Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Yusif Yusifli --- Gürcüstan azərbaycanlılarını...docx
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
844.96 Кб
Скачать

Vətəni təslim edənlərə nə deyim!

Gözəl olar yurdumun axan çayları,

Vətənimi bürümüş Moskvanın qızıl ayıları,

Viran etmiş şəhərləri, həm kəndləri,

Vətəni təslim edənlərə nə deyim!

Yaralı qəlbim yenidən sızlamağa başladı,

Böyük millətim düşməni silahla qarşıladı,

Savaş yapan igidlər dağlarda qışladı,

Vətəni təslim edənlərə nə deyim!

Qızıl düşmən gəldi işığımızı söndürdü,

İdarə başına vəhşi cəlladlar qondurdu,

Kommunust yalanları bir çoxunu qandırdı,

Vətəni təslim edənlərə nə deyim!

Azərbaycanda düşmənlər millətimi soydular,

Anaları oğulsuz, oğulları atasız qoydular,

Bunlara səbəb yenə onlar oldular,

Vətəni təslim edənlərə nə deyim!

Türk yurdu Azərbaycandır mənim aşkım,

Qızıl düşmənin halı olmuş şaşkın,

Ona saplanacaq hüriyyət süngüsü yaxın,

Vətəni təslim edənlərə nə deyim!

Nağı Hacıbayramlının xatirələrindən məktublarından, məqalələrindən, şeirlərindən məlum olur ki, istər Avropada, istərsə də Türkiyədə yaşadığı illərdə qəlbinin tac damarına Azərbaycan, Borçalı əbədi həkk olmuşdur. Onu ilk illərdə Azərbaycanın qazandığı istiqlalın xalqın əlindən alınması, Azərbaycan torpaqlarının başqa pespublikalara hədiyyə verilməsi, söz, şəxsiyyət azadlığının olmaması, xalqının ağır iqtisadi çətinliklərlə üzləşməsi bu mübariz Azərbaycan oğlunu narahat etmişdir.

Azərbaycan aşıqlarının, müğənnilərinin həsrətini çəkən Nağı 1977-ci ildə Zeynəb Xanlarovanın Türkiyədəki konsertlərində xəstə olduğuna görə iştirak edə bilməməsi ona çox təsir edir. Zeynəbi televiziya vasitəsilə ağlaya-ağlaya dinləyir, sonra da ,,Zeynəbim” rədifli on üç bənddən ibarət şeirini yazır:

Qəzetlər gəldiyini bizlərə bildirdi,

Bu xəbər məni sevindirərək dindirdi.

Duyduğum həyəcan göz yaşlarım sildirdi,

Sən oxu, mən ağlayım, Zeynəbim!

Nə xəbər gətirdin gözəl elimdən?

Xalqıma salam de mənim dilimdən.

Çox söyləyəməm düşmənin fitnə-felindən,

Sən oxu, mən ağlayım, Zeynəbim!

Vətən dərdi bil ki, yaman bəladır,

Bir sağalmaz, şəfa tapmaz yaradır.

Bəxtim görən niyə belə qaradır?

Sən oxu, mən ağlayım, Zeynəbim!

Ömrüm getdi, hər nə söyləsəm boşdur,

Vətən eşqi hər bir şeydən də xoşdur,

Ora dönmək mənə qüvvətdir, gücdür,

Sən oxu, mən ağlayım, Zeynəbim!

Bu nəğməni yazdım mən özüm,

Budur sənə söyləyəcəyim sözüm.

Heyva kimi saraldı, soldu üzüm,

Sən oxu, mən ağlayım Zeynəbim!

Yeddinci fəsil.

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” əsərinin I cildi haqqında Azərbaycan və Gürcüstan ədəbiyyatşünaslarının məqalələri.

Ədəbiyyatşünaslığımıza layiqli töhfə.

Şair-tədqiqatçı Yusif Yusiflinin Tbilisidəki ,,Universal” nəşriyyatında işıq üzü görmüş (2011) ,,Gürcüstan azərbaycanlılarının əədbiyyat tarixi” kitabını diqqətlə oxudum.Ülvi hisslərlə, sonsuz məhəbbət və peşəkarlıqla yazılmış kitabın bir çox mətləblərdən soraq verdiyinin şahidi oldum. Odur ki, fikir və mülahizələrimi geniş oxucularla bölüşməyi lazım bildim.

Əvvəla bir pedaqoq alim olaraq bunları deməyi özümə borc bilirəm ki, oxucuların istifadəsinə verilmiş bu kitab regionda ilk təşəbbüs, ilk addım olduğu üçün orada hər hansı nöqsan axtarmayaq. Əksinə, elmi-tədqiqatçılıq bacarığı və qeyrəti olan hər kəs başlanmış işin uğurla davam etdirilməsi haqqında düşünməlidir.

Məşur V. İrvingin belə bir müdrik kəlamı var: ,,Böyük insanların məqsədləri var, digərlərinin isə yalnız istəkləri”. Bəli, Yusif müəllimin böyüklüyü ondadır ki, səmərəli elmi və mədəni əhəmiyyəti olan bu şərəfli, həm də çətin işi gələcək nəslə ərmağan etmək idi.Öz öhdəsinə götürüb bir çox uğurlara imza atmış oldu.Böyük bir kollektivin görə biləcəyi bir işi tək başına həyata keçirdi.

Ötən əsrin 60-90-cı illərində sovet rejiminin qoyduğu məhdudiyyətlərə baxmayaraq bütün postsovet məkanında milli özünüdərk qüvvətlənməyə başlayırdı.Fikir və düşüncələrdə gedən bu inkişaf, mədəniyyət, ədəbiyyat və incəsənətə də nüfüz etməyə başlayırdı. O illərdə Yusif müəllimin yazdığı bir çox bədii yazılar, elmi-publisistik məqalələr, kitablar haqqında danışdığımız ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının yazılması üçün bünövrə oldu. Məhz bundan sonra Borçalı ədəbi irsini bir sistem halında öyrənmək, tədqiq etmək ideyası yarandı.

Bölgənin 46 nəfər qələm əhlinin həyat və yaradıcılığından bəhs edən kitab sadəcə bioqrafik, biblioqrafik səciyyə daşımır. Əsər hazırlanarkən ədəbiyyat tarixinin yazılmasına verilən müvafiq prinsip və tələblər əsasən gözlənilmişdir.Kitabla tanış olan həssas oxucu bir daha təsdiq edir ki, tədqiqatın gedişində müəllif üç əsas: ümumiləşdirici, sistemləşdirici və inkişafetdirici vəzifənin layiqli icraçısı olmuşdur.

Belə ki, müəllif mövcud elmi tətqiqatların nəticələrini ümumiləşdirərək yeni motivlər, yeni ədəbi-elmi-nəzəri nümunələrlə zənginləşdirir. Ümumiləşdirmələr mücərrəd şəkildə deyil, konkret adlı-ünvanlı aparılır. Bu o deməkdir ki, Yusif müəllim görülmüş işləri sadəcə təkrarlamır, onları yeni tarixi şəraitdə inkişaf etdirir.

Doğrudur, bu vaxtadək bölgənin müxtəlif dövrləri, ayrı-ayrı yazarların ədəbi-irsi-elmi tədqiqata cəlb olunsa da, bütövlükdə Borçalının ədəbiyyat tarixi sistemli şəkildə yazılmamışdır. Yusif müəllimi belə məsuliyyətli işə sövq edən də bax, bu boşluq idi.

İnkişafetdirici funksiya onunla xarakterizə olunur ki, kitabda bu vaxta qədər tətqiqatdan kənarda qalan, oxucuya taniş olmayan, yaxud az tanış olan XVIII əsrə məxsus altı və sonrakı dövrlərdə yaşayıb-yaratmış daha bir neçə qələm sahibinin şəxsiyyəti haqqında məlumat, yaradıcılığından xeyli ədəbi nümunələr verilir.

Müxtəlif illərdə mətbuatda dərc etdirdiyi ,,Seyid Qasım ağa Muğanlı”, ,,Molla Nəsrəddin” jurnalı və ,,Borçalı şairləri” kimi tədqiqat xarakterli məqalələrin kitaba daxil edilməsi əsərin elmiliyini xeyli artırır.

Bütün bu deyilənlər onu deməyə əsas verir ki, oxuculara təqdim olunan bu kitab ,,Ədəbiyyat tarixi”dir, ədəbiyyatşünaslıq əsəridir, ədəbiyyat tarixidir. Kitabda verilən müvafiq poeziya nümunələrinə, nəsr əsərlərinə gəldikdə onların hamısı təbii qarşılanmalıdır. Çünki, orada elə qələm sahibləri var ki, onlar ilk dəfə oxuculara təqdim olunur. Həmin sənətkarların yaradıcılığı haqqında müəyyən təsəvvür yaratmaq üçün müəllif haqlı olaraq bəzi ədəbi nümunələrlə oxucuları tanış edir.

Belə bir təcrübə klassik ədəbiyyatımızda qəbul ounmuş bir haldır. Böyük pedaqoq, ədəbiyyatşünas alim F. Köçərli məşur ,,Ədəbiyyat tarixi” kitabını yazarkən M.P.Vaqif, Q. Zakir, S. Ə. Nəbati, Məhcur Şirvani və s. şairlərin ədəbi irsindən müxəmməs-müstəzad, tərcibənd, qəzəl, təcnis kimi poetik nümunələri bütöv vermişdir.

Şəxsi arxiv və kitabxanalardan, canlı yaddaşlardan götürdüyü bilgiləri saf-çürük eyləyib geniş oxucu kütləsinə çatdırmağın, başqa sözlə, poetik dünyamızın dərin qatlarına nüfuz etməyin çətinliyini nəzərə alsaq, Yusif müəllimin nə qədər ağır işin öhdəsindən şərəflə gəldiyi aydinlaşar.

Kitabın bəzi fəsil və bölmələri müxtəlif zaman və imkanlardan bəhs etsə də, bütövlükdə onların hamısı məzmuna müvafiq gəlir.

Müəllif ,,Borçalı ədəbiyyatının yaranmasında, formalaşmasında, kamilləşməsində möhtəşəm Azərbaycan ədəbiyyatının, təxminən orta əsrlərdən başlayan Tiflis ədəbi mühitinin, Borçalı folklorunun və aşıq poeziyasının müstəsna rolu olmuşdur” fikrini əsaslandırmaq üçün doğru olaraq zəngin ənənələri olan Azərbaycan ədəbiyyatı tarixinə qısa ekskurs edir, XIX-XX əsrlər Tiflis-Azərbaycan ədəbi mühitinə bir baxış keçirir, daha sonra Borçalı folkloru və aşıq poeziyasına qısa nəzər salır. Bununla da məntiqi ardıcılığı təmin etmiş olur.

Yusif müəllimin sənət sevgisi ilə yanaşı tariximizə, mədəniyyətimizə görkəmli şəxsiyyətlərimizə hörmət və qayğısının şahidi olmuşam.

,,Maestro Niyazi” sənədli povesti və ,,Niyazi Hacıbəyov haqqında könül pıçıltıları” məqaləsində dahi bəstəkarın şəxsiyyəti ilə sənəti arasındakı uyarlığı xatirinə və elmi təfəkkürün işığında elə çatdırıb ki, oxucu aldığı yeni marasqlı bilgilərə görə məmnun qalır. Bununla da böyük sənətkarların ölməzliyi, onların ürəklərdə, sətirlərdə, kitablarda yaşayacaq həqiqətini əsərlərində ifadə etmişdir.

