Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
2.18 Mб
Скачать

III.2.2.Tənqid (irad) qaydaları

1) Tərif fonunda deyilən tənqid az qıcıqlandırıcı təsir göstərir və effektlidir. Bunun üçün, tərəfdaşın qüsurlarını qabartmazdan əvvəl onun müsbət cəhətləri də sadalanır; Sizə vurduğu ziyanı müzakirəyə çıxarmazdan əvvəl, nə vaxtsa etdiyi hörmət, yaxşılıq, verdiyi xeyir və s. də etiraf olunur; İşinin zəif tərəfləri ilə birlikdə müsbət kimi yozula bilinəcək tərəfləri də qeyd edilir və s. Bu, tənqidə obyektivlik donu geydirir və məsələyə hərtərəfli nəzər saldığınız təəssüratı formalaşdırıb tərəfdaşın sizi birtərəfli münasibətdə, ədalətsizlikdə ittiham etməsinin qarşısını alır, müqavimət hissini zəiflədir;

2) Özünütənqid fonunda deyilən tənqid də analoji effektlidir. Bu halda etiraf olunur ki, düzdür siz özünüz də həmin məsələdə ideal deyilsiniz, sizin də bu sahədə qüsurlarınız olmamış deyil, lakin hər halda, bu qüsurlar, zəifliklər, çatışmamazlıqlar və s. onda da var. ələlxüsus rəqibin sizə irad tuta biləcəyi məsələləri tapıb ondan qabaq etiraf etmək, sadalamaq, tənqid qarşısında onu əli-qolu bağlı vəziyyətdə qoyur, əks-hücumunu qabaqcadan blokirovkalayır;

3) Öz mövqeyini birbaşa olaraq rəqibə əks qoymayıb, əksinə, əvvəlcə onunla razı olduğunuzu bildirib, onun haqlı olduğunu etiraf edir, yalnız bundan sonra «amma» deyərək, öz mövqeyinizi ifadə edirsiniz. Bu da, rəqibin əks-hücum hazırlığını zəiflədir, konfrontasiya əhval-ruhiyyəsini neytrallaşdırır;

4) Yuxarıdakı metodun digər variantı ondan ibarətdir ki, bu halda təkcə onunla razılaşdığınızı, onun haqlı olduğunu ifadə etməklə kifayətlənməyib, hətta onun mövqeyini daha da gücləndirən bəzi yeni faktlar, arqumentlər sadalayır, müəyyən mənada onu dəstəkləyir, fikrini daha da qüvvətləndirirsiniz. Yalnız bundan sonra «amma» deyərək, öz mövqeyinizi və ya, ümumiyyətcə, hazırkı məqamda əks-reaksiya doğura biləcək istənilən mövqeyi ifadə edirsiniz. Bu fənd, problemə tərəfdaşdan daha yaxşı bələd olmağınız və buna görə mövqeyinizin də, onunkundan daha obyektiv, əsaslı olması barədə təəssürat formalaşdırır.

Nümunə üçün, məs., SSRİ-nin dağılma mərhələsi ərəfəsində yerlərdə Leninin heykəllərinin sökülməsi məsələsinə qarşı qatı əleyh mövqe tutan bir müxbirin, Ağdaşın (bundan bir az əvvəl Mingəçevirin) o vaxtkı İcra Hakimiyyətinin başçısı Faiq Baxşəliyevə verdiyi «Siz bu heykəllərin sökülməsinə yol verməklə tarixi səhv etdiyinizi düşünmürsünüzmü?» sualına onun verdiyi aşağıdakı diplomatik cavab bu qəbildəndir:

— Düzdür, Lenin böyük şəxsiyyətdir və mən şübhə etmirəm ki, onun tarixdə yeri, rolu məsələsi hələ on, bəlkə də yüz illərlə araşdırılacaq, öyrəniləcək. Amma, hazırkı dövrdə günün tələbinə, ona qarşı formalaşan kəskin mənfi psixoloji atmosferə və s. səbəblərə görə, indi bu heykəllərin bu yerlərdə saxlanılması da, məqsədəuyğun deyil;

5) Tənqidi öz mövqeyin kimi yox, üçüncü bir tərəfin və ya ümumiyyətcə, ətraf insanların mümkün mənfi reaