
- •XVIII-XIX əsrlərdə ədəbiyyat.
- •İbrahim
- •İbrahim
- •İbrahim
- •İkinci fəsil.
- •XX əsrin əvvəllərində ədəbiyyat
- •XX əsrin ortalarında ədəbiyyat.
- •XX əsrin ortalarından sonlarına qədər
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •İbrahimxəlil
- •Xoca Məhəmməd
- •İctimai-satirik motivli şeirləri:
- •Vaxtinda qəlsəydi!
- •İctimai-siyasi motivli şeirləri:
- •İnsanda insanlıq öləndən bəri,
- •İtmiş insanlığın parlaq gövhəri.
- •İnsanlıq ölmüşdür, matəm saxlayır.
- •I Hissə
- •Vahid Kirəcli
- •Vətəni təslim edənlərə nə deyim!
Yusif Yusifli --------------------------- Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi II cild.
-
Yusif Yusifli
Gürcüstan
Azərbaycanlılarının
Ədəbiyyat tarixi
II
Yusif Yusifli
Gürcüstan
Azərbaycanlılarının
Ədəbiyyat Tarixi
Üç
Cilddə
Baş redaktor.
Arif Əmrahoğlu – Filologiya üzrə fəlsəfə doktoru, professor.
Redaktor.
Əlixan Binnətoğlu -,,Meydan” jurnalının baş redaktoru.
Məsul katib
Musa Yusifli - Böyük Muğanlı ictimai məktəbin direktoru.
,,UNİVERSAL” nəşriyyatı
Tbilisi-2014
Bizim xalqımız ən qədim zamanlardan
ədəbiyyatla, ədəbiyyat nümunələri ilə
tanınıbdır. Xalqımızın tarixində ədəbiyyat
qədim dövrlərdən öz yerini tutubdur və
inkişafında çox böyük rol oynayıbdır.
Heydər Əliyev
Yusif Yusifli
Gürcüstan
Azərbaycanlılarının
Ədəbiyyat tarixi
Rəyçilər:
Aysəba Əlizadə - Fəlsəfə doktoru.
Emin Elsevər - ədəbiyyatşünas, yazıçı, tərcüməçi.
Əziz Dəlivəlli - ,,Sözün işığı” qəzetinin baş redaktoru, fəlsəfə doktoru.
Sponsor:
Kitabın müəllifinin nəvələri
İkinci
Cild.
Tbilisi-2014.
Ön söz: Arif Əmrahoğlu
Birinci fəsil.
Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi.
Firidun bəy Köçərlinin ,,Azərbaycan ədəbiyyatı” əsərinə kiçik bir nəzər. Azərbaycan xalqı bəşər tarixinə dahi şairlər, yazıçılar, alimlər, müdrik və uzaqgörən dövlət başçıları, böyük tarixi şəxsiyyətlər, cəsur sərkərdələr bəxş etmişdir. Azərbaycan ədəbiyyatı klassiklərinin qədim dövrlərdən başlayaraq yaratdıqları əsərlər uzun əsrlər dünyanın bir çox şərqşünaslarının, ədəbiyyatşünaslarının, tarixçilərinin, etnoqraflarının, dilçi alimlərinin diqqətini cəlb etmişdir. İstər Azərbaycan ədəbiyyatı, istərsə də VI-VIII əsrlər ortaq Türk xalqlarının Orxon-Yenisey kitabələri haqqında aparılan dünya miqyaslı araşdırmalar, yazılan çoxsaylı məqalə və kitablar hər bir Türk-Azəri övladı üçün əziz və qiymətlidir. Həm daş kitabələr, həm şifahi, həm də yazılı ədəbiyyatımız haqqında yaranan bəzi mübahisəli fikirlərə Türk-Azəri alimləri aydınlıq gətirmiş, öz qiymətli araşdırmaları, dəqiq və mükəmməl tədqiqatları ilə bütün mövcüd güman və şübhələrə, mübahisə doğuran məqamlara, həqiqətə arxalanmayan iradlara son qoymuşlar!...
Azərbaycan xalqının istedad və ilham sahibi olan oğullarının yaratdıqları əsərlər hansı məkanda və ya hansı dildə yaranmasından asılı olmayaraq, o əsərlər Azərbaycan xalqının ən qiymətli mənəvi sərvətidir. Bu əsərlər ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi, tədqiq edilmiş, doğma dilimizə tərcümə olunub, dəfələrlə çap edilmişdir.
Bəşəriyyətin ən böyük ixtiralarından biri olan yazı mübarək qədəmləri ilə bu işıqlı dünyaya daxil olanda söz və ilham sahibləri, yaradıcı şəxslər daha çox sevindilər, çünki yazının olmaması ucbatından ulu babaların, müdrik nənələrin yaratdıqları ölməz əsərlər o yaradıcı şəxslərin adı ilə yox, ağız ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, folklor adı ilə dilsiz əsrlərin daş yaddaşına həkk oldu, ordan da gələcək nəsillərin yaddaşına köçdü, el-oba o qiymətli inciləri qəlbinin şah damarında, dövr edən qanında, gözünün nurunda, ağıl-kamal, fikir-düşüncə, idrak-zəka adlı sehrli, əlçatmaz bir zirvədə -- insan beynində məskən saldı. Ulu baba və nənələrin müqəddəs əmanəti kimi, qorunub saxlandı. Bir-birini əvəz edən əsrlərə, müxtəlif təbəqəli insan cəmiyyətlərinə bu sənət inciləri şifahi şəkildə saflaşa-saflaşa müxtəlif variantlarla gələcək nəsillərə çatdırıldı. Yazının ixtirasından sonra da şifahi ədəbiyyat öz fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatın hər iki qolu xalqın istək və arzularının tərənnümçüsü kimi, bir-birindən bəhrələnə-bəhrələnə durulmuş və daha da zənginləşmişdir.
Ədəbiyyatın insanların formalaşmasında, mənəvi cəhətdən kamilləşməsində, tərbiyələnməsində, sevib-sevilməsində müstəsna rolu olmuşdur. Xalqın istək və arzuları ilə yoğrulmuş bu poetik aləm məkan etibarı ilə böyük bir arealı əhatə etmiş, zaman etibarı ilə də xalq kimi, ölməzlik qazanmışdır.
Xalqın varlığından, onun bağrından, ürəyinin tac damarından süzülüb, durulub gələn bu xalq inciləri yenə xalqın həyatına, məişətinə daxil oldu, xalqın duman-çiskin tutmuş yollarına şəfəq saçdı. Qəbilə, tayfa, xalq şənliklərinə ruhi qida verdi, insanları mənəvi cəhətdən zənginləşdirən bu xalq incilərinə saz aşiq oldu. Dərin fəlsəfi tutumlu, etik-estetik yüklü, ləl-cəvahiri xatırladan bu zərif, incə duyğulu sözlər aqillərimizin bal dodaqlarından, dadlı-duzlu dillərindən dağ çeşməsi kimi, süzülüb, sazın alışıb-yanan, düşünən və düşündürən pərdələrində, Türk oğlunun sinəsində el şənliklərinə, toy-nişan məclislərinə ayaq açdı, sözün əbədi könül sirdaşına çevrildi. Saz o gündən möhtəşəm Türk dünyası xalqlarından bir an belə ayrılmadı. Saz sınıq, qubarlı, qəmli, ürəkləri, sevgi və məhəbbət əlindən sinəsində ürək yerinə məşəl, korun-korun yanan od-ocaq gəzdirən əhli-dərdlilərin könlünü saz etdi. Azərbaycan xalqının yaratdığı bu qiymətli xəzinə xalqımızın fədakar oğulları: ədəbiyyatşünasları, folklorşünasları, etnoqrafları,tarixçiləri tətəfindən və bir də aşıq ədəbiyyatını yaradan, folklorumuzu yaşadan aşıqlarımızın ayrı-ayrı illərdə köməkliyi ilə toplandı, yazıya alındı. Çoxcildli ,,Nağıllar”, ,,Xalq inciləri”, ,,Aşıqlar”,
,,Bayatılar”, ,,Dastanlar”, ,,Əsatirlər”, ,,Lətifələr”, ,,Atalar sözləri və məsəllər” və s. adlarla ardıcıl nəşr edildi.
Yazının ixtira edilməsi bəşəriyyətə, o dövrün insanlarına, xüsusilə də bütün ömrünü yazıb-yaratmağa həsr edən idrak və zəka sahiblərinə bu işıqlı dünya boyda sevinc bəxş etdi. Çünki yazı insan cəmiyyətinin bütün üzvlərini xoşbəxtliyə, maarifə, təhsilə, elmə, mənəvi cəhətdən kamilləşməyə, dünyanı dərk etmək üçün oxuyub-öyrənməyə aparan yolun başlanğıcı idi.
Yazı, gecə-gündüz yorulmadan, usanmadan ömrünü yazıb-yaratmağa həsr edən şair və yazıçıları, alimləri güman və şübhələrdən qurtardı. Daha onların adları tarixin qaranlıq səhifələrində itib-batmayacaq, yazının ixtira edilməsi şairləri, bütün qələm sahiblərini gələcək nəsillərin sirdaşına, könül dostuna çevirəcəkdir, çünki artıq yazı mövcuddur!...
Yazı özünün mübarək qədəmləri ilə bəşəriyyətə xoşbəxtlik bəxş etmiş olsa da, meydana yeni qayğılar çıxır. Çap texnologiyasının mövcud olmadığı illərdə yaranan çətinlikləri aradan qaldırmaq üçün aqil, müdrik insanlar yazılmış əsərləri tərtib etdikləri çünklərə, təzkirələrə, müntəxəbatlara, məcmuələrə daxil etdilər, şairlər də öz şeirlərinin divanlarını tərtib etməklə uzaq keçmişdə klassiklərimizin yaratdıqları əsərləri gələcək nəsillərə çatdırmaq üçün o dövrün ən əlverişli vasitələrindən səmərəli istifadə etdilər.
Bunlar ədəbiyyat tarixini yazacaq araşdırıcılar üçün tətqiqat mənbəyi kimi çox qiymətli məxəz idi. Dünya tarixşünaslığının və ədəbiyyat tarixinin başlanğıcı haqqında ,,Azərbaycan ədəbiyyatı tarixi”nin qüdrətli tətqiqatçı alimlərindən Bəkir Nəbiyev və Teymur Kərimli yazır:
,,Dünya tarixşünaslığı öz başlanğıcını e.ə V əsrdən, yəni ,,Tarixin atası” Herodotun ,,Tarix” əsərindən götürdüyü kimi, ədəbiyyat tarixinin başlanğıcını da müəyyən mənada qədim yunan xalqına, bəşəriyyətin yetirdiyi ən böyük fikir nəhənğlərindən biri olan Aristotelin (e.ə 384-322) ,,Poetika”əsərinə bağlamaq olar (ə.t.s-1,s-9).”
Antik ədəbiyyat müntəxəbatını tərtib edən professor Əli Sultanlı yazır:
,, ,,Poetika” da Ərəstu incəsənətin mənşəyi və tərifi, incəsənətin xarici aləmə, gerçəkliyə münasibəti, bədii qavrayışın mahiyyəti, gözəllik məfhumu, bədii qiymət vermənin əsasları, ayrı-ayrı sənət əsərlərinə xas cəhətlərə və sair kimi mühüm nəzəri məsələlərə toxunmuşdur. Ümumiyyətlə, əsərdə incəsənətin və eləcə də ədəbiyyatın bir çox nəzəri məsələləri həll olunur. ,,Poetika” əsəri ədəbiyyatşünaslıq tarixində ədəbiyyatın nəzəri məsələlərini sistem ilə həll edən ilk təcrübədir, əsərin tarixi əhəmiyyəti də bundan ibarətdir.(s.814-815)”
F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixçiliyi sahəsindəki böyük fəaliyyəti və yaradıcılığı üzərində geniş və mükəmməl tədqiqat işləri aparan F.E.N. Ruqiyyə Qənbərqızı Azərbaycan şair və yazıçılarının ədəbi irsinin ümumi mənzərəsi haqqında yazır: ,,Azərbaycan ədəbiyyatşünaslığı isə hələ də təzkirə, cünk və müntəxəbat şəklindən uzağa gedə bilməmişdir. Əsrlər boyu təzkirə müəllifləri öz əsərlərini fars dilində yazmış və təzkirəyə fars dilində yazan yazıçıları daxil eləmişdilər-(1978:I c.s.10).”
Təəccüb və təəssüf doğuran da bu idi ki, qədim tarixə malik olan belə böyük və zəngin bir ədəbiyyatın tarixi unudulmaz Firidun bəy Köçərliyə qədər yazılmamışdı. Azərbaycan ədəbiyatı tarixini ilk dəfə yazmaq xoşbəxtliyini Ulu Tanrı məhz Firidun bəyə nəsib etdi. O, Azərbaycan ədəbiyyatı tarixinə dair əsər yazmağa hələ 1885-1895-ci illərdə İravan gimnaziyasında müəllimlik etdiyi illərdən başlamış, zaqafqaziya rus mətbuatında Azərbaycan ədəbiyyatına və maarifçilik məsələlərinə dair çox dəyərli məqalələrlə çıxış etmişdir. O, bu kitabı yazarkən mövcud ədəbi irs toplanmış təzkirələrdən, müntəxəbatlardan, əlyazmalarından, kitablardan səmərəli istifadə edir. Tətqiqatçı alimin əsasən istifadə etdiyi ədəbi mənbə və məxəzlər bunlar idi: Mirzə Yusif Qarabağinin ,,Məcmuyeyi-Vaqif və müasirlərin digər”, Adolf Berjenin ,,Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir”, Vidadinin qız nəvəsi Hüseyn Əfəndi Qayıbovun ,,Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir”, Lütfəli bəy Azərin ,,Atəşkədə”, Bakıxanovun ,,Gülüstani- İrəm”, İ. Şerrin ,,Vseobşayaistoriya literaturi”, Ş. Saminin ,,Qamusül-Əlam”, Mirzə Məhəmməd Axundovun ,,Nizami”, Məhəmməd Cəlalın
,,Osmanlı ədəbiyyatı nümunələri” əsərlərindən, Ə. Həsənzadənin ,,Dəbistan” dərgisində çap etdirdiyi ,,Əlişir Nəvai” məqaləsindən (1907-ci il, N=3),
,,Kəşkül” qəzetinin 1887-ci il 43,44,45 saylarında çap edilən ədəbi məqalələrdən, Mirzə Camalın ,,Qarabağ tarixi”, H.Əlqədarinin ,,Aşari-Dağıstan”, M.S.Süpehrinin ,,Dərbəndnamə” və b. əsərlərindən məqsədyönlü istifadə etmişdir.
F. Köçərli üçün Azərbaycan şair və yazıçılarının əsərlərini, onların haqqında yazılan və ya yazılmayan bioqrafik və biblioqrafik məlumatları əldə etmək çox gərəkli idi.Çünki onun əldə etdiyi ədəbi materiallar hələ yetərli deyildi. Ona görə də Firidun bəy, şairlərə, yazıçılara, müəllimlərə, jurnalistlərə, keçmiş ədəbi mühitin yaradıcılarının övladlarına, qohum-qardaşlarına, dostlarına və b. məktub vasitəsi ilə xahiş edir ki, Azərbaycan ədəbiyyatına dair onlarda olan lazımlı ədəbi materialları və xatirələrində qalanları yazıb ona göndərsinlər. O dövrün ziyalıları Firidun bəyə çox həvəslə köməklik göstərirlər.
Firidun bəy kitabda verilən ədəbi materialların xeyli hissəsini bu yolla toplamağa nail olur. Görkəmli ziyalılardan Eynəli bəy Sultanov, Abbas Səhhət, Abdulla Şaiq, Mehdi bəy Hacinski, Rəşid bəy Əfəndiyev, Ağəli bəy Naseh və b. onun bu böyük təşəbbüsünü, ağır zəhmətini, fədakarlığını, xeyirxah işini çox yüksək qiymətləndirərək, ona cani-dildən yardımcı olurlar. Uzun axtarışın, gərgin əməyin, tükənməz enerjinin, zəngin bilik və istedadın nəticəsində ,,Azərbaycan ədəbiyyatı” kitabını tamamlayır. Firidun bəy uzun illər ziyalılara, imkanlı və imtiyazlı adamlara nə qədər müraciət və xahiş edirsə də, kitabın nəşrinə nail ola bilmir. Onun ölümündən sonra ömür-gün yoldaşı Badisəba xanımın xüsusi təşəbbüsü və ardıcıl səyi nəticəsində kitab 1925-1926-cı illərdə iki cilddə ,,Azərbaycan ədəbiyyatı tarixi materialları” adı ilə çap edildi. Bu kitabın işıq üzü görməsi böyük ədəbi və tarixi hadisə idi. Çünki Firidun bəy Köçərli ədəbiyyatımızın tarixində ilk dəfə çoxəsrlik ,,Azərbaycan ədəbiyyatı” əsərini yazmaqla Azərbaycan ədəbiyyatı tarixçiliyinin əsasını qoydu, həm də gələcək ədəbiyyatşünaslar və ədəbiyyat tariximizin tətqiqatçıları üçün geniş üfüqlər açdı.
Akademik Feyzulla Qasımzadə yazır: ,,XIX əsr ədəbiyyatının ilk mənbələri içərisində ən mühüm yeri F. Köçərlinin sovet dövründə nəşr edilmiş ,,Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri tutur. Uzun illərin və böyük zəhmətin məhsulu olan bu əsər 4 hissədən və 2 cilddən ibarətdi. Əsərə daxil edilən yüz iyirmi şairdən təxminən yüzü XIX əsr ədəbiyyatına aiddir. F. Köçərlinin ,,Azərbaycan ədəbiyyatı tarixi materialları” XIX əsr ədəbiyyat tarixi üçün ən zəngin materiallar verən məxəzdir; bu sahədə bundan böyük məxəzə rast gəlmirik” (,,XIX əsr Azərbaycan adəbiyyatı tarixi” kitabı 1956-cı il).
Azərbaycan ədəbiyyatşünaslarının qeyd etdikləri kimi, Firidun bəyin
,,Azərbaycan ədəbiyatı” kitabı nəşr olunan gündən başlayaraq, çağımıza qədər, bütün ədəbiyyatsevərlərin stolüstü kitabına çevrilmiş, alimin haqqında dəyərli monoqrafiyalar, sanballı məqalələr yazılmışdır. Çünki bu əsər özündən sonra yazılacaq ədəbiyyat tarixi kitabları üçün uğurlu və aydın yol açmışdır.
F. Köçərlinin ,,Azərbaycan ədəbiyyatı tarixi” əsəri işıq üzü görəndən sonra Əmin Abıdin ,,Azərbaycan türklərinin ədəbiyyatı tarixi” İstanbul-Bakı I-II c. 1922-1927, İsmayıl Hikmətin ,,Ədəbiyyat tarixi”I-II c. Bakı 1928, Körpülzadənin ,,Azəri ədəbiyyatına dair tədqiqlər” Bakı 1926, Salman Mümtazın ,,Azərbaycan ədəbiyyatının qaynaqları”, Azərbaycan alimlərindən M. Arifin, F. Qasımzadənin, H. Araslının, Mir Cəlalın, M. Cəfərin, M.Quluzadənin və b. ədəbiyyat tarixinin ayrı-ayrı dövrlərinə dair samballı və çox dəyərli kitabları nəşr edildi.
1943-cü ildən başlayaraq nəşr edilən çoxcildli ,,Azərbaycan ədəbiyyatı tarixi” kitabları alimlərin şəxsi və fərdi təşəbbüsləri kimi yox, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun alimləri tərəfindən yazılmağa başladı. Belə ki, ikicildlik ,,Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”1943-1944-cü illərdə, üçcildlik ,,Azərbaycan sovet ədəbiyyatı tarixi” 1967 ildə, 2004-cü ildən isə altıcildlik ,,Azərbaycan ədəbiyyatı tarixi” nəşr edilməyə başladı.
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olmuş akademik Bəkir Nəbiyev və Teymur Kərimli çoxcildli ,,Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində yazırlar:
,,Azərbaycan bədii-nəzəri, estetik fikrinin inkişafında və Azərbaycan ədəbiyyatı tarixi konsepsiyasının formalaşmasında və gerçəkləşdirilməsində çağdaş elmi səviyyədə yazılmış ilk ədəbiyyat tariximizin müəllifi Firidun bəy Köçərlinin ayrıca yeri vardır. Belə ki, bütün satiriklər Qoqolun ,,Şinel”indən çıxdığı kimi, Azərbaycanın bütün ədəbiyyat tarixçiləri də Firidun bəy Köçərlinin ,,Azərbaycan ədəbiyyatı tarixi”ndən çıxmışlar. Füzuli Azərbaycan şairlərinin babası(F. Köçərli) olduğu kimi, Firidun bəy Köçərli də Azərbaycan ədəbiyyatı tarixçilərinin babasıdır.” (Azərbaycan ədəb.tarixi I cild, şəh.26)
Dünya ədəbiyyatına dahilər bəxş edən Azərbaycan xalqının klassiklərinin zəngin yaradıcılığının tətqiq olunmaması, kitablarının çap edilməməsi, ədəbiyyatşünaslarımızın, ziyalılarımızın və qələm sahiblərimizin dahilərimizə qayğı, diqqət göstərməməsi ,,Azərbaycan ədəbiyyatı tarixi”nin indiyədək yazılmaması Firidun bəyi çox məyus edir. O yazır: ,,Hərgah Vagif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühür etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asarü-əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı... Əzbəs ki, avamıq və avamlığımızdan milliyyət hissi bizlərdə ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik”.(I. 214)
XVIII-XIX əsrlərdə ədəbiyyat.
2008-ci ilin sentyabr ayının əvvəllərində, ,,Azərbaycan ədəbiyyatı tarixçiliyinin babası” Firidun bəy Köçərlinin 1978-ci ildə iki cilddə nəşr edilən ,,Azərbaycan ədəbiyyatı” kitabını çox həvəslə oxuyurdum. Alimin təxminən yüz il bundan əvvəl yazdığı bu tarixi sözlərinin, çox kəskin tənqidi iradlarının bu gün biz Gürcüstan azərbaycanlı ziyalılarına da aid olduğunu gec də olsa, dərk etdim. Xəcalət təri içində qəhər məni boğduğu anlarda qəflətən xəyal köhlənim məni çox uzaqlara -- Böyük Muğanlı 8-illik məktəbində oxuduğum illərə apardı.
1944-45-ci tədris ilində Böyük Muğanlı məktəbinin VIII sinfində oxuyurdum. Məktəbin dərs hissə müdiri (direktor müavini) və ədəbiyyat müəllimi Əhəd Şeyx Məhəmmədəli oğlu Hüseynovun (Əhəd Hüseynov sonralar tanınmış alim və tənqidçi kimi Azərbaycanda böyük hörmət və şöhrət qazandı) xüsusi tapşırığına əsasən ədəbiyyat dərnəyinin üzvləri B.Muğanlı, Lecbədin kəndlərinin folklor nümunələrini, Borçalının el şairlərinin şeirlərini toplamalı idilər. Mən də Xındı Məmmədin, İbrahimxəlil Alı oğlunun, Xəstə Namazın, Ağacanın şeirlərini atam Musa Yusifoğlundan, əmilərimdən, kənd klubunun müdiri Məhəmməd Ağakişiyevdən yazıya alıb Əhəd müəllimə təqdim etdim.
1941-45-ci illərdə yayın isti günlərində Başkeçidin Saca kəndində yaxın qohumumuz Sarı Məhərrəmin evində qalırdım. Onların qonşuluğunda yaşayan şair Balakişi Alı oğlunun 4-5 şeirini dəftərimə yazıb ədəbiyyat müəllimimə təqdim etdim. Bu axtarışlarımı, ədəbi nümunələri toplamağı sonralar ali təhsil aldığım illərdə də davam etdirdim.
1952-55-ci illərdə Bakıda ali məktəbdə oxuyurdum. On doqquzuncu əsr Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, unudulmaz müəllimim akademik Feyzulla Qasımzadənin, professor Əzizə xanım Cəfərzadənin, folklorşünas Həsən Qasımovun xüsusi tapşırığına əsasən filologiya fakültəsinin tələbələri yay tətili günlərində hər kəs öz bölgəsinin şifahi xalq ədəbiyyatına, el şairlərinə və aşıq poeziyasına dair yaddaşlarda yaşayan nümunələri toplayıb, kafedraya təqdim etməli idi.
Borçalının poetik dünyasına həmin illərdə ikinci dəfə baş əyməli, üz tutmalı oldum. Atam Musa Yusifoğlundan, əmim Məşədi İbrahimdən, Aşıq Xındı Məmməddən, Aşıq Rzadan yazıya aldıqlarımı ali məktəb müəllimlərim çox maraqla qarşıladılar. Parlaq xatirəsini həmişə yaddaşımda hifz edib saxladığım akademik F. Qasımzadənin şəxsi tapşırığına əsasən şair Zabitin yaradıcılığına xüsusi diqqət yetirməliydim. Aşıq Xındı Məmmədin çox sevdiyi və bütün məclislərdə oxuduğu Zabitin beş bənddən ibarət olan ,,Bülbül” rədifli şeirini F. Qasımzadəyə təqdim edəndə o çox məmnun oldu. Çoxsaylı atalar sözləri və məsəlləri, bayatıları, Xındı Məmmədin, şair İbrahimxəlil Əliyevin bir neçə şeirini müəllimlərimə təqdim etdim. Təxminən 3-gün keçəndən sonra məni qədim və orta əsrlər ədəbiyyatı kafedrasının müdiri professor Mirzəağa Quluzadənin yanına çağırdılar.
O, mənim yazdıqlarımdan aşağıdakı beyti oxudu:
Səbr ilə halva bişər, ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağından.
Mirzəağa müəllim soruşdu:
-- Yusif, hardan köçürübsən bu şeiri?