Yusif müəllim milli ziyalıdır, odur ki, istər elmi araşdırmalarında, istərsə də publisistik yazılarında milli mənafeyi hər şeydən üstün tutdu. Xalqın sərvətini özünə qaytarmaq naminə Borçalı ədəbi mühitinin dərin qatlarına üz tutdu. Külli miqdarda yeni faktlar, ədəbi-bədii materiallar üzə çıxararaq təhlilə yönəltdi. ,,XX əsr Borçalı nəsrinin inkişaf yolları” elmi məqaləsi gələcək tətqiqatları düzgün istiqamətləndirmək, dəqiqləşdirmək baxımından etibarlı mənbə kimi çox əhəmiyyətlidir.

Yusif müəllimdən söhbət açmaq ziyalılıqdan, qeyrətdən, fədakarlıqdan danışmaq deməkdir. Onun ömür yolu bir nəfərin tərcümeyi-halından çıxaraq ictimai məzmun qazanıb.

Yusif müəllimin uğurları saysız-hesabsızdır. Onları bir-bir dilə gətirməyə ehtiyac da yoxdur. Tarixin yaddaşında əbədi qalmaq üçün onun yubiley ərəfəsində ərsəyə gətirdiyi ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı da kifayətdir. El ağsaqqalı heç kəsə əziyyət vermədən öz sağlığında əbədi heykəlini ucaltdı. Kitabın dəyəri təkcə onda deyil ki, kimləri, nəyi isə üzə çıxardıb. Əsas özəlliyi ondadır ki, o yeni yazılacaq kitablara stimul oldu. A. Gertsen yazırdı: ,,Kitab bir şəxsin digərinə vəsiyyətidir.” Müəllif bu əsərlə gələcək nəsilə bir daha ismarıc etdi: Biz möhkəm özül qoyduq, bu bünövrə üzərində gələcəkdə ucalacaq ədəbiyyat məbədi sizin işinizdir.

Saçlarınıza işıqlı ömrün nur rəngi çöksə də, Maşallah, qamətiniz şux, zehniniz kəsərli, yaddaşınız yerindədir. Qarşıda hələ nə qədər görüləsi işlər, yazılası kitablar var.

Bütün bu deyilənlərlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin katibi, alim qardaşımız Arif Əmrahoğlunun ,,Ruh yazdıran söz” məqaləsi də kitabın sambalını xeyli artırır. Səmimi peşəkarlıqla yazılmış bu “ön söz” kitabın məziyyətləri barədə oxucuda ilkin təsəvvür yaradır. Daha sonra gələcək tədqiqatlara obyekt olaraq bəzi məqamları dəqiq nişan verir.

Elmi dəyəri, praktik əhəmiyyəti, özəl keyfiyyətləri ilə diqqəti çəkən ,.Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq və ədəbiyyatşünaslığımıza layiqli töhfə olduğuna sevinirik.

Artıq Borçalı ədəbiyyatı tarixə çevrilib. Ərsəyə gələn bu kitab tariximizin bir pilləsidir. Bir də ona inanırıq ki, yaxın zamanlarda Yusif müəllimin rəhbərliyi altında ədəbiyyat tariximizin növbəti cildi işıq üzü görəcək.

Professor Fərhad Xubanlı,

,,Günəş” qəzeti, 2012ilin iyun ayı.

Zəhmətdir mayası hər bir arzunun.

Ötən il dekabr günlərində Tbilisinin ,,Universal” nəşriyyatı

,,Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin kitabxanası” seriyasından şair, publisist, tətqiqatçı Yusif Yusiflinin ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabını nəfis şəkildə çapdan buraxmışdır. 635 səhifədən , 6 fəsildən ibarət olan bu kitab üç cildli çox geniş əhatəli tədqiqat əsərinin birinci cildidir.

Tanınmış yazıçı, eloğlumuz, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu əsərə ,,Ruh yazdıran söz” sərlövhəli səmimi, əhatəli və çox vacib bir ön söz yazmışdı. Arif müəllim Yusif Yusiflinin bütün yaradıcılığını saf-çürük etmiş, tətqiqat əsərini yüksək qiymətləndirmiş, onun məziyyətlərini tam incəliklərinə qədər araşdırıb açıqlamışdır. Yazı bir növ oxucunu ciddi sınağa hazırlayır, onu hansı problemə daha çox diqqət yetirməyə yönəldir, necə deyərlər, istiqamətləndirici, yolgöstərici funksiyasını öz üzərinə götürür və oxucuya qarşısındakı əsərin necə zəruri, faydalı, qiymətli kitab olduğu fikrini açıqlayır.

Kitabın birinci fəslində verilmiş ,,Sözün qüdrəti” başlıqlı bölmədə ədəbiyyatın mayası olan sözün dəyər ölçüsü olduğu bir daha nəzərə çatdırılmış, söz sərraflarından iqtibaslar gətirilmiş, onların sözdən necə qənaətcilliklə, yerli-yerində, yüksək vüsətlə istifadə etdiklərini çox ustalıqla təsvir etmişdir. Özü də sözə qənaətlə yanaşan müəllif sözü “insanlığın zəhmət yoluna nur saçan” işıq adlandırmışdır.

Bu fəsildəki ,,VII-X əsrlər Azərbaycan ədəbiyyatına qısa bir nəzər” adlı bölmədə, adından da göründüyü kimi, ədəbiyyatımızın hansı zəmin üstündə pərvəriş tapdığı, minilliklərin dərin qatlarından boylanan şifahi və yazılı ədəbiyyatımızın tarixi inkişaf yolları öz əksini tapmışdır.Tətqiqatçı tarixi faktlara söykənərək ,,Avesta”dan və başqa dini-fəlsəfi əsərlərdən nümunələr gətirmişdir.

Bu fəsildəki maraqlı bölmələrdən biri də ,,XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatı”dır.Ümumiyyətlə, bu dövr Azərbaycan poeziyasının çiçəklənən mərhələsidir. Nizami Gəncəvi, Xaqani və başqaları kimi qüdrətli söz ustalarının yaradıcılıqları bu dövrə təsadüf edir və araşdırıcı da məhz bu dövr ədəbiyyatımızı təşəkkül mərhələsinin məhsulu kimi təqdim edir.

Və nəhayət, ,,XIX-XX əsrlər Tiflis Azərbaycan ədəbi mühitinin ən görkəmli nümayəndələri” sərlövhəli bölmədən başlayaraq, müəllif əsl mətləb üstə gəlir və bundan sonra, demək olar ki, bütün tətqiqatlar Tiflis-Borçalı ədəbi-bədii mühitinə aid olur. Məlum olduğu kimi, bu əsrlərdə Tiflis nəinki Zaqafqaziyanın siyasi-inzibati mərkəzi idi, bu şəhər həm də ədəbi mərkəzə çevrilmişdi. A. Bakıxanovun, Mirzə Şəfi Vazehin, M.F. Axundovun ,,Molla Nəsrəddin” jurnalının, onun naşiri Cəlil Məmmədquluzadənin, bu dərginin ətrafında toplaşmış şair və yazıçıların- Ömər Faiq Nemanzadənin, eləcə də N. Nərimanovun, Abdulla Şaiqin yaradıcılığı Tiflislə bilavasitə bağlı olmuş və tədqiqatçı kitabda bunların hər birinin yaradıcılığının geniş təhlilini vermişdir.

Kitabın II, III, IV, V və VI fəsilləri bütünlüklə Borçalı ədəbi mühitinə həsr olunmuşdur. ,,XVIII-XX əsrlər Borçalı ədəbi mühiti” (1915-ci ilədək) bölməsində ümumiyyətlə, Borçalı mahalının coğrafi mövqeyinə, ərazisinə, təbii şəraitinə, onun folklor yaradıcılığına, dastan, rəvayət, nağıl mifologiyasına qısa bir ekskurs edilir, bir sıra əfsanə rəvayət, dastanlar barədə çox maraqlı, tutarlı faktlar gətirilir, ətraflı söhbətlər açılır, geniş oxucu kütləsini qane edə biləcək fikirlər söylənilir. Məsələn, eramızdan əvvəl VI yüzillikdə Zərdüşdün Borçalıda olması barədə fikir, bununla bağlı yaranmış rəvayətlər müəllifin ədəbi-bədii fikir dünyasına gətirdiyi yenilik deyilsə, bəs nədir? ,,Anaxatır” çay adının açıqlaması, ,,Yeddi qardaş” piri barədə söyləmələr heç şübhəsiz, çoxlarının ciddi maraqına səbəb olacaqdır. Yusif Yusif həmçinin xüsusi ahənglə vurğulayır ki, Borçalının öz dastanları, nağılları, saz havaları, rəvayət-əfsanələri vardır və bunların heç biri başqalarına bənzəmir, orijinaldır və sırf Borçalının özünə məxsusdur. Müəllif onu da əlavə edir ki, Borçalılar özümüzün dədə-baba vəznimizə-heca vəzninə sadiq qalan insanlardır. Bayatılarımız, qoşma-gəraylılarımız, ümumiyyətlə, sazımız-sözümüz həmişə seçilmişdir, fərqlənmişdir- özünün gözəlliyi, dilinin şirinliyi, deyimin, ifadəsinin orijinallığı ilə. Və bütün bunlar Yusif Yusifli şərhində, icmalında, söyləməsində çox gözəl alınmışdır. Müəllifin Gürcüstan azərbaycanlılarının folkloruna məxsus dastanları, eləcə də Azərbaycan dastanlarının Borçalı variantlarını tədqiq etməsi çox sevindiricidir. Məs: ,,Şeyx Sənan”, ,,Cəlal-Səyyad Səlvinaz”, ,,Cahangir”, ,,Zərqəm şah”, ,,Şam şahzadəsi”, ,,Mehdi bəy”, ,,Qarapapaq Mehralı bəy”, ,,Zərnişan xanımın Çənlibelə gətirilməsi” və b. nümunə göstərmişdir.Mən bunlara “Aşıq Qərib” dastanını da əlavə edərdim. Elə buradaca müəllifin öz sözlərinə müraciət etməyi üstün tuturam. ”Müdriklərimizin, aqillərimizin dedikləri kimi, Borçalıda sözlə saz dünyaya əkiz gəlibdir” :

Oğuz yurdu, qılınc üzlü Borçalım,

Tavar sazlı, müdrik sözlü Borçalım.

Mənə elə gəlir ki, bu bir cumlədə, bu iki misrada Borçalı haqqında bəlkə də hər şey deyilmişdir. Bu ifadələrə diqqət yetirin: “Borçalının tarixi kimi, onun mədəniyyətinin səsi-sorağı da çox uzaqlardan gəlir. Borçalının söz, poeziya, aşıq və saz dünyası, ifaçılıq mədəniyyəti, xalqın həyatı, məişəti, dərd-səri qəhrəmanlıq səhifələri ilə çox bağlı olmuşdur”. Müəllif çox haqlı olaraq onu da xüsusi ahənglə vurğulayır ki, bütün bunlar və sadalamaq, saf-çürük etmək bir qəzet məqaləsinə sığışmayan başqa amillər Borçalı kimi elm nümayəndələri Xələddin İbrahimlinin, Şurəddin Məmmədlinin, Kərəm Məmmədovun ( bu siyahını xeyli artırmaq da olardı) bu sahədəki elmi araşdırmalarında öz əksini tapmışdır.

