Onun yaradıcılığında qoşma, cığalı təcnis, divani əsas yer tutur.

Təcnis lirik şeir növü kimi yazılı ədəbiyyatımızda nisbətən az yayılmışdır. Tədqiqatçıların yazdıqlarına görə ,,Aşıq şeirində təcnis, adətən, üç bənddən ibarət olur. Vaqifin təcnisləri isə beş bəndlikdir”. (Ə.T.L.səh.175-176).

Şair İbadın cığalı təcnis növündə yazdığı ,,Tərsinə gedər” şeirini oxuculara təqdim edirik:

Cananın eşqindən, el sayəsində,

Şərtin şərə keçər, tərsinə gedər.

Aşıq deyər, tərsinə,

Gələn gəlir tərsinə.

Al yanaqda laləzardı,

Siyah tellər tərsinə.

Canın can alandı, qaşların cəllad,

Oxun əyri çalar, tərsinə gedər.

Cəllad cana qəsd eyləyər ayaqdan,

Cəllad çəkər, canın salar dayaqdan,

Aşıq deyər, ayaqdan,

Dərd yandırar ayaqdan.

Cəsədimə çarə yoxdur,

Can düşübdür ayaqdan.

Qəhr eyləyər, qəza salar dayaqdan,

Ruh qaçar cəsəddən, tərsinə gedər.

İvad deyər, odlar yanar sinədə,

Ay yazıq, can nədir, yanar sinə də.

Aşıq deyər, sinədə,

Oxu dərsin, sinə də.

Sən dərdlilər oylağı,

O nədir ki, sinədə.

Həsrət çəkər, gözün qalar sinədə,

Ötər göz, gözəldən tərsinə gedər.

Cığalı təcnislərin hər bəndinə bayatı əlavə edilir ki, buna da cığa bəndi deyilir. Cığa bəndləri ilə təcnisin bəndləri bir-birinə bağlı olur və təcnislə onun əlavə bəndi qafiyələnir. Cığa bəndinin yeri də sabit bir qaydaya tabedir: hər bəndin iki misrasından sonra cığa bəndi verilir, sonra qalan iki misra bənddə ifadə olunan fikri tamamlayır. Şair İbad cığalı təcnis üçün mövcud olan klassik qaydalara doğru və düzgün riayət etmişdir. Sənətkarlıq nöqteyi-nəzərindən şairin cığalı təcnisi uğurlu alınmışdır. Aşığın səsində, sazın tellərində cığalı təcnis xüsusi ahənglə, insanın hiss və duyğularına tez təsir edən ritm və məlahətlə səslənməsi ilə fərqlənir.

Sədi bəy Arif Müftizadə ədəbiyyatımıza lirik şair kimi daxil olmuşdur. Sədi bəyin atası Hacı Süleyman Əfəndi Türkiyədə mükəmməl dini təhsil alandan sonra doğma kəndi II Kosalıya qayıdır, həm I-II Kosalı kəndlərinin, həm də Kürüstü və ətraf kəndlərin övladları üçün məktəb açır. Sədi bəy ilk təhsilini atasından almış, dünyəvi məktəblərdə 1929/30-cu tədris ilinə qədər ərəb əlifbası ilə, 1930-cu ildən sonra latın əlifbası ilə məktəblərdə dərs demiş. Tiflisdə fəaliyyət göstərən müəllimlər kurslarında, sonralar Qazax Seminariyasında təhsilini artırmışdır. Borçalı maarifində, gənc nəslin savadlı yetişməsində böyük xidmətləri olmuşdur. Qorxunc 30-cu illərdə heç bir günahı olmadan həbs edilən Borçalı ziyalılarındandır. Sədi bəyin özünün sağlığında (1950/51-ci illərdə) II Kosalı ibtidai məktəbində müəllim işlərkən onun bir neçə şeirini yazıya almışdım. 1965-ci ildə Sədi bəyin yaxın qohumu Qəhrəman Əliyevin vasitəsilə onun ev arxivi ilə tanış oldum. Təəsüf ki, şairin şeirlərinin çox hissəsi itib-batmışdır. Onun ,,Gözəllər”, ,,Düşübdü”, ,,Nədəndi”, ,,Yoxdu”, ,,Mənim”, ,,Deyiləm”, ,,Məni”, ,,Eylə”, ,,Yeridi”, ,,Cilvələnibsən” şeirləri əlimizdədir.

