Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Yusif Yusifli --- Gürcüstan azərbaycanlılarını...docx
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
844.96 Кб
Скачать

Vahid Kirəcli

(1934-2002)

Kirəc Muğanlı kəndi Mirzə Həsən Məcruh kimi Ulu Borçalıya ictimai-siyasi xadim, Borçalı maarif və mədəniyyət şöbəsinin rəisi kimi fəaliyyət göstərmiş nurlu ziyalı, Mirzə Cəlillə əməkdaşlıq etmiş Borçalının görkəmli satirik şairini bəxş etmişdir. Həsən Məcruh da XX əsrin birinci yarısı - 1939-1947-ci illərdə bir roman, iyirmidən artıq povest və çoxsaylı hekayələri ilə yeni Borçalı nəsrinin əsasını qoyan Abbas Kirəcli və Azərbaycan elminə fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Mirzə Həsən oğlu kimi görkəmli oğullar bəxş etmişdir. Kirəc Muğanlı kəndi görkəmli cərrah, tibb elmləri doktoru, professoru Reyman Sadıq oğlu İsmayılov, geologiya üzrə tanınmış alim Qiyas Əhmədov kimi alimlər bəxş etmişdir Azərbaycan elminə.

Sadıq İsmayılovun, Əli Həsənovun, Calal Məmmədovun, Sədrəddin Dəmirçiyevin Borçalı maarifindəki xidmətləri minlərlə Borçalı gənclərinin yaddaşına həkk olubdur. Əyyub Məmmədovun, Hacı Əhmədovun bir təsərrüfat rəhbəri kimi, el-oba ziyalısı kimi, elin nurlu ağsaqqalları kimi uzun illər göstərdikləri xidmətləri bu gün yaddaşlarda yaşayır. Bütün şairlərin, aşıqların, folklorsevərlərin üz tutduğu, baş əydiyi, saxlanc mücrüsü, hafizəsi söz-kəlam, lətifə xəzinəsi olan Həsən Məcruhun xalası oğlu Dəmirçi Salman kimi folklor bilicisi bəxş etmişdir...

Bu qeyd etdiyim mühit Vahid Kirəcli kimi (Həsən Məcruhun qardaşı oğlu) tanınmış şair yetirmişdir. Vahid Hüseyn oğlu Məmmədov 1934-cü ildə bu bölgənin Kirəc Muğanlı kəndində anadan olmuşdur. Ata babası Gəncə şəhəri yaxınlığında yerləşən Borsunlu kəndindən XVII əsrin ikinci yarısında köçüb Böyük Muğanlıya gəlmişdir. Kirəc Muğanlı kəndinin əsasını qoyan yeddi nəsil -- Molla Əyyublular, Gejgeyillər, Mollaməmmədlilər, Yeyənlilər, Dəmirçilər, Şahverdilər, Noğaylar Qaş Muğanlıdan köçüb, əvvəlcə Körpülü kəndində (Ermənistan ərazisində) məskunlaşmışlar. Yerli əhali ilə aralarında ziddiyyət yarandığına görə oradan da köçüb Sınıq körpünün yaxınlığındakı Kirəc Muğanlının əsasını qoymuşlar. Vahidin atası Hüseyn kişi dünyasını tez dəyişdiyinə görə kiçik yaşlı bacı-qardaşının qayğıları onun üzərinə düşür. Uşaq yaşlarından ağır zəhmətə alışan Vahid dünyasını dəyişənə qədər əkin-biçin, bağ-bostanla məşğul olub.

Vahiddə şeir yazmaq qabiliyyətini görən əmisi Həsən Məcruh ilk gənclik illərində yazdığı şeirləri oxuyar, ona lazımi göstərişlərini verərdi, Şairlər, yazıçılar, alimlər, nurlu ziyalılar ocağında böyüyən Vahid ağır zəhmətlə gecə-gündüz məşğul olsa da, iş üstündə, dincini aldığı vaxtlarda, gecə saat 2-3 də oyanıb, sinəsində tuğyan edən ilhamın səsinə qulaq asar, şeirlərini mirvari, inci dənələri kimi ağ vərəqlərə düzərdi. Onun ilk qələmə aldığı şeirlərindən biri də ,,Var mənim” qoşmasıdır. Üç bəndlik bu şeirdə şair özünün əsli-nəsli, kökü, onu poeziyaya bağlayan soykökünü oxucuların da nəzərinə çatdırmaq istəmişdir:

Atam molla Hüseyn, əmim də Məcruh,

Zatımdan deməyə sözüm var mənim.

Babamdır ən məşhur Gəncəli Məmməd,

Bax bu cür astarım, üzüm var mənim.

Ata nənəm Dürrənin də atası,

Qasım ağa deyil itib-batası.

Dolanır dillərdə nəzm butası,

O nurdan nurlanan gözüm var mənim.

Vahidəm, a dostlar, itməyib zəndim,

Xıramla, Babakər arası həndim,

Mahalım Borçalı, Kirəcli kəndim.

Molla Eyyub yurdunda gözüm var mənim.

Şair bu şeirində tərcümeyi-halı üçün ən mühüm tarixi məqamlara toxunaraq bildirir ki, atamın ata babası Gəncəli Məmməd, atamın ana babası Qaş Muğanlı sakini XVIII əsrin görkəmli şairi Seyid Qasım ağa Muğanlıdır. Şair əmisi Mirzə Həsən Məcruhu da oxuculara təqdim edir. Bununla Vahid oxuculara çatdırmaq istəmişdir ki, mən şairlik aləminə təsadüfən gəlməmişəm. Şeir bizim ocaqda durna gözlü bulaq kimi XVIII əsrdən bu günə qədər çağlayır, coşur, ehtimal ki, gələcəkdə də gənc Həsənin qələmində çağlayacaq, öz axarı ilə həzin nəğmələrini oxuya-oxuya Anaxatıra, dəryalara qovuşacaq.

Vahid Kirəcli ,,Soruş” rədifli şeirində yenə də tərcümeyi-halının qaranlıq qalan sahələrinə bir aydınlıq gətirməklə yanaşı, özünün halal yaşamağından, indiyədək pak, təmiz, ləkəsiz yaşamasından söhbət açır. Şair yazır ki, əgər mənim dediklərimə bir şübhəniz olsa, qabarlı əllərimdən soruşun:

Kirəcli kəndinin doğma oğluyam,

Əslim Gəncədəndir, elimdən soruş.

Öz xalqıma ürəyimdən bağlıyam,

Kağızdan, qələmdən, könlümdən soruş.

Anam Hava idi, Hüseyn atam,

On nəvəm var, Roza xanımdır butam.

Düz yol ilə getdim, olmadı xatam,

Bağımdan, bağçamdan, gülümdən soruş.

Nakişiylə, nanəciblə aram yox,

Nə ac döyləm, nə çox pulum-param yox.

Nə ləkəm yox, nə mayamda haram yox,

Gəl mənim qabarlı əlimdən soruş.

*** *** ***

Vahidin 1998-ci ildə Bakıda nəşr edilmiş ,,Şeir bağçam, şeir bağım” kitabına yüz altımış şeiri toplanmışdır. Hal-hazırda onun ev arxivində beşyüz otuz beşdən artıq şeirləri antologiya tərtibçilərini, qəzet və dərgi redaktorlarını, xeyirxah sponsorlarını və tətqiqatçısını gözləyir!... Kitabda onun şeirlərinin yazılma tarixi ardıcıllıqla göstərilmədiyinə görə şairin yaradıcılığını dövrlər üzrə təqdim edə bilmədik.

Şair Vahid Azərbaycan şeirinin müxtəlif növlərində: qoşma, təcnis, divani, gəraylı, qəzəl və s. qələmini sınamışdır. O, yaradıcılığa məhəbbət şeirləri ilə başlayıbdır. İllər ötdükcə, dünyagörüşü formalaşdıqca, Azərbaycan şairlərinin şeirlərini oxuduqca, Mollanəsrəddinçilərin satira məktəbinin Borçalı təmsilçisi əmisi Həsən Məcruhdan öyrəndikcə, onun sənət bağçasından barındıqca qələmi püxtələşir, şeirlərində vətənpərvərlik, humanizm, didaktik-tərbiyəvi ruhlu şeirləri ilə ədəbi mühitimizə əlvan şeir çələngi bəxş etmişdir.

Vahid Kirəclinin yaradıcılığında sevgi və məhəbbət ruhlu, motivli şeirləri bunlardır: Bu kitaba daxil olan sevgi şeirləri bunlardır: ,,Pərim-1”, ,,Gözəl”, ,,Ağlayıram”, ,,Məni”, ,,Verəm”, ,,Pəri-2”, ,,Bu gün”, ,,Ay gözəl”, ,,Ceyranım”, ,,Ağrın alım”, ,,Ay dilbər”, ,,Bülbül-1”, ,,Bülbül -2”, ,,Bülbül-3”, ,,Can alan gözələ” və s. Şair ,,Pərim” rədifli gəraylısında üzünü onu məftun edən gözələ müraciət edərək, onun camalının şölə saçdığını, qızıl gülə bənzər yanaqlarının can aldığını, dilinin nabat, bal olduğunu onun nəzərinə çatdırır. Bu tərifdən Pərinin xoşhal olduğunu görəndən sonra şair bir başa mətləbə keçərək, sən mənim behişt bağça-bağımsan, insanı məst edən xoş ətirli yasəmənimsən, həmişə bülbül gülə aşiq olan kimi, sənə aşiq olan bu bülbül səni özünün canı, ciyəri, həyatı, arzu və diləyi hesab edir:

Şux camalın şölə saçır,

Yanaqların güldü, pərim.

Qaşın, gözün canlar alır,

Dilin şirin dildi, Pərim.

Bağı-behiştimsən mənim,

Xoş ətirli yasəmənim.

Qəlbim deyir, yazır əlim,

Gülünkü bülbüldü, Pərim.

Sən ciyərim, ürəyimsən,

Həyatımsan, gərəyimsən.

Şirin arzum, diləyimsən,

Niyə havan zildi, Pərim.

Eşqin mənə verdi nəfəs,

Vəsfinə hədsizdi həvəs.

Gen dünyanı etmə qəfəs,

Sənsiz günüm ildi, Pərim.

,,Can alan kimi” qoşmasında şair sevgilisinə bəyan edir ki, ay ellər gözəli, sənin eşqindən taqətdən, candan düşmüşəm. İnsafın olsun, əzraıl kimi gəl canımdan canımı alma. Ikinci bənddə şair sevgilisinə müraciət edir ki, razı olsan, yarın olardım, qollarımı ağ boynuna dolar, ləblərindən, dodaqlarından elə sorardım ki, təbibin neştərlə qan aldığına bərabər olardı.

Razı olsan, sənə mən yar olardım,

Qollarımı ağ boynuna dolardım.

Ləblərindən, dodağından sorardım,

Təbib neştər ilə qan alan kimi.

Sevdiyi gözəl əlindən dərdini heç kəslə bölməyən, sirrini dostlarına açmayan şair dərd-qəmini dağıtmaq üçün Babakər dağının yüksəkliyinə qalxır, bir qara qayanın üstündə oturub xəyala daldığı anlarda ağac budağının güllərinin arasında eşqli ürəkləri coşduran nəğməsini oxumağa başlayan bülbülə üz tutan şair:

Mən də dərdli bir aşiqəm,

Ver səsimə səs, ay bülbül.

Şurdan oyansın məşuqəm,

Olsun mənə bəs, ay bülbül.

Vurulmuşam mən bir gülə,

Qəhrin çəkib gəldim dilə.

Yaş tökürəm gilə-gilə,

Taleyimdir nəhs, ay bülbül.

Vahidəm, ömrüm illərdə,

Əzbər olmuşam dillərdə.

Sözüm gəzsə də dillərdə,

Yox hal soran kəs, ay bülbül.