Tətqiqatçı Borçalı şairlərinin, yaradıcı aşıqlarının, saz ustalarının geniş, hərtərəfli tədqiqata cəlb olunmuş siyahısını verir və onların yaradıcılığından nümunələr təqdim edir. Bu imzaların demək olar ki, əksəriyyəti Borçalının indiki nəsillərinin nümayəndələri üçün yenidir, tapıntıdır, qürur, fəxr mənbəyidir: ,,Bax budur Borçalı! El şairlərimiz, el aşıqlarımız, “Borçalı” adını özlərinə təxəllüs götürmüş, bu adı doğrultmuş, Borçalıdan olduqları ilə fəxr etmişlər. Kitabda bunlar o qədər əlvan boyalarla, o qədər ardıcılıqla, o qədər ustalıqla təsvir və təqdir olunmuşdur ki, oxucu özü də borçalılığı ilə öyünür, qürür hissləri keçirir. Başını uca tutur. Xalq şairimiz, eloğlumuz Zəlimxan Yaqubun dediyinə görə diqqət yetirin:

Övladını kişi gördüm, mərd gördüm,

Mərdlərində dağlar qədər dərd gördüm,

Dərd çəkəni qaya gördüm, sərt gördüm,

Aman Allah!Nə bəlalı yurd gördüm,

Buymuş, Allah, bu Borçalı deyilən!

Məgər Zəlimxanın, Eyvaz Borçalının, Abbas Abdullanın, İsa İsmayılzadənin, Alxan Binnətoğlunun, Nizami Saraclının, Dünyamalı Kərəmin İsa Sadiqin və onlarla, yüzlərlə başqalarının poeziyası bu qaynar bulağın gözündən su içməyibmi, bu münbit, məhsuldar zəmin üzərində pərvəriş toplamayıbmı?!. Şair demiş “Hansını söyləyim, hansını deyim?” Ancaq Yusif Yusifli yazmışdır. Kənd-kənd, el-el, oba-oba gəzib toplamış, gələcək nəslə ərmağan etmişdir.

,,Molla Nəsrəddin” jurnalına geniş yer ayırmasını və bu dərgidə fəaliyyət göstərən Borçalı əsilli mollanəsrəddinçilərə xüsusi ehtiram göstərməsini ürəkdən alqışlayıram.

Azərbaycan-gürcü ədəbi əlaqələri də bu kitabda geniş yer almışdır. Müəllif əlində olan faktlar və sənədlər çərçivəsində bu əlaqələrin dərin qatlarına baş vurur. Borçalı aşıq-poeziyası mühitinin qonşu gürcü yaradıcılarına da təsir göstərdiyini qeyd edir.

Kitabda Borçalının XVIII əsr ədəbiyyatından Mirzə Həsən Məcruhun babası Seyid Qasım ağa Muğanlının, Allahverdi İbrahimin, Qul Allahqulunun, Fatma xanım Alı qızının, Zabitin, Leyli Əziz bəy qızının (XIX-XX əsrlər), Güllər Pərinin, Mir Yusif Təbrizinin, Alxas ağa Hacallının , Səhnə Alməmmədlinin, Miskin Vəlinin, Miskinoğlu Allahverdinin, İsmayıl Güllərin, Nabat xanımın, Dollu Abuzərin, Molla Qasımın, Mirzə Mehdinin, Balakişi Alıoğlunun, Xəstə Namazın, Şair Nəbinin, Ağacanın, Məhəmməd Məmmədovun, Hüseyn Minasazlının (əsərləri rus dilində verilib), Sədi bəy Arif Müftizadənin, Əhməd Alıoğlunun, Abbasqulu Eloğlunun, İsa Borçalının, Ziya Borçalının, Leyli Taharqızının, Qara Qəribin, İbrahimxəlil Alıoğlunun, Gülməmməd Alməmməd oğlunun, Əsli oğlu Məhəmmədin, Təhləli Novruzun, Rəşid Hacallının və b. barəsində geniş xarakterli icmallar yazmış, yaradıcılıqlarından tətqiqat vermişdir.

Yusif yusifli 1940-1950-ci illərdə yaranan yeni Borçalı nəsrinin inkişaf yollarını araşdırmış, o dövr nasirlərindən Abbas Kirəclinin, Tahir Hüseynovun, Hidayət Bayramlının, Vəli Əliyevin, Yusif Yusiflinin, Əli Abbasın və Emin Elsevərin ədəbiyyata gəlmələrinə nəzər salmış, yaradıcılıqlarından nümunələr vermişdir. Abas Kirəcli yaradıcılığı indiki nəsillər üçün bir qədər əlçatmaz idi. Allaha şükürlər olsun bu yazarın zəngin yaradıcılığı, eləcə də İsa Sadiqin qəlbəyatımlı poeziyası itib-batmamış, Y. Yusifli tərəfindən üzə çıxarılıb.Bu kitaba daxil olunmuş mənim Yusif Yusiflinin 60 illik yubileyinə həsr etdiyim ,,Maarif Fədaisi” adlı radio oçerkimi bu sözlərlə bitirmişdim: ,,Yusif müəllim, haqqınızda eşidəcəyimiz daha xoş xəbərlərin sorağı ilə hələlik söhbətimizə burada nöqtə qoyuruq. Özü də o diləklə ki, haqqınızda söyləniləcək ən səmimi sözlər və eşidəcəyimiz ən xoş xəbərlər hələ öndədir”. Diləyim, arzum və istəyim çin olub. Yusif müəllimin şair, nasir və publisist titullarına biri də əlavə olundu- tətqiqatçı. Bu addımın da o biriləri kimi uğurlu olsun!

Və sonda. Kitabın məziyyətləri haqqında əsərin özundə də, qəzet və dərgi səhifələrində də xeyli xoş sözlər deyilmiş, bundan sonra da cox deyiləcək, cox yazılacaqdır. Mən isə onu nəzərə çatdırmaq istəyirəm ki, Gürcüstan azərbaycanlılarının artıq ədəbi pasportu, ədəbiyyat tarixi vardır.

Zəhməti sevən, mayası zəhmətdən yoğrulan ədəbiyyat tarixinin yaradıcısının gələcək uğurlarının sorağı ilə, hələlik.

Emin Elsevər (Mahmudov)

,,Sözün işığı” qəzeti 2012-ci il, 19 mart

Yusif Yusifli – Azərbaycan xalqının ədəbiyyat tarixinin

yaradılmasında atılmış ilk addımdı

Keçən il Gürcüstan azərbaycanlıları üçün bir çox cəhətdən əlamətdar oldu. Onlardan ən önəmlisi qocaman yazarımız Yusif Yusiflinin

,,Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kitabxanası” seriyasından həmin idarənin loqotipi ilə buraxılmış və Tbilisinin ,,Universal”

nəşiryyatında işıq üzü görmüş, 635 səhifə həcmində ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX əsərlər)” kitabının birici cildinin oxuculara çatdırılmasıdır.

Baş redaktor Arif Əmrahoğlu ,,Ruh yazdıran söz” adlı ön sözündə yazır: ,,Borçalı ziyalıları... heç bir təmənna güdmədən, içdən gələn səmimi istəklə tələb olunan yox, lazım gələn işi görürdülər... Bütün hallarda Borçalı ziyalılarının müxtəlif sahələri əhatə edən fəaliyyətləri yurdun yalnız keçmişini qoruyub saxlamaq işinə deyil, həm də itkisiz, var olduğu şəkildə sabahına getməsi işinə xidmət idi. Borçalının bu gün yaşaması bir də məhz o ziyalıların sayəsində mümkün olubdur. Belə ziyalılardan biri də elimizin-obamızın ağırtaxdalı kişilərindən olan Yusif Musa oğlu Yusiflidir”.

Bu həmin Yusif Yusiflidir ki, öz kökünə sadiq qalıb, əcdadlarının işini davam etdirərək doğma Borçalısına xidməti şərəf işi sayır, özünün hər tərəfli fəaliyyətini vətəninə, xalqına xidmətə yönəldir. O, ömrünün yarım əsrdən çoxunu Marneuli rayonundakı Böyük Muğanlı orta məkdəbinin müəllimi, dərs hissə müdiri və ömrünün qırx dörd ilini direktoru vəzifələrinə həsr edib, onun məktəbi Borçalıda yeganə təhsil ocağıdır ki, Yusif Müəllim orada zəngin ,,Gürcüstan və Azərbaycan xalqlarının dostluq”, ,,Tarix-etnoqrafiya”, ,,Ədəbiyyat”, Yusif Yusifli muzeyləri yaradıb, xüsusilə, Borçalı üçün ağır keçən məşum illərdə onu qoruyub saxlayıb, məktəbi əsl maarif ocağına, elm və mədəniyyət mərkəzinə çevirib.

Belə adamlar öz fəaliyyətlərində heç zaman dar çərçivədə sığınıb qalmırlar, parlaq istedadlarını çoxşaxəli şəkildə biruzə verirlər, bilik və bacarıqlarını vətəninə, xalqına xidmət işinə həsr edirlər. F.Köçərli keçən yüzilliyin əvəllərində M.F.Axuntzadəyə həsr etdiyi əsərlərindən birində yazırdı: ,,Mərhum Mirzə Fətəliyə haqq-taala belə gözəl təb ilə, belə ziyada xoş xasiyyət, əqli-səlim, açıq fikir, artıq fərasət və zəkavət dəxi mərhəmət qılmışdır. Heyrət etməli bir sirdir: istədiyinə basa-basa verir, istəmədiyinə heç zad vermir”.

Biz Yusif Yusifli istedadını, onun çox şaxəli fəaliyyətini böyük Mirzə Fətəlnin yaradıcılığı ilə yanaşı qoymaq, onunla müqayisə etmək fikrindən uzağıq. Amma, onu da yaddan çıxarmaq lazım deyildir ki, öz zəmanəsində Mirzə Fətəlinin ətrafında Yusif Yusifli kimi xalq işi uğrunda özunu çıraq kimi yandıran ziyalılar olmasaydı, tək Mirzə Fətəli yetişə bilməzdi, yetişsə də o qədər uzağa gedə bilməzdi. Şəxsiyyəti zaman, xalq yetişdirir, tərbiyə edir və taleyini, gələcəyini ona tapşırır. Təkcə onu demək kifayətdir ki, ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” iyirimi birinci yüzilliyin əvvəllərinə qədər heç kəs yazmamışdı və indiyə qədər heç kəs bu fikrə düşməmişdi.

Bu xeyirxah işə Yusif Yusifli girişdi və onun öhtəsindən uğurla gələ bildi.