Uzun illər Marneuli bölgəsinin I Kosalı orta məktəbinin direktoru işləmiş, xeyirxah, nurlu Borçalı ziyalısı Mustafayev İsrafil ağa Mədəd ağa oğlunun, ,,Kosalı, kosalılar və mən” kitabının tərtibçisi, tədqiqatçı alim, şair- publisist Aysəba xanım Əlizadə həmin kitabı 06.04.2012-ci ildə mənə hədiyyə göndərdi. Kitabı oxuyanda İsrafil müəllimin Sədi bəy Arif haqqındakı xatirələri mənim diqqətimi cəlb etdi. İsrafil Mustafayev xatirələrində yazır: ,,Böyük Vətən müharibəsindən sonra Sədi bəy mənimlə birlikdə II Kosalı ibtidai məktəbində işləmişdir.... Sədi bəy o müdhiş illərdə həbs edilir, əvvəlcə dustaqlığını Şulaverdə (indiki Şaumyan qəsəbəsində) qalada keçirir. Şairin sevgilisi Cənnət xanım Sədi bəy üçün qalaya bir bağlamada yemək aparır. Cənnət xanım həmin bağlamaya bir üzü qırmızı, bir üzü sarı alma qoyubmuş. Bağlamada bir dənə almanın qoyulmasının mənasını tez duyan şair bədahətən ,,Alma” adlı iki şeiri ilə Cənnət xanıma öz sədaqətini, sevgi və məhəbbətini bildirir.

Xaraba könlümün tağıyır vaxtı,

Xoş gəldin bizə, yarın alması!

Öpərəm səni, sürtərəm üzümə,

Xoş gəlmisən bizə, yarın alması!

Əsl almasan, elə bil, fincansan,

Həyatın pünhandır, amma bir cansan!

Canan elçisisən, könül açansan,

Xoş gəlmisən bizə, yarın alması!

Nədir məramın, yaman ad eylədin,

Kimə mehman oldun, məni yad eylədin,

Viranə könlümü həm şad eylədin,

Xoş gəlmisən bizə, yarın alması!

Nədən bir üzün qırmızı, həm sarı,

Kimlə dilbir olubsan, söylə, barı,

Olma, intizar etdin nazlı yarı?!

Xoş gəlmisən bizə, yarın alması!

Söylə, səni kim büküb ağa bağladı,

Bu gəlməyin Arifin ürəyini dağladı.

Olma, oturub yarım pünhan ağladı?

Xoş gəlmisən bizə, yarın alması!

Almanın əhvalını soruşduqdan sonra cavabını Cənnət xanımın dili ilə şair belə bəyan edir:

Könlüm qəmdən oturub zar, ağlaram,

Bizdən salam söylə, yarın alması!

Belə getsə, sərmə qara bağlaram,

Bizdən salam söylə, yarın alması!

Bənzərin fincandır, yarın alması,

Həyatım sənindir, şəkkin olmasın!

Şad xəbər apar, fikri dağılsın,

Bizdən salam söylə, yarın alması!

Məramım sənsən, çıxmazsan yadımdan,

Yara mehmanam, bəllidir adımdan.

Yaxşı gün arzularam həm xudadan,

Bizdən salam söylə, yarın alması,

Qəmdən üzüm qızarır, həm saralır,

Düşünçə aparır, gözüm qaralır.

Üzün görmürəm, könlüm paralanır,

Bizdən salam söylə, yarın alması!

Bilmədim yerini, nagüman oldum,

Bükdüm ağa almanı, qəmgin oldum.

Adım Cənnət, intizar yarın oldum,

Bizdən salam söylə, yarın alması!