Mən də cavab verdim ki, professor, atam və əmim bir işi tələsik görəndə, səbrsiz, kəmhövsələ olanda bizə və ya dostlarına bu beytdən bir tərbiyə vasitəsi kimi istifadə edərdilər. Lakin şeir kimin olduğunu bilmirəm, mənə elə gəldi ki, bu beyt atalar sözüdür. Mirzəağa müəllim mənə cavab verdi ki, mən çox şadam İmadəddin Nəsiminin bu şeiri atalar sözü kimi, bir tərbiyə və nəsihətverici kəlam kimi Borçalı ellərində geniş yayılıb. Toplayıb yazıya aldığım bayatıları sonralar Həsən Qasımovun 1960-cı ildə nəşr etdirdiyi ,,Bayatılar” kitabında oxuyanda çox sevindim. Çünki tələbəlik illərindəki axtarışlarım hədər getməmişdi.
Orta və ali məktəbdə oxuduğum illərdə Qaş Muğanlı və Lecbədin kəndlərinin folklor nümunələrini, Xındı Məmmədin, İbrahimxəlil Əliyevin, Ağacanın şeirlərini və b. köçürdüyüm ,,Dəftəri”, uzun illər topladığım qəzetləri, dərgiləri, əlyazmalarını, kitabları bir neçə gün oxuyandan sonra məndə belə bir inam yarandı ki, çətin də olsa ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixini yazmağa başlayım. Çətinlik ondan ibarət idi ki, əldə nə şairlərin kitabları, nə əl yazmaları, nə də Borçalı qələm sahiblərinin şeirləri toplanmış çüng, məcmuə, təzkirə, müntəxəbat yox idi. Bunları əldə etmək üçün Başkeçid, Bolnisi, Marneuli, Tbilisi, Qarayazı, Zalqa, Laqodexi, Kaspi, Qaraçöp və b. bölgələrində ailə arxivlərində gərgin araşdırma aparmaq çox zəruri idi. Bu ağır və məsuliyyətli işə ona görə girişdim ki, artıq yaşım ömrün zirvəsinə -- 80 yaşa çatmışdı. Ömür tükənməyə doğru üz tutduğunu hiss edirdim. Uzun illər, aylar çox çətinliklə topladıqlarımı beynimdə, yaddaşımda hifz edib saxladıqlarım mənimlə qara torpağa qarışmaq məqamı yaxınlaşırdı. Düzdür, araşdırmalarımın bəzilərini işıq üzü görən kitablarımda çap etdirsəm də bunlar çox az idi. Ulu Tanrıdan kömək diləyib, ulu babaların və müdrik nənələrin ruhunu şad etmək üçün özümü ucu-bucağı görünməyən axtarışlar ümmanına atdım!...
Ulularımızın, müdriklərimizin yazıb-yaratdıqlarını axtarıb, arayıb, soraqlayıb, üzə çıxartmaq üçün bəti-bənizi solmuş, haldan düşmüş qəzetlərlə, yazıları zorla oxunan kitablarla, məktublarla, xatirələrlə gecə-gündüz əlləşməli idim. Ən böyük arzum bu idi ki, ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”ni yazıb, ,,Azərbaycan ədəbiyyatı tarixi” nin altıcildliyinə qovuşdurum. Belə böyük və müqəddəs arzumun çin olması çox çətin idi. Əvvala, səksən yaşlı bir şəxsin altmış ildən artıq yazıb-yaradan titrək barmaqları, ziyası azalmış gözləri, düşünən fikir-xəyal dünyası qəlbinin dərinliklərindən baş qaldıran bu arzularına yardımçı ola biləcəkdirmi?!...
İkincisi, ona görə çox çətin idi ki, üz tutacaq, baş əyəcək ən qiymətli ədəbi məxəz-cünklər, təzkirələr, məcmüələr, müntəxəbatlar Borçalıda yox dərəcəsində idi. Bizə məlum olan şairlərdən Alxas ağanın, Balakişinin, Miskin Nəbinin, Ağacanın, Ziya Borçalının, İbrahimxəlilin, Təhləli Novruzun, Rəşid Hacallının kitablarını əvvəlcədən əldə etmişdim. Bir neçə şairin də 2-3 şeiri ,,Qaraçöp” ,,Faxralı tək ağır elim var mənim” kitablarında verilmişdi. Professor Ş. Məmmədlinin monoqrafiyasında da Qul Allahqulunun, Leyli Əzizbəy qızının, Məhəmməd Şindilinin, Mühəqqərin, Əbuzərin bir-iki şeirini əldə etdim... Gürcüstan azərbaycanlılarının ədəbi mühitini yaradan nurlu şəxslərin həyatını, yaradıcılığını araşdırdığım, çoxsaylı ailə arxivlərindən, hörmətli Maarif Teymurun köməkliyi ilə Azərbaycan Ədəbiyyat və Mədəniyyət arxivindəki Əliyar Qabağlının və Həsən Məcruhun şəxsi fondunda saxlanılan ədəbi materiallardan, Gürcüstanda nəşr edilən ,,Gürcüstan”, ,,Marneuli”,
,,Çənlibel”, ,,Maarif” qəzetlərində vaxtı ilə dərc edilmiş şairlərin şeir nümunələrindən, Borçalının poetik dünyası haqqında yazılan kitablarda verilən şeirlərdən səmərəli istifadə etdimsə də, bunlar yetərli deyildi. Yenə də axtarmaq, soraqlamaq lazım idi: Bar bağlamış, kif atmış kənd kitabxanalarındakı kitab, jurnal və qəzetlərin canına daraşmış milyonlarla mikrobları uda-uda, ömrümə balta vura-vura böyük şövqlə, həvəslə üç il yarım ,,Gürüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı üzərində işlədim. (2008-ci ilin sentyabr ayından 2011-ci ilin dekabr ayına qədər)
Səksən yaşımın ilk aylarından böyük həvəslə və bitib-tükənməyən enerji ilə ,,Ədəbiyyat tarixi” əsərini yazmağa başladım. Kitabı yazdığım bu ağır illərdə üç dəfə cərrah bıçağı ilə üzləşməli oldum. Əzraillə əlbəyaxa olduğum anlarda ölüm məni qorxutmurdu, çünki 80 illik ömrümün 1949-cu ildən başlayaraq hər bir gününü, ayını, ilini mənalı yaşamışdım. Beş övladımdan narahat deyildim. Ali təhsilli mütəxəssislər kimi, həyatda müəyyən mövqeyə malik idilər, on üç nəvəmin onu artıq ali təhsil almişdı. Məni narahat edən, intizarda qoyan ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” əsərinin yarımçıq qalması idi!!..
Əlimdə arxiv sənədlərinin olmadığı məni məcbur etdi ki, Borçalıda mövcüd olan nurlu, fədakar, xeyirxah ziyalıların ev arxivlərinə üz tutub, oradaki ən qiymətli ədəbi materialları toplayım. Səmərəli istifadə etdiyim o ləl-cəvahir yataqlarını oxucuların da nəzərinə çatdırmaq istərdim:
Professorlardan Şamil Qurbanov, Valeh Hacılar, Şürəddin Məmmədli, Fərhad Xubanlı, Borçalı tətqiqatçılarından Aysəba Əlizadə, Müşfiq Borçalı, Əlixan Binnətoğlu, şairlərdən Axund Mir Yusif, Həsən Məcruh, Sədi bəy Arif, Abbasqulu Eləbağlı, Balakişi, Leyli Taharqızı, Mirzə Mehdi, Allahverdi Miskinoğlu, Hidayət Bayramlı, Əli Abbas, ziyalılardan Zahid Nəsibzadə, Səttar Məmmədov, Bəhram Mehdi, Nizami Məmmədzadə, Arif Əliyev, Əsəd Əliyevin (Təhləli), Səyavuş Uyğunun və bir də Mirzə Mehdinin nəvəsi Faiq Vəlizadənin, Kosalı(Qarayazı) orta məktəbinin direktoru Xançoban müəllimin köməkliyi sayəsində Mirzə Mehdinin və b. ailə arxivlərində araşdırmalar apardım, mənə təqdim etdikləri kitab və qəzetlərdən bəhrələndim.
İnsanın xəyal, fikir dünyası, onun poetik fəlsəfi, ədəbi-etik düşüncə tərzi əməklə, ağır zəhmətlə birləşib, dahilərin əsrlər boyu yaratdıqları sirlər xəzinəsindən öyrənə-öyrənə yazıb-yaratmasa, onun yaratdıqlarının cöhrəsi solğun, ömrü qısa olar. Elm hər bir yaradıcı şəxsdən, ömrünü elmə bağlayan insandan güclü, ardıcıl, yorulmadan mütaliə etməyi və dünya alimlərinin, yazıçılarının, şairlərinin, filosoflarının bəşəriyyətə bəxş etdikləri əsərləri dərindən oxuyub kamilləşməyi tələb edir. Görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyar demişkən:
,,Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.
Mən, yazıb-yaratmağa, poeziya dünyasına coşqun gənclik illərindən sevgi və məhəbbət şeirləri ilə gəlmişəm. Nəcib, zərif, insan qəlbinə, insan ruhuna qol-qanad verən bu lirik könül çırpıntılarının təsiri altında 1985-ci illərə qədər əsasən bu səpkidə şeirlər yazmışam. Qafqazda, Qarabağda, Yaxın Şərqdə qanlı müharibələr başlayan o dəhşətli illərdən başlayaraq başqa qələm sahiblərində olduğu kimi, mənim də yaradıcılıq yolum öz səmtini dəyişərək, çoxsaylı döyüşən, vuruşan publisist əsərlərimlə, şeirlərimlə, poemalarımla, nəsr əsərlərimlə rus cəlladlarına, erməni qaniçənlərinə, Fələstində günahsız insanların qanını axıdanlara qəlbimdə tuğyan edən qəzəb və nifrətimi bildirmişəm.
Hörmətli oxucuların nəzərinə onu da çatdırmaq istərdim ki, ədəbiyyatşünaslıq, araşdırmalar sahəsində yazdıqlarım poemalarımla və nəsr sahəsində yaratdığım əsərlərimlə zaman etibarı ilə 1990-cı ildən sonra bərabər addımlamışdır. Altmış ildən artıq davam edən yaradıcılığımın ayrı-ayrı dövrlərində 2008-ci ilə qədər poeziya və nəsr özünə daha geniş meydan açmışdır.
Son on ildə əsasən Gürcüstan azərbaycanlılarının ədəbi mühitinin, folklor və el şairlərinin həyatı, dövrü, yaratdığı şeirlər və əlavə başqa məlumatları toplamaq, ev arxivləri ilə tanış olmaq üçün bölgələrdə, ailələrdə oldum, onların qohumları, dostları, bəzilərinin övladları ilə görüşlər keçirdim, xatirələri qələmə aldım. Saralmış, haldan düşmüş, para-para olmuş hər bir əlyazmasına, qəzetə, kitab vərəqinə, xatirə dəftərinə baş əydim, bəzi şairlərin: Xəstə Namazın, Ağacanın, Mirzə Mehdinin doğum ilində, atasının adında və harada dəfn edilməsində yol verilən səhvlərə rast gələndə (xüsusilə Xəstə Namazın, Ağacanın, və b.) qəbirlərini ziyarətə getdim, nəvələri ilə görüşüb həmin səhvlərə düzəlişlər verdim. Ulu Borçalının ədəbi mühiti haqqında yazılan hər bir kitabı mötəbər mənbə, kimi qəbul edib, bəzilərindən çox, bəzilərindən də az da olsa, bəhrələndim.
Borçalı ədəbi mühiti haqqında mövcud olan irili-xırdalı bütün məqalələrdə və bəzi kitablarda yazılı ədəbiyyatımızın tarixinin XIX əsrdən başlandığı yazılmışdı. Tətqiqatçı Müşfiq Mədədoğlu ,,Çağdaş Borçalı ədəbi məktəbi” kitabında professor Əflatun Saraclıya istinadən yazırdı: ,,Qədim tarixə malik olan Borçalı ədəbi mühitini haqlı olaraq üç dövrə bölən ədəbiyyatşünas alim Əflatun Saclının qeyd etdiyi kimi, xalq ədəbiyyatının zənginliyi ilə seçilən Borçalı ədəbi mühitinin birinci dövrünün barı hələ tam toplanıb öyrənilməyib!...
Borçalı ədəbi mühitinin ikinci dövrü XIX-XX yüzillikləri, daha dəqiq desək, XIX əsrin əvvəllərindən XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir...
Yüzilliyimizin 20-30-cu illərindən isə Borçalı ədəbi mühitinin III dövrü canlanmağa başlayır”.(C B Ə M Bakı 1994 səh.13-15)
Professor Əflatun Saraclının da, Müşfiq Çobanlının da ədəbiyyatımızı üç dövrə bölməsi 1994-cü ildə məqbul sayıla bilərdi. Çünki ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin birinci cildi işıq üzü görənə qədər yazılı ədəbiyyatımızın on səkkizinci əsrdən başlaması hələ tətqiq edilməmişdi...