Bizdə belə fikir yaranıb ki, bütövlükdə Azərbaycan xalqının ədəbiyyat tarixi yazılıb. Amma diqqətlə baxsaq görərik ki, bu, Azərbaycan ədəbiyyat tarixi yox, Azərbaycan ədəbiyyatının tarixidir. Mənə irad tuta bilərlər ki, bunların hər ikisi eyni şey deyilmi? Məsuliyyət hissi ilə deyə bilərəm ki, eyni şey deyildir və ola da bilməz. Hazırkı halında Azərbaycan xalqının ədəbiyyatı bütün dünyada yaşayan, bütün bölgələrdə fəaliyyət göstərən əlli milyonluq azərbaycanlıların ədəbiyyatını əhatə etmir. Bu proses öyrənilmək mərhələsində olduğundan və hələlik tamamilə öyrənilib başa çatmadığından Azərbaycan xalqının ədəbiyyat tarixi barədə danışmaq olmaz. Öyrənilməsi lazım gələn sahələrdən biri də Gürcüstan türklərinin ədəbiyyat tarixidir. Yusif Yusifli bizə xatırlatdı ki, xalqımızın ,,Vətəndən uzaqda qalan torpaqları”nın haqqında danışmağa layiq olan ədəbi prosesi formalaşıb, ədəbiyyat tarixi haqqında danışmaq olar və bu, ,,Azərbaycan xalqının ədəbiyyyat tarixi”ni yaratmaq üçün çox önəmlidir.

Gəlin görək Yusif Yusifli öz düşüncələrinin bu məqamına necə gəlib çıxmışdır.

Hər şeydən əvvəl o, uzun müddət Borçalı ədəbi prosesini öyrənmiş, sənətkarların həyat və yaradıcılığı barədə materiallar toplamış, əvvəlki kitablarında, müxtəlif mətbuat orqanlarında çap etdirmişdi. Nəhayət, uzun illərin araşdırmalarının nəticəsi olaraq üç cilddə nəzərdə tutulmuş ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyatı tarixi”nin birinci cildini geniş oxucu kütlələrinin, elmi ictimaiyyətin ixtiyarına vermişdir. İndiyədək hər iki respubilikanın ədəbiyyatşunasları tərəfindən çoxsaylı dəyərli resenziyalar yazılıb, ümidvarıq ki, indən belə də yazılacaq və Y.Yusiflinin bu fundamental tətqiqatının əsl qiyməti veriləcəkdir, onun ,,Azərbaycan xalqının ədəbiyyatı tarixin”in yaradılmasında atılmış ilk addım olduğu qeyd ediləcəkdir.

Y. Yusiflinin haqqında danışdığmız kitabı bu tipli əsərlərin yaradılması baxımından atılmış ilk addım olduğundan burada Gürcüstanda, xüsusilə onun Borçalı bölgəsində yaşayan azərbaycanlıların yaratdığı ədəbi əsərlərin elmi təhlilini vermiş, çox çətinliklə ev arxivlərindən topladığı şair və yazıçıların əsərlərindən nümunələr də vermişdir.

Kitabın əlimizdə olan birinci cildi altı fəsildən ibarətdir. Birinci fəsil ,,Sözün qüdrəti”, ,,VII-X əsrlər Azərbaycan ədəbiyyatına qısa bir nəzər”, ,,XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatı”, ,,XIX-XX əsrlər Tiflis Azərbaycan ədəbi mühitinin ən görkəmli nümayəndələri”; İkinci fəsil ,,XVIII-XX əsrlər Borçalı ədəbi mühiti”; Üçüncü fəsil XIX əsr ədəbiyyatı; Dördüncü fəsil ,,XX əsrin əvvəllərində ədəbiyyat”; Beşinci fəsil ,,XX əsrin ortalarında ədəbiyyat”; Altıncı fəsil ,,1940-1950-ci illərdə yaranan yeni Borçalı nəsrinin inkişaf yolları” adlanır.

Göründüyü kimi, birinci kitab VII əsrdən başlayaraq XX əsrin ortalarına qədər davam edir və özündə on üç əsrdən ibarət böyük bir zamanı cəmləşdirir. Yazılması nəzərdə tutulan ikinci və üçüncü kitablar isə təqribən 100 illik zaman kəsiyini əhatə edəcəkdir. Bu, Borçalıda və ümumiyyətlə, Gürcüstanda yaşayan azərbaycanlıların 100 ildə yaratdıqlarını işıqlandırmağa həsr olunacaqdır.

Həmin kitabın birinci fəslinə daxil edilmiş ,,Sözün qüdrəti” oçerki zövqlə yazılmış, qədim və orta əsrlər Azərbaycan ədəbyyatı haqqında oxuculara yığcam məlumat verilmişdir, sonrakı dövürlərdə sürətli inkişaf yoluna düşmüş söz sənətimizin həm ölkə daxilində, həm də onun indiki sərhədlərindən kənarda şaxələrinin formalaşmasında Xaqani, Nizami, Ə. X. Dəhləvi, Füzuli, Xətai və başqaları kimi sənətkarların böyük təsiri olduğundan danışılır. Ümumiyyətlə, cildə daxil edilmiş məlumatın bolluğu, özlərinin elmi səviyyəsi və təhlil ustadlığı cəhətdən diqqəti cəlb edir.

Y. Yusifli ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” (Birinci cild) əsasən öz araşdırmalarından istifadə edib və beləliklə, öz boynuna çox ağır yük götürüb. Bu yükü daşımaq heç də bir adamın işi deyildir. Yuxarıda da dediyimiz kimi, bu və ya digər xalqın ədəbiyyat tarixinin yazılmasında böyük bir kollektiv iştirak edir. Y. Yusifli isə bu ağır işin çətinliyini öz boynuna götürmüş və titanlara məxsus yükü öz boynunda daşımalı olmuşdur. Yük ağır, yol bələdsiz. Bu yolda azmaq da olardı, büdrəmək də olardı. Lakin Y. Yusiflinin böyük ağlı, erudisiyasi, bilik və bacarığı köməyə gəlmiş, onu çətinliklərdən qoruyub saxlamış və biz deyərdik ki, böyük nailiyyətlər əldə etmişdir.

Artıq yuxarıda göstərdiyimiz kimi ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyatı tarixi” (Birinci cild) əsasən uğurlu alınmış, genış oxucu kütləsinin, elmi ictimaiyyətin rəğbətini qazanmışdır.

Yusif Yusiflinin bu sahədə atdığı addım birinci addımdır və orada qüsurlar tapmağa cəhd etmək istəyənlər qoy əllərini ürəklərinin üstünə qoyub etiraf etsinlər, görək onların özləri belə titanik işin öhdəsindən gələ bilərdilərmi? Əgər gələ bilərdilərsə nə üçün qollarını çirməyib işə girişmirdilər? ,,Uzaqdan döyüş asan görünür” deyiblər. Bu meydana çıxmağa təkcə Yusif Yusifli cəsarət edə bildi.

Əldə etdiyimiz məlumata görə müəllif kitabın ikinci cildi üzərində gənclik şövqü ilə işləyir və biz tezliklə onun çap ediləcəyi ümidindəyik və əminik ki, bu, bizim qocaman ədəbiyyat tarixçisinin növbəti böyük qələbəsi olacaqdır.

Meydan jurnalının baş redaktoru

Əlixan Binnətoğlu.

Uzaq keçmişdən bu günkü və gələcək

nəsillərə mənəvi pəncərə.

Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə və köklərə malikdir. Bu, hər iki xalqın ədəbiyyatında da özünü aşkar surətdə büruzə verir. Elə Qafqaz türklərinin ədəbiyyatının və mədəniyyətinin, sonralar da mətbuatının inkişafında Tiflis ədəbi mühitinin əhəmiyyətli rolu olmuşdur. Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixini araşdıran bütün tətqiqat əsərlərində də bu xüsusat önə çəkilir. Yusif Yusiflinin 2011-ci ildə Tbilisidə çap olunmuş ,,Gürcüstan azərbaycanlılarının ədəbiyat tarixi” kitabının I cildi bu sahədə aparılan tətqiqat işləri sırasında ən sanballılardan biri kimi qiymətləndirilir.

Yusif Musa oğlu Yusifli 1928-ci il may ayının 14-də Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olubdur. O, 1949-2005-ci illərdə Böyük Muğanlı orta məktəbində 3 il Azərbaycan dili və ədəbiyyat müəllimi, 10 il direktor müavini, 44 il həmin məktəbin direktoru işləmişdir. 2005-2009-cu illərdə məktəbdə yaratdığı ,,Azərbaycan və Gürcüstan xalqlarının dostluq”, ,,Tarix-etnoqrafiya”, ,,Ədəbiyyat”, ,,Yusif Yusifli” muzeylərinin direktoru işləmişdir. İctimai əsaslarla 1965—1975-ci illərdə rayon pedaqoji cəmiyyətinin məsul katibi, 1990-2005-ci illərdə Marneuli rayon Ağsaqqallar Şurasının sədri olmuşdur.

Yusif Yusifli bir yaradıcı şəxs kimi 60 illik ədəbi fəaliyyəti dövründə ,,Fəryad”, ,,Çalacaq qələbə Heydər dühası”, ,,İki ürək”, ,,İnsanı ümid yaşadır”, ,,Dədə Yusif və Gülərüz”, ,,Sadiq və Xatın”, ,,Atadan oğullara”, ,,Qaş Muğanlı”, Ömür tələsir”, ,,Nəsihətlər” poemalarının, Maestro Niyazi haqqında yazdığı ,,Dahilər ölmür”, ,,Xatirələrin qanadlarında”, ,,Qaş Muğanlı” povestlərinin, onlarla publisist əsərlərin, hekayələrin, oçerklərin, iki yüzdən çox tətqiqat xarakterli məqalələrin, xatirələrin, pedaqoji-metodik tövsiyələrin müəllifidir.

Onun şərəfli əməyi Gürcüstan hökuməti tərəfindən yüksək qiymətləndirilmiş, iki dəfə ,,Şərəf” ordeni, çoxsaylı medallarla, Gürcüstan KPMK-nın, respublika Maarif Nazirliyinin, rayon rəhbərliyinin ,,Fəxri fərman”ları, hər iki respublikanın ,,Fəxri Diplom”u ilə təltif edilmişdir. Qabaqcıl maarif xadimi kimi iki dəfə respublika müəllimlər qurultayına nümayəndə seçilmişdir.

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” Yusif Yusiflinin doqquzuncu kitabıdır. Üç cilddən ibarət olacaq bu kitabın birinci cildinə XVIII-XX əsrlər (1915-ci ilə qədər) Borçalıda yaşayıb-yaratmış 46 nəfər qələm və ilham sahibi daxil edilmişdir. Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünə, Tiflis ədəbi mühitində fəaliyyət göstərmiş görkəmli Azərbaycan yazıçılarının yaradıcılığının Tiflis dövrünə xüsusi diqqət yetirən müəllif uzun illər apardığı araşdırmalara dair icmal-məqalələr yazmış, həyat və yaradıcılıqlarını xronoloji ardıcıllıqla qələmə aldığı şair və yazıçıların əsərlərindən nümunələri bu cilddə daxil etmişdir.

Orta və ali təhsil müəssisələrinin müəllim və tələbələri, Borçalı ədəbi mühitini tədqiq edən araşdırıcılar və bir də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın baş redaktoru və ön söz müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, redaktorları şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyavuş Uyğun və ,,Regionpress” qəzetinin redaktoru Binnət Əlioğludur. Kitaba Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İdarə Heyətinin sədri Fazil Həsənov, ,,Azərbaycan Universiteti”nin elmi işlər üzrə prorektoru, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli müsbət rəy yazmışdır.