Ədəbiyyat tarixinin I cildində verilən şairlərin yaradıcılığı ilə bağlı araşdırmalarımı bu gün də davam etdirirəm. Əldə etdiyim yenilikləri II cildin icmalı vasitəsilə oxuculara çatdırmağı zəruri hesab edirəm. Ona görə də Sədi bəyin ,,Alma” rədifli şeirlərini II cildin icmalına daxil etdim.

Mühəqqər Məhəmməd Rzazadə Borçalı bölgəsinin Kolagir kəndində anadan olub, Borçalı maarifində bir müəllim kimi, böyük xidmətlər göstərmiş maarif xadimi kimi, həmişə hörmətlə xatırlanır. ,,Molla Nəsrəddin”çi şair Mirzə Həsən Məcruhla yaxın dost və sirdaş olmuşdur. Mühəqqər ilk yaradıcılığa aşiqanə şeirlə başlamışdır.

Sevdalı könlümə qəm, qübar gəlir,

Yel yıxan budaq tək paralanmışam.

Açıram, yumuram, gözə yar gəlir,

Tale dəftərindən qaralanmışam.

Memar iş öyrənib qaşın tağından,

Pərvanələr yandı yar fərağından.

Qumral gözləriyin şux baxmağından,

Ox almış ov kimi yaralanmışam.

Bağışla, bir qələt olsa, sözümdə,

Ağlım çaşıb, yox xəbərim özümdən,

Heç bir şey görsənir dünya gözümdə,

O gündən ki, səndən aralanmışam.

Yaradıcılığa sevgi və məhəbbət şeirləri ilə başlasa da, Mühəqqər əsasən satirik şairdir. ,,Molla Nəsrəddin” jurnalı və onun ətrafında toplaşan satirik qələm sahibləri onun yaradıcılığına da öz müsbət təsirini göstərmişdir. Bu təsiri nəticəsində şair ,,Dükan”, ,,Qonaqlıq”, ,,Başsızlar”,

,,Qafqaz”, ,,Tələf olanlar”, ,,Dünya”, ,,Zəmanə” , ,,Təb və ağıl” və s. satirik şeirlərini yaratdı.

Görkəmli ədəbiyyatşünas Ziya Borçalı (Əfəndiyev) ,,Zabit” təxəllüslü bir şair...!” kitabında yazır: ,,Mühəqqər 1923-cü ildə ,,Yeni fikir” qəzetində çap olunmuş felyetonlarından ,,Norma”, ,,Oğlum”, ,,Oğul”,

,,Səbr eylə”, ,,Şükr eylə”, ,,Quldurlarımız”, ,,Komissiyon”, ,,Ehsan” və başqalarını göstərmək olar. ,,Oğul, səbr eylə, şükr eylə” felyetonu elmə, sənətə qiymət verməyən, hər işi qəza-qədərə bağlayan, şüurca inkişaf etməmiş avam atanın dilindən yazılmış şeirdir.” (səh.31)

Kərim bəy Şərifli Borçalı mahalının Sarvan kəndində (indiki Marneuli şəhəri) bəy ailəsində anadan olmuşdur. O, Tiflis gimnaziyasını, Qori Müəllimlər Seminariyasını bitirmişdir. İlk yaradıcılığa şeirlə, kiçik hekayələrlə başlasa da, yaradıcılığında əsas yeri ,,Müsibətil Zinyət”,

,,Məmmədəli şah, yaxud Səttərxan”, ,,Ağvalideyn”, ,,Kəbin” pyesləri tutur.

Dramaturq, ,,Müsibətil Zinyət” faciəsini 1912-ci ildə Tiflisdə yazıb. Beş pərdədən və yeddi məclisdən ibarət olan faciədə hadisələr Qafqazın bir şəhərində baş verir. Professor Şürəddin Məmmədli ,,Müsibətil Zinyət” faciəsinin bir nüsxə surətini əldə etməyə nail ola bilmişdi. Həmin nüsxəni Şürəddin müəllimdən alıb elə həmin gün surətini çıxartdırıb, əvvəlcə ,,Qarapapaqlar” jurnalının 2009-cu il buraxılışının doqquzuncu sayında dərc etdirəndən sonra bu nadir nüsxəni 2011-ci ilin dekabrında işıq üzü görən ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I cildinə daxil etdim. (səh.335-381.)