90-cı illərdə apardığım uzun müddətli tətqiqatlara, əldə ediyim mötəbər mənbələrə əsasən ədəbiyyatımızın birinci dövrünü şifahi xalq ədəbiyyatı təşkil edir. Ədəbiyyatımızın ikinci dövrünü isə XVIII əsrdən başlamaq üçün əlimdə kifayət qədər ədəbi material var idi. XVIII əsrdə yaşamış, yaratmış şairlərdən Seyid Qasım ağanın, Qul Allahqulunun, Fatma Ali qızının, Leyli Əziz bəy qızının-- hərəsinin bir şeirini, Allahverdi İbrahimin dörd, Zabitin iyirmi beş şeirini, altı bayatısını əldə etməyə nail olmuşdum.
Toplanıb arxivlərə verilməyən cünklərdə, məcmüələrdə, müntəxəbatlarda ədəbi məxəz kimi, qorunub saxlanmayan şairlərin şeirlərini ancaq yaddaşlarında yaşadan saxlanc mücrülərinə, kövhər məkanı sayılan nurlu şəxslərə üz tutmaqdan başqa çarə, əlac zənnimcə mövcüd deyil!... Ona görə də 1990-cı ildən başlayaraq, ədəbiyyatşünaslıq sahəsində yaradıcılıq fəaliyyətimi ardıcıl davam etdirməyi qərara aldım. Bu sahədə ilk məqaləni dahi söz sənətkarı S.Vurğuna həsr etdim. Yuneskonun qərarı ilə S.Vurğunun anadan olmasının 70 illiyinin keçirilməsi ərəfəsində şairin doğma kəndi Salahlıda yaradılan ,,Poeziya evi” və bir də S. Vurğunun yaxın dostu gürcü şairi Karlo Kaladzenin redaktorluğu ilə 1976-cı ildə bütövlükdə şairə həsr edilmiş ,,Səməd Vurğun” jurnalı əsasında tətqiqat işləri apararaq ,,Günəşi örtsə də qara buludlar” adlı altı səhifəlik məqaləni 1990-cı ildə yanvar ayının on birində ,,Marneuli” qəzetində nəşr etdirdim. 1997-ci ildə isə işıq üzü görən birinci kitabıma (,,Borçalıdan ucalan səs”ə) daxil etdim. Tarix üzrə fəlsəfə doktoru şair Əsəd Təhləlinin ,,Solma, ay çiçəyim!” şeirlər kitabı haqqında yazdığım tətqiqat ruhlu ,,Mənəvi paklığa çağıran şeirlər” məqaləsini 1998-ci ilin fevralında ,,Çənlibel” qəzetində çap etdirdim. 2000-ci ildə isə ,,Ömrün narahat anları” kitabıma daxil etdim.
Uzun illərdən başlayaraq topladığım, araşdırdığım Borçalı ədəbi mühitinin tərkib hissəsi olan Qaş Muğanlının folklor, şeir-sənət, təhsil-elm və xeyriyyəçiliklə ad-san qazanmış nurlu şəxsləri, qəvi pəhləvanları və b. haqqında yazdıqlarımı 1999-cu ildə işıq üzü görən ,,İki ürək” kitabıma -- ,,Dünəndən bu günə açılan pəncərə” başlığı ilə daxil etdim. Aşağıda o illərdə Qaş Muğanlı haqqında yazdıqlarımdan kiçik bir parçanı da oxuculara təqdim etmək istərdim:
,,Qaş Muğanlının şairanə, nağılvari zəngin təbiəti həmişə bu kəndə qonaq gələnləri valeh edərdi. Alağac meşəsinin, Minək qovağın, Palıdlının, Qırqovul talasının, Çay qovuşanın, Quşçuburnunun, Binəyerinin, Biyantalasının və s. sərin mehi, gözəllər seyrangahı, sevənlərin görüş yeri, Gültəpə bulağı, bulağın başının üstündə nəhəng çətir kimi əl-qolunu açıb sərinlik gətirən, qız-gəlinlərin dincini aldığı, şux qamətinə, boy-buxununa, hamının heyran olduğu gözəllər-gözəli sərv agacının sehrli dünyası, ilan kimi qıvrılıb axan Anaxatır çayının zümzüməsi, güllü-bülbüllü bağça-bağların insanın ruhuna hopan məstedici rayihəsi susmuş, yatmış, lal duyğuları belə oyadar, ilhama gətirər, yazıb-yaradanlara qol-qanad verərdi.
Müdriklərimiz demişkən, zəngin təbiəti, büllur çeşmələri, təmiz abi-havası olan el-oba tarixə böyük şəxsiyyətlər, coşqun ilhamlı şairlər, məlahətli səsə malik aşıqlar, xanəndələr bəxş edər. Biz bu fikrin gerçəkliyinə Ulu Borçalının bir çox kəndlərində araşdırmalar apararkən bir daha əmin olduq. Həmin kəndlərdən biri də Qaş Muğanlıdır.
Belə bir zəngin təbiətdə, mühitdə yaranmış Qaş Muğanlının folklor və şeir-sənət dünyasını tətqiq etməyə nail oldum. Coşqun, ilhamli, güclü təbə malik olan kəndin poetik dünyası indiyəcən tətqiq edilməmişdi. Kənd ləl-cəvahiri kəşf edilməyən, axtarılmayan qiymətli qaş-daş yatağını xatırladırdı mənə!...”
Böyük ümidlə Qaş Muğanlının qədim tarixə malik olan folklor, şeir-sənət, saz-söz, təhsil-elm, ədalət və haqqın keşiyində duran pak və müqəddəs şəxslər diyarına üz tutdum, baş əydim, əliboş qayıtmadım. İlk dəfə XVIII əsrdə yaşamış şair Seyid Qasım ağa Muğanlını, 60 ildən artıq mədrəsəyə rəhbərlik etmiş böyük elm-təhsil xadimi Axund Mir Yusifi, o dövrün tanınmış xeyriyyəçisi Paşa ağanı, Nadir şahın pəhləvanını məğlub etmiş Hüseyn Əbdüləziz oğlunu, ustad aşıqlardan Xındı Məmmədi, Sadıq Sultanovu, Əmrah Gülməmmədovu və s. tətqiq edib üzə çıxartmağa nail oldum. Seyid Qasım ağa Muğanlının həyatını, dövrünü, onu yetirən Qaş Muğanlı mühitini, nəvəsi şair Həsən Məcruhu, onun şeir çeşməsini qurumağa qoymayan nəticələri: yazıçı-tənqidçi Abbas Kirəclini, professor Sabir Mirzə Həsənoğlunu, şair Vahid Kirəclini, şair Sədrəddin Dəmirçizadəni, kötücəsi Məcid Kirəclini və b. haqqında uzun illər apardığım araşdırmaları ,,Qarapapaqlar” dərgisinin 2008-ci ilin yanvar sayında çap etdirdim.
Musa babadan yazıya aldığım ,,Zərdüşt peyğəmbər və Muğlar Borçalıda”,
,,Yeddi qardaş piri”, ,,Hatəmtac xanım və Anaxatır çayı”, ,,Qayaxan və oğlu”, ,,Əmir Teymur və baba Dərviş”, ,,Şah Abbas və kəndli”, ,,Hatəmtay və qardaşı”, ,,Nəvə niyə övladdan şirindir?” və s. folklor nümunələrinin bir hissəsini, XVIII əsr şairi Qasım ağanı, XIX əsrin əvvəllərində Qaş Muğanlıda fəaliyyət göstərən mədrəsəyə 60 ildən artıq rəhbərlik etmiş, haqq-ədalət keşikçisi Axund Mir Yusifi ( o həm də şair idi) XVIII əsrdən başlamış bu günə qədər bu məkanda yaşayıb-yaradan şairlər, aşıqlar nəslini tədqiq edib, ,,Qaş Muğanlının poetik dünyası kimi”, ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının I cildində oxuculara təqdim etmişəm.
,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” əsərində ədəbiyyatımızın tarixini XVIII əsrdən başlamaq üçün uzun illər apardığım araşdırmalar hədər getməmişdi. On səkkizinci əsrdə yaşamış şairlərin adlarını uzun illər məclislərinin masabəyisi olduğum Aşıq Xındı Məmməddən, Aşıq Rzadan, saza-sözə bağlı olan Abbas və Məhəmməd Ağakişiyev qardaşlarından, institut müəllimim Ziya Borçalıdan, müxtəlif kitablardan adlarını eşitdiyim və öyrəndiyim Qasım ağanın, Fatma Alı qızının, Qul Allahqulunun, Allahverdi İbrahimin, Zabitin, Leyli Əziz bəy qızının şeirlərini əldə etməyə nail oldum.
Şair Seyid Qasım ağa Muğanlının ,,Məni” rədifli dörd bənddən ibarət olan bir qoşmasını, ,,Lobbaz” adlı bir mənzum hekayəsinin qısa məzmununu şairin nəticələrindən 80 yaşlı şair Əyyub müəllimdən və şair Vahiddən hələ doxsanıncı illərdə yazıya almışdım.
Qasım ağanın nəticəsi Vahid Kirəcli ulu babası haqqında ,,Var mənim” rədifli şeirində yazır:
Ata nənəm Durrənin də atası,
Qasım ağa deyil itib-batası,
Dillərdə dolanır nəzm butası,
O nurdan nurlanan gözüm var mənim.
Professor Ş. Məmmədlinin ,,Borçalı ədəbi mühiti” monoqrafiyasında ( Bakı 2000-ci il) Qul Allahqulunun ,,Qaldı” rədifli beş bənddən ibarət olan ustadnaməsinə, Leyli Əziz bəy qızının beş bəndlik şeirinə rast gələndə çox sevindim. Şair Bəhram Mehdi gənclik illərindən başlayaraq, bölgəmizin bir sıra kəndlərindəki qələm sahiblərinin şeirlərini toplamışdı. Onun ev arxivində A. Qacar tərəfindən iki qardaşı ilə bərabər İrana əsir aparılan, şair Fatma Alı qızının ,,Ay fələk!” şeirini, qızı Fatmanı, oğlanları Oruc və Daşdəmiri axtaran atanın -şair Alının, A. Qacara yazdığı ,,İstərəm” şeirini yazıya aldım.
Səməndər Alməmmədli bütün ruhu, canı, çarpan odlu ürəyi, ağıl və zəkası ilə doğma kəndi Faxralıya bağlı yaradıcı ziyalıdır. O, uzun illərdir ki, Faxralı kimi, böyük, ağır bir elin söz xəzinəsinin incilərini və bu inciləri yaradanları toplayıb, beş kitabda (1997-ci ildən başlayaraq) çap etdirməyə nail olmuşdur. ,,Faxralı tək ağır elim var mənim” kitabına tədqiqatçı və şair mərhum Hüseynqulu Məmmədli iyirmi iki səhifəlik geniş icmal yazıb. Müəllif bu icmalda Faxralıya baş ucalığı gətirən tarixi şəxsiyyətlər barədə dəyərli məlumatlar vermişdir. Səməndər müəllimin tərtib etdiyi bu kitabda on beş nəfər Faxralı şairinin şeirləri toplanmışdır. (XVIII-XXəsrlər)
XVIII əsrdə yaşayıb-yaratmış şair Allahverdi İbrahimin ,,Yandırar”,
,,Qocalar”, ,,Gəlmədi” şeirlərini Səməndər müəllimin böyük xidmətləri nəticəsində əldə edə bildim. Ədəbiyyatımızın XVIII yüzilliyinə mənsub olan şairlərdən biri də Zabitdir. Salman Mümtazın ,,El şairləri”, Ziya Borçalının ,,Zabit təxəllüslü bir şair”, ,,Azərbaycan aşıqları və el şairləri”, ,,Azərbaycan ədəbiyyat inciləri” kitablarında, professor Şürəddin Məmmədlinin ,,Gürcüstan” qəzetində 1997-ci il iyun ayının 23, 25, 27-də çap edilmiş ,,Zabit kimdir?” məqaləsində verilən şeirlərdən bəhrələnərək Zabitin iyirmi beş şeirini, altı bayatısını toplamağa nail oldum.
Şair Zabitin Marneuli bölgəsinin Kürüstünün II Kosalı kəndindən olması haqqındakı mövcüd dəlil və sübutlarla yanaşı, Borçalı aşıqlarından Xındı Məmmədin, Rza Qəniyevin, Zabitin həmyerlisi- Kürüstü Kəpənəkçi kənd sakini Əmrah Gülməmmədovun Zabitin qoşmalarını məclislərdə oxumalarının mən canlı şahidiyəm. 1938-40-cı illərdən başlayaraq 1980-ci illərə qədər Zabitin şeirlərinin oxunması, sifariş verilməsi çox dəbdə idi. Aşıq Əmrah Gülməmmədovun doqquz bənddən ibarət olan ,,Kürüstündədir” şeiri 1976-cı il yanvar ayının 23-də Xoca müəllimin oğlu Vidadi Əfəndiyevin şəxsi arxivindən tapılmışdır. Aşıq Əmrah XVIII əsrdə yaşamış şair Zabitin Kürüstünün sakini, bu torpağın yerlisi olmasını bir daha bu şeir də təsdiqləyir:
Hər bir sənətkarı, gözəl aşığı,
Mahalda, məclisdə el yaraşığı,
Sevib sevindirən dillər məşuqu,
Zabiti, Sədisi Kürüstündədir.