*** *** ***

Vətənpərvərlik, insanpərvərlik, sülhsevərlik ruhu xalqımızın, qanında, canında, sümüyündə, genlərində əbədilik, həmişəyaşarlıq qazanmışdır. Bu nəcib humanist duyğular Azəri türklərinin möhtəşəm şifahi xalq ədəbiyyatında, eləcə də min üç yüz illik yazılı ədəbiyyatında həmişə tərənnüm edilmişdir. Ölkələr işğal etməyə, günahsız insanların qanını axıtmağa, körpələri ata-anasız, ev-eşiksiz qoymağa adət etmiş qəddar hökmdarlara min üç yüz ildir ki, yazılı ədəbiyyatımızda qəzəb və nifrət ruhlu əsərlər yazılmaqdadır. Vahid Kirəcli də belə insani duyğulardan kənarda qala bilməzdi. Onun yaradıcılığında bu mövzuya həsr edilmiş şeirlər aşağıdakılardır: ,,Allahım”, ,,Ağlayır”, ,,Qaçqının”, ,,Ay dünya”, ,,Mənim”, ,,Allah!”, ,,Qaçır”, ,,Oynayır”, ,,Ay bala”, ,,Dağlar” və b. Rusiyanın Penza şəhərində 1954-cü ildə əsgəri xidmətdə olan, doğma el-obasından ayrı düşən şair könül sarsıntılarını ,,Mənim” rədifli şeirində belə bəyan edir:

Ey Vətən, heç səni çıxarmam yaddan,

Namusum var mənim, arım var mənim.

Qəhrini çəkməkdən hər saat, hər an,

Başımda dumanım, qarım var mənim.

Ayrılıq heç taqət qoymayıb məndə,

Halımı görəcəksən özüm gələndə.

Dağlarda, düzlərdə, çöldə-çəməndə,

Dövlətim var mənim, varım var mənim.

Üç ildir ki, oynadıblar yerimdən,

Düşündükcə alov qalxır dərimdən.

Huşum itir, tamam gedir sərimdən,

Orada bağçam var, barım var mənim.

Azərbaycan torpağının iyirmi faizinin işğal edilməsi, bir milyon azərbaycanlının öz doğma ev-eşiyindən, öz isti yuvasından didərgin düşməsi, yeddi min əhalisi olan Xocalı kimi bir şəhərin dağıdılması, yerlə-yeksan edilməsi, gözəllik tacı Şuşa şəhərinin işğal edilməsi, tarixi binaların uçurulması, dahilərin heykəllərinin güllələnməsi, tarixin ən dəhşətli faciələrindəndir. Şair ,,Allah!” rədifli şeirində ulu göylərə üz tutaraq, millətim qırıldı, şəhər və kəndlərimi müxənnət qonşularımız dağıtdılar. İndi Xocalım, Füzulim, Laçınım, Şuşam, Kəlbəcərm, Qubadlım, Ağdamım və.b. doğma ərazilərim yas içindədir:

Millətim qırıldı, yurdum dağıldı,

Dərd necə qəlbimi dəlməsin, Allah?!

Bilmirəm bu nə fel, bu nə nağıldı,

Müxənnət iblislər gülməsin,Allah!

Verdilər didərgin, qaçqın ad bizə,

İndi gülür düşmən bizə, yad bizə.

Səndən qeyri kim eylər imdad bizə,

Xalqıma rəhm eylə, ölməsin, Allah!

Füzulim, Laçınım, Şuşam yasdadı,

Kəlbəcər, Qubadlı, Ağdam xəstədi...

Vahidin dərdləri dəstə-dəstədi,

Eşit, mənə yazığın gəlsin, Allah!

Qarabağ müharibəsi yeni başlayan ilk aylarda Vahid həyəcan keçirir, təlaş və intizar içində müharibənin gedişini izləyir. ,,Ağlayar” rədifli şeirində şair fəryad edir ki, Qarabağı yağılara vermək olmaz. Qarabağı Azərbaycanın ən böyük sərkərdələri, ən böyük xanları öz gözləri kimi qoruyublar. Əsrlər boyu Cavanşirlər, Babəklər, İbrahim xanlar, Cavad xanlar Vətən torpağını xarici qəsbkarlardan mərdliklə qoruyublar. ,,Ağlayar” rədifli şeirində şair yazır:

Əldən versək Qarabağı,

Tarda, sazda tel ağlayar.

Yediyimiz olar ağı,

Millət yanar, el ağlayar.

Cılızlaşar mənliyimiz,

Yasa dönər şənliyimiz.

Günahkarıq hər birimiz,

Vaqif bükər bel, ağlayar.

Versək Şuşa qalamızı,

Allah verər bəlamızı.

Ürək, könül yaramızı,

Vahid, hər ay, il ağlayar.

Tarix bu dəhşətli Qarabağ faciələrinə şahiddir ki, bunların hamısı Heydər Əliyev hakimiyyətdən gedəndən sonra başladı. Azərbaycanda uzun illər hakimiyyətə fərsiz dövlət başçıları gəldi. Daxili çəkişmələr, müharibə, döyüş taktikasından bixəbər olan təsadüfü adamların hərbi nazir olmaları həm Qarabağı, həm də Qarabağa daxil olmayan başqa rayonları düşmən asanlıqla işğal etdi. Azərbaycanın minlərlə dinc vətəndaşları vəhşicəsinə öldürüldü, Qarabağ və ətraf rayonların kənd və şəhərləri xarabaya çevrildi. Belə dəhşətli faciədən sarsılan Vahid yenə də Allaha üz tutur, ondan kömək diləyir:

Bütün dərdlilərdən dərdim çox mənim,

Heç yoxdu dərdimə qalanım, Allah!

Qarabağ tutuldu, Şuşam satıldı,

Daha yox laylamı çalanım, Allah!

Aləmə bəllidir, deyildir bu sirr,

Yüzlərlə qız-gəlin düşübdür əsir.

İntizar qəlbimi doğrayıb kəsir,

Qeyb olub intiqam alanım, Allah!

Torpağım zəbt olub əllərə düşdü,

Millətim dağılıb çöllərə düşdü.

Naləsi, fəqanı dillərə düşdü,

Vahidəm, de varmı yalanım, Allah?!

1993-cü ilin qış aylarında çadır düşərgəsinə baş çəkən, onların dərd- sərini qələmə almaq istəyən şair ,,Qaçqının” şeirini elə oradaca qələmə alır. Qışın şaxtalı-boranında qaçqınların ağır məişət şəraitini görən şair dərd anlayan arif adamlara müraciət edərək yazır ki, bu şaxtalı, boranlı, qarlı çöllərdə qalan qaçqınların qəmi, kədəri qəlbimin tac damarına od-alov salır. Satqınların əli ilə Vətən torpağının satılması, əli yalın dinc əhalinin, xüsusilə də körpələrin, qocaların, qız-gəlinlərin tankların, topların, dolu kimi, yağdırdığı mərmilərə, güllələrə məruz qalmaları Vahidi sarsıdır. Qaçqınların göz yaşları, fəryad və ah-nalələrlə yoğrulmuş acı xatirələri şairin qəlbində ,,Qaçqının” şeirinin yaranması üçün lazımi istiqamət verir.

Ey ariflər, dərd anlayıb bilənlər,

Yandırır qəlbimi gözü qaçqının.

Şaxtalı, boranlı, qarlı çöllərdə,

Qalıb neçə-neçə yüzü qaçqının...

Bayır çovğun, çadır yuxa, yer də nəm,

Geyim qıtdı, ocaq yoxdu, ruzi kəm.

Dözülməz dərdlərdən bağlayıb vərəm,

Qanlı yaş axıdır gözü qaçqının.

Satqınlar əlilə yurdu satıldı,

Qız gəlinlər tank qabağına qatıldı.

Başının üstündən toplar atıldı,

Sərkərdən qalıbdır özü qaçqının.

El-obalar yad əllərə keçibdi,

Yurd-yuvalar dağılıbdı, uçubdu.

Canını götürüb üryan qaçıbdı,

Elə hey Vətəndir sözü qaçqının.

Can üzülüb, taqət gedib, xəstədi,

Qədd bükülüb, əllər üzün üstədi.

Vahid sual edib cavab istədi:

Allah! Güləcəkmi üzü qaçqının?!

Vahid ömrü boyu qabarlı əlləri ilə və halal zəhmətilə özünün böyük ailəsini çox yaxşı saxlardı. Evinə, həyət-bacasına, bağ-bostanına baxanda onun səliqə-səhmanı insanı valeh edərdi. Mən uzun illər onunla dostluq etmişəm, 3-4 dəfə də onunla deyişmişəm. ,,Gəlir”, ,,Mənim”, ,,Olarmı”,

,,Qiymətində” rədifli deyişmələri 2000-ci ildə işıq üzü görən ,,Ömrün narahat anları” kitabıma daxil etmişəm. Halal yaşamaq, halal ömür sürmək onun həyat idealı olmuşdur. Onun bu saflığının, təmizliyinin, paklığının şeirlərinə də keçməsi çox sevindirici haldır. Çünki həyatda elə qələm sahibləri ilə rastlaşmışıq ki, şəxsiyyəti ilə yaradıcılığı arasında oxşarlıq yoxdur. Bəzi yaradıcı şəxslərin əsərlərini təhlil edərkən bir-birinə bənzəməyən, tamamilə fərqli iki şəxs durur qarşımda. Bu cəhətdən Vahid xoşbəxt sənətkarlardandır. Halallığa, zəhmətə, əməyə çağırış ruhunun onun şeirlərinə keçməsi oxucuya xoş təsir bağışlayır. Bu qeyd etdiklərimizin parlaq nümunələrini ,,Oğluma nəsihət”, ,,Qızım bala”, ,,Qardaş”, ,,Oğluma” və b. şeirlərinin ruhunda, məzmununda, ideyasında da görürük:

Ey oğul! Sən üçün nəsihətim var,

Söyləyim həyatda vacibdir onlar:

Əvvəla, el üçün yarayan ol sən,

Ədalət, həqiqət arayan ol sən.

Halallar içində halal olgunan,

Tər töküb halalca ənam alginan.

Əgər ki, alışsan işə, zəhmətə,

Ömründə düşməzsən heç bir töhmətə.

Zatı pak olanla ünsiyyət eylə,

Böyüklər sözünə hey biət eylə.

Əgər ki, böyüyün çıxsan sözündən,

Düşərsən büsbütün elin gözündən.

Dosta etibarlı, sədaqətli ol,

Həmişə hörmətli, mərhəmətli ol.

Kim düşsə əgər ki, elin gözündən,

Axır peşman olar özü-özündən.

Sən bacar hamıya eyləynən hörmət,

Desinlər o atan Vahidə rəhmət!

*** *** ***

Dərin mənası və tərbiyəvi dəyəri olan vətənpərvərlik, humanist ruhlu, məzmunlu şeirlər müəllifi Vahid Kirəcli eyni zamanda tanınmış satirik şairdir. O, satirik şeirləri ilə dövrün, zamanın, ictimai mühitin mənfiliklərini cəsarətlə tənqid etmişdir. Atalar gözəl deyiblər ,,Aşıq gördüyünü çağırır”(yəni oxuyur). Əslində şairlər də gördüyünü yazır. Vahid Kirəc Muğanlı sovxozunun rüşvətxor, direktorunu bir neçə nəfərlə birləşib sovxozun istehsal etdiyi kənd təsərrüfatı məhsullarını, mal-qarasını satıb dağıtdıqlarını cəsarətlə tənqid edir. Şair sovxozun keçmiş direktorunu baş aqronomun dili ilə tənqid edir. O, Ələkbər Sabir satirasının ən başlıca xüsusiyyətlərindən sayılan -- ,,mənfi tipləri öz dilləri ilə tənqid etmək” üslubundan səmərəli istifadə etmişdir:

Ay qağa! Dur ayağa, gör o gələn müdürdümü,

Əşi, qoymur dolanaq, əvvəlki heç güdürdümü?!

Bədbəxtin bilməyirəm yoxdurmu gözünün yuxusu,

Gecələr sahə gəzir, yox hürküsü, nə qorxusu.

Bax belə işlərindən lap gəlir töhmət qoxusu,

Əzəlki adam idi, bir kəsi incidərdimi,

Əşi, qoymur dolanaq, əvvəlki heç güdürdümü?!

Cəmi bir aydı gəlib, gör hamını vurdu dişə,

Ataraq ,,yaxşıları” diplomluları qoydu işə.

Fəhləyə arxa, ,,kişiləri” çəkdi şişə.

Bunun tək o iş üçün heç adamı didirdimi,

Əşi, qoymur dolanaq, əvvəlki heç güdürdümü?!

Bağlayıbdı büsbütün əlimizi-qolumuzu,

Kəsibdir pünhan olan izimizi-yolumuzu.

Görürsən hey dolanır sağımızı-solumuzu.

O yazıq idarədən heç bir yana gedirdimi,

Əşi, qoymur dolanaq, əvvəlki heç güdürdümü?!

Görmüşük müdir olan qulluqçuya zəng eyləyər,

Pul-filan gətir deyib telofonda zəng eyləyər,

Dediyini verməyənin işlərini ləng eyləyər,

Neçəsi gəlib-gedib, bunun kimi edirdimi,

Əşi, qoymur dolanaq, əvvəlki heç güdürdümü?!

Şairin ,,Ay qağa” satirik şeirində ifşa edilən sovxoz direktoru, onun ətrafına toplaşan ac canavarlar təkcə bir kəndə xas olan mənfi tiplər deyil, bölgəmizin bir çox kəndlərində baş verən hakimiyyətsizlik, özbaşınalıq, dağıdıcılıq ictimai qurluşun məhvə doğru üz tutduğu illərin ağrı-acıları idi. Bölgəmizin bir çox kolxozlarına, sovxozlarına məxsus olan mal, qoyun, quşçuluq(toyuqçuluq) ferma müdirlərinin, şöbə müdirlərinin, anbardarlarının və b. təsərrüfat rəhbərlərinin göstərişinə əsasən kolxoz və sovxozların istehsal etdiyi məhsulları, mənimsədiklərinin tənqidi real faktlara əsaslanmışdır. Çünki Muğanlı kolxozunun kolxozçuları 1959-cu il oktyabr ayının 1-5 arasında, beş gün ardıcıl olaraq demokratik ruhlu üsyan qaldırmış, kolxoz üzvlərindən 350 nəfər Gürcüstan MK-ya müraciət etmiş, respublika rəhbərliyi qohum-əqrabası ilə birlikdə kolxoz əmlakını dağıdanları kollektiv surətdə işdən qovmuşlar. Marneulidə ilk demokratik Muğanlı üsyanından sonra bölgəmizin bir çox kəndlərində bu üsyan davam etdirilmiş, respublika rəhbərliyi üsyançıları alqışlamışdır.

Vahid Kirəclinin ev arxivində qorunub saxlanan şeirlərin əksəriyyəti satirik ruhdadır. Şair bu satirik şeirləri 1950-1990-cı illərdə yazmışdır. Kitabında toplanan satirik şeirlər bunlardır: ,,Qoy yazım”, ,,Keçər”, ,,Ay dünya”, ,,Axtarır”, ,,Qaçır”, ,,Düşübdür”, ,,Ayqağa”, ,,Düşdü”, ,,Yaltaqlıq”,

,,Fələk”, ,,Sərxoşlara” və b.

Vahid Kirəcli Borçalı, Qazax, Kars aşıqları ilə ədəbi əlaqələri olmuş, aşıqlardan Əmraha, Kamandara, Nürəddinə, Həvəskara, Qazax bölgəsinin şair və aşıqlarından Dəmirçi Abbasa, aşıqlardan Cəlal Qəhrəmanova, Kərəm Nəsibova şeirlər həsr etmişdir.

Vahid uşaqlıq illərindən Borçalı aşıqlarından aşıq Sadığın, Xındı Məmmədin, Əmrahın, Hüseyn Saraclının, Kamandarın, Göyçənin, Rzanın, Şıxlı aşıq Məhəmmədin sənətinin, sazının, sözünün, dastan gecələrinin vurğunu idi. Natamam orta məktəbin yuxarı siniflərində oxuyarkən əmisi Həsən Məcruhun kitabxanasındakı ,,Azərbaycan aşıqları” kitabını əlindən yerə qoymazdı. Göyçə aşıq mühitinə, xüsusilə də Aşıq Alı, Aşıq Ələsgər sənətinə ruhən bağlı olduğunu ,,Yetirmiş” rədifli şeirində də etiraf edir:

Aşıq qardaş, Göyçə eli uludur,

Onlar bu sənətə güllər yetirmiş.

O çaldığın havaları yaradan,

Alıtək dahilər, fillər yetirmiş.

Sazı-sözü bu cahana yayılan,

Bəylər məclisində hörmət qoyulan.

Aşıqlığın bir zirvəsi sayılan,

Ələsgərtək çox bülbüllər yetirmiş.

Vahid Hüseyn oğlu Qazax şair və aşıqları ilə səmimi dostluq əlaqələri olduğuna görə tez-tez İncə dərəsində olar, vaxtaşırı incəli aşıqlarını Kirəcliyə dəvət edərdi. Bu dostluq sonralar qohumluq zirvəsinə yüksəlir. O, incəli aşıqlarından Cəlal Qəhrəmanova, Kərəm Nəsibova, şair Dəmirçi Abbasa şeir həsr etməsi onların sənətinə, qələminə, şəxsiyyətinə şairin hörmət və ehtiramı kimi dəyərləndirilməlidir. Şair Dəmirçi Abbasa məktub vasitəsilə göndərdiyi ,,Dəmirçi” rədifli şeirində yazır:

Şeir dəryasısan, sözlər ormanı,

Hər kəlmən şəkərdi, baldı, Dəmirçi.

Xudam sənə verən vaxtdan fərmanı,

Sədan hər diyarı aldı, Dəmirçi.

Soğulsa Araz da, qurusa Kür də,

Analar heç səni doğammaz bir də!

Dəhanından tökdüyün gövhər də, dürr də,

Xalqına xəzinə, maldı, Dəmirçi.

Vahid uzun illər Ağlağan, Çubuqlu, Qara Arxac dağlarından Türkiyənin sərhəd boyu ellərinə həsrətlə, ürək yanğısı, könül sızıltısı ilə baxardı. Türkiyəyə getmək, türk ellərini gəzib tanış olmaq ən böyük arzusu idi. Bir də qəddar sovet dövlətinin əlindən canını qurtaran, Türkiyədə sığınacaq tapan borçalılarla, gəncəlilərlə görüşmək arzusunda idi. O, illərdə Türkiyəyə getməyin mümkünsüzlüyünü görən şair, 1988-ci il mart ayının 20-də ,,Görəydim, Allah!” şeirini yazır:

İllər boyu həsrətini çəkdiyim,

Gedib Alosmanı görəydim, Allah!

Xəyalımda gül-çiçəklər əkdiyim,

Mən ona qovuşub, öləydim, Allah!

Tanıyaydım yollarını, izini,

Bir görəydim Ankaranın özünü.

Seyr edəydim, dağlarını, düzünü,

Əlimlə ətirşah dərəydim, Allah!

Vahidəm, arzumla bir boy ataydım,

Gəzə-gəzə İstambula çataydım.

Özüm üçün yüz dost-qardaş tutaydım,

Yolunda can qurban verəydim, Allah!...

Ulu Tanrı tarixin təkərini geri döndərdi, despot hökümdarların taxt-tacını alt-üst etdi, demokratiya, azadlıq, haqq və ədalət qələbə çaldı. Sərhədlər açıldı, Vahid kimi yüzminlərlə Azərbaycan türklərinin arzuları çin oldu. 1990-cı ildə Vahid Qarsa getdi. Qars Azərbaycanlıları Konqresinin sədri Çətin bəylə tanış oldu. Əslən azərbaycanlı olan Çətin bəy Qars şairləri və aşıqları ilə öz şəxsi resteronunda Vahidin görüşlərini təşkil etdi. Çətin bəy bir ay öz evində Vahidə xüsusi qayğı, diqqət və hörmət göstərdi.

Vahid Qarsdan çox zəngin və xoş təssüratla qayıtdı. Bu doğma münasibətin təsiri altında Vahid bu şeirlərini yazıb məktub vasitəsilə Çətin bəyə göndərdi: ,,Ay Çətin”, ,,Qarslı aşıq İslam Ərdərənə”, ,,Salam”, Çətin bəyin qızı Şirvana yazdığı ,,Ay Şirvan”, ,,Uçmaq istərəm”, ,,Qarsın”, ,,Çətin bəy” və b.

Uçmaq istərəm.

Türklər diyarını mən gedib gördüm,

Sevincdən havaya uçmaq istərəm.

Məhəmməd bəy ilə əl-ələ verdim,

Könül dəftərimi açmaq istərəm.

Çətin bəyin məclisində oturdum,

Calal bəydən nəsihətlər götürdüm.

Turquta qəlbimdə güllər bitirdim,

Bir daha görüşə qaçmaq istərəm.

Kirəcli Vahidəm, kəmənd belimdə,

Azadlığım hələ yoxdur əlimdə.

Ya İlahi, bir arzum var dilimdə,

Onları evimdə qucmaq istərəm.

Qarsın.

Həsrətiydim, gedib gördüm,

Nə gözəlmiş özü Qarsın.

Baxıb-baxıb heyran oldum,

Xoşdur dağı-düzü Qarsın.

İnsanları gülərüzlü,

Çox mehriban, şirin sözlü,

Səxavətli, çörək-duzlu,

,,Xoş gəldin”dir sözü Qarsın.

Xalqı halal mayalıdı,

Hər addımı sayalıdı,

Cavanları həyalıdı,

Qoy ağ olsun üzü Qarsın.

Var-dövləti başdan aşır,

Görənlərin ağlı çaşır,

Tərif yazmaq çox yaraşır,

Aydın olsun gözü Qarsın.

Atatürkə müdam rəhmət,

Bar verir çəkdiyi zəhmət.

Vahidə etdilər hörmət,

Hər obada yüzü Qarsın.

Çətin bəy.

Qars əhlinin nəzərinə çatdırım,

Ciyərimdir, ürəyimdir Çətin bəy.

Onu əziz balam kimi sevirəm,

Mənim arxam, dirimdir Çətin bəy!

Türk elində o, başımın tacıdır,

Həsrətindən şirin ağzım acıdır.

Şirvan mənim nəvələrimə bacıdır,

Gözləyirəm, gərəyimdir Çətin bəy!

Mən Vahidəm, Qibləm-Quranım,

Başım üstə ey görünməz duranım!

Nəbzim ilə nəbzi birgə vuranım,

Şirin arzum, diləyimdir Çətin bəy!

Sirac Veyisoğlu

Daşdəmirov Sirac Veyis oğlu 1935-ci il iyulun 25-də Laqodexi rayonunun Qabal kəndində anadan olmuşdur. O, altı aylıq olarkən anası Məsmə Əhməd qızı dünyasını dəyişmişdir. Nənəsi Sənəm Oruc qızı nəvəsi Siracı min bir əziyyətə mərdliklə sinə gərərək böyütmüşdür. Sirac altı yaşına çatanda atası Veyis Daşdəmiroğlu 1941-ci il iyulun 10-da Böyük Vətən müharibəsinə getmişdir. Veyis Daşdəmiroğlu müharibədə həlak olur. Kiçik yaşlı Sirac atadan da yetim qalır.

Siracı 1943-cü il sentyabrın 1-də Qabal orta məktəbinin birinci sinfinə qəbul edirlər. Onun tərbiyəsi ilə nənəsi, bir də ögey anası Mənzər Xəlil qızı ciddi məşğul olur. Nənəsi Sənəm Oruc qızı gecələr ona nağıllar, tərbiyəvi təsirə malik olan aşıq poeziyasından, ustadnamələrdən, nəsihət tutumlu şeirlərdən, bayatılardan, atalar sözləri və zərbi-məsəllərdən çox danışardı.