Kərim bəyin ,,Müsibətil Zinyət” və ,,Məmmədəli şah, yaxud Səttarxan” pyesləri Tiflis teatrının repertuarında özünə mükəmməl yer tutur, rejissor, aktyor və tamaşaçı rəğbətini qazanan pyeslər səviyyəsinə yüksəlir.

K.Şəriflinin ,,Məhəmmədəli şah, yaxud Səttarxan” pyesindəki inqilabi əhvali-ruhiyyəni, Cənubi Azərbaycan xalqının səbir kasasının dolmasını, cəsur Azərbaycan oğullarından Səttar xanın, Bağır xanın, Rəcəb ağanın, Mir Bahadır Cəngin ölməz obrazlarını yaratmasını tamaşaçılar alqışlarla qarşılayırlar. Əsərdə Təbriz inqilabı və inqilaba rəhbərlik edən sərkərdələr, inqilab başçıları tərifləndiyinə və alqışlandığına görə 1914-cü il aprelin 22-dən pyesin tamaşaya qoyulması qadağan edilir. Təbriz inqilabçıları ilə canlı əlaqə yaratdığına, inqilabçıları alqışlayan əsərlərinə görə Kərim bəy Sibirə sürgün edilmişdir. Sibirdən qayıtdıqdan sonra 1918-ci ildə yağı gülləsinin qurbanı olmuşdur.

Tanınmış ictimai-siyasi xadim kimi, rəhbər vəzifələrdə fəaliyyət göstərmiş Mirzə Həsən Məcruh ,,Molla Nəsrəddin” satira məktəbinin ən fəal Borçalı təmsilçisidir. O, ilk təhsilini atası Molla Əyyubdan almış, sonralar Qazax bölgəsinin Şıxlı kəndində, Qızılhacılıda, Tiflisdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Zəngin biliyə, istedada malik olduğuna görə Borçalı Qəza Komissarı Ə.Haqverdiyevin yanında Qəza komissarının katibi vəzifəsində işləmişdir. Həsən Məcruh satirik şeirlər yazdığını görən görkəmli yazıçı və dramaturq Ə.Haqverdiyev onu ,,Molla Nəsrəddin” jurnalının redaksiyasına aparır və Mirzə Cəlillə tanış edir. Həmin unudulmaz tarixi gündən başlayaraq Həsən Məcruh satirik şeirlərini, felyetonlarını, həcvlərini, satirik mənzum hekayələrini, ,,Molla Nəsrəddin” jurnalında nəşr etdirir.

Həsən Məcruhun ana babası Qasım ağa Muğanlı XVIII əsrdə yaşamış, gözəl şeirlər yazmışdır. Şairin qız nəvəsi Mirzə Həsənin oğlanlarından Abbas Kirəcli XX əsrin birinci yarısında yeni Borçalı nəsrinin yaradıcısı olmuş, ortancıl oğlu Əyyub Həsən oğlu şair, kiçik oğlu Sabir Həsən oğlu fizika-riyaziyyat elmləri doktoru, professor, Həsən Məcruhun nəvəsi Məcid Əyyub oğlu şairdir. Bu gün Mirzə Həsənin babası Qasım ağanın nəvə-nəticə və kötücələrinin şəxsində onun yaratdığı şeir çeşməsi bir an dayanmadan çağlayır, bu çeşmə çaylara qovuşaraq həm Qasım ağanın, Mirzə Həsənin, həm də Abbas Kirəclinin ruhunu şad edir. Həsən Məcruhun zəngin ədəbi irsinin bir hissəsi Azərbaycan Ədəbiyyat və Mədəniyyət arxivində saxlanılır, digər hissəsi isə Kirəc Muğanlıda şairin ev arxivində gənc tədqiqatçıları gözləyir.

Həsən Məcruh ardıcıl satirik şeirlər yazsa da, gənclik illərində, Qocorda müəllimlər kursunda rast gəldiyi, təmasda olduğu, qəlbini, ruhunu coşduran gözəllərə müraciətən sevgi və məhəbbət şeirləri yazmışdır. Şairin çoxsaylı aşiqanə şeirlərindən biri də Qocor müəllimlər kursundan qayıtdıqdan sonra Kolagirli şair dostu Mühəqqərə göndərdiyi ,,Məni” rədifli şeiri daha çox diqqətimizi çəkdi:

Ey Mühəqqər, Qocor dağı cənnətmiş,

Fələk saldı elə zindanə məni.

Bu cənnətdə hurilərin baxışı,

Yaxıb könlüm, edib viranə məni.

Elm iştiyağında, fənn sorağında,

Ömrün, cavanlığın axır çağında,

Fələk tora saldı Qocor dağında,

Tuş etdi bir qərib seyranə məni.

Ölənədək xatırımda yadı var,

Sınıq könlün fəryadı var, dadı var.

Məcruh ölmüş, quru onun adı var,

Yaxdı bir ilahi dürdanə məni.

Mirzə Həsənin yaradıcılığının birinci dövrünü (1917-ci ilin yanvar ayına qədər olan dövrünü) əsasən sevgi və məhəbbət şeirləri təşkil edir. Bir gənc kimi, şairin qəlbini ovlayan, ruhunu oxşayan, ilhamını qanadlandıran Borçalı gözəllərini tərənnüm edən qoşma, təcnis, gəraylı, bayatı, mürəbbe, müxəmməs və qəzəllər yazmışdır.

Mirzə Cəlillə tanışlıq, ,,Molla Nəsrəddin” jurnalı ilə etdiyi səmərəli əməkdaşlıq onun yaradıcılığında dönüş yaratmış, yaradıcılıq üslubunu mübariz ruhlu satira məktəbinə yaxınlaşdırmışdır. Həsən Məcruh böyük demokrat, qüdrətli satira məktəbinin yaradıcısı Cəlil Məmmədquluzadə ilə olan ilk tarixi görüşünü belə xatırlayır: ,,1917-ci ilin yanvarında Mirzə Cəlillə söhbətimiz çox qısa oldu. O, mənə diqqətlə nəzər saldıqdan sonra belə dedi: ,,Jurnalımızın əməkdaşlarından S.Mümtaz, Ə.Haqverdiyev və Q.Şərifzadə məşhur İbrahimbəyin ,,Səyahətnamə” sinə nəzirə olaraq, ,,Mozalan bəyin səyahətnaməsi” adlı felyetonlar yazıb nəşr etdirmişlər. Mozalan bəyi Borçalı qəzasının qəsəbə və kəndlərində gəzdirməyi və onun müşahidələrini müntəzəm olaraq yazıb göndərməyi sizə həvalə edirəm....”(Xatirə dəftərindən)

Həsən Məcruhun yaradıcılığının ikinci dövrü 1917-1973-cü illəri əhatə edir. Şairin yaradıcılığının ikinci dövründə əlli altı il müddətində poemalar, mənzum hekayələr, felyetonlar, satirik şeirlər, həcvlər yazmışdır. O, ,,Molla Nəsrəddin” satira məktəbini Borçalı şeirində inkişaf etdirmiş, çoxsaylı satirik əsərləri ilə daha da zənginləşdirmişdir.