Yusif müəllim uzun illər ərzində gərgin zəhməti hesabına ərsəyə gətirdiyi bu kitabda ta orta əsrlərdən başlayaraq dövrümüzə qədər Borçalıda yazıb-yaratmış söz sahiblərini üzə çıxartmış, onların ədəbiyyatımızda tutduğu yeri, mədəniyyətimizin inkişafına göstərdikləri xidmətləri qədirşünaslıqla qiymətləndirilmişdir.

Yusif Yusiflinin tətqiqat obyektləri arasında insan materialı kimi tədqiq etdiyi şəxsiyyətlər arasında elələri var ki, elm aləmində məlum olmayıb, yetərincə öyrənilməyib. Belə yaradıcı kəşflərin sevincini mən də yaşamışam və ədəbiyyatda tapıntıların gətirdiyi məmnunluq hissinin nə demək olduğunu yaxşı bilirəm. Buna aid bir misal çəkmək istəyirəm: Bir dəfə məclislərin birində mübahisə predmeti olan bir beyt diqqətimi çəkdi:

Ac arı tək ləblərində bal gəzim,

Bal mənimdi, pətək sənin, ay gözəl...

Bu çox gözəl, mənalı, tutumlu sözlərin müəllifinin kim olduğunu soruşdum. Dedilər Allahverdi İbrahimoğlunundu. Sağ olsun, bizim elin ağsaqqallarından biri, atamın bibisi oğlu, Qorqudşünas alimimiz Hüseynqulu Məmmədli, məni sövq elədi bu işlərə, məsləhət gördü ki, bütün bunları yazıya alım. Düşdüm izinə, xeyli adamlarla əlaqə saxladım, Allahverdi İbrahimoğlunun yaradıcılığından nümunələri necə tapmağın mümkünlüyünü soruşdum. Onun müasirlərinin bir çoxu indi həyatda yoxdu. Nə isə... Bizim qonşu kəndə-Saraclıya gedib çıxdım. Aşıq Söyün Saraclının dəftərindən Allahverdi İbrahim oğlunun müəyən şeirlərini tapdım. Sonra qəzetdə çıxış elədim. Şeirlərindən birində deyir:

Eşit Allahverdinin ah-fəryadını,

Ləbin şirin, bal da verməz dadına,

Gəlin, sizə faş eyləyim adını,

Ağ üzündə üç nişanı yandırar.

Bu cür şeirlərin itib-batmasının yolverilməz olduğunu yazılarımda vurğulamışam. Araşdırmalarımı davam etdirərək, Aşıq Polad, Səhnə Alməmmədli kimi o vaxta qədər elmi ictimaiyyətə naməlum olan qüdrətli söz sahiblərinin taxçada-boxçada yatan yaradıcılıq nümunələrinin üzə çıxarılmasına müəyyən dərəcədə xidmət göstərmişəm.

Sağ olsun bizim Yusif müəllim, mənim də xidmətimə dəyər verib, müəllifi olduğum kitablara istinad etmişdir. Müəllif yazır: ,,Faxralı tək ağır elim var mənim” kitabının ərsəyə gəlməsində (1997-ci il, Bakı) Faxralı şairlərinin toplanmasında, tərtibində, nəşrə hazırlanmasında böyük xidmətləri olan gözəl ziyalı, xeyirxah insan, incə, zərif ruhlu şair Səməndər Məmmədlinin Borçalı şeir-sənət dünyasına bəxş etdiyi kitabın oxucuların, tətqiqatçıların böyük marağına səbəb oldu”. Yusif müəllim qeyd edir ki, araşdırdığı Borçalı ədəbiyyatının birinci cildinə Faxralı şairlərindən Allahverdi İbrahimin, Güllər Pərinin, Səhnə Alməmmədlinin, Şir Nəbinin, Qara Qəribin, İsmayıl Orucoğlunun (Güllərin) şeirlərinin daxil edilməsində ,,Faxralı tək ağır elim var mənim” kitabı ona yardımçı olmuşdur.

Əlbəttə, Yusif müəllimin tətqiqatları Faxralı da daxil olmaqla, Borçalının bütün bölgələrini əhatə etmişdir. O, mənim kitabımdan başqa daha bir çox dərin və sanballı mənbələrə istinad etmişdir. İstifadə olnmuş ədəbiyyat sırasında ,,Azərbaycan tarixi” (II cild, 1998 - ci il, Bakı),

,,Azərbaycan ədəbiyyat tarixi” (iki cilddə, 2004-2007-ci illər, Bakı), ,,Azərbaycan qadın şairləri antologiyası” (Bakı, 2005-ci il. Əzizə Cəfərzadə, Nigar Rəfibəyli), ,,Ulu Borçalı” kitabı (1998-ci il. Məmməd Sarvan. Bakı), ,,Qaraçöp” kitabı (1996-cı il, ədəbi-etnoqrafik toplu, Bakı), ,,Qarayazı” kitabı (2001-ci il. Vahid Ömərli), ,,Ədəbi Gürcüstan” (2007-ci il. Rafiq Hümmət. Bakı), ,,Köklərdən budaqlara” (1998-ci il. Zəlimxan Yaqub.Bakı.) və başqa kitablar, həmçinin Yusif Yusiflinin ev arxivində saxlanılan ,,Gürcüstan”, ,,Marneuli”, ,,Çənlibel” və digər qəzetlər vardır. Yusif Yusiflinin istifadə etdiyi məxəzləri AYB-nin katibi Arif Əmrahoğlu düzgün müşahidə etmiş və kitaba yazdığı ,,Ön söz”də həmin məxəzlərin əhəmiyyətini vurğulamışdır: ,,Bu nadir kitabın ərsəyə gəlməsində altmış il bundan əvvəl Xındı Məmməddən, aşıq Rza Qəniyevdən, folklor, aşıq ədəbiyyatı və el şairlərinin yaradıcılığının kamil biliciləri Məhəmməd Ağakişiyev (ibtidai sinif müəllimi idi) və böyük qardaşı Abbasdan yazıya aldıqları ən qiymətli məxəz idi. İkinci qiymətli məxəz kitabda verilən şairlərin bir çoxu ilə Yusif müəllimin vaxtı ilə dostluq, yaxınlıq əlaqələrinin olması, onların şeirlərinin müəyyən hissəsini yazıya alması olmuşdur. (Həsən Məcruh, Xəstə Namaz, Qara Qərib, Ağacan, Abbasqulu Eləbağlı, Ziya və İsa Borçalılar, Sədi bəy Arif, Balakişi Alı oğlu, Hidayət Bayramlı, Rəşid Hacallı, İbrahimxəlil Alı oğlu, Abbas Kirəcli və s.). Üçüncü qiymətli məxəz Salman Mümtaz adına AMMİ arxivinin Əlyar Qarabağlı, Həsən Məcruh fondundan səmərəli istifadə etməsi olmuşdur. Dördüncü qiymətli məxəz Kosalıda (Qarayazı) Mirzə Mehdinin nəvəsi Faiq Almaz oğlunun və Kosalı məktəbinin direktoru Xan Çobanın köməkliyi ilə ev arxivindən, professor Şürəddin Məmmədlinin, Bəhram Mehdinin, Leyli Tahar qızının, Səttar Məmmədovun, Zahid Nəsibzadənin və b. ev arxivlərindən geniş istifadə etməsi olmuşdur”. Kitabın baş redaktoru çox haqlı olaraq qeyd edir ki, uzun illər gərgin əməyin nəticəsində ərsəyə gələn kitab bir tərəfdən Borçalıda yaranan ədəbiyyatın tarixi, inkişaf meylləri və nümayəndələri haqqında müəyyən təsəvvür yaradır, yeni tətqiqlər, araşdırmalar üçün uğurlu mənbəyə çevrilir, digər tərəfdən də Yusif müəllim kimi şəxsiyyətlərin ziyalılıq ənənələrinin davam və inkişaf etdirilməsinin aktuallığını, əhəmiyyətini ortaya qoyur.

Bu gün millilik və azərbaycançılıq ideologiyası kontekstində Gürcüstan azərbaycanlılarının ədəbiyyatına obyektiv elmi münasibət nə qədər zəruridirsə, bu zümrədən olan sənətkarların yaradıcılığını ümumən Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsi kimi öyrənib elmi mənzərəsini bütövləşdirmək bir o qədər zəruridir. Burası da var ki, ədəbi-tarixi prosesə elmi qiymət vermək üçün hər bir sənətkarın yaradıcılığına həssaslıqla yanaşmaq və dərindən öyrənmək zərurəti də qaçılmazdır. Bu zərurəti başa düşən Yusif müəllim heç bir təmənna güdmədən bu işə girişmiş və üzərinə götürdüyü ağır vəzifənin öhdəsindən peşəkarcasına gəlmişdir. Yusif müəllim tətqiqatlarında Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə ,,qısa bir baxış” adı altında geniş yer vermiş, gürcü şairlərinin, ədəbiyyatşünaslarının Azərbaycan klassiklərinə doğma münasibət bəsləmələrini xüsusi vurğulamışdır. Türk-Azərbaycan dilində şeir yazan yunan və aysoru aşıqlarının yaradıcılıq nümunələrini də Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafına xidmət edən amil kimi nəzərdən keçirmişdir.

Yusif Yusifli öz tətqiqatlarında hələ çox gənc yaşlarından, 1952-1955-ci illərdə təhsil aldığı dövrdə başlamışdır. Onun ədəbiyyat müəllimi professor Əzizə Cəfərzadə bütün tələbələrinə tapşırıq verərmiş ki, yaşlı adamlardan, aşıqlardan mənsub olduqları bölgənin folklor nümunələrini, şairlərini, yaradıcı aşıqlarını axtarsınlar, soraqlaşsınlar, tapdıqlarını yazıya alsınlar. Yeri gəlmişkən, qeyd edim ki, professor Əzizə Cəfərzadə xalq şairi Nigar Rəfibəyli ilə birgə ,,Azərbaycanın aşıq və şair qadınları” kitabını 1974-cü ildə tərtib etmişlər. Bu kitabdan bir qaynaq kimi istifadə edən Yusif müəllim ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I cildinə yuxarıdakı sətirlərdə adını çəkdiyim Səhnə Alməmmədlidən əlavə Fatma Alı qızı, Leyli Əzizbəy qzı, Güllər Pəri, Nabat xanım, Leyli Tahar qızı və başqa şairlərin həyat və yaradıcıllıqları haqqında zəngin məlumatları daxil etmişdir. Müəllif yazır: ,,Azərbaycan tarixinə özlərinin qəhrəmanlıq, sərkərdəlik və böyük diplomatik istedadları ilə daxil olan qadınlarımızla haqlı olaraq həmişə fəxr etmişik... Təəsüf ki, belə xoşbəxtliyi tale qadınlarımızın hamısına nəsib etməmişdir. Azərbaycan qadını zərərli adətlərin, xurafatın, hökm sahiblərinin köləsi, qulu olmuşlar. Qara çadra altında ictimai həyatdan təcrid edilmiş qadınlarımız əvvəlcə ata evində, sonralar da ,,ər evi-gor evi”ndə özünün bədbəxt, faciəli həyatını yaşamışdır. Azərbaycan qadınının bir çoxunun kölə həyatı, çadra həbsxanası dərdini gələcək nəsillərə çatdırmaq üçün və qara günlərini dərd bilənlərlə bölüşmək üçün göz yaşları ilə suvarılmış şeirlər yazmışlar”.