XVIII əsrdə yaşayıb-yaratmış Faxralı şairi Poladın izinə düşdük, çox soraqladıq, çox axtardıq, əlimiz hər yerdən üzüləndə, yenə də Səməndər müəllimin 2012-ci ildə mənə göndərdiyi ,,Faxralı tək ağır elim var mənim” kitabına üz tutmalı olduq. Sonuncu kitab üzərində müəllif yenidən işləmiş, yeni axtarışlar aparmış, şair Poladın ,,Olarmı?” şeirinin əldə etdiyi on misrasını kitaba daxil etmişdir. Tətqiqatçının yazdığına görə şair Polad 250 il bundan əvvəl Faxralıda yaşamışdır. Faxralı kəndinin Poladlı nəslindəndir. Əldə edilən yeganə şeir parçasını yaddaşında, sinəsində bir çox şairlərin şeirlərini qoruyub saxlayan, mərhum Minalıların Hümmət kişidən eşidən nurlu kişilər bu günümüzə çatdırmışdır.
Ay ağalar, gəlin sizə söyləyim,
Pünhanı işləri duymaq olarmı?
Bir ustad ki, şəyirdinə kəm baxa,
Onu ustad yerinə saymaq olarmı?
Qaralıb gözləri, getmir ayağı,
İstəyir belimdə ola bir yağı.
Tökülü əhəd atın yalı, quyruğu,
Onu ləyaq bilib minmək olarmı?
Polad cəhd eylədi ala sazını,
Nə fayda, ustadsan, qiymaq olarmı?
Borçalı kimi ulu bir məkanın az öyrənilməsi, az tətqiq edilməsi həmişə məni narahat edərdi. Bu narahatçılığımı o illərdə ,,Gürcüstan” və ,,Yurddaş” qəzetlərində də bildirmişdim. Tanınmış maarif xadimi, ADY-nun professoru Əliyar Qarabağlı, iti zəka və qələm sahibi tənqidçi Əhəd Hüseynov, Borçalı aşıq mühitindən Aşıq Əmrah, Aşıq Sadıq, nakam şair İsa Sadiq, Böyük Vətən müharibəsi qəhrəmanı Əmrah Aslanov, uzun illər Borçalıda məktəb rəhbəri işləmiş şair Şəmsi Əlizadə, yazıçı Hidayət Bayramlı və b. haqqında apardığım araşdırmaları iki mininci ildə Bakıda nəşr edilən ,,Ömrün narahat anları” kitabımda ,,Dünənə baxıram sabahı görmək üçün” başlıqda çap etdirdim.
Unudulmuş Borçalının ədəbi mühitinin ardıcıl tətqiq edilib, ədəbiyyat tarixi kitabında ədəbiləşdirilməməsi məni həmişə məyus edərdi. Sevincimin həddi-hüdudu yox idi ,,Borçalı qəzetinin” və ,,Borçalı jurnalının” ilk saylarını, bir də doxsanıncı illərin axırlarında nəşr edilən ,,Ulu Borçalı”, ,,Qaraçöp”, ,,Paralanmış Borçalı”, ,,Qarayazı”, ,,Borçalı folklor antologiyası”, ,,Çağdaş Borçalı ədəbi məktəbi”, ,,Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti”, ,,Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında” monoqrafiyası və b. kitabları görəndə...
*** *** ***
El-obasına, xalqına möhkəm tellərlə bağlı olan Nəriman Əbdülrəhmanlı
,,Qaraçöp” kitabını 1999-cu martın 14-də mənə hədiyyə vermişdi. Əvvəllər bu maraqlı kitabı çox həvəslə oxumuşdum. ,,Ədəbiyyat tarixi” əsərini yazdığım anlarda bu kitabı diqqətlə bir də oxumalı oldum. Çünki doxsanıncı illərdə nəşr edilən, diqqətimi cəlb edən kitablardan biri də ,,Qaraçöp” idi. Bu kitabı yaradanlar (Nəriman Əbdülrəhmanlı, Fərhad Xubanlı, Həmzəli İlyas) uzun müddətli axtarışlar və tədqiqatlar apara-apara, müdrik qocaların söz-söhbətini dinləyə-dinləyə, Qaraçöp folklor dünyasının ən yaxşı bilicilərinin məqalə və xatirələrinə geniş meydan verə-verə, dağlarla, mağaralarla soraqlaşa-soraqlaşa, müqəddəs məzar daşlarına baş əyə-əyə, mürgü vuran xatirələri dilə gətirib, ürəklərinin dərinliklərindən baş qaldıran vicdanın, haqqın səsinə qulaq asa-asa bu möhtəşəm abidəni yarada biliblər.
Qaraçöp adlanan gözəl bir məkan Şərqi Gürüstanda, Eşik Kaxetinin Saqareco bölgəsinin Qavri (Qabirri, İori, Yori) çayının sağ sahilində yerləşir. Yalnız azərbaycanlılardan ibarət olan bu səkkiz kənddə: Baldoy, Əyrəm (Düzəyrəm), Qarabağlı, Muğanlı, Keşəli, Ləmbəli, Tüllər və Qazlarda (Qazilərdə) otuz beş mindən artıq azərbaycanlı yaşayır.
Qaraçöp mahalında yaşayan əhalinin soykökü, mənsub olduğu tayfa haqqında mərhum şair Hacı Ruhin Həsən oğlu Sadıqlının ,,Qaraçöp dastanı” kitabında verilən məlumata görə Eşik Kaxetinin, o cümlədən Saqareco bölgəsinin ərazisində qədim mənbələrin verdiyi sorağa görə eramızdan əvvəl VIII-VII əsrlərdə türk mənşəli tayfalar-saklar, quqarlar, kəmərlər (kimirlər), utirlər, qıpçaqlar, oğuzlar, kəngərlər, sadaklar, qaracorlular və s. yaşamışlar.
Qaraçöp mahalının ədəbi mühitimizə bəxş etdiyi istedadlı aşıqların, şairlərin, yazıçıların, alimlərin, rəssamların, memarların, xalçaçıların və b. əsərlərində Qaraçöp ən müqəddəs məkan, ən müqəddəs yurd, el-oba kimi tərənnüm edilmişdir. Hacı Ruhinin ,,Qaraçöp dastanı”, S. Qaraçöpün, Həsən Sadıqlının, Ə. Binnətoğlunun, M. Əslioğlunun, A. Mahmudovun, İ. İlkinin, İ. İlyasovun, V. Vəliyevin, H. Mustafayevin, V. Kazımovun, V. Məhəmmədoğlunun və b. Qaraçöpə həsr etdikləri əsərlərində Qaraçöpün sirli-sehirli dünyasından soraq verməklə yanaşı, min bir könüldən bağlı olduqları el-obalarına olan sevgi və məhəbbətlərini bildirmişlər.
Qaraçöp mahalının mərd, cəsur oğullarının tarixi qəhrəmanlığından bəhs edən şair Vidadi Kazımov ,,Qaraçöp” şeirində yazır:
Qeyrət çeşməsindən süzülüb qanın,
Hünər müjdəsidir neçə dastanın,
Hər eldə söylənir şöhrətin, şanın,
Tanıyırlar çox mərdana, Qaraçöp!
Pristavlara baş əymədin Balı,
Nikolayla olub çox qeylü-qalı,
Sofoğlu Mahmudtək Rüstəmi-Zalı,
Sən yetirdin bu dövrana, Qaraçöp!
Mərhum Hacı Ruhinin atası, tanınmış ziyalı, uzun illər məktəb direktoru işləmiş, toy-nişan, yubiley məclislərinin masabəyisi, aşıqların sirdaşı, dostu, ürəyəyatımlı, könül oxşayan şeirlər müəllifi Həsən Sadıqlının nurlu ocağında boy atıb, Sadıqlıların şeir çeşməsindən su içdiyinə görə Tanrının ona verdiyi bu az ömrü çox mənalı, çox gərəkli yaşamışdır. O, ,,Ömür bir sevda yoludur”, ,,Oyun bildiyim dünya”,
,,Qaraçöp dastanı” kitablarını həm müqəddəs, aqil kişilərin ocağına, həm də Həsənin dostlarına yadigar qoyub getmişdir. Gürcü dilini mükəmməl bilən Ruhin Ş.Rustavelinin ,,Pələnk dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə tərcümə etmişdir.
Ulu Borçalının istedadlı ziyalısı, ,,Dostluq məşəli” qəzetinin baş redaktoru, oxucu rəğbətini qazanmış xoşbəxt şair Fərman Borçalı oğlum Hüseynə hədiyyə verdiyi Hacı Ruhinin ,,Qaraçöp dastanı” kitabı qarşımdadır.
,,Qaraçöp dastanı” haqqında kitabın redaktoru Fərman Borçalı yazır:
,,Qaraçöp haqqında söhbət açılan bu poemada şairin öz təxəyyülünün təlqin etdiyi yeniliklər var. O, toponimlərdən, etnoqrafik adlardan məharətlə istifadə edib, əsərə rövnəqlik verib, Qaraçöp kəndlərinin adlarını sadalayıb, onların mənalarını açıqlaması, o vaxtlar yaşayıb-yaratmış köhnə kişilər haqqında hekayə danışması və bunların hamısını şirin bir şeir diliylə oxuculara çatdırması çox gözəl təsir bağışlayır.
Müəllif yeddi hekayəti elə qələmə alıb ki, oxucu bu dastanda təsvir edilənlərə sanki gözəl bir tarixi sənədli kino lenti kimi tamaşa edir.”
,,Qaraçöp dastanı”nda verilən mənzum hekayələrdə Qaraçöpün tarixinə müraciət edən şair həm də bu ellərin bədii mənzərəsini, bədii tablosunu bir rəssam məharətilə oxucu gözləri qarşısında canlandırmağa nail olmuşdur. Birinci hekayədə oxuyuruq:
Eşik Kaxetidə Gürcü elində,
Mahal var Qavrının sağ sahilində.
Qaraçöp adlanır bu böyük mahal,
Tanınır hər yerdə o məğrur qartal.
Qaraçöp elinin səkkiz kəndi var,
Bir başı Boldoydur, bir başı Qazlar.
Əyrəm, Qarabağlı, Müğanlı kəndi,
Keşəli, Ləmbəli, biri Tüllərdi.
Bu yerin tarixi çox-çox uludur,
Qaraçöp ən qədim odlar yurdudur.
Oxucum, tarixçi olmasam da mən,
Az-çox xəbərim var olub-keçəndən.
Toza batmasam da arxivlər töküb,
Məlumat yığmışam eşidib, görüb.
Yazıram cəm edib bildiklərimi,
Elimə həsr edib bu əsərimi.
Elimi tanitmaq etmişəm niyyət,
Tale rəva bilsə, olacaq qismət.
Qaraçöp özünün igid, cəsur oğulları, nurlu, xeyirxah kişiləri, azman yaradıcı aşıqları, öz şeir üslubu ilə diqqətçəkən şairləri, istedadlı alimləri ilə ad-san qazanmışdır. Tibb elimləri doktoru, professor A.V. Nikolayev vaxtı ilə Qaraçöp haqqında demişdir:
,,Mən Qaraçöpü həmkarım, dostum professor Loğman Məmmədova görə tanımışam. Bu torpaqla təmasım mənə çox həqiqətləri anlatdı. Başa düşdüm ki, Loğmandakı kişilik, ədalətlilik, zəhmətsevərlik kimi keyfiyyətlərin kökü haradan gəlir, mayası nədən yoğrulub. Mən Qaraçöpdə heyrətamiz dərəcədə əməksevər, sözü və əməli bütöv, ağlagəlməz çətinliklər qarşısında nikbin insanlar gördüm. Bu torpağı və insanları Loğman Məmmədovun şəxsində həmişə qəlbimdə saxlayacağam. (,,Qaraçöp” Bakı 1996.səh.499)”
,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I cildində ,,Qaraçöp” kitabının verdiyi sorağa əsasən bu mahalın yazılı ədəbiyyatını XIX əsrin əvvəllərində Əyrəm kəndində yaşamış şair Miskin Vəli və Molla Qasımdan başlamışıq. Miskin Vəlinin əldə olan iyirmi altı misralıq yeganə ,,Oldu” qoşmasında üzləşdiyi ədalətsizlikləri -- Düzəyrəm əhalisinin ata-baba torpaqlarını tavadların zorla əllərindən almaları şairi çox hiddətləndirir. Kənd əhalisinin inam, inanc, ibadət evi, məscidinin tavadların sərəncamına verilən torpaqlarda qalmasını ürək ağrısı ilə yazan şair ,,Qərib oldu Düzəyrəmin meçidi”,- deyə fəryad edir.
Şair Molla Qasım dini təhsil görmüş, haqqı, ədaləti həmişə müdafiə edən xeyirxah, nurlu kişilərdən olmuşdur.
Şeirsevər şəxslərin yaddaşında yaşayan, bizim bu günlərə çatan Molla Qasımın ,,Toxunma” və ,,Alı dayı” satirik ruhlu-şeirləri ,,Ədəbiyyat tarixi”nin I cildınə daxil edilmişdir. Şairin hər iki şeirində qadın hüquqsuzluğu, qadınlara qarşı kişilərin zorakılığı tənqid edilir. Yaşı altmışı keçmiş, elin ən qanmaz, ən tərs adamı sayılan Zorba Alı dünyasını dəyişmiş arvadının qırxını verəndən sonra Əsli adında cavan, gözəl bir dul qadını zorla götürüb qaçır. Şair ,,Toxunma” rədifli şeirini yazıb Zorba Alıya göndərir:
Sən qoja köpəksən, həddini tanı,
Əl uzadıb qönçə nara toxunma.
Himarın ruzisi otdu, samandı,
Gül-çiçəkli çəmənzara toxunma!
*** *** ***
Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixini tətqiq edərkən, ev arxiv sənədlərinə, ədəbi materiallara, aşıqlarımıza, el-obamızın şeir-sənət xiridarlarına, mövcüd kitablara ( Borçalı ədəbi mühiti haqqında yazılmış kitablara) üz tutduğum illərdə əlim XVIII əsrdən əvvəlki dövrlərə çatmadı. Ehtimal ki, yazılı ədəbiyyatımız XVIII əsrdən çox-çox əvvəllər yaranmışdır. Mən nikbin ruhla, böyük ümidlə gələcəyə baxıram. Çünki gələcək Borçalı araşdırıcıları ədəbiyyatımızın ən qədim dövrlərini tədqiq edib, üzə çıxaracaqlarına əminəm.
XVIII əsrdə yaşamış, yazıb-yaratmış şairlərdən Seyid Qasımağa Muğanlını, Qul Allahqulunu, Leyli Əzizbəy qızını və Fatma Alı qızını bir şeirlə ədəbiyyat tarixinə daxil etdiyim illərdə bu şairlərin başqa şeirlərini tapa bilmədiyimə görə bədbin əhvali-ruhiyyə qara buludlar kimi varlığımı bürüyərdi. Düşüncələrin ağır yüklərinin təsirindən birdən-birə ayıldım. Axı, bir beytlə, bir-iki şeirlə ədəbiyyat tariximizə daxil olan şairlər olmayıbmı?...
Bəli, tarixin qaranlıqlarında itib-batan, gözdən, könüldən uzaq düşmüş bir çox şairlərimiz var ki, onların külliyyatından ancaq bizə bir beyti və ya 1-2 şeiri çatanlar az deyil, elə şairlərimiz olub ki, (Xüsusilə də Borçalıda) onların adları bir şair kimi arxivlərdə, el-obanın yaddaşında xatırlansa da, bu gün onların şeirlərini əldə edə bilməmişik. Məs: Qaş Muğanlıda Mir Yusif, Kirəc Muğanlıda Dəmirçi Salman, Kürtlərdə Çalqızoğlu Namaz, Qırxılıda şair Nadir, Lecbədində Xançallıoğlu, Əyyar, Sarvanda Dost Pirməmməd, Sona xanım, Mina xanım və b.
XIX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatına daxil olan şair Bikəs bu gün bir beyt şeirilə xatırlanır:
Hər kəsin var kimsəsi, mən Bikəsin yox kimsəsi,
Kimsəsiz qaldım,mədət qıl, Kimsəsizlər Kimsəsi.
Professor Əzizə xanım Cəfərzadənin ,,Azərbaycan aşıq və şair qadınları” kitabında verdiyi məlumata görə XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatına görkəmli maarifçi, istedadlı şair, yazıçı, ensiklopedik biliklərə malik alim kimi daxil olan Abbasqulu ağa Bakıxanovun qızı Tuğra xanımın Respublika Əlyazmalar fondunda saxlanan və 1242(1826)-cı ildə yazılmış ,,Tarixi-Nadir” adlı əlyazmasının bir vərəqində ,,Məşhur şairə” olduğu qeyd edilir. Orada şairənin əli ilə yazıldığı ehtimal edilən bu yeganə beyt Tuğra xanımdan yadıgardır:
Tuğra xanımam, mən bu cahan icrə əzizəm,
Abbasqulu ağa qızı- Zəhraya kənizəm.
,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin ilk nübarı, ilk barı, ilk sevinci saydığım şair Qasımağa Muğanlı haqqındakı araşdırmalarımı
,,Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı 2008-ci ilin yanvar ayında çap etdi. Həmin ildən başlayaraq ardıcıl 2011-ci ilin son aylarına qədər ,,ədəbiyyat tarixi” nin bir çox materiallarını jurnalda çap etdirdim. Baş redaktor jurnalın səhifələrində çap edilən bütün məqalələri aşağıdakı təqdimatla oxucuların nəzərinə çatdırdı. Akif Xansultanlının təqdimatını olduğu kimi veririk:
,,Borçalımızın qocaman maarif xadimi, şair-publisisti Yusif Yusifli neçə illərdir ki, milli xəzinəmiz olan Borçalı ədəbi mühitini tədqiq edir, onun XVIII əsrdən üzü bu yana söz boxçasında gizlində qalan söz sərraflarının yaradıcılığını arayıb-axtarır. Bizimlə söhbətində Yusif müəllim ədəbi mühitimizin unudulmuş simalarından tutmuş, XX əsrin ortalarınadək fəaliyyət göstərmiş, yazıb-yaradan xeyli sayda ədibin, maarif xadiminin yaradıcılığını, ömür yolunu, ictimai mühitindəki fəaliyyətini əks etdirən tədqiqat işini apardığını və kitab kimi çap olunarsa, 1000 səhifəyə yaxın bir toplu olacağını vurğulamışdır. Artıq bir neçə tədqiqat işini bizə təqdim edən ağsaqqalımız söz vermişdir ki, oxucuları intizarda saxlamayacaq və silsilə məqalələrlə müntəzəm çıxış edəcəkdir.
Əziz oxucular! Eşitmişik ki, Yusif müəllimə bu yöndə kömək etmək istəyənlər var. Məlumat üçün bildirək ki, kimin əlində, evində və ya kimdəsə bildiyi maraqlı məlumatlar varsa, ya redaksiyamıza, ya da müəllifin özünə göndərsinlər.”( Baş redaktor ,,Qarapapaqlar” jurnalı)”.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan biri ,,Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə oldu. Bu xeyirxah işi sonralar ,,Meydan” jurnalının baş redaktoru Əlixan Binnətoğlu məmnuniyyətlə ardıcıl davam etdirdi. Bu nəcib təşəbbüsə ,,Konqres”, ,,Sözün işığı”, ,,Şərqin səsi” kimi qəzetlərin redaktorları da qoşuldular.
2008-ci ilin yanvar ayından 2011-ci ilin son aylarına qədər tanınmış publisist və jurnalist Akif Xansultanlının oxuculara müraciətinin davam etməsinə baxmayaraq, Bakıda yaşayan, ədəbi mühitimizlə məşğul olan eloğlularımız nə kitablarını, nə də məqalələrini göndərmədilər. ,,Ədəbiyyat tarixi” kitabının I cildi işıq üzü görəndən sonra folklorumuzun ardıcıl tədqiqatçısı və təbliğatçısı hörmətli professor Məhərrəm Qasımlı ,,Ozan-aşıq sənəti”, Musa Nəbioğlu ,,Ozan-aşıq dünyası” və ,,Sazımız-sazbəndimiz”, Fərman Borçalı Hacı Ruhinin ,,Qaraçöp dastanı” kitablarını, Səməndər Alməmmədli ,,Ağır elsən, Borçalıda adın var” kitablarının I-II-III cildlərini yenidən təkmilləşdirilmiş, aşıq və şairlər əlavə olunmuş: aşıq Polad (XVIII əsr), Kərbəlayı İbrahim (XIX əsr), Şair Alı, Bəkiroğlu Əlləz (XX əsrin əvvəlləri) ,,Faxralı tək ağır elim var mənim” kitabını, Aysəba xanım Əlizadə Borçalının bir sıra kəndlərində məktəb rəhbəri, müəllim işləmiş, könül oxşayan, ürəyəyatımlı şeirlər yazmış atası Şəmsi Əlizadənin uzun axtarışdan sonra İsrafil Mustafayevin arxivindən tapdığı şeirləri və bir də ,,Kosalı, kosalılar və mən” kitabını mənə göndərdilər. Mən bunları xalqımızın, Borçalımızın ən qiymətli inciləri kimi qəbul etdim. Gec də olsa, Faxralı və Lecbədin kəndləri ilə bağlı, eləcə də kitabın nəşrindən sonra özümün yeni araşdırmalarımı (I cildin ədəbi materiallarina dair) II cildin məqalə-oçerkinə daxil etmək qərarına gəldim, çünki bunlar yeni tapıntılar idi.
Əgər Poladın, Tateroğlu Həsənin, Molla İslamın, Bayram Kazımoğlunun, Şəmsi Əlizadənin, Aşıq Poladın, Kərbəlayı İbrahimin, Şair Alı Göyüşovun, Bəkiroğlu Əlləzin, Dilən Pirioğlunun şeirləri öz məqamında əlimizə çatsaydı, ,,Ədəbiyyat tarixi”nin birinci cildinə daxil edərdik. Aparılan ədəbi axtarış, soraqlama, araşdırma səmərə verəndə zamanın, vaxtın, vədənin gec-tezliyi adamı bir o qədər də narahat etmir, düşünürsən, kaş sorağında olduğumuz mayası məhəbbət və sevgi, dərd və qəm, bahadırlıq və vətənpərvərlik motivləri ilə tutulmuş, Borçalı ruhu ilə ərsəyə gəlmiş, mirvari dənələri kimi misralara düzülən şairlərimizin şeirlərinə səsimiz-ünümüz yetə biləydi, əlimiz çata biləydi...
XIX əsr Azərbaycan ədəbiyyatı tarixini yazan alimlər üçün ən zəngin, ən qiymətli, əvəzolunmaz mənbə o dövr üçün Firidun bəy Köçərlinin iki cilddən ibarət olan ,,Azərbaycan ədəbiyyatı tarixi” kitabı olmuşdur. Tədqiqatçılar bundan başqa bir sıra mövcud arxiv materiallarından, şairlərin divanlarından, 1930-40-cı illərdə kitablarda, qəzet və dərgilərdə çap edilən məqalələrdən, məktublardan, xatirələrdən də səmərəli istifadə edərək, müxtəlif dövrləri əhatə edən ,,Azərbaycan ədəbiyyatı tarixi” kitablarını yazmışlar. Akademiklərdən F.Qasımzadə, K.Talıbzadə, tədqiqatçı P.Qənbərqızı və b. Firidun bəy Köçərlinin bu böyük əməyini, klassiklərimizə göstərdiyi əvəzsiz xidmətlərini çox yüksək qiymətləndirməklə yanaşı, onun bir sıra nöqsanlarını da göstərmişlər.
Ruqiyyə Qənbərqızı yazır:
,,Azərbaycan ədəbiyyatı”nda klassik irsin dövrlər üzrə, dövr daxilində ərazi üzrə, ərazi içərisində xronoloji prinsip üzrə qruplaşdırılması bu və ya digər səbəblərə görə pozulmuşdur... Məsələn, Nəsimi yaradıcılığından xəbərsiz olan Köçərli müasiri Ağaəli bəy Nasehin səhv məlumatına əsaslanaraq XIV əsr Azərbaycan dahisini XIX əsrin birinci yarısına aid etməsi, ,,Doğma ana dilində yazan Həsənoğlu, Xətayi, Həqiqi, Qazi Bürhanəddin və Əmanidən heç bir yerdə bəhs açmamasının səbəbi bəlkə də onların haqqında mötəbər bir məxəz əldə edə bilməməsi olmuşdur”.(,,Azərbaycan ədəbiyyatı” I cild, 1978.)
1956-cı ildə akademik Feyzulla Qasımzadənin ,,XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı işıq üzü gördü. Müəllif kitabın əvvəlində ,,XIX əsr Azərbaycan ədəbiyyatına aid ilk mənbələrin tarixi və tənqidi xülasəsi” məqaləsində bu dövr ədəbiyyatımızın ilk mənbələrinə: cünklərə, təzkirələrə, müntəxəbatlara, kitablara dair geniş təhlil verir, nöqsanları aşkarlayır, Firidun bəyin kitabının bəzi nöqsanlarını göstərsə də, yenə də F. Köçərlinin ,,Azərbaycan ədəbiyyatı tarixi” kitabına yüksək qiymət verərək yazır:
,,Bütün bu səhv və qüsurlara baxmayaraq, ,,Azərbaycan ədəbiyyatı tarixi materialları” XIX əsr ədəbiyyatımızın əsas məxəzi olaraq qalır” ( 1956:2:10 ).
,,Azərbaycan ədəbiyyat tarixi”nin ilk yaradıcısı, böyük tədqiqatçı alim Firidun bəyin əlində dəqiq, zəngin ədəbi mənbənin olmaması ucbatından, müxtəlif səbəblər üzündən yol verdiyi bəzi xırda səhvlərə görə tədqiqatçılar obyektiv və subyektiv səbəbləri nəzərə almadan Firidun bəyi bir tərəfli, haqsız, ədalətsiz tənqid etmələri, kiçik səhvləri şişirdərək onun ağır zəhmətinə, böyük elmi işinə kölgə salmaları məni çox narahat edirdi!... Bu gün mənim üzləşdiyim çətinlikləri, ədəbi mənbə qıtlığının yaratdığı problemləri bu günün və gələcəyin oxucularına və ədəbi ictimaiyyətinə bir daha xatırlatmaq istərdim.