Həsən Məcruhun I-II cilddən ibarət çoxlu sayda, müxtəlif janrlı şeirlər məcmüələri qarşımdadır. Hər iki məcmüənin tərtibçisi və II cildin yazanı övladı Əyyub Həsən oğludur. Birinci məcmüə iki yüz əlli, ikinci məcmüə isə iki yüz səhifədən ibarətdir. Bu cildlərə daxil olan bir neçə şeirin adını qeyd etmək istərdim. ,,Müəllimlər dərnəyi” poeması (1923), ,,Yeddi il bundan irəli” poeması (1928), şairlərdən

,,Mühəqqərlə, Şikəstə ilə deyişmələri”, ,,Qocorun hündüründə” , ,,Çapar”,

,,Borçalıda oğurluq”, ,,Aşıqlara”, ,,Kolxozum”, ,,Balıqların mərsiyəsi”,

,,Xarkovum”, ,,Hitlerə”, ,,Şair İbrahimə”, ,,Çöpçü və uşaq”, ,,Pişiklə söhbət”, ,,Qoy öpüm torpağımı”, ,,Dəllək Həsənə”, ,,Şairin boz atı” və s.

Həsən Məcruh, Lecbədin ibtidai məktəbinin müdiri işləmiş Əliyar Qarabağlı ilə bir müəllim kimi, əməkdaşlıq və dostluq etmişdir. Bu dostluq yaşadıqları illərin bütün dövrlərində (həm Borçalıda, həm də Əliyar müəllim fəaliyyətini Bakıda davam etdirəndə də) davam etmişdir. Əliyar müəllim 1920-ci illərdə ,,Yeni fikir” qəzetində Həsən Məcruhun pedaqoji-ədəbi fəaliyyəti haqqında məqalələr yazmışdır. 1957-1958-ci illərdə professor Əliyar Qarabağlı ,,Azərbaycan müəllimi” qəzetində Həsən Məcruhun yaradıcılığı haqqında çox səmimi məqalə yazmış, şairin ,,Sınıq Körpü” poemasından bir hissə dərc etdirmişdir.

Siyasi-ictimai xadim, Borçalıda dünyəvi məktəblərin təşkilində xüsusi xidmətləri olmuş, Mollanəsrəddinçi şair Mirzə Həsən Məcruhun çoxsaylı əqidə, məslək və qələm dostlarından biri də satirik şair Mühəqqər olmuşdur. Mühəqqərin dünyasını erkən dəyişməsi Həsən Məcruhu çox sarsıdır. Onun ölümündən sonra (ehtimal ki, uzun müddət keçəndən sonra) Həsən Məcruh Mühəqqərin qəbrini ziyarətə gedir, onun qəbir evini pəjmürdə görən şair çox qəmlənir. Bu kədərin güclü təsirini şairin elə həmin günlərdə yazdığı ,,Şair Mühəqqərin məzarı üstə” şeirində də görürük:

(ixtisarla veririk).

Bu məzarda adsız, sansız, nişansız,

Borçalı şairi Mühəqqər yatır.

Adı yaddan çıxmış, qəbri dağılmış,

Bir odlu, ilhamlı süxənvər yatır.

Günəş, çöhrəsində işıqlanardı,

Sözündə şam kimi qəlbi yanardı.

Qəlbində el dərdi alovlanardı,

İndi öz elindən bixəbər yatır.

Deyirlər bu eldə Nəbi də varmış,

Elin kamanını, sazın çalarmış,

Xalqın min dərdinə mahnı qoşarmış,

İndi məzarından yox əsər yatır.

Həsən, qalxıb ömrün zirvəsindəsən,

Bu gün, sabah sən də düşüb ölərsən.

Sənin də taleyin bu olar hökmən,

Sənin kimiləri min nəfər yatır.

Yadimdadır, Həsən Məcruhun dəfnində Borçalı, Qazax mahalının ziyalıları, ictimai-siyasi xadimləri, bütün söz sahibləri, Marneuli rayon partiya və sovet idarələrinin rəhbərləri iştirak edirdilər. Bakıdan, Gəncədən gələn şairlər, eləcə də Borçalı-Qazax söz sahibləri Həsən Məcruha ithaf etdikləri qəmli şeirlərini oxudular.