Yusif Yusifli indiyə qədər aparılmış araşdırmaların ümumiləşdirilməsi və çoxlu sayda yeni materialların tətqiqata cəlb edilməsi ilə Gürcüstan azərbaycanlılarının ədəbiyyatının mahiyyəti ilə bağlı dolğun təsəvvür yarada bilmişdir. Kitabda Gürcüstan azərbaycanlılarının ədəbiyyatının həm tarixi inkişaf mərhələləri, həm də müxtəlif ədəbi janrların təkamülü izlənilmişdir.

Müəllif tətqiq etdiyi ədəbiyyatın tarixi inkişafında bir neçə mərhələ müəyyənləşdirilmişdir: XVIII-XX əsrlər Borçalı ədəbi mühiti (1915-ci ilə qədər); XX əsrin ortalarında ədəbiyyat. 1940-1950-ci illərdə yaranan yeni Borçalı nəsri. Bundan başqa Yusif müəllim qədirşünaslıq göstərərək, VII-X əsrlər Azərbaycan ədəbiyyatına da qısa nəzər salır, XI-XII əsrlər Azərbaycan ədəbiyyatına ekskurs edir. Daha vacib bir məqam da Yusif Yusifli XIX-XX əsrlər Tiflis Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndələri barədə müfəssəl məlumatlar vermişdir. Gürcüstan azərbaycanlıları ədəbiyyatının mərhələləri haqqındakı bu təsnifat ciddi elmi prinsiplərə söykənir və onun tarixi inkişafı haqqında təsəvvür yaradır. Qəhrəmanlarının tərcümeyi-halı və yaradıcılıqlarının əsas xüsusiyyətlərini müəyyənləşdirməyə çalışan tətqiqatçı, yeri gəldikcə özünə qədərki araşdırmalara söykənir, onların müəllifləri ilə polemikaya girir, səmrəli mülahizələri ümumiləşdirir, inkişaf etdirir.

Kitabda Azərbaycan mətbuatının tarixindən, ənənələrindən də söz açılmış, Gürcüstan azərbaycanlılarının ,,Molla Nəsrəddn jurnalı, ,,Ziya”,

,,Kəşkül”, ,,Əkinçi” və başqa nəsrlərlə səmimi əlaqələrindən yazılmışdır. Müəllif həqiqi Azərbaycan mətbuatının ilki kimi Həsən bəy Zərdabinin 1875-ci ildə Bakıda nəşr etməyə başladığı ,,Əkinçi” qəzeti olduğunu xatırlasa da belə bir maraqlı faktı da yada salmışdır: ,,Azərbaycan dilində ilk mətbuatın tarixi Tbilisi şəhəri ilə əlaqədardır. Hələ 1832-ci ildən başlayaraq Tiflisdə ,,Tatar əxbari” adlı Azərbaycan və fars dillərində bir vərəqə nəşr edilməyə başlamışdı”.

Kitabda təkcə ədəbiyyat tariximizə deyil, Gürcüstan azərbaycanlılarının qəhrəmanlıq səlnamələrinə də işıq tutulur, coğrafi toponimlərə aydınlıq gətirilir. Dağ adları olan ,,Babakər”(Babadağı), ,,Ləlvər” sözlərinin yaranması ilə əlaqədar bilgilər verilir. Bu tip tətqiqatlara əlahiddə fəsillər ayrılmasa da, onların nəticələri sətirlərin arasından boylanır. Yusif Yusifli həm də Azərbaycan ədəbiyyatını Gürcüstanda layiqincə təmsil edən Azərbaycan-gürcü xalqlarının tarixi dostluğunun, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən ziyalılardandır. Onun əsərlərinin çoxu gürcü dilinə tərcümə edilmiş, gürcü xalqı və Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir.

İnanıram ki, Yusif Yusiflinin uzaq keçmişdən bugünkü və gələcək nəsillər üçün açılan mənəvi pəncərə kimi təqdim etdiyi, oxucunu Borçalı soykökünün poetik dünyası ilə, Dədələrin, Babaların, Ataların yaratdıqları gözəl sənət əsərləri ilə daha geniş planda tanış etməyi qarşısına məqsəd qoyduğu bu kitab öz layiqli qiymətini alacaqdır. ,,Azərbaycan ədəbiyyatı tarixi”nin altı cilddə buraxılmasından ruhlanaraq bu kitabı yazdığını etiraf edən tətqiqatçı əslində özü elə də böyük qiymət ummur. Yetər ki, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Akademiyanın Ədəbiyyat İnstitutunun rəhbərliyi ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX)” kitabını da ədəbiyyat tarixinin yeddinci cildinə daxil etsinlər. Belə bir qərarın verilməsi, gəlin razılaşaq ki, qocaman yazıçının, yorulmaz tətqiqatçının, görkəmli pedaqoqun qeyd etməyə hazırlaşdığı 85 illik yubileyinə gözəl ərmağan olardı. Sağlıq olsun!

Səməndər Məmmədov

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ,,Qızıl qələm”, ,,Vətən”

fəxri media və ,,Araz” ali ədəbi mükafatlarının laureatı .

Ədəbiyyatşünaslığımıza yeni bir töhfə.

Milli-mədəni sərvətlərimizə nəinki sahib olmaq, həm də onu dəyərləndirmək və gələcək nəslə çatdırmaq işi bugünkü ədəbi və elmi ictimaiyyətimizin qarşısında duran başlıca vəzifələrdəndir. Bu isə ciddi zəhmət, böyük mənəvi güc tələb edir. Mədəni sərvətlərə sahib olmaq, onu yaddaşlara, düşüncələrə köçürmək, kütlənin malı etmək deməkdir. Milli-mədəni sərvətlərimizin böyük bir hissəsi olan söz-sənət incilərimizi ədəbi ictimaiyyətimizin məhdud çərçivəsindən çıxarıb geniş kütləyə təqdim etmək isə bu istiqamətdə atılan ən təqdirəlaiq addımlardandır. Gürcüstanlı soydaşımız, istedadlı qələm sahibi Yusif Yusiflinin müəllifi olduğu ,,Gürcüstan azərbaycanlılarınn ədəbiyyat tarixi” (XVIII-XX əsrlər) kitabı da məhz bu cür addımlardan biridir. Görkəmli alimimiz Arif Əmrahoğlunun baş redaktorluğu ilə 2011-ci ildə çap olunmuş bu kitab üç cilddə nəzərdə tutulmuş, artıq birinci cildi oxucuların ixtiyarına buraxılmışdır.

Bu kitabla bağlı təəssüratlarımızı sizinlə bölməzdən əvvət belə xoş təəssüratları bizdə yaradan müəllifin özünün ən xoş müjdələrini sizinlə paylaşmaq istəyirik. ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı Yusif Yusiflinin xalqımız qarşısında, milli mədəniyyətimizin inkişafı naminə gördüyü ilk iş deil. Qədim Borçalı elində yaşayaraq böyük bir pedaqoji fəaliyyət dövrü keçən, məktəb direktoru kimi məsul bir vəzifənin yükünü 44 il çiyinlərində daşıyan Y.Yusiflinin ictimai fəaliyyəti də diqqəti çəkəndir. O, 1965-1975-ci illərdə Marneuli rayon pedaqoji cəmiyyətinin katibi, 1990-2005-ci illərdə rayon Ağsaqqallar Şurasının sədri olmuşdur.

Y.Yusiflinin həqiqi bir ziyalı, əsl vətəndaş kimi keçdiyi, ahıllıq zirvəsinə yüksəldiyi bu ömür yolunda onu daha çox yaşadan onun 60 illik yaradıcılıq fəaliyyətidir. Çünki Y.Yusiflinin yaradıcılığı onun iç dünyasının qovuşduğu, öz məcrasını tapdığı bir ,,məkandır”. Ədibin ədəbiyyat dünyasına bələdçilik edən çoxsaylı poemaları, povest və hekayələri, oçerkləri, xatirələri yazıçının hiss etdikləri, düşüncələri haqqında oxucuya çox şeylər deyir. Həm də Y.Yusiflinin oxucuya dedikləri, onunla bölüşmək istədikləri bunlarla bitmir. O, öz qələmini yalnız ədəbi fəaliyyət sahəsində deyil, həm də elmi tədqiqat sahəsində də sınayır.Məhz bu fəaliyyət istiqamətində onun yüzdən çox tədqiqat xarakterli məqalələri meydana çıxmışdır.

Y.Yusiflinin özünün bədii yaradıcılığı isə 45-dən artıq məqalə və oçerkin mövzusuna çevrilmişdir. Həm də bu vətənpərvər ziyalının fəaliyyəti yalnız elmi təfəkkürün deyil, bədii təxəyyülün də diqqətini çəkir. Hər iki respublikanın -Azərbaycanın və Gürcüstanın qələm sahibləri onun yaşadığı şərəfli ömür yoluna üç poema, 50-dən artıq müxtəlif janrlı şeirlər həsr etmişlər. Öz məqsədinə, amallarına doğru inamlı yol gedən Y.Yusiflinin şərəfli əməyi hökumət dairələrinin də diqqətindən yayınmamışdır. Gürcüstan hökuməti tərəfindən iki dəfə ,,Şərəf” ordeni, çoxsaylı medallar, Gürcüstan KP MK-nın, Respublika Maarif Nazirliyinin, rayon rəhbərliyinin ,,Fəxri Fərman” ları, ,,Fəxri Diplom”larla təltif olunmuşdur.

Gürcüstan soraqlı Azərbaycan söz sənətinə bələdçilik edən ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı da bu zəhmətkeş insanın şərəfli əməyinin növbəti qələbəsidir. Kitab XVIII-XX əsrlər Gürcüstan ədəbi mühitində yaşayıb-yaradan Azərbaycan söz sənətinin bir qolunu təşkil edən yaradıcı insanların həyat və yaradıcılığı haqqında dəyərli məlumatlarla zəngindir. Çox nəfis bir tərtibatda çap olunan bu kitab Ümummilli liderimiz Heydər Əliyevin “ Çoxəsrlik tariximzdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, olabilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığıni göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və bədii əsərləri, musiqisi ilə parlaq sahifələr yazmışdır. Bunların arasında şairlərimizin,yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür”- sözlər ilə açılır. Əlbətdə, müəllif tərəfindən başlanğıç üçün belə bir məqamın seçilməsi heç də təsadüf deyil. H.Əliyev dühasının söz-sənət adamlarına verdiyi bu yüksək qiymət, həm də nəinki qiymət onların xalqın tarixi inkişafında yerininin düzgün qiymətləndirilməsi əslində bu kitabın özünün dəyər və çəkisi, ən əsası isə əhəmiyyəti haqqında oxucuya çox şeylər deyir.