1944-cü ilin yayın isti ayları qaballılar dağa dincəlməyə gedəndə maması (bibisi) Fatma və əri Qiyas Siracı da dağa aparırlar. Sirac da uşaqlarla birlikdə dağın insanı valeh edən mənzərəsini seyr edər, könlü açılar, tez-tez məlahətli səslə aşıq mahnıları oxuyarmış Bir neçə dəfə yay ayları qəlbini coşduran dağlara bibisi Fatma xanımla gedir. Bir dəfə də dağın sıyırma qılınca bənzəyən zirvəsinə tək-tənha çıxır. Bu zirvədən o biri zirvələrə, şiş qayalara, durna gözlü bulaqlara, qayaların canına lərzə salan dağ çaylarına, dəniz ləpələri kimi, ləngər vuran gül-çiçək dənizinə tamaşa edə-edə ,,sarıtel” aşıq havasında qoşduğu ,,Dağlar” şeirini oxuyur. Siracın səsinə dağlar da, qayalar da, dərələr də əks-səda verir: Bu Siracın ilk şeiri idi.

Kəklik ötmür bu yerlərdə,

Qoy oxuyum özüm, dağlar.

Bu dağlardan o dağlara,

Qoy yayılsın sözüm, dağlar.

Atam getdi davalara,

Quşlar uçdu havalara.

Od vurdular yuvalara,

Dərdə necə dözüm, dağlar.

Çox ağlama, yetim Sirac,

Ömrün gedir, qulac-qulac.

Unudarmı köhnə arxac,

Bərələrdə izim dağlar.

Ağır aylar, illər bir-birini əvəz etdi, yetim Sirac 1955-ci ildə orta məktəbi bitirdi. Kimsəsizliyi, ailə vəziyyətinin ağırlığı təhsilini davam etdirməyə imkan vermədi. Kolxoz təsərrüfatında ağır zəhmət və əmək adamlarına qarışıb işlədi, ara-sıra şeir yazmağından da qalmadı Siracın ,,Xatirələr”indən məlum olur ki, 1955-ci ilin dekabr ayının 11-də onu hərbi xidmətə çağırırlar. Sirac əsgərliyə gedərsə, nənəsinin tənha qalacağını, Paşa dayısı, bir də kənd sovet sədri İbad hərbi komissara bildirirlər. Güc-bəla ilə onu tənha qalan qoca nənəsinə görə əsgəri xidmətə aparmırlar. Nənəsi ilə rayon mərkəzindən evə qayıdandan sonar Sirac ,,Varıymış” rədifli şeirini yazır:

Girdi məclisə ellər atası,

Komissarla başa çatdı davası.

Əlində qələmi, möhrü, əsası,

Düz danışan arxa hayım varıymış.

Çoxları o yerdə mənə küsəndi,

Qalmadı tavanı, səbri tükəndi.

Bağlı qollarımın açıldı bəndi,

Bildim ədalətdən payım varıymış.

Siracam, oynadı əlim, ayağım,

Əlimdə əsasım, azad bayrağım.

Dar gündə köməyim, arxa-dayağım,

Paşa kimi qoçaq dayım varıymış.

1956-cı ilin yanvar ayının 26-da şair başqa kənddən olan Xanım adlı bir gözəl qıza aşiq olur. El-obanın xeyirxah adamları da, Xanımla evlənməyini ona münasib sayırlar. Sirac da ,,Alaydım” rədifli dörd bənddən ibarət olan gözəlləmə yazıb Xanıma şəxsən özü təqdim edir. Şeir xanıma çox təsir edir, yanaqları allanır, eşqin, məhəbbətin təsirindən iri ala gözləri ətrafa od-alov saçır:

Ala gözlü, nazlı Xanım,

Bu baxçandan bar alaydım.

Sənə var bir iltimasım,

Dilindən ilqar alaydım.

Öpəydim al yanağından,

Bala bənzər dodağından.

Bir də bəyaz buxağından,

O qoynundan nar alaydım.

Gözəl vüsal, şirin dilin,

Vermə xara qönçə gülün.

Sınayaydım hər əməlin,

Səndən etibar alaydım.

İncitmə miskin Siracı,

Başımdadı eşqin tacı.

Qalanları ana-bacı,

Təkcə səni yar alaydım.

Sirac şeirlərinin əksəriyyətini ,,Haqq kəlamı” kitabındakı ,,Xatirələri”nin daxilində vermişdir. Bu xatirələr bəzən də deyişmə şəklində verilir. Şair sevdiyi və könül bağladığı Xanım adlı bir gözələ öz məhəbbətini şeirlə bildirmişdi. Sirac xatirələrində yazır: ,,Sözüm tamama yetişdi. Bir az duruxdu. Hayandan-hayana, utana-utana Xanım üzünü Siraca tutub deyir ki, uzaq eldən gələn oğlan, mənim ixtiyarım əlimdə deyil, atama elçi göndər, bu işi gecikdirmək olmaz, məni sevmədiyim başqa bir şəxsə ərə verə bilərlər. Xanımın ,,Göndər” rədifli şeirinin iki bəndini veririk:

Qoyma, işi qala sona,

Qorxuram xar gülə qona.

Ya, özün gir başqa dona,

Ya, bir arşınmalçı göndər.

Məhəbbətim var əzəldən,

Əl götürmə, mən gözəldən.

Etibarlı iş düzəldən,

Bir dilavər elçi göndər.

Bu əhdi-peymandan sonar Siracın elçiləri Xanımgilə gedirlər. Xanım uzaq kənddən olduğuna görə qızın atası Siracgilin ailəsini yaxşı tanımadıqları ilə bağlı bir neçə dəfə bu uzaq kəndə, Xanımgilin ailəsinə baş çəkməli olurlar. Çox çətinliklə elçilər məqsədlərinə nail olur. Hər iki sevən qəlb birləşir. Bu xoşbəxtlik uzun sürmür, ailə daxili ziddiyyətlər, bir-birini başa düşməmək gənc ailənin dağılmasına səbəb olur. Sirac yazır: ,,Tale bəxtimi daşa çaldı. Cavanlığın məhəbbət zənciri qırıldı. İşimiz öcəşdi, ayrılası olduq”.

…Ayrıldıq, amma, ilk sevda, ilk məhəbbət bir daşa həkk olan kimi ürəkdən çıxmır… Eşqin közü sinəmdə qövr edir. Könül coşur, qəlb üzülür.”

İlk məhəbbətin, ilk ailə həyatının sevincinin qəmli xatirələri həmişə Siracı izləyir, qəlbində, gözlərində, dodaqlarında, bir də coşqun ilhamında yaşayır. İlk məhəbbətin atəşi, odu-alovu canından çıxmayan Sirac ,,Görmüşəm” rədifli şeirində yazır:

Əcəb səfalıdı yaşıl yastana,

Gözüm o dövrana baxır məstana.

Nəzər etdim, bostançıya, bostana,

Qoynu şamamalı tağlar görmüşəm.

Hər tərəfdən tufan gəlib, qaralıb,

Tale hökm eləyib, qəlbim qaralıb.

Zimistan qəhrinnən qönçə saralıb,

Almasız, heyvasız bağlar görmüşəm.

Ay Sirac, ucalıb şanın-şöhrətin,

Hayıf ki, zay oldu ömür zəhmətin,

Zəhmi çox ağırdı ilk məhəbbətin,

Onnan ayrılanı ağlar görmüşəm.

*** *** ***

Bütün ruhu, bütün qəlbi ilə islam dininə, islam dəyərlərinə bağlı olan Siracın nənəsi Sənəm Oruc qızı körpə vaxtından anasız qalan nəvəsini ovundurmaq üçün danışdığı nağılların, rəvayətlərin hamısını Allahla, Qurani-Kərimlə, Məhəmməd peyğəmbərin kəlamları ilə əlaqəli danışardı, Ulu Tanrı ilə bağlayardı. Nənəsi namaz qılanda, süfrə duası oxuyanda Sirac ona diqqətlə qulaq asar, hər kəlamın mənasını öyrənməyə çalışardı. Molla Əsədullah Almaz oğlunun hədislərinə saatlarla qulaq asmaqdan nə yorular, nə də bezərmiş. O, mükəmməl dini təhsilə nail olmaq üçün Əsədullah Almaz oğlundan dini təhsil almaq qərarına gəlir. O, həm kolxozda işləyir, həm də boş vaxtlarını molla Əsədullahın yanında təhsilini davam etdirir. Dini elmləri mükəmməl öyrənəndən sonra artıq hiss edir ki, bu sahədə fəaliyyətə başlaya bilər. Sirac sevincini ,,Doğru” rədifli şeirində belə bəyan edir:

Dedim, könül, sığın yaxşı insana,

Elmdən, ərkannan qanana doğru.

Dilində ,,vəlleyli-vəzduha” əzbər,

Gözəl qafiyəli Qurana doğru.

Məxluqat etdilər inam, etibar,

Məclislər başında oldum baxça-bar.

Əduya ox oldum, dostlarıma yar,

Çevirmədim yönümü yamana doğru.

Pozmadım eşqimi, nəğmədən, neydən,

Arzu-diləyimdən, dilim gileydən.

Oxudum dərsimi əlifdən-beydən,

Yol açdım zülmətdən imana doğru.

Sirac Daşdəmiroğlu 1960-cı ildən kəndin baş mollası kimi fəaliyyətə başlayır. Kənddə mollaxana (mədrəsə) açır, 25 nəfər gəncə mükəmməl dini təhsil verir. Qaracalar kəndində məscidin olmaması onu çox narahat edir. Kənd əhalisinin yığıncağını keçirir, məscid tikilməsi məsələsini müzakirə edirlər. Kənd əhalisi iki min dollar pul toplayır, kənd fermeri İmaməliyev Vəli məscidin tikintisinə başlayır, onun firma təsərrüfatını rayon rəhbərliyinin bəzi işçiləri dağıdıb satırlar. Kəndin xeyirxah adamı Həsənov Xanəhməd Rəsul oğlunun otuz min dollar şəxsi vəsaiti hesabına gözəl memarlıq üslubunda Qaracalar kənd məscidi inşa edilir. Molla Sirac da məscidin imamı kimi, elin ruhani atası olmaqla yanaşı, şairliyini də davam etdirir. Şair ,,Yazıldı” rədifli şeirində məscidin tikilməsində xüsusi xidmətləri olmuş xeyirxah adamları belə vəsf edir:

Mərdlərin ünvanı el sorağında,

Haqqın baratında başa yazıldı.

Ellər ruhlandı, şax çırağında,

Əzəldən taleyi qaşa yazıldı.

Hər yetən çatammaz bu uca ada,

Elin dar günündə yetişdi dada.

Qisməti yar gəldi, kamil səyyada,

Şikarı bərədə tuşa yazıldı.

Hər günü mübarək bayramdı, toydu,

Süfrəsi açıqdı, hatəmə taydı.

Minlərlə dolları məscidə qoydu,

Heç kim deməsin ki, boşa yazıldı.

Həsr etdi Allaha kəsbi-karını,

Yaşasın Sabirtək səbəbkarını.

Pozmadı əhdini, düz ilqarını,

Eytibarda ,,Qızıl daşa” yazıldı.

Dini İslam, Ali Məhəmmədindi,

İbadət mömünün, hər ümmətindi.

Bu məscid, minarə Xanəhmədindi,

Adına əbədi, qoşa yazıldı.

Siracam, mərdlərə qulam, mehtərəm,

Qədir bilənlərə ləli-gövhərəm.

Bir molla babayam, sinədəftərəm,

Mənimki də, coşa-coşa yazıldı.