*** *** ***
XIX əsr ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nə on iki nəfər, XX əsrin əvvəllərində və ortalarında yazıb-yaradan iyirmi səkkiz nəfər şair və yazıçı daxil edilmişdir. Ümumiyyətlə, ədəbiyyat tarixinin əvvəlcə layihəsini hazırlamış, layihəyə əsasən mövzuları, icmalları, şair və yazıçıların siyahısını tərtib edəndən sonra ədəbiyyat tarixini altı fəslə bölmüşük. Əsrlər, dövrlər üzrə yazıçıları böləndən sonra uzun illər ev arxivlərindən topladığım əlyazmalarını bir daha nəzərdən keçirdik. Mirzə Mehdi Vəlizadə, Xəstə Namaz, Hüseyn Minasazlı, Kərim bəy Şərifli, Miskinoğlu Allhverdi, Abbas Kirəçli haqqında əldə etdiyim ədəbi material məni qane etmədi. Hüseyn Minasazlının rus dilində Bakıda nəşr olunmuş ,,Seçilmiş əsərləri”ni professor Şamil Qurbanovun ev-arxivindən, xeyirxah, xeyriyyəçi, gənclərimizin ali təhsil almalarına iqtisadi cəhətdən xüsusi qayğı göstərən, böyük qeyrət və əməl sahibi kimi şərəfli ömür yaşayan, Ulu Tanrının verdiyi bu az ömrü xalqının, Borçalının, Faxralının qayğılarına, problemlərinə, dərd-sərinə sərf edən, ürəklərdə, yaddaşlarda əbədi yaşamaq şərəfinə nail olan mərhum Arif Əliyevin şəxsi təşəbbüsü və köməkliyi ilə əldə edə bildik.
Kərim bəy Şəriflinin ,,Müsibətil Zinyət” faciəsinin əlyazmasını professor Şurəddin Məmmədlinin ev arxivindən boyük sevinc və fərəhlə götürüb, əvvəlcə sürətini çıxartdırdıq, sonra da yeni bir müjdə kimi, bir şad xəbər kimi, yeni tapıntı kimi, böyük ürəkli Akif Xansultanlının baş redaktoru olduğu ,,Qarapapaqlar” dərgisi vasitəsilə oxuculara çatdırdıq. Faciəni bütövlükdə, əlyazması variantında olduğu kimi, ,,Ədəbiyyat tarixi”nə daxil etdik.
Mirzə Mehdi Vəlizadənin, Xəstə Namazın, Abbas Kirəclinin həyat və yaradıcılığına dair ədəbi materialları Mirzə Mehdinin nəvəsi Faiq Vəlizadənin, Kosalı ictimai məktəbinin direktoru Xançoban müəllimin, Xəstə Namazın nəvəsi Xatın Səfərovanın, Abbas Kirəclinin qardaşı professor Sabir Məmmədovun köməkliyi ilə Azərbaycan Ədəbiyyat və İncəsənət arxivindən, Dmanisi bölgəsinin Yırqançay kəndindən Miskinoğlu Allahverdinin şeir dəftərini Hüseyn Yusifoğlunun köməkliyi ilə əldə etməyə nail olduq.
XVIII-XIX əsrlərdə Gürcüstan azərbaycanlılarının ədəbi mühitinin poetik mənzərəsinə nəzər saldıqda ancaq xalq ruhunda yazıb-yaradan, sazın insanı sehrləyən, sevənlərə ruh verən odlu simləri üstündə yaranan, ərəb-fars sözlərindən, əruz vəznindən uzaq, sadə xalq dilində, doğma heca vəznində yaranan el şairlərinin şeirlərini görürük. Bu şeirlərin çox az hissəsində ərəb-fars tərkibli sözlər işlədən XVIII əsr şairlərindən Zabitdə, XIX əsr şairi Dollu Əbuzərdə, bir də XX əsr şairi Təhləli Novruzun bəzi şeirlərində rast gəlirik. El şairlərinin şeirlərində, aşıq poeziyasında sevgi və məhəbbət ruhlu və satirik-tənqidi şeirlərlə yanaşı, ustadnamələr, öyüd-nəsihət məzmunlu, humanist tutmlu şeirlərin yaranması dövrün-zamanın tələblərindən doğan mənəvi ehtiyac nəticəsində yazılırdı, gənclərin tərbiyələnməsində, formalaşmasında, kamilləşməsində bədii ədəbiyyatın müstəsna rolu olduğunu o dövrün aqil adamları çox yaxşı dərk etmişlər.
Gürcüstan azərbaycanlılarının həm şifahi, həm də yazılı ədəbiyyatı Türk və Azərbaycan ədəbiyyatının dərin kökləri üzərində boy atmışdır. XVIII-XX əsr Borçalı şairlərinə M. P. Vagifin, aşıq Ələsgərin, Səməd Vurğunun şeirlərinin güclü təsiri olmuşdur. Vagif Azərbaycan dilinin ən gözəl, zərif sözlərindən, bədii ifadə vasitələrindən istifadə edərək heca vəznində yazdığı aşıqanə şeirləri ilə, xüsusilə də yaradıcılığında aparıcı rol oynayan qoşmaları və təcnisləri ilə, öz orijinal poeziyası ilə klassik ədəbi ənənələrə yekun vurmuş, yaşadığı dövrdə aşıqların, xanəndələrin ifasında əsas yer tutan nikbin ruhlu şeirləri ilə ədəbiyyatımızın yeni inkişaf mərhələsinin təməl daşlarını qoymuşdur. Vagif şeirlərinin aşıq poeziyasına göstərdiyi təsir dairəsi haqqında akademik H. Araslı yazır: ,,XIX-XX əsr aşıqlarının çoxu Vagifin mövzularını təkrar etmiş, onun kimi qoşmalar yaratmağa çalışmış, onun qafiyələrini, rədiflərini və bədii ifadələrini dönə-dönə işlətmişlər (,,Molla Pənah Vagif” kitabı səh.10).
Biz də bu təsirin parlaq nümunələrini Borçalı aşıqlarının və şairlərinin yaradıcılığında da görürük. XVIII əsr Borçalı şairlərindən Allahverdi İbrahimin və Zabitin şeirləri bu cəhətdən daha xarakterikdir. Allahverdinin ,,Gəlmədi” qoşması Vagifin ,,Gəlmədi” qoşmasının təsiri altında yazıldığının bir daha şahidi oluruq:
Qəzəbləmi buyurublar fərmanı?!
Naşı təbib gəlsə, bulmaz dərmanı,
Azad eylə dustaxlıqdan sən məni,
Dərd bilənim, din-imanım gəlmədi.
Bütövlükdə Vaqifin şeirləri yeni deyimlər, yeni bədii-ifadə vasitələri, yeni qafiyələr, qoşa yarpaqlar, yeni cinaslar üzərində qurulmaqla (yazılmaqla) yanaşı, oxucuya sevinc, nikbin, şən əhvalı-ruhiyyə bəxş edir.
XVIII əsr Borçalı şairi Zabitin sevgi və məhəbbət şeirlərində Vaqif gözəlləmələrinin ətri duyulur, çünki tavar sazın gümüş tellərində qol-qanad açan, eşq əlindən dəli-divanə olan aşiqlərə dünya boyda sevinc bəxş edən Vaqif şeirləri özündən sonra gələn qələm sahiblərini sehirləməyibmi?... Zabit də bu bədii təsirdən ruhlanaraq qoşayarpaq, daxili qafiyə, eyni sözlərin təkrarı üslubundan, yəni təkririn növlərindən, anaforalardan, epiforalardan səmərəli istifadə etməsini başqa şeirlərində də müşahidə etdik.
Bir sona cilvəli, qarğı başlının,
Bir yağı qəmzəli, tər savaşlının,
Bir mina gərdənli, uzun saçlının,
Bir incə bellinin dağıyam, dağı.
XIX əsrdə yaşayıb-yaratmış Borçalı şairi Allahverdi Miskinoğlunun
,,Xacca” şeirinə Vaqifin ,,Zeynəb”, ,,Fatimə” və ,,Pəri” rədifli şeirlərinin bədii təsirini açıq-aydın görürük:
Qalxanda kipriyin al yanaq üstə,
Gözlərin cəlladdır, durubdur qəsdə.
Dişlərin dürdanə, dəhanın püstə,
Ləblərin bənzəyir lalaya, Xacca.
,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” üzərində gərgin işlədiyim vaxtlarda əlimdə elə də güclü ədəbi mənbə olmadığına görə hər hansı bir şairin şeirlərinə rast gəldiyim kitablara, ev arxivlərinə təkrar-təkrar baş əyməyimin səmərəsini Allahverdi İbrahimin və Güllər Pərinin şeirlərini araşdırarkən bir daha şahidi oldum. Faxralı kəndinin şairləri haqqında yazılmış kitabda Allahverdi İbrahimin ,,Yandırar”, ,,Qocalar”,
,,Gəlmədi” və altı misradan ibarət (yarımçıq) ,,Gözəl” şeiri verilmişdi. Bunlardan əlavə iki bənddən ibarət olan ,,Ay gözəl” və bir bəndlik ,,Leyli” rədifli şeirlərini Şurəddin Məmmədlinin monoqrafiyasında tapıb
,,Ədəbiyyat tarixi” nə daxil etdim. Faxralı kəndi haqqında yazılan kitablar içərisində tədqiqatçı Səməndər Məmmədovun kitabları ilk ədəbi mənbə kimi təqdirə layiqdir. Həmin kitabda Güllər Pərinin ,,Qardaş”, ,,Ayırma” şeirləri verilmişdir. Mən araşdırma apararkən şairin ,,Gələr”, ,,Nədəndi”,
,,Qardaşın”, ,,Merət qalmış” kimi dörd şeirini də kitaba daxil etdim. Bu şeirləri ,,Gürcüstan” qəzeində verilmiş şeirlərdən götürdüm.
*** *** ***
,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I və II cildlərinə dair ədəbi materilları toplamağa 1990-cı illərdən başlayaraq, 2008-ci ilədək Borçalının Başkeçid, Bolnisi, Marneuli, Qarayazı bölgələrində, həm də Qaraçöpdə, Zalqada Laqodexidə, Tbilisi şəhərində və b. bölgələrdə yaşayan azərbaycanlı şairlərin, aşıqların kitablarını, əlyazmalarını, onların şeirləri çap olmuş qəzetləri, məcmüələri, antologiyaları və s. toplamağa nail oldum.
2012-ci ilin yanvar ayından başlyaraq 1900-1930-cu illərdə anadan olmuş şair və yazıçılar haqqında çoxsaylı tədqiqat tutumlu məqalələr yazıb qəzet və dərgilərdə çap etdirirəm. Bu proses ,,Ədəbiyyat tarixi” əsəri işıq üzü görənə qədər davam edəcəkdir. Çünki ,,Ədəbiyyat tarixi” əsərinin birinci cildində də bu üsuldan səmərəli istifadə etmişdim. ,,Ədəbiyyat tarixi” kitabı nəşr olunana qədər ədəbi ictimaiyyətin kitabın materialları ilə tanış olmasını, fikir söyləməsini önəmli saydım.
2008-2011-ci illərdə bir çox çətinliklərlə üzləşə-üzləşə 803 səhifəlik möhtəşəm ,,Ədəbiyyat tarixi” əsərini yazıb son nöqtəsini qoydum. Təəssüf ki, kitabın həcminin böyük olması sponsoru razı salmadı. Maliyyə sahibinin ciddi etirazı məni məcbur etdi ki, ,,XI-XII əsrlərdən başlayan Tiflis ədəbi mühiti”, ,,Azərbaycan şair qadınları” (Bu məqalə Borçalı oxucusuna az məlum olan on nəfərdən artıq qadın şairlər haqqında yazılan iri həcmli məqaləni), Şaban Q., İsmayıl G., Məmmədhüseyn B., Nəbi Ayvazov, Bahaddin Oruclu və b. həyatı, yaradıcılığı haqqında böyük zəhmət və gərgin əmək nəticəsində ərsəyə gətirdiyim mövzuları kitabdan çıxartmağa məcbur oldum.
Bu ixtisarlara qane olmayan sponsor kitabın birinci fəslinə daxil edilən bütün mövzuları: ,,Sözün qüdrəti”, ,,VII-X əsrlərdə Azərbaycan ədəbiyyatına qısa bir nəzər”, ,,XI-XII əsrlərdə Azərbaycan ədəbi mühitinin ən görkəmli nümayəndələri”, ikinci fəsildən isə ,,Molla Nəsrəddin jurnalı və Borçalı şairləri”, ,,Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə qısa bir baxış” kimi məqalələri kitabdan çıxartmağı tələb etdi. Mən sponsorun tələblərinin əsassız olduğunu bilirdim və həmin mövzuları kitabdan çıxartmadım. AMM-nin sədri xeyirxah Fazil Həsənovun maliyyə dəstəyi sayəsində ,,Ədəbiyyat tarixi”işıq üzü gördü.