Doğma Azərbaycanımızın nəfəsinin duyulduğu ayrı-ayrı məkanlarda yaşayan soydaşlarımızın sözün-sənətin düzümünə çəkdiklərinin özündən bir çələng hörmək xalqımızın yaşadığı bugünkü tarixi dönəmdə çox əhəmiyyətli bir məsələdir. Çünki bu kitabın milli yaddaşımızın əhatə dairəsinin istər mənəvi, istərsə də maddi təzyiqlərlə sıxışdırıldığı bir dönəmdə bu yaddaşın dairəsini genəltmək, onu təqdim etmək, qorumaq kimi bir xeyirxah vəzifəsi vardır. Elə buna görədir ki, müəllif bura yalnız tanınmış qələm sahiblərini yox, həm də az qala unudulmuş, ədəbiyyat tarixi səhifələrinə yol tapa bilməmiş yazıçılarımızı da daxil etmişdir. Müəllif azəri-türk ruhunun yaşadığı Gürcüstan torpaqlarında milli-mədəni irsimizin həmişəyaşarlığını, zənginliyini çatdırmaq, gələcəyimizə miras qoymaq istəmişdir. Çünki istər kiçik miqyaslı, istər böyük miqyaslı söz-sənət inciləri bu torpaqda, qədim, ulu Borçalı elində milli kimliyimizin təsdiqi və təqdimidir.

Y.Yusifli bu təqdimata birbaşa keçməmiş, uzaq, miqyaslı bir fonda baxış etmişdir.Kitabda VII-X əsrlər Azərbaycan ədəbiyyatından qısa bir panoram daxil etmişdir. Gürcüstan azərbaycanlılarının yaradıcılıq telləri ilə bağlandığı milli qaynaqları göstərmək müəllifin məqsədli, düşünülmüş şəkildə atılmış addımlardandır. Daha sonra müəllif Gürcüstan azərbaycanlılarının ədəbi mühitinin təqdiminə Tiflis Azərbaycan ədəbi mühitindən başlayır və bu başlığa XIX-XX əsr ədiblərini daxil edir. Elə bu gedişatın özü müəllifə sonrakı elmi axtarışlar və bu axtarışların oxucu tərəfindən əxzi çox planlı bir istiqamət verir. Tiflis ədəbi mühitindən danışarkən müəllif A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanzadə, A.Şaiq kimi sənətkarlarlardan söz açır. Borçalı qələm sahiblərindən söz aşmazdan əvvəl o, oxucunu Borçalı ədəbi mühitinin 1915-ci ilə qədərki mənzərəsi ilə ümumi şəkildə tanış edir. ,,Molla Nəsrəddin” jurnalının da Borçalı ədəbi mühiti ilə əlaqə və təsiri də tədqiqatçının nəzərindən yayınmamışdır.Gürcüstan-Azərbaycan ədəbi əlaqələri ümumi şərhindən sonra Borçalı ədəbi mühitinin sənətkarlarından ayrı-ayrılıqla söhbət açılmışdır.

Kitaba yaradıcılıq miqyasından asılı olmayaraq söz-sənət çələnginə öz töhfəsini vermiş Borçalı soraqlı sənətkarlar daxil edilmişdir. Bu əsərin çox əlamətdar xüsusiyyətlərindən biri də unudulmuş söz adamlarının yenidən yad edilməsidir. Odur ki, bu əsər sanki el-obanın yaddaşını təzələyir.İrili-xırdalı söz sənətkarlarının Y.Yusiflinin təqdimatında verilən siyahısı yalnız zənginliyə deyil, həm də mənəvi gücə, kamilliyə işarədir. Şair təbli bir xalqın sərhədin o tayında qalan hissəsinin bu söz çələngi bu xalqın şairliyinə, mənəvi mənliyinə olan inamı daha da sarsılmaz edir. Bu kitaba çəkilən zəhmətin dəyəri və ağırlığı bir də onunla ölçülür ki, müəllif onu ,,emal olunmuş” materiallar əsasında hazırlamamış, ayrı-ayrı mənbələrdən materialları özü şəxsən toplamış, ev arxivlərində işləmişdir. Tətqiqatçı həm də bu kitaba yalnız öz elmi axtarışlarını deyil, ədiblərin yaradıcılığından bəzi nümunələr də daxil etmişdir. Bu materiallar da tədqiqatçının elmi təhlillərini tamamlamağa, oxucunun təsəvvürlərini bütövləşdirməyə xidmət etmiş olur. Müəllif Borçalı ədəbi mühitinin yaranışı, formalaşması və inkişafı istiqamətini izləməyə çalışmışdır.

Tarixi kimliyinə qəsd olunan, yad əllər uzanan Borçalı elinin sözə, onun mənəvu gücünə böyük ehtiyacı var. Öz milli-mənəvi simasını sözün varlığına hopduran, onun gücünə tapınan özü azərbaycanlı yurd yeri gürcüstanlı sənətkarlarımızın yaratdıqları irsi yaşatmaq və yaymaq kimi müqəddəs bir işi öz çiyinlərinə alan Y.Yusiflinin bu kitabı bu işin ilk müjdəsidir.İnanırıq ki, oxucular sonraki müjdələri- II, III cildləri çox gözləməli olmayacaqlar. Zəhməti çox, şərəfi ondan da çox olan bu işdə ömrünün ahıllıq illərini Gürcüstan azərbaycanlılarının sənət irsini toplamağa həsr edən müəllifə dəyərli yaradıcılıq tapıntıları və yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq Çobanlı,

Aynurə Mustafayeva,

Bakı ,,Şərqin səsi ”-2012-ci il mart ayı.

Közərən ocağın keşikçisi.

Hər dəfə yeni, maraqlı və dəyərli tapıntıları ilə məni təəccübləndirən insanlarla rastlaşdıqca düşünürəm ki, dünyanı işıqlandıran, həyatı, işıqlı soyumuz haqqında məlumatlarla biliyimizi və dünyagörüşümüzü zənginləşdirən ziyalılarımız nə yaxşı ki var.

Günəşin istisini və işığının dəyərini qaranlıqda və soyuqdan donanda bilirik. Küləyin, sərin mehin qədrini bürküdən nəfəsimiz təngiyəndə bilirik. Yağışın yağmasının həsrətini quraqlıqdan torpaqların sinəsi çat verib cadarlananda çəkirik. Qarın gözəlliyini hər tərəf ağ örtüyə bürünəndə görür və sevincini doya-doya yaşamamış, əriyib əlimizdən gedəndə təəssüflənirik. Bu təbiətə xas olan gözəlliklərin hər biri yoxa çıxanda bizi təəccübləndirir. Onun üçün də çalışırıq ki, bu təbiətin bizə bəxş etdiyi təmənnasız sərvətdən və gözəllikdən maksimum dərəcədə yararlanaq. Ancaq təəssüf ki, bunların gözəlliyini və dəyərini də hər kəs bilmir. Əgər təbiət qüvvələrini dəyərli insanlarımızla müqayisə etsək və yanaşı tutsaq görərik ki, hər ikisi tən gəlir.

İndi söhbət açacağım şəxsiyyət sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan İnsan, dəyərli ziyalı Yusif Musa oğlu Yusiflidir. Yusif müəllim Borçalı mahalında anadan olub və hal-hazırda həmin mahalda yaşayıb-yaradan el ağsaqqalıdır. İstedadlı qələm sahibi, tanınmış maarifçi, ömrünü bütövlükdə yaradıcılığa, tariximizin təbliğatına və görkəmli Azərbaycan ziyalılarının unudulmaması üçün onlar haqqında olan mühüm məlumatları dərc etdirməyə sərf etmiş və hal-hazırda qarşısına qoyduğu məqsədi davam etdirməkdədir. Yusif müəllim hər şeyin ötəri olduğunu dərk etdiyi üçün sağlığında yaddaşlarda iz salır. O, bunun üçün sözlərdən bina tikir. Bu kəlmələrin hər birində Borçalı mahalılın ziyalılarının, yazıçı və şairlərinin, qabaqçıl sayılıb-seçilən vətən övladlarının gördüyü işlərə həyat və yaradıcılıqlarına ayna tutub və cilalayaraq, bir-birinə yaraşdıraraq yaddaşlara həkk edir. Gələcək nəslimizə klassiklərimiz haqqında misilsiz dəyəri olan məlumatları bu gün öz dəst-xəttiylə yazaraq ərməğan etməyi özünə vətəndaşlıq borcu hesab edir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu ,,Ruh yazdıran söz” başlığı altında yazdığı ön sözündə Yusif Musa oğlu Yusiflinin şəxsiyyəti haqqında o qədər geniş, gözəl və dəyərli məlumat verir ki, onu oxuyandan sonra istər-istəməz insan düşünür ki, ancaq elə bir şəxsiyyət bu keyfiyyətləri özündə cəmləşdirə bilər. Y.Yisifli səkkiz iri həcmli kitab müəllifidir, saysız-hesabsız publisistik elmi-tənqidi məqalələri ilə böyük bir oxucu auditoriyasını məlumatlandırır və maarifləndirir. Öz xatirələrini qələmə aldığı ,,Maestro Niyazi” haqqında yazdığı sənədli povesti Yusif müəllimin xalqımıza hədiyyə etdiyi dəyərli əsərlərdən biridir. Y.Yusifli yazıb-yaratmaqdan yorulub usanmır, 8000 misraya yaxın yazılmış on poeması, 550 çox müxtəlif janrlı lirik şeirləri onun məhsuldarlığından və hər janrda qələmini məharətlə işlətməyindən xəbər verir. Təbii ki, bizim bildiklərimiz Yusif müəllimin mətbu orqanlarda dərc edilən və işıq üzü görən əsərləridir. Yəqin ki, onun saysız-hesabsız işıq üzü görməmiş əlyazmaları, qeydləri, xatirələri, esseləri, yarımçıq əsərləri də bəs qədərdir.