*** *** ***

Şair Siracın yaradıcılığında nəsihətlərə daha çox yer verilmişdir. Üzünü oğluna, qızına, dostlarına tutaraq yazdığı fəlsəfi-didaktik şeirlərində el-obanın ruhani atası kimi, oxucuları halallığa, haqqa, ədalətə, ədəb-ərkana, elmə, təhsilə, Qurani-Kərimi,Məhəmməd peyğəmbərin kəlamlarını öyrənməyə, onlara riayət etməyə dəvət etməsini özünün müqəddəs borcu hesab edir. Şair ,,Oğul” rədifli şeirində oğluna tövsiyə edir ki, bir məclisə varanda, əvvəlcə məclis əhlinə bir nəzər yetir, gör məclisdə kimlər əyləşib. Hərcayı, hədyan sözlərə meydan vermə, dilinə qadağa qoy. Az danış, danışanda ədəb-ərkana riayət et, elə danış ki, elə sözlər işlət ki, işlətdiyin kəlamlar səni el-oba gözündə ucaltsın. Sənə elm öyrədən, sənə sənət-peşə sahibi edən müəllimiyin, ustadıyın sənə çəkdiyi o ağır zəhməti yüksək dəyərləndir. Əgər o sənə acı sözlər desə də, sən ona can de, onun suallarına bəli, xeyr deməklə cavab ver:

Qədəm qoyub, bir məclisə varanda,

Əvvəl nəzər yetir yığnağa, oğul!

Hərcayı danışma arif yanında,

Qadağa ver dilə, dodağa, oğul!

Heç kimin malına etmə xəyanət,

Əlindən etməsin kimsə şikayət,

Elin əmlakını saxla əmanət,

Muğayat ol doğma oymağa , oğul!

Gəzmə, biyabanda bir beyhuş kimi,

Üşütmə ailəni boran qış kimi.

Yuvasını tərk etmiş quş kimi,

Qonma budaqlardan budağa, oğul!

Axıtsalar bir dostuyun qanını,

Əsirgəmə ondan xanimanını.

O əmanət saxladığın canını,

İstəsə ver ona, sadağa, oğul!

Sirac deyər, oxu nəsihəti, qan,

Ustadın önündə alçal anba-an.

O, bəd deyən zaman, sən də söylə can,

Bəlkə səni çəkir sınağa, oğul!

,,Oğul” rədifli şeirinə bir aydınlıq gətirən şair yazır: ,,Hamının oğlanları bu nəsihəti bir tərbiyə kimi qəbul etməlidir. Bunu bir öz oğlum üçün deməmişəm. Cəmi eşidənlərə aiddi. Allah cəmi cavanların canına sağlıq versin. Mərifət, kamal versin. Hamı övladlarına baxsın, onlarla fəxr eləsin”. (Haqq kəlamı kitabı səh.15)

Siracın ,,Deyərlər” rədifli şeiri məna, məzmun, ideya mahiyyəti etibarı ilə oğluna, qızına, qohum-qardaşına yazdığı nəsihət ruhlu şeirlər silsiləsinə daxildir. Şair üzünü bütün oğullarına tutaraq deyir ki, əgər bir oğul ata ocağını şənləndirsə, atanın qurub-yaratdığını oğul davam etdirsə, onu daha da artırsa el-oba içində, ariflər məclisində onun hörmət və nüfuzu yüksək olar:

Mərd oğulun daim yanar çırağı,

Məclislər başından gələr sorağı.

Həmişə el olar arxa-dayağı,

Yıxılmaz bir qala yapar, deyərlər.

Karvanı basılmaz, mətahı basılmaz,

Sur verən gərdişin qəzabı tutmaz.

Mərd oğul ölsə də, tarix unutmaz,

Bu dünya durduqca o var, deyərlər.

Sirac deyər, oğul el gərəyidi,

Axtaran dostların duz-çörəyidi.

Atanın arzusu, ilk diləyidi,

Oğulu ataya yavər, deyərlər.

,,Qurani-Kərimin”, Məhəmməd peyğəmbərin müqəddəs kəlamları və islam dəyərləri əsasında dini təhsil almış Siracın şeirləri üçün əsas istiqamət, əsas tərbiyə məktəbi Allahın yoluna, haqqa, ədalətə, halallığa baş əymək, ona riayət etmək kimi fəlsəfi-dini, didaktik tərbiyəvi görüşlər mühüm yer tutur.

Molla Sirac əsərlərində yazır ki, toy olan qızlar sevinir, oynayır, gülür. Heç kəs bilmir ki, qurduğu həyatın taleyi, aqibəti necə olacaq. Qız oğlanın qəşəngliyinə, oğlan da qızın gözəlliyinə bənd olub evlənirlər. Müxtəlif ailələrdə formalaşan şəxsiyyətlərin bəzən xasiyyətlərində bir-birinə əks cəhətlər olanda, qayınana, qayınata, qayın, baldız kür olanda, bədxasiyyət olanda sülh şəraitində yaşamaq çətinləşir. Şair 1984-cü ilin martın 24-də qızı Şayəstəni nişan və toyla el-oba qaydası ilə ər evinə köçürəndə, üzünü toyda əyləşən bütün qızlara tutaraq ,,Evində” rədifli şeirini oxuyur:

Qızım, sənə məndən əmanət olsun,

Abad könülləri yıxma evində.

Qaynananın ürəyini ələ al,

Onu bərkə sürüb, sıxma evində.

Güldürmə, üstümə dostu-düşmanı,

Mehriban qarşıla gələn mehmanı.

Az da olsa, qismətinə ol qane,

Kasıblığı başa qaxma evində.

Qaynına qardaş de, baldızına bacı,

Qaynanan, qaynatan, başının tacı.

El içində utandırma Siracı,

Onun sözlərindən çıxma evində.

*** *** ***

Molla Siracın yaradıcılığında insanpərvərlik, vətənpərvərlik, islamçılıq əsas yer tutur. Onun ,,Vətən”-1”, ,,Vətən-2”, ,,Vətəndədi”, ,,Vətən müharibəsi”, ,,Vətən alov içində, vətən qanlar içində”, ,,Qabalım”,

,,Gürcüstan”, ,,Qaraçöp” və b. şeirlərində də vətənin müqəddəsliyi, vətənin sərhədlərinin göz bəbəyi kimi qorunması, vətən torpağının təbii gözəllikləri bir müqəddəs məkan, bütün nəsillər üçün əbədi yurd-yuva kimi tərənnüm edilmişdir. Şairin Qabal ərazisində yaranan və el-obanın yaşatdığı Azərbaycan bayatılarını toplayıb, kitabına daxil etdiyi bayatıların çoxunda da vətənpərvərlik məzmunlu bayatılarda da xalqın, el-obanın eşqli-qeyrətli sinəsindən süzülüb gələn bu ülvi şeirlərdə də vətənpərvərlik ruhu çox güclüdür. Çünki Vətəni öz gözləri tək sevən də, onu gözəlləşdirən də, onu qoruyan da xalqdır. Şairin ,,Vətən” şeirinin üç bəndini təqdim edirik:

Vətən bağlarında şeyda bülbüləm,

Qönçə də mənimdi, gül də mənimdi.

Vətəni vəsf edən bir şirin diləm,

Dəhan da mənimdi, dil də mənimdi.

Ələst aləmində demişəm, bəli,

Çeşmi-giryanımnan axıtdım seli.

Vətən!... deyir, ürəyimin hər teli,

Ürək də mənimdi, tel də mənimdi.

Vətən aşiqiyəm, vətən möhtacı,

Vətəndən almışam bu qızıl tacı.

Kim tanımır, eldə molla Siracı,

Vətən də mənimdi, el də mənimdi.

Molla Sirac xatirələrində yazır: ,,Hayana getsək yönümüz yenə vətənə doğrudur. Vətən insana hər şeydən şirindi. Çünki, tarixlər boyu cəsur Azərbaycan oğulları vətənə sinə gəriblər, hətta qəhrəmancasına şəhid də olublar!Vətən eşqi o qədər dadlıdı ki, vətənin müdafiəsi naminə xalqımızın vətənpərvər oğulları həmişə canından keçməyə hazır olublar. Vətəni qorumaq hər bir vətəndaşın müqəddəs borcu sayılır. Allahtala da, ,,Qurani-Kərim” də hər bir vətəndaşın vətən uğrunda savaşmağını tövsiyə edir. Vətənin müdafiəsindən qaçanları Allah da sevmir. Buna görə də şairlərimiz vətən eşqi ilə yazıb yaradırlar. Sevimli şairimiz Abbas Səhhət öz ,,Vətən” şeirində demişdi:

Könlümün sevgili, məhbubu mənim,

Vətənimdi, vətənimdi, vətənim.

Vətəni sevməyən insan olmaz,

Olsa, o şəxsdə vicdan olmaz!

Gör, nə gözəl misralarla vətəni insanlara sevdirir. Mən də öz dilimlə, öz şeirimdə Ana Vətənimə öz sədaqətimi, öz hörmətimi bildirmişəm”:

Mehriban vətənim, doğma vətənim,

Könlümün sevgili, cananım mənim.

Geniş tarlalarım, güllü çəmənim,

Qarşımıza yollar açandı vətən!

Başıma bərəkət saçandı vətən!

Məlul könülləri xöş, şən eyləyən,

Qaranlıq yolları rövşən eyləyən.

Qanqallı düzləri gülşən eyləyən,

Bir kamil ustaddı, bağbandı vətən!

Həm insanpərvərdi, insandı vətən!

Aləmin açılmaz sirri qoynunda,

Dəryalar dibinin dürrü qoynunda,

Şair babaların şeiri qoynunda.

Həm Dədə Qorquddu, ozandı vətən!

Tarixlərə dastan yazandı vətən!

Tütyədi vətənin daşı, turabı,

Canlara şəfadı havası, abı,

Məscid minarəsi, minbər mehrabı,

İbadət yeridi, imandı vətən!

Duyan ürəklərə vicdandı vətən!

*** *** ***

Molla Siracın Qaraçöp, Qabal şair və aşıqları ilə on iki dəfədən çox deyişmələri olmuşdur. Bunlardan aşıq Musa Qaraçöplü ilə, şair Ağabala Mahmudovla, şair Bayramla, Əjdər müəllimlə, şair Əliyarla, Rövşən Məhəmmədoğluyla, Xanbuta ilə, Əsədlə və b. deyişmişdir.

Molla Sirac üç dəfə Qaraçöpün ən qüdrətli şairlərindən sayılan, şeirləri həm Azərbaycanda, həm də Gürcüstanda geniş yayılmış, 1980- ci ildən başlayaraq şeirləri ,,Çeşmə”, ,,Dan ulduzu” ,,Gürcüstan”, ,,Qaraçöp” və ,,Əbədi Gürcüstan” məcmuə, qəzet və antologiyalarda çap edilmiş tanınmış şair Ağabala Mahmudovla üç dəfə deyişmişdir. Ağabalanın ,,Qopmaram, ayağım Qaraçöpdədir” kitabında yüz doxsan dörd şeiri, dörd poeması toplanmışdı. Şair Sirac Ağabala müəllimlə ilk görüşünü belə xatırlayır: ,,...1974-cü ilin noyabr ayının 20-də Qaraçöpdə bir qohumumun yas yerində tanış olduq. Məclisin sonunda Ağabala müəllim dedi ki, sinəm doludu, Siracla deyişmək istəyirəm.” İlk deyişmə ,,Bir gün” rədifli şeirlə başlayır. Siracın yazdığına görə bir neçə gündən sonra ,,Bənzəyir” rədifli şeirini məktub vasitəsilə ona göndərir. Üçüncü deyişmə 1977-ci ilin martında aşıq Musa dünyasını dəyişəndə olub. Matəm məclisinin sonunda aşıq Musanın ruhunu şad etmək üçün şeir məclisi keçirdik. Ağabala müəllimlə ,,Oldu” rədifli deyişmə də kitabıma daxil edilib.” (Siracın ,,Xatirələri” əsasında.) Molla Sirac bu deyişmələrin qızğın çağında ,,Şairlər” rədifli şeiri ilə Qaraçöp və Qabal şairlərinə müraciət edir:

Bir ömür bağının bağbanı olub,

Min ömür bağını bəzər şairlər.