Bunlardan Qazax rayon II Şıxlı orta məktəbinin direktoru Qurban Musayevin bir neçə şeirini bu günlərdə Həsən Məcruhun ev arxivində əldə etdim. Şair şeirinin birini ,,Qoşa məzarlı ziyarətgah” adlandırmışdı. Məzarın biri 1947-ci ildə qətlə yetrilmiş yazıçı-ədəbiyyatşünas Abbas Mirzə Həsənoğlunun (Abbas Kirəcli), digəri isə atanın – Həsən Məcruhun qəbridir.

Bu gün ciyər yana-yana,

Qoşa yatan qəhrəmana,

Baş əyirəm ehtiramla,

Qəm mayalı bir ilhamla!

Yaxud:

Mən də deyim: keçən qonaq!

Çox olsa da yolun uzaq.

Sən Allah, bir saxla ayaq!

Ziyarət et bu məzarı!

Xeyirxahlıq qazan barı!

Batan Günəş, yanan çıraq,

Gənc hamilə gəlin, sabah….

Sən Allah, bir saxla ayaq!

Ziyarət et bu məzarı!

Xeyirxahlıq qazan barı!

Yolçu! Gəzsən haqqa dayaq,

Loğmanı da etsən soraq,

Bil burdadır, saxla ayaq,

Ziyarət et bu məzarı!

Xeyirxahlıq qazan barı!

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I cildinə XX əsrin əvvəllərində yazıb yaratmış on iki nəfər söz sənətkarı daxil edilmişdir. Bu sənətkarlardan Hüseyn Minasazlı realist, demokratik ruhlu hekayələr və publisistik məqalələri ilə köhnəliyi, nadanlığı, qadın hüquqsuzluğunu tənqid etmiş, çadra həbsxanasında qara günlərini yaşayan Azərbaycan qadınlarını təhsil almağa, cəmiyyətin fəal üzvü olmağa dəvət edir. Xətib Təbrizidən, M.F.Axundzadədən, F.Köçərlidən, Salman Mümtazdan və b. üzü bəri cilalana-cilalana gələn ədəbiyyatşünaslıq ənənəsinə Hüseyn Minasazlı da öz töhfəsini vermişdi.

M.F.Axundzadənin dramaturgiya məktəbini davam etdirən Borçalı dramaturqlarından biri də XX əsrin əvvəllərində yazıb-yaratmış sənətkar Kərim bəy Şəriflidir. Polad iradəli, qorxmaz, cəsarətli Borçalı oğlu despotizmi, istismarı, kölə və qul xislətinə malik olanları ifşa etmiş, demokratiyanı, azadlığı, inqilabı mübarizəni alqışlamış və təbliğ etmişdir. Təbriz inqilabçıları ilə həmrəy olan Kərim bəy həm səhnə əsərlərində, həm də publisistik məqalələrində Təbriz inqilabını və həmin inqilabın başçılarını qorxmadan, çəkinmədən alqışlaması Kərim bəyin əsərlərinin siyasi-mənəvi dəyərini yüksəltmişdir. İyirmi altı yaşında qətlə yetrilsə də, Azərbaycanın qəhrəman oğlu kimi qəlblərdə, yaddaşlarda, ədəbiyyat və mədəniyyət tarixində əbədi yaşayacaqdır.

Ədəbiyyatımızın bu dövründə yazıb-yaradan on nəfər şairin iki nəfəri (Həsən Məcruh və Mühəqqər) aşiqanə şeirlər yazsa da, yaradıcılıqlarında əsas yeri satirik şeirlər tutur. Ömrünün bütün illərini faciələrlə üzləşən, gah erməni vəhşiləri ilə, gah da sovet repressiyasının qurbanı olan Ağacanın şeirlərinin əksəriyyəti ictimai ədalətsizlıklərin, qəddar sovet rejiminin dəhşətlərinin tənqidinə həsr edilibdir. Balakişinin, Misgin Nəbi Borçalının, İbad Pirioğlunun, Sədi bəy Arifin yaradıcılığında əsas yeri sevgi və məhəbbət şeirləri tutur.

Üçüncü fəsil

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]