Ən maraqlısı budur ki, Yusif müəllim bu məlumatları toplamaq üçün yüzlərlə tarixi əsər mütaliə edir, arxivlərə baş vurur, yorulmadan axtarışlarını davam etdirir. Dəqiq və səlist məlumatları oxucusuna çatdirmaq üçün təəssüflənmədən ömrünün çox hissəsini saralmış vərəqlər arasında keçirir. Arxiv materiallarını dönə-dönə araşdıraraq axtarışını davam etdirir. Bunlara əmin olmaq üçün Y.Yusiflinin “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” (XVIII-XX əsrlər) adlı I cild əsərini oxumaq kifayətdir. Onun bu əsəri ədəbiyyatımızda böyük tarixi əhəmiyyət kəsb edir. Yusif müəllim 60 illik pedaqoji fəaliyyətinin 44 ilini məktəb direktoru vəzifəsində işləmişdir. Bu müddət ərzində Yusif müəllim minlərlə şagirdin tərbiyə və təhsilinin keşiyində duraraq vətənə layiqli gənclər yetişdirmişdir. Yusif müəllimin rəhbərlik etdiyi məktəbin məzunlarının böyük əksəriyyəti alim, müəllim, həkim, mühəndis, bir sözlə, öndə gedən ziyalılardır. Yusif müəllim məktəbin məzunları ilə fəxr etdiyi kimi onun yetirmələri də, öz müəllimləri ilə də qürur duyur. Mən Yusif müəllimi şəxsən tanımıram, onun haqqında yazdığı əsərlərdən yaradıcılığını izlədikcə, oxuduğum kitablardan qiyabi olaraq məlumatlıyam. Y.Yusifli haqqında məlumat toplamaq üçün daxilimdə bir arzu baş qaldırdı-onu tanımaq üçün Yusif müəllimi şəxsən taniyan insanlarla görüşmək həvəsi ilə görkəmli müəllimin yetirmələrindən biri ilə söhbət etmək istədim. Bu arzumu həyata keçirmək heç də çətin olmadı. Müəllifin ,,Sönməz ocaq” adlı kitabında mənim çox yaxşı tanıdığım dəyərli ziyalı, görkəmli alim, qayğıkeş pedaqoq Aysəba xanım Əlizadə haqqında yazdığı publisistik məqalə nəzər diqqətimi cəlb etdi. Məqalədən məlum oldu ki, Aysəba xanım Yusif müəllimin rəhbərlik etdiyi məktəbdə təhsil alıb və eyni zamanda qonşu kəndlərdə yaşadıqarı üçün ailələr bir-birini çox yaxından tanıyır. Qərara aldım ki, Aysəba xanımla görüşüb onun yaxşı tanıdığı müəllimi haqqında şəxsən onun dilindən eşidim. Belə də etdim. Aysəba xanım çox hörmət etdiyi müəlliminin adını eşidəndə onun haqqında danışmağa canla-başla razılıq verdi. Yüksək intellektə malik Azərbaycan ziyalısı Aysəba Əlizadə müəllimindən söhbət açanda sanki, o yanımızdaimiş kimi onun şəxsiyyətinə hörmət əlaməti olaraq müəllimi haqqında o qədər sakit və həlim səslə danışırdı ki, heç nə deməsəydi belə Yusif müəllimin şagirdlərinə verdiyi təlim-tərbiyə göz qabağında idi. Aysəba xanım müəlliminin fəaliyyətindən ağız dolusu danışaraq geniş məlumat verdi. O, Yusif Yusiflinin ağırtaxtalı, sayılıb-seçilən el ağsaqqalı, sözün əsl mənasında ləyaqətli ziyalı və hamıya qayğıyla yanaşan insan olmasından bəhs etdi. Aysəba xanım qeyd etdi ki, Y.Yusifli xalqına, elinə, obasına çox bağlı insan olduğunu öz yaradıcılığında göstərdi. O, elinə, obasına, xalqına təmənnasız xidmət göstərir, lazım gələndə ən ağır işin altına girir, millətinin xidmətində durmaqdan xüsusi zövq alır. Aysəba xanım milli adət-ənənəmizi qoruyub saxlamaqda Yusif müəllimin xüsusi xidmətləri olduğunu məxsusi vurğuladı. Sonra o, Y.Yusiflinin maarif sahəsindəki böyük xidmətlərindən söhbət açdı. Aysəbə xanım Azərbaycan elm, təhsil, ədəbi və ictimai mühitinə ilahi tərəfindən bəxş edilmiş belə bir şəxsiyyətin yetirməsi olduğu üçün qürür hissi duyduğunu xüsusi qeyd etdi. Söhbətinin sonunda o, müəllimin fəaliyyətinə verilən dəyərləri də deməyi unutmadı. Heç demə, Yusif Yusiflinin zəhməti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək iki dəfə “Şərəf” ordeni ilə təltif edilmişdir. Qabaqcıl və yenilikçi maarif xadimi kimi iki dəfə Respublika Müəllimlər Qurultayına nümayəndə seçilib. Söhbətinin sonunda Aysəbə xanım təəssüflə qeyd etdi ki, müəllimi haqqında günlərlə danışsa yenə fəaliyyətini, yaradıcılığını işıqlandırmaq azlıq edər, nəinki belə qısa müddət ərzində məlumat vermək...Aysəba xanımın dedikləri dönə-dönə qulaqlarımda səslənərək onunla görüşüb ayrıldım.

Yol boyu beynimdə məni düşündürən bir fikir vardı: Hər bir əli qələm tutan, öz qələmi ilə xalqa xidmət edən şəxs belə bir ziyalı haqqında yazmağı, onu xalqa tanıtmağı özünə borc bilməlidir. Mən də istədim ki, öz tədqiqatı ilə tanıyıb-tanımadığımız ziyalılarımızın fəaliyyətini işıqlandıran, klassiklərimizin həyatlarının görünməyən üzünə nur saçan, dəyərli fikirləri ilə ürəklərə sərinlik gətirən, tapıntıları ilə unudulmuşların cadarlanmış könlünə su səpən Yusif Musa oğlu Yusiflinin qar kimi bəmbəyaz, saf və təmiz, xeyirxahlıqla dolu həyatı haqqında söz deyəm və beləliklə dəyərli bir insan həyatı haqqında fikirlərimi qələmə almağı özümə borc bildim, istədim ki közərən ocağın keşiyində durub sönməyə imkan verməyən bu şəxsiyyətə öz təşəkkürümü bildirim. Bir insan ömrünü fəxrlə vərəqlədim.Fəxrlə vərəqlədim ona görə ki, hələ də gələcək nəslə nümunə olan şəxsiyyətlərimiz haqqında yazmaq mənə də nəsib oldu.

Nüşabə Məmmədli

Bakı ,,Kaspi qəzeti”

2012-ci il mart ayı.

Kitabın içindəkilər.

Ön söz: Arif Əmrahoğlu.

Birinci fəsil

Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XIX əsrlər) səh.6-37.

İkinci fəsil

XX əsrin əvvəllərində ədəbiyyat ------- səh.38-61.

Üçüncü fəsil

XX əsrin ortalarında ədəbiyyat -------- səh.62-74.

Dördüncü fəsil

XX əsrin ortalarından sonlarına qədər Gürcüstan azərbaycanlıları ədəbiyyatı. -------------- Səh.75-78.

  1. Tateroğlu Həsən ---------------------------- 79-80.

  2. Bayram Kazımoğlu ------------------------- 81-82.

  3. Molla İslam ---------------------------------- 83-84.

  4. Alı Göyüşov --------------------------------- 85-86.

  5. Bəkiroğlu Əlləz ------------------------------ 87.

  6. Şaban Məmmədli ---------------------------- 88-89.

  7. İsmayıl Güllər ------------------------------- 90-93.

8. Ələkbər Hüseynoğlu ------------------------- 94-96.

9. Nəbi Ayvazov --------------------------------- 97-99.

10. Həsən Məşədioğlu ---------------------------- 100-101.

11. Xanəhməd Cəfərli ----------------------------- 102-106.

12. Əli Hüsənoğlu -------------------------------- 107-115.

13. Əli Faxralı ----------------------------------- 116-122.

14. Vəli Qədirli ---------------------------------- 123-125.

15. Tükəzban Abbasquluqızı -------------------- 126-130.

16. Əli Borçalı ------------------------------------ 131-138.

17. Qoca Xiyalı ----------------------------------- 139-141.

18. Bahəddin Oruclu ------------------------------ 142-144.

Beşinci fəsil.

1. Şəmsi Əlizadə --------------------------------- 145-162.

2. Xoca Məhəmməd ------------------------------- 163-170.

3. Dilən Pirioğlu - --------------------------------- 171-189.

4. Məmmədhüseyn Bəxtiyarlı--------------------- 190-195.

5. Rza Darğallı -------------------------------- 196-203

6. Novruz Qaçağanlı ------------------------------ 204-217.

7. Qulamirzə Musayev ----------------------------- 218-225

8. Dünyamalı Kərəm ------------------------------- 226-270.

9. Rəhman Nəsiboğlu -- ------------------------------ 271-280.

10. Yusif Yusifli -- ------------------------------------ 281-334.

11. Həsən Sadıqlı -- ------------------------------------ 335-351.

12. Bayram Balakişioğlu ---------------------------- 352-367.

13. Əli Səngərli --------------------------------------- 368-406.

14. Bafat İbrahimov ----------------------------------- 407-426.

15. Vahid Kirəcli ------------------------------------ 427-440.

16. Sirac Daşdəmirov --------------------------------- 441-462.

17. Əlixan Binnətoğlu --------------------------------

Altıncı fəsil

Mühacirət ədəbiyyatı -- Nağı Hacıbayramlı. ----------- 463-469.

Yeddinci fəsil

,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” əsərinin I cildi haqqında Azərbaycan və Gürcüstan ədəbiyyatşünaslarının məqalələri.

1.Professor Fərhad Xubanlı

Ədəbiyyatşünaslığımıza layiqli töhfə ---------- 470-472.

2. Emin Elsevərin Zəhmətdir mayası hər bir arzunun. -- 473-476.

3. Əlixan Binnətoğlu

Yusif Yusifli – Azərbaycan xalqının ədəbiyyat tarixinin yaradılmasında atılmış ilk addımdı. ---------- 477-480.

4. Səməndər Məmmədov Uzaq keçmişdən bu günkü və gələcək nəsillərə mənəvi pəncərə ----------- 481-486.

5. Müşfiq Borçalı və Aynurə Mustafayeva

Ədəbiyyatşünaslığımıza yeni bir töhfə ----------- 487-489.

6. Nüşabə Məmmədlinin

Közərən ocağın keşikçisi ------------ 490-492.

Əzizim, Arif müəllim, salam!

,,Ədəbiyyat tarixi”nin birinci cildində təqdim edilən XX əsr Borçalı qələm sahiblərinin əksəriyyətinin həyat və fəaliyyətləri ilə bağlı aşkarladığım yeni-yeni araşdırmalarımı, tapıntılarımı ,,Ədəbiyyat tarixi”nin II cildinə daxil etmək üçün XX əsrin ayrı-ayrı mərhələlərinə dair icmal-oçerklər yazmalı oldum. 2012-2014-cü ilin bütün günlərini gecə-gündüz gərgin işləməyim gözlərimə güclü təsir etdi. Əlixan Binnətoğlu haqqında otuz səhifə yazmışam, araşdırmalarımı sona çatdıra bilmədim. Müalicədən sonra onu Allahın köməkliyi ilə tamamlayacağam. İcmal-oçerkdə də əlimdə yarımçıq yazım qalıb.

Borçalı ədəbiyyatının ən zəngin dövrü XX əsrin ortalarından başlanan dövr olduğunu tam əhatə etmək mümkün olmadığına görə geridə qalan dövrü ,,Ədəbiyyat tarixi” kitabının III cildinə daxil edilməsi nəzərdə tutulur. Kitabın materiallarının 85%-ni sizə göndərirəm. Allahın köməkliyi ilə müalicədən sonra yaza bilmədiklərimi sona çatdıracağam.

Xahiş edirəm ,,Ön sözü” fevralın 20-ə qədər mənə çatdırın.

Hörmətlə:

Yusif Musa oğlu.

14.01.2014.

Yusif Yusifli

Gürcüstan Azərbaycanlılarının ədəbiyyat tarixi.

საქართველოს აზერბაიჯანელთა ლიტერატურის ისტორია

Üç Cilddə.

İkinci Cild.

Kompüter dizaynı: Əkrəm Qəhrəmanov.

Korrektor: Qurban Əzizli.

Müəllifin ünvanı: Gürcüstan, Marneuli bölgəsi,

Böyük Muğanlı kəndi.

Telefon: 595-36-06-76.

E-mail: amm-press.@mail.ru; az_culture@mail.ru

Kitab «UNİVERSAL» nəşriyyatında çap olunmuşdur

Nəşriyyatın ünvanı: Tbilisi, 0179, İ.Çavçavadze pr.19,

Tel: 22 36 09, 5(99)172230;

გამომცემლობა “უნივერსალი”

თბილისი,0179, ი. ჭავჭავაძის გამზირი. 19

ტელ; 22 36 09, 5(99) 17 22 30

E-mail: universal@internet.ge

Sayı: 300

,,Universal” nəşriyyatı.

Tbilisi – 2014

498

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]