Ürəklər şad edən zərqələmiylə,

Dövrünün vəsfini yazar şairlər.

Daima ilhamın alır ellərdən,

Sözə ziynət verir gülü məxmərdən.

Seçər simu-zərdən, ləli gövhərdən,

Çeşmələrdən dürr süzər şairlər.

Mən də şairlərdən alsam, dərsimi,

Dillənər sinəmdə qəlbimin simi.

Eşqin dəryasında bir qayıq kimi,

Çalxanar hər yana üzər şairlər.

Siracam, məftunam mən də bu ada,

Silinməz tarixdən qoca dünyada.

Min illər keçsə də, düşəcək yada,

Nəsildən-nəsilə gəzər şairlər.

Molla Sirac bu şeirini Qabal və Qaraçöp şairlərinə, aşıqlarına məktub vasitəsilə göndərir. Bu şeir dillər əzbəri olur, aşıqlar məclislərdə oxuyurlar. Şairləri yüksək dəyərləndirən Siraca təşəkkür məktubları yazanlar da olur, şeirlə cavab verənlər də. 1981-ci il yanvarın 15-də Molla Sirac oğlu Veysin toyuna Qabal və Qaraçöpdən olan qohumlarını, dostlarını, şairləri toya dəvət edir. Üç gün davam edən məclisin əsas hissəsini aşıqların və şairlərin sərəncamına verirlər. Toya tam hazırlıqlı gələn Ağabala müəllim hər iki gənci və məclis əhlini ,,Gəlmişəm” rədifli şeiri ilə təbrik edir:

Şairlər bulağı yeddi oymağım,

Doldurub köksümə maya gəlmişəm.

Nə yaxşı oldu ki, qədəm qoymağım,

Dostun xanasına toya gəlmişəm.

Gəlin, şənləndirək bu toy-düyünü,

Xoşbəxt görək qızla, oğlan bəyini.

Yanvarın on beşi, boranlı günü,

Oxşadıb bahara, yaya gəlmişəm.

Duydum ruhumun dəyişməsini,

Eşqin mayasının uyuşmasını.

Teymurla Musanın deyişməsini,

Hər oymağa yaya-yaya gəlmişəm.

Ağabala dostdan alar ilhamı,

Nuş etdim ağamın verdiyi camı.

Baldan şirin olar dostluğun tamı,

Ləzzətini duya-duya gəlmişəm.

*** *** ***

Molla Siracın yaradıcılığında qoşma və gəraylı əsas yer tutur. O, aşıq şeirinin başqa növlərində də qələmini sınamışdı. Onun təcnisləri, divaniləri, klassik üslubda yazdığı qəzəlləri, zəngin folklorumuzun təsiri altında yazdığı bayatıları onun sənət bağça-bağını bəzəyir. Şair müxtəlif səpkili, müxtəlif janırlı şeirlərlə yanaşı, epik növdə ,,Həyatımın dastanları” adlı iri həcmli poema yazmışdır. Şair poemada yaşadığı yetim həyatını, təvəllüd və acınacaqlı həyatının qəmli dastanını yaratmışdır. Klassik Azərbaycan şairlərinin poemalarında olduğu kimi şair poemanı ,,Allahın adı ilə” başlayır:

Başladım dastanı bismillah deyə,

Sığındım qüdrətə, ya Allah deyə.

Təmənna eylərəm, bari-Xudadan,

Aləmi xəlq edən böyük ustaddan.

Nüsrət verə dastanımı düzməyə,

Sirri dəryasına girib üzməyə.

Yadigar yazıram mən bu dastanı,

Yaşasın ellərdə, dil-əzbər olsun.

Əsərdi hər kəsin bağı-bostanı,

Bəhrəsindən dadlı meyvələr olsun.

Əsər sayəsində yaşar şairlər,

Dürlü, gözəl qoşma yazar şairlər.

İlahi! Mənim də yaşat əsərimi,

Kamil eylə bu düşünən sərimi.

Şair minacatdan sonra özünün faciəli həyatını, ,,Uşaqlıq illərim, yetim çağlarım” adlandırdığı qəmli-kədərli illəri qələmə alır.

Poemanın sonrakı bölmələrində 6-11 yaşlarından başlayaraq qanlı-qadalı, dəhşətli faciələri, yoxsulluq və aclığın hökm sürdüyü ağır illərdə ömrünün ən acınacaqlı illərini yaşayan şair bu yaşantıların hamısını bu poema vasitəsilə oxuculara da bildirmək istəmişdir.

,,Kişilər ön cəbhədə, qadınlar da arxada”, Arxa cəbhənin vəziyyəti – yetimlərin əhvalı”, ,,Müharibə illərində yetim çağlarım” və s. bölmələri elə bil Siracın göz yaşları ilə suvarılıb. Cəbhədən gələn ,,qara kağızlar” (ölüm xəbərləri) el-obanı tamamilə sarsıtmışdı. Növbəti ölüm xəbəri Siracın atası ilə bağlı idi. Yazıq Sirac anadan yetim qalmağı az imiş kimi, müharibədə atası da həlak oldu. Poemada ,,Ağlaram” bölməsində şair yazır:

Əvvəla çıxmışdı əlim anamdan,

İndi də atamdan çıxdı, ağlaram.

Hitler od yağdırdı göylərdən yerə,

O zalım evimizi yıxdı, ağlaram.

Bəs, nə tez saraldı qönçəli bağlar,

Zimistana döndü açılan bahar.

Dedim – üstümüzə bir günəş doğar,

Doğan günəşimiz yaxdı, ağlaram.

Siracam, gəzirəm Şoranı, dağı,

Neyləyirəm mən bağbansız bu bağı.

Bu qəmli, kədərli, qara bayrağı,

Fələk qapımıza çaxdı, ağlaram.

Poemanın son bölmələri şən notlar üstündə köklənib. Artıq Sirac böyüyüb, gənc oğlandı, onun evlənmək vaxtı çatıbdı. Evlənmək arzusunda olduğu ,,Cavanlıq illərim, evlənən çağım”, ,,Alım, qaçım”, ,,Ay qaynənə”, ,,Evlənəndən sonra güzarım mənim”, ,,Oldu”, ,,El-obada adım-sanım” və s. bölmələrində ailə qurması, oğul-uşaq sahibi olması, dini təhsil alıb, pak, halal, el-obanı Allahın yoluna, haqqa, ədalətə, halallığa, insanları, yaşadığı torpağı sevməyə çağırdı Sirac. O, ən yaxşı əməlləri ilə, yazdığı humanist, vətənpərvər, Allahısevər şeirləri ilə, açdığı dini məktəbdə 25 nəfər dini təhsilə malik gənclər yetirdiyinə görə Qabalın, eləcə də Qabala yaxın bölgələrin ən hörmətli, ən nüfuzlu şəxslərdən biri kimi, ona hörmət və ehtiram göstərildi. İki min səkkiz yüz misralıq bu poemadan kiçik bir parçanı oxuculara təqdim edirik.

Həyatımın dastanları.

(poema)

Başladım dastanı bismillah deyə,

Sığındım qüdrətə, ya Allah deyə.

Təmənna eylərəm, bari-Xudadan,

Aləmi xəlq edən böyük ustaddan.

Nüsrət verə dastanımı düzməyə,

Sirri dəryasına girib üzməyə.

Eyləyə qəlbimi sözlə müzəyyən,

Yetir mətləbimə vaxtı-müəyyən.

Hər yemişin bir dadı var dahanda,

Mənim də dastanım qalar cahanda.

Əsəri insanlar daim yaşadar,

İnsan ölər, gedər, əsər yaşayar.

Yadigar yazıram mən bu dastanı,

Yaşasın ellərdə, dil-əzbər olsun.

Əsərdi hər kəsin bağı bostanı,

Bəhrəsindən dadlı meyvələr olsun.

Əsər sayəsində yaşar şairlər,

Dürlü, gözəl qoşma yazar şairlər.

İlahi! Mənim də yaşat əsərimi,

Kamil eylə bu düşünən sərimi.

Ömrü şahanəmə yetir sihhəti,

Lazım deyil dünyanın şanı şöhrəti.

Əsərdi daimi şöhrəti-şanın,

Sirac, qoy oxunsun adın-ünvanın.

Allah adı ilə

Rahi-eşqə düşdüm mən Allah deyə,

Əvvəlində fəzli Bisimillah deyə.

Hər işə girəndə çağır Allahı,

Sonra Peyğəmbəri – o səlləllahı.

Acizə qüvvəti verəndi Allah,

Yoxsula dövləti verəndi Allah.

Yön çevir dərgaha istə nüsrəti,

Aqilsən əlindən vermə fürsəti.

Hər yolçunun yolundan nəzəri,

İyidlərin qolundadı nəzəri.

Neçələrini taxtı-taca qaldırır,

Çoxlarını öz taxtından saldırır.

Samı, Mənücöhrə eylədi dayaq,

Taxtı-taca heç kəs basmasın ayaq.

Tifilikən ağ saçlı Zalı yaratdı,

Samın dərdi-qəmi ürəkdə artdı.

Saçı-saqqalından pir görünürdü,

Amma cövhərindən dürr görünürdü.

Atdı biyabana öz züryətini,

İndi görün haqqın öz qüdrətini.

Zal böyüdü dağda quşun südü ilə,

Həm tərbiyə aldı quş öyüdü ilə.

Əmr olundu Sama oğlunu gətir,

Barınaha onu özün tez yetir.

Sam məhətdəl qaldı, durub neyləsin,

İstədi xəncərlə özün teyləsin.

Fəqət möbidlərə etdi məsləhət,

Dedilər bu işdə vardı bir cəhət.

Sam özü dağlara yollansın gərək,

Oğlunu Dərbərə yetirsin gərək.

Yollandı dağlara onda Samı-zər,

O, iyid oğluna eylədi nəzər.

Öz oğlunnan xeyli söhbət eylədi,

Üzürlər dilədi, minnət eylədi,

Gördü oğlu bir sərgərə bənzəyir,

Boy-buxunu filə-nərə bənzəyir.

O, Simurq quşundan oğlunu aldı,

Əvvəl güzarını Dərbarə saldı.

Manucöhr gördü Samın oğlunu,

Bir az olmuşdular yolun yorğunu.

Xəzinədən ləli-cövhər gətirtdi,

Məclis qurdu, şirin şərbət içirtdi.

Verdi ixtiyara Qabilistanı,

Sama əmr eylədi Zabilistanı.

Əynində zirehi, başlarında tac,

Pəhlivanlar oldu, onlara möhtac.

Gör Allahın hökmü hara gətirdi,

Oğlunu ataya necə yetirdi.

Oxu bu əsəri, sən də ibrət al,

Unutma Allahı, haqqı yada sal.

Verən də Allahdı, alan da Allah,

Hər işi səhmana salan da, Allah.

Mən də əl uzadıb, haqqdan istərəm,

Odur doğru yolu, haqqı göstərən.

Ya İlahi nüsrətindən ayırma,

Ol tükənməz sərvətindən ayırma.

Qoyma, söz xəzinəm kasadlaşmağa,

Qüvvət ver zehnimə, aşıb-daşmağa.

Şairlərə sənsən verən ilhamı,

Badələrlə dolu, əlində camı.

O, camnan birini mənə də, yetir,

Sinəmə misralar düz sətir-sətir.

Ya, İlahi, haqq qüdrətin haqqı üçün,

Mərhəmətin, səxavətin haqqı üçün,

Xəzinəndə bərəkətin haqqı üçün.

İrsal eylə mənə xeyrəl-əməl,

Dolansın dilimdə gövhər ilə ləl.

Şeirim, sənətim ucalsın göyə,

Dilimdə ,,vəzzuh-vəleyli” deyə.

Mənim mətləbimi yetir, İlahi,

Zay etmə karımı, bitir, İlahi.

Təbiblərin hörmətinə ver şəfa,

Həbibiyin hörmətin qıl vəfa.