Pul və hökm sahibinin nəzərinə çatdırdım ki, Gürcüstan azərbaycanlılarının ədəbiyyatı möhtəşəm Azərbaycan ədəbiyyatının dərin kökləri üzərində yarandığına görə bu bölgədə yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. XVIII əsr şairi Qasımağa Muğanlıdan başlamış bugünkü Borçalının şair və yazıçılarının hamısı Nizamidən, Fizulidən, Vaqifdən, M.F.Axundzadədən, Mirzə Cəlildən, Ə. Sabirdən, Nəriman Nərimanovdan, Abdulla Şaiqdən, Səməd Vurğundan, və b. öyrənə-öyrənə, onların zəngin irsinə baş əyə-əyə öz sənət incilərini yaratmaları tarixi reallıqdır. Əsrlər boyu Azərbaycan ədəbiyyatının klassikləri Ulu Tanrıdan rica etmişlər ki, İlahi, şairin sözünü hökmdarın qılıncından, pulun hökmündən azad et! Şair və onun qələminin azad və sərbəst olmaması dahiyanə əsərlərin yaradılmasını müşkülləşdirər! Şairi ,,Rüzigarın kəsərli qılıncı”, ,,Şeiri Günəşdən doğan bir inci” hesab edən Xaqani sənətkarın sərbəst, heç kimdən asılı olmaması ideyasını irəli sürür. Azad sənət, azad sənətkarın olmasını arzulayır. Şair, qələm sahiblərini şahların, qızılın, pulun, çörəyin təsirindən azad edib, sözün qüdrətinə inana-inana, ona geniş meydan, geniş üfüqlər verilməsini tələb edirdi.
Son illərdə yazılı ədəbiyyatımız haqqında apardığım fundamental tədqiqatlara, araşdırmalara əsasən ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”ni məncə aşağıdakı dövrlərə bölmək daha real olardı:
I dövr— Ən qədim dövrlərdən başlayan möhtəşəm Azərbaycan şifahi xalq ədəbiyyatının dərin kökləri üzərində yaranan şifahi xalq ədəbiyyatı;
II dövr—XVIII əsr ədəbiyyatı;
III dövr—XIX əsr ədəbiyyatı;
IV dövr—XX əsr ədəbiyyatı; (Çağdaş dövrümüzə qədər davam edən ədəbiyyat).
Beləliklə, ədəbiyyatımızın birinci dövrü bizim eradan əvvəl yaranan Azərbaycan şifahi xalq ədəbiyyatı yazının mövcud olduğu dövrlərə qədər davam edən möhtəşəm folklorumuzun təməl özəllikləri, növləri və janrlarıdır. Buraya miflər, əfsanələr, rəvayətlər, mövsüm və mərasim nəğmələri, aşıq poeziyası və aşıq rəvayətləri, bayatılar, oxşamalar, xalq mahnıları, atalar sözləri və məsəllər, tapmacalar, nağıllar, dastanlar bə b. daxildir.
Yazının mövcud olduğu illərdən başlayaraq, müasir dövrümüzə qədər— yəni yaşadığımız dövrdə də şifahi və yazılı ədəbiyyat bir-birindən bəhrələnə-bəhrələnə, bir-birinə öz müsbət təsirini göstərərək yaranmaqda davam edir. ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin birinci cildində bölgəmizdə yaranan folklor haqqında müəllif yazır:
,,Möhtəşəm Azərbaycan şifahi xalq ədəbiyyatının dərin kökləri üzərində qol-qanad açan Borçalı folklor nümunələrinin bütün janr və növləri öz əlvanlığı, humanistliyi, vətənpərvərliyi, əxlaqi və mənəvi dəyərləri ilə Borçalı ədəbi mühitinin özülünü qoymuşdur.... İnsan formalaşdığı, əməklə, zəhmətlə məşğul olduğu, sevib-sevildiyi, ailə qurduğu anlardan başlayaraq, öz mifoloqiyasını, inanclarını, əmək və mərasim nəğmələrini, bayatılarını, bir də arzu və istəklərini tərənnüm edən nağıl və dastanlarını yaratmışlar”. (,,XVIII-XX əsrlər Borçalı ədəbi mühiti” icmal-oçerki).
Şəmsi Əlizadənin, Dilən Pirioğlunun, Novruz Qaçağanlının, Bayram Balakişioğlunun, Əli Hüsənoğlunun, Əli Borçalının (Ələkbərovun), Ənvər Tariqin, Hüseyn Pərioğlunun, Sirac Daşdəmirovun, Xanım Darğallının, Bayram Kazımoğlunun, Ələkbər Əliyevin, Məhəmməd Paşanın və başqa şairlərin ədəbi materiallarının ailə arxivlərində mürgü vurması, tədqiqata indiyəcən cəlb olunmaması təəssüf hissi doğurur. Gürcüstanda fəaliyyət göstərən anadilli qəzet və dərgilərdə, qələm sahiblərimiz ayrı-ayrı dövlətlərin, ayrı-ayrı xalqların şairləri, yazıçıları, alimləri haqqında səxavətlə tez-tez məqalələr dərc etdirdikləri halda, unutqanlıq ucbatından yaddaşlardan silinmək təhlükəsi qarşısında qalan şairlərimizin zəngin ədəbi irsi nə üçün qəzet və dərgilərdə işıqlandırılmır, antologiyalara, ədəbi məcmüələrə daxil edilmir?! Gürcüstan azərbaycanlıları yaşayan bölgələrdə, ev arxivlərində neçə-neçə şair antologiya tərtibçisini, tədqiqatçısını, oxucusunu gözləyir. Artıq yuxarıda adlarını qeyd etdiyim unudulmuş şairlərin arxiv şeirləri ,,Ədəbiyyat tarixi” kitabının ikinci cildində öz layiqli yerini tutacaqdır. Bu gün bizi düşündürən problem və bu müşkülləşən problemin həlli Gürcüstanda fəaliyyət göstərən qəzet və dərgilərin hörmətli redaktorlarının, antologiya tərtibçilərinin unudulmuş Borçalı söz adamlarına, eləcə də Zalqa, Muxran, Kaspi, Laqodexi və s. bölgələrdə yaşayıb-yaratmış qələm sahiblərinə diqqət və qayğını artırmalarına çox böyük ehtiyac var. Eləcə də antologiya tərtibçiləri əsasən Əzim İsmayıllının tərtibində 1980-1990-cı illərdə nəşr edilən ,,Çeşmə”, ,,Dan ulduzu” məcmüələrinin dörd sayında yer verilən eyni şair və yazıçıları təkrar-təkrar antologiyalara daxil etməkdənsə, unudulan, yaddaşlardan silinmək təhlükəsində olan çoxsaylı söz adamlarını axtarıb, onları antologiyalara daxil etsələr, daha faydalı olardı. . Soruşulur, bəs unudulmuş, gözdən, könüldən uzaq düşənləri, yaddaşlardan silinmək təhlükəsi ilə üzləşənləri kim axtarıb tapmalı və kim mətbuat səhifəsinə çıxartmalı, antologiyalara kim daxil etməlidir???! Təkrarən eyni yazıçıları, əksər hallarda eyni əsərləri təkrar-təkrar antologiyalara daxil edilməsinə nə ehtiyac, nə də tələb var!!...
* * * * * *
Kərbəlayı İbrahim Ağakişi oğlu Ulu Borçalının ,,Şairlər diyarı” kimi tanınan Faxralı kəndində 1857-ci ildə anadan olmuşdur. Onun gənclik illəri Faxralıda sazın, sözün ən qaynar, ən coşqun dövrünə təsadüf edir. Belə bir poetik mühit gənc İbrahimə öz təsirini göstərməyə bilməzdi, çünki qəlbinin dərinliklərində tüğyan edən saf duyğular işıqlı dünyaya ayaq açmalı idi. Elə o illərdən də gənc şair aşıb-daşan deyişmələr meydanına atır özünü. Azərbaycan türklərinin sazlı-sözlü ellərində qədim dövrlərdən binası qoyulmuş aşıq və şairlərin deyişmələri bu gün də davam etməkdədir. El-oba aşığın, şairin dərinliyini, bilik dairəsini, hazırcavablığını, cavabı öz məqamında qaytarmaq bacarığını yoxlamaq üçün aşıqları, şairləri döş-döşə, baş-başa, göz-gözə qoyaraq onların deyişmələrini tələb etmişlər. Faxralı şairlərinin əksəriyyəti, Azərbaycan, Türkiyə, Cənubi Azərbaycan, Gəncəbasar, Borçalı aşıqları, şairləri ılə deyişmişlər. Kitabın son nəşrinə müəllif Səməndər Məmmədov Kərbəlayi İbrahimin şair Miskin Nəbi ilə iki deyişməsini vermişdir. Müəllifin verdiyi sorağa görə hər iki deyişmə Qorqudşünas Hüseynqulu Məmmədli və folklorşünas-alim Elxan Məmmədlinin 1991-ci ildə nəşr etdirdikləri ,,Deyişmələr gəldi başa” kitabından götürülmüşdür.
Uzun ömür sürmüş şair İsmayıl Güllərin dediyinə görə şair Kərbəlayi İbrahimin ,,Qırmızı” adlı şeiri dillərdə əzbər imiş.Şairin qohumlarının verdiyi məlumata görə onun şeirlərini aşıq Hacı Nəsib məclislərdə oxuyarmış, həm də həmin şeirləri şəxsi arxivində qoruyub saxlayırmış. Təəssüf ki, o şeirlərdən çox az hissəsini əldə etmək mümkün olmuşdur. Kərbəlayı İbrahim 1945-ci ildə dünyasını dəyişmişdir. Kərbəlayi İbrahimlə şair Miskin Nəbinin ,,Ötəri” və ,,Üzünə” rədifli deyişmələrini təqdim edirik:
Miskin Nəbi
Mən uğradım eşq oduna, bir belə candan ötəri,
Müjganları sinəm üstə dolaşır qandan ötəri.
Ey aqillər, əfsanədi, uymayın dünya malına,
Yanarlar eşq oduna, şövkəti-şandan ötəri.
Kərbəlayı İbrahim
Ey könül, çox havalanma, ol güllü-xardan ötəri,
Seraqıb yollara çıxar, bəd nazardan ötəri.
Düşmə xam xəyallara, bir gün düşərsən zillətə,
Bəsləmə kəndini sən, marı-şahmardan ötəri.
Şair Miskin Nəbi Borçalı XX əsrin birinci yarısı ədəbi mühitimizin ən parlaq simalarındandır. O, Azərbaycan aşıq və el şairlərinin zəngin yaradıcılığının ən gözəl ənənələrini davam etdirən, aşıq poeziyasının qoşma, gəraylı, divani, təcnis, müxəmməs və b. növlərində çoxlu sayda şeirlər, ,,Mehdi bəy dastanı”nı yaratmışdır. Bunlardan başqa onun yaradıcılığına aşıqların dastanlaşdırdığı, el məclislərində oxuduqları iyirmidən çox deyişmələri də daxildir. Onun qüvvətli söz sənətkarı olduğunu bir daha ,,Ötəri” rədifli deyişməsində də gördük.
Miskin Nəbi
Gəl biçarə, şair Nəbi, tök mətahın bazara,
Özün haqsan, sözün haqdı, gəlməyəsən nazara,
Söz anlamaz, əxrət qanmaz, çıxan zaman güzara,
Haqq yolunda divan qurdun, əxrət-imandan ötəri.
Kərbəlayı İbrahim
İbrahim, gəl uyma belə, bu eşqin sevdasına,
Bel bağlamaq həvəs işdi, gözəllər xülyasına.
Qat səsini bu dünyada, əhli-dillər səsinə,
Çox canına cəfa vermə, yarı-şikardan ötəri.
Bu deyişmələrdən də gördük ki, Kərbəlayı İbrahim şair Nəbinin dərin mənalı, ağır yüklü sözlərinə müvafiq cavablar verə bilmişdir. Bu deyişmənin əsas ruhunu, əsas mayasını bu fani dunyada halal yaşamaq, İlahinin verdiyi ömrü xeyirxahlıq, haqq-ədalət üzərində qurmaq tövsiyə edilir, haram yolla var-dövlət yığmamaq, eyş-işrətə alüdə olmamaq, bir də, pak eşqi, saf məhəbbəti yüksək dəyərləndirmək kimi fəlsəfi-etik fikirlər təşkil edir. Şair Miskin Nəbinin zəngin yaradıcılığında büllur çeşmələri xatırladan, sevənlərin od tutub yanan sinəsinə bir sərinlik, coşğun ruh gətirən Vaqif lirikasının, aşıq şeirinin, Borçalı el şairlərinin güclü təsirini, bir də Azərbaycan divan şairlərinin təsirini də görürük.
Nəbi
Gəl sənə divanı deyim, hərfini qan üzünə,
Həqiqətdən mətahım var, açaram meydan üzünə.
Ummanı kəşd eylərəm, çıxaram səhraya mən,
Kəndimi bəyan edim, mərdi-meydan üzünə.