Xəzinəndən dərdə dəva verənsən,

Acizləri nəzərinlə görənsən.

Mən fəqirin mətləbini bil rəva,

Özün yetir bu dərdimə bir dəva.

Bu fanidə məni eyləmə zəlil,

Dərgahından özün yetir bir dəlil.

Ya, İlahi, ol Muhəmməd haqqı üçün,

Ol şəfat kanı Əhməd haqqı üçün.

Mən günahkar ası-mücüm bir əri,

Yarlığa-qıl cümlə günahdan bəri.

Ya, İlahi, qılma məni zaallin,

Bu duaya özüm demişəm Amin!

Ümmətindən razı olsun ol müyin,

Rəhmətullahi əleyhi əcməyin.

Amin ya Allah!

Təvəllüdüm-taleyim

Yenə sığınıram ulu Allaha,

O, gözəl ismimə, o, Bismillaha.

O, xaki-pakinə qoymuşam başı,

Pünhan axıdıram qanlı göz yaşı.

Şamu-səhər çağırıram ol Şahi,

Mətləbimə yetir məni, İlahi.

Hər du aləm eyləmə məni zəlil,

Hüzurunda mən acizəm, həm əlil.

Ya İlahi, yetir mənə inayət,

Dərgahından qismət eylə hidayət.

Düzülsün zehnimə söz sətir-sətir,

Yayılsın aləmə rayihə-ətir.

Şeirin babını aç üzümə, əyan,

Dadlı misraları eyləyim bəyan.

Sihhətim tutmasın nə dərd, nə azar,

Necə ki, Firdovsi ,,Şahnamə” yazar.

Açılsın zehinim, yazsın qələmim,

Dağılsın başımdan kədərim, qəmim.

Bu fani dünyaya mən də göz açım,

Aləmə dilimdən dürr-danə saçım.

Təvəllüd eylədim bir səhər çağı,

Gördüm ki, yanımda bir kəs dayanıb.

Yaman pozqun idi qaşı-qabağı,

Elə bil yuxudan təzə oyanıb.

Hərdən məlul-məlul mənə baxırdı,

Gözlərindən qanlı yaşlar axırdı.

Bir gözü anamda, bir gözü məndə,

Sanki, istəyirdi sala kəməndə.

Bilmirəm deməyə nəsə istəyir,

Danışa bilmirdi, dili titrəyir.

Özümü topladım, cürət eylədim,

Halını soruşub, söhbət eylədim.

İstədim öyrənəm hər əhvalını,

Əcayib görünən pozqun halını.

O, qəflətən açdı yumuq gözünü,

Başladı deməyə sirr sözünü.

Dedi ki, gəlmişəm, mənəm taleyin,

Bildirəm arzunu, bütün istəyin.

Çaşmasın xəyalın, eyləmə güman,

Alnına yazılan qalmasın pünhan.

Gələcək günləri aşikar edəm,

Qəza-qədərindən xəbərdar edəm.

Əvvəla qoy deyim ağladığımı,

Daşan çaylar kimi çağladığımı.

Baxıram halına ürəyim yanır,

Deyirəm bu məsum hələ nə qanır.

Danışsam halını görən dözərmi?

Bu küskün bəxtindən əlini üzərmi?

Bəd xəbəri demək yaman çətindi,

Bil ki, sənin axır müsibətindi.

Anana baxıram, anan cavandı,

Ömrü sona yetib, axır zamandı.

Xəstəlik olacaq ona bəhanə,

Daha sığmayacaq fani cahana.

Bu cahan mülkünü tərk eyləyəcək,

Bu yaxından anan gedər dünyadan,

Naşükürlük eyləməsin hər nadan.

Çünki, belə buyurub haqqın qədəri,

Hamıya olacaq o yol səfəri.

Bəs dedim, dünyaya təzə gəlmişəm,

Yollar yorğunuyam, az dincəlmişəm.

Zülmətdən yenicə çıxdım dünyaya,

Buradamı düşdüm yeni qovğaya.

Necə olar mənim bu tifil halım,

Niyə küsdü məndən qara yığvalım?

Anasız uşağın əhvalı nə olar?

O, ana ətrini kimlərdən alar?

Anam gedərsə də, məni də apar,

Ya da ki, anamı tut, dala qaytar.

Bundan artıq neyləyirəm ömrü mən,

Anasız da, necə edim səbri mən?

Dedi: -- taleyinəm, deyirəm sənə,

Dəyiş xəyalını, gəl inan mənə.

Yoxdan var eyləyən səni yaşadar,

Olsa da, çovğunlu, boranlı bir qar,

Gör sənin alnına nələr yazılıb,

Kimsi zəhər, kimsi şəkər yazılıb.

Sənin dayələrin durubdu hazır,

Mələk katibləri gör nələr yazır.

Birisi Mərhavanın, bir döşü sənin,

Gedər ürəyindən kədərin, qəmin.

Adın da Siracdı, özün də Sirac,

Ərəbi dilində aydını çiraq.

Özün də bir çıraqsan, adın dillərdə,

Hörmətin olacaq bütün ellərdə.

İkinci bir dayən, adı Sənəmdi,

Atanın anası, əbədi nənən,

Adı da Sənəmdi, özü də sənəm.

İbadət əhlidi, islam əhlidi,

Təriqət əhlidi, iman əhlidi.

Bəs odur əbədi bir dayən sənin,

Ömrünə himayə, sərmayən sənin.

Bir yanında Hürüxan, bir yanda Sənəm,

Qoymazlar çəkəsən bir kədər, bir qəm.

Birisi süd verər, biri çay verər,

Bişirdiyi xörəkdən də pay verər.

O, nənən saxlayar isti qoynunda,

Çəkəcək nazını hər bir oynunda.

Ananın ətrini ondan alarsan,

Hərdən bir də xəyallara dalarsan.

O haqqın əmriydi, dözmək gərəksən,

Hicran dəryasında üzmək gərəksən.

Taleyinəm, deyim doğru düzünü,

Düzdü görməmisən ana üzünü.

O, danəndə nənən anadı sənə,

Çəkəcək nazını o, dönə-dönə.

Yağ-qaymaqla, şirin çayla bəsləyər,

Çağıranda doğma səslə səsləyər.

Dilində qəzəllər, uzun gecələr,

Hərdən bir də bayatılar güc gələr.

Uzun gecələri nağıl danışar,

Allahın eşqi ilə qəlbi alışar.

Yatırdar rəxtində xoş zümzüməsi,

Oxşayar ruhunu qəzəllər səsi.

Bu minvalla sənə xidmət eyləyər,

Hərdən bir də din-imannan söyləyər.

Taleyinəm, yenə deyim bir xəbər,

Alacaq üstünü bir qara kədər.

Elə ki, çatarsan altı yaşına,

Gör nələr gələcək yazıq başına.

Atan da, gedəcək əlindən sənin,

Adı düşməyəcək dilindən sənin.

Uzun illər həsrətini çəkərsən,

Gözlərindən qanlı yaşlar tökərsən.

Atadı oğulun, arxası, dağı,

Ömrünün mayası, ürəyin yağı.

Körpə uşaq atası ilə öyünər,

Ərkələnər, tər libaslar geyinər.

Hər zaman ürəyi sınqın olarsan,

Bulud təki, boşalarsan, dolarsan.

Ananın ətrini nənəndən alarsan,

Atanın ətrini kimdən alarsan?

Doğrudu, Hidris də doğma əmindi,

O, da kədərindi, qüssə, qəmindi.

Hara düşsə mərtdi, dilli-divardı,

O, qohum cannıdı, dostuna yardı,

Onun da kədəri başdan aşacaq,

Qardaş həsrətiylə qəlbi çaşacaq.

Uzaqdan-uzağa olar kölgəsi,

Yenə də himayədi, əmimin səsi.

Fatma maman, Qiyas lələn-yaxındı,

Həmi axşamındı, həm sabahındı.

Uzun müddət çıxarmazlar yadınnan,

Artıq tutar səni, öz övladınnan.

Qartal kimi qanad salar üstünə,

Qoymaz bir kəs, dura sənin qəsdinə.

Uğurunda keçər şirin canından,

Harda olsa ayırmaz öz yanından.

Gah dağlara, gah arana aparar,

Qış binəyə, yaz şorana aparar.

Saxlayar çöllərdə çoxlu mal-qara,

O qoymaz ailəni düşməyə dara.

Çəkdiyi zəhməti gətirməz saya,

Onunla bularsan halaldan maya.

Çöldə qaymağındı, evində yağın,

Açılar hər yana əlin-ayağın.

Bahar fəsli, yaz ayları gələndə,

Gün hərarət verib, aləm güləndə.

Novruz bayramına töhfələr gələr,

Əmlik quzulardan nüyvər kəsilər.

Qiyas lələn belə bəsləyər səni,

Qaytarar üstündən dumanı, çəni.

İnan taleyinə etmə gümanı,

Bir Allahdı verən dərdə dərmanı.

Ey tifil ümüdün Allahdan üzmə,

Şükran nemət dolan, naşükür gəzmə.

Taleyin sözünə bəd güman olma,

Dərd-ələmin atəşinə qalanma.

Onu bil ki, hər gələcək yaxındı,

Bu ömür yolların əlvan bağındı.

Taleyimdi qarşımdakı,

Yığvalımı yazdı getdi.

Ömür-günün muncuğunu,

İpə-sapa düzdü getdi.

Əynindəki ağ fatadan,

Xəbər verdi hər xatadan.

Həm anadan, həm atadan,

Ümüdümü üzdü getdi.

Sirac vara-yoxa qaldı,

Dərd əlində yaxa qaldı.

Ruhum baxa-baxa qaldı,

Fəzalara süzdü getdi.

Deyib

İndi bildim taleyimin,

Hökmü hardan-hara deyib,

Tifil ikən yetim qoyub,

Günüm ahı-zara deyib.

Ömrüm boyu zimistanda,

Həsrət növ-bahara deyib.

Belədi Allahın əmri,

Yoxdu buna çara deyib.

Başımdakı əhvalımı,

Ruhum duyanda ağladı,

Zərrəciyim ,,Qolu bəla”.

Haqqa deyəndə ağladı,

Eşidirdi yazıq anam,

O da, o yanda ağladı.

Dedi: - bala, taleyimiz,

Bəxtimizə qara deyib.

Yazıq Sirac yetim qalıb,

Sığındı öz nənəsinə,

Gecələri ana kimi,

Atılırdı sinəsinə.

Yuxu gəlir, məst olurdu,

Laylasına, nəğməsinə.

Onun yanıqlı sözləri,

Köysüm üstə yara deyib.

Altıncı fəsil.

Azərbaycan mühacirət ədəbiyyatı.

Siyasi baxışlarına görə isti, doğma ocağını, vətənini tərk etməyə məcbur olmuş qələm və ilham sahiblərinin başqa xarici ölkələrdə məskunlaşaraq yaratdıqları ədəbiyyat mühacirət ədəbiyyatı adlanır. Xarici işğalçı dövlətlərin Azərbaycana fasiləsiz, ardıcıl hücumları yeddinci yüzillikdən başlayaraq iyirminci yüzilliyin əvvəllərinə qədər bir çox ailələr, ayrı-ayrı kəndlərin sakinlərinin hamısı Irana, Türkiyəyə, Ərəbistana, Əfqanistana, Hindistana, Orta Asiyaya köçürülmüşlər. İyirminci yüzillikdə də qəddar sovet rejiminə, mənfur siyasətinə dözməyib, öz doğma el-obasını tərk etməyə məcbur olmuşlar! Didərginliyin, qəribliyin, vətəni məcburi tərk etməyin bütün ağrı-acılarını folklorumuzun bütün janr və növlərində də görürük.

Mühacirətdə olan azərbaycanlıların çox maraqlı, sanballı, ədəbi, elmi irsi mövcuddur. Azərbaycan mühacirət ədəbiyyatının yaradıcıları barədə qısa məlumat vermək istərdim. Bu müəlliflərin arasında Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Səməd Ağa oğlu, Mirzə Bala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Almas İldırım, Ümmülbanu (Banin), Hüseyn Camal Yanar, Məhəmməd Sadıq Aran, Teymur Atəşli və onlarca digər yaradıcı sənətkarlar vardır.

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli (1891-1962) böyük bəstəkar Üzeyir Hacıbəylinin qardaşıdır. O, Şuşada rus-tatar məktəbini bitirdikdən sonra təhsilini Bakıda davam etdirmişdir. Milyonçu Murtuza Muxtarovun vəsaiti ilə Peterburq universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Sonra Parisə gedib təhsilini Sorbon universitetində davam etdirmişdir. O, bir müddət Bakıda rusca nəşr edilən ,,Azərbaycan” adlı gündəlik ədəbi-ictimai, siyasi qəzetin redaktoru olmuşdur.

Ceyhun Hacıbəyli 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konqresinin işində iştirak etmək üçün Fransaya getmişdir. 1920-ci ilin baharında Azərbaycanda baş vermiş faciələrə görə Vətəninə qayıda bilməmiş, ömrünün sonuna qədər Parisdə yaşamağa məcbur olmuşdur. 1925-ci ildə Ceyhun Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Üzeyir Hacıbəylinin ,,Arşın mal alan” operettosu tamaşaya qoyulmuşdur.

Ceyhun Hacıbəyli Azərbaycanın tarixi, etnoqrafiyası, folkloru, ədəbiyyatı və dili sahəsində apardığı araşdırmaları, ,,Hacı Kərimin səhəri” adlı povesti qələminin və zəkasının məhsullarıdır. O, ,,Babək və qədim Aran hökuməti”, ,,Bakı və Bərdə şəhərlərinin tarixi”, İran şairləri Ə. Firdovsi və H. Şirazinin yaradıcılığı haqqında səmərəli tədqiqat işləri aparmışdır.

Alimin ən dəyərli əsərlərindən ,,Qarabağ dialekti və folkloru”dur. Monoqrafiya görkəmli türkoloq, Orxon-Yenisey abidələrinin oxunmasında tarixi xidmətləri olmuş akademik V.V. Radlovun (1837-1918) xahişilə, onun planlaşdırdığı ,,Türk-tatar kolleksiyası” adlı xüsusi nəşr üçün yazılmışdır. Əsər otuz üç kiçik bölmədən ibarətdir. Bu bölmələrdə ağız ədəbiyyatında dolaşan bayatılar, qarğışlar, yalvarışlar, hədə-qorxular, andlar, oxşamalar, beşik nəğmələri, ağılar, müraciət formaları, zarafatlar, lətifələr və s. toplanıb təsnif edilmişdir.

Ümmülbanu Mirzə qızı Banin (1905-1992) Bakıda ziyalı ailəsində böyümüş və tərbiyə almışdır. Məşhur Bakı milyonçuları Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsi, Azərbaycan demokratik Cumhuriyyətinin ticarət naziri Mirzə Əsədullayevin qızıdır. Uşaq yaşlarından Avropa dillərini öyrənməyə başlamışdır. Ailələri sovet hökumət orqanları tərəfindən təqib olunduğuna görə Türkiyəyə mühacirət etmişdi.

1924-cü ildə ailəsi Parisə köçmüşdür. Rus, fransız, ingilis və alman dillərini öyrənmiş Ümmulbanu Parisdə ali təhsil alır. Əsərlərini fransız dilində yazır. 1945-ci ildə ,,Qafqaz günləri” romanını nəşr etdirir. Sonralar ,,Paris günləri”, ,,Sonra”, ,,Yad Fransa”, ,,Son ümidin harayı”,

,,Mariya mənə nələr söylədi?” əsərləri nəşr edildi. O, ingilis, alman, rus ədəbiyyatından bir çox nümunələri fransız dilinə tərcümə etmişdir. Yazıçı 87 yaşında vəfat etmiş, Parisdə də dəfn olunmuşdur.

Beləliklə Azərbaycanın Türkiyə, İran, Fransa, Almaniya, Polşa, Ruminiya və b. ölkələrdə yaranan mühacirət ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi doğma dilimizə tərcümə edilir, məktəblərimizdə tədris edilir, sevilir, ədəbiyyat tarixi kitablarına daxil edilir.

*** *** ***

Sovet dövlətinin siyasəti, sərt qanunları ilə razılaşmayan, Borçalı türklərinin bəzi ailələri də xarici ölkələrə mühacirət etmişlər. Bunların sırasında təhsil almış siyasətçilər, qələm sahibləri də var idi.

Borçalı mühacirət ədəbiyyatının nümayəndələrindən biri də Nağı Hacıbayramlıdır. XIX əsrdə və XX əsrin əvvəllərində qələm və istedad sahibləri çarizmin müstəmləkəçilik siyasətinə, getdikcə şiddətlənən ictimai-siyasi təzyiqlərə və sovet rejiminə etiraz əlaməti olaraq həbsxanadan qaçaraq, doğma el-obasını tərk edib, Türkiyədə sığınacaq tapanlardan biri də şair-publisist Nağı Hacıbayramlı olmuşdur.

Nağı Mustafa oğlu Hacıbayramlı (1902-1987) Qarayazının Kosalı kəndində anadan olub. Vahid Ömərlinin ,,Qarayazı” kitabında verilən məlumata görə Nağı Bolnisidə Haqqalanlı Abdulla Süleyman oğlu ilə birlikdə 4-illik rus-tatar məktəbində təhsil alıbdır. Türkiyəyə keçdikdən sonra təhsilini Türkiyədə və Varşavada davam etdiribdir. Kosalıda ailə həyatı qurub, Hacı adlı oğlu, Fatma adlı qızı olubdur.

Böyük qardaşı Qurban ağa (Xozeyin) 1928-ci ildə sürgün edildikdən sonra Nağını həbs edirlər. Qaratəpə həbsxanasından qaçan Nağı 1930-cu il iyulun 11-də Qaraxaçdan Qars bölgəsinə keçir. Bir müddət qardaşı Qurban ağa ilə (Xozeyinlə) birlikdə Polşada yaşamış, burada da təhsilini davam etdirmişdir. İti zəka sahibi olan Nağı iki xarici dil öyrənmiş, Varşavadakı ,,Prometey” antisovet cəmiyytində fəaliyyət göstərmişdir. 1946-cı ildən sonra Nağı ilə qardaşı Qurban ağanın yolları ayrılmışdır.

Nağı həyatının Qarayazı dövrünü Türkiyədə yazdığı və ,,Türk izi” dərgisində çap etdirdiyi ,,QPU zindanlarındakı gecələrin qanlı mənzərələri”,

,,Qızıl istilanın doğurduğu Azərbaycan üsyanlarından xatirələr”i təşkil edir. O, 50-ci illərdən başlayaraq Azərbaycan Millətçilər Dərnəyinin rəhbərlərindən biri kimi siyasi fəaliyyət göstərmiş, dərnəyin Ankarada ayda bir dəfə çıxan ,,Türk izi” dərgisində ,,Kommunizm insanların düşmənidir”, ,,Mücadiləmiz və milli birliyimiz”, ,,28 may və 27 aprel”, ,,Rus istilası” kimi antisovet məqalələr çap etdirmişdir. Nağı Hacıbayramlı ,,Yaşasın istiqlal deyə!”, ,,Azərbaycanın uğrunda”, ,,Vətəni təslim edənlərə nə deyim” və s. siyasi şeirlər yazmışdır. Nağının Türkiyədə Orxan, Atilla, Alparslan adlı oğlanları, Ülkər adlı qızı olmuşdur.

Bir yaradıcı şəxs kimi Nağı Hacıbayramlının Türkiyədə yazdığı siyasi publisistik əsərləri, istərsə də şeirləri Azərbaycan mühacirət ədəbiyyatının ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixinin mühacirət dövrünü təşkil edir.

Şair Nağı ,,Yaşasın istiqlal deyə” şeirində ürək ağrısı və qəlb sızıltısı ilə bəyan edir ki, Azərbaycan xalqının vətənpərvər, azadlıq və istiqlalsevər oğullarının cəsarəti, qəhramanlığı nəticəsində xalq özünün müstəqil, azad, milli hökumətini yaratdı. Bu xoşbəxtlik uzun sürmədi. Milli hökumətin bir ilini tamam olmağa imkan verməyən Moskva xalqın iradəsi ilə yaradılan yeni fəaliyyətə başlayan dövlətə hücum etdi, azad, xoşbəxt xalqımızın qanını axıtdı, inqilabçıları həbs etdi. Şeirdə Azərbaycan xalqının ,,Yaşasın istiqlal deyə” rus cəlladlarına qarşı ölüm-dirim müharibəsinə özlərinə atmaları tərənnüm edilməklə, sovet hökumətinin işğalçılıq kimi mənfur siyasəti satira atəşinə tutulur.

Şair ,,Azərbaycanım uğrunda” şeirində yazır – Azərbaycanın azadlığı, xoşbəxt gələcəyi üçün mübarizələrə qoşuldum. Bu azadlıq mücahidləri ilə çiyin-çiyinə vuruşdum, axırda çekanın zindanına atıldım – deyir.

Nağı Mustafa oğlunun ,,Vətəni təslim edənlərə nə deyim!” şeirində vətənpərvərlik, azadlıqsevərlik duyğularının tərənnümünü görürük. O, yazır – gözəlliklər diyarı doğma Azərbaycanı Moskvanın ayıları işğal etmiş, kənd və şəhərləri viran etmişlər. Köksündə od tutub yanan yaralı ürəyim yenə göynəməyə başladı. Xalqım işğalçıları silahla qarşıladı, vuruşa-vuruşa dağlarda, meşələrdə gecələdi. Qoşun sel kimi, tufan, qasırğa kimi Azərbaycanı bürüdü. Qırdı xalqımı, anaları oğulsuz, oğulları atasız qoydu. Şair üzünü bəzi satqın vətəndaşlarına tutaraq, deyir -- ,,Vətəni təslim edənlərə nə deyim!”

Yaşasın istiqlal deyə.

Qızıl Moskva Azərbaycanı aldı,

Vəhşi bir qüvvət yurduma yayıldı.

Vətən sevərlər silahlara sarıldı,

Yaşasın istiqlal deyə!

İgidlər savaşdılar mübarizə başında,

Bu qanlı tarix 34 yaşında.

Şəhidlər verdik Vətən çarpışında,

Yaşasın istiqlal deyə!

Məmləkətin yolu yaxında açılacaq,

Düşmən bayrağı yırtılıb yaxılacaq.

Məhkum millətlər bayram yapacaq,

Yaşasın istiqlal deyə!

Millətim yenə hüriyyətə qovuşacaq,

Bayrağım yurdumda yenidən yüksələcək.

Nağı arzusuna nail olacaq,

Yaşasın istiqlal deyə!

28 may bizim müqəddəs günümüz,

28 apreldə yasa batmış yurdumuz.

Vətəni qurtaracaq yalnız öz süngümüz,

Yaşasın istiqlal deyə!

Azərbaycanım uğrunda

Vətən eşqinə daldım,

Mühacirələrə qatıldım.

Çeka zindanına atıldım,

Azərbaycanım uğrunda.

Fikirlərimə qul oldum,

Mücadiləyə yol buldum.

Suçlu kimi soruldum,

Azərbaycanım uğrunda.

Vətənimə gedən yollar qapalı,

Yurdum hər yurddan səfalı!

Çəkdiyim günlər olmuş cəfalı,

Azərbaycanım uğrunda.

Nağının Vətən eşqi belədi,

Həqiqətləri sıra ilə söylədi.

Qan axıtmağı murad eylədi,

Azərbaycanım uğrunda.

Düşmən savaşdan aralandı,

Şəhidlər gözümdə sıralandı.

Qəhrəmanlar yanımda yaralandı,

Azərbaycanım uğrunda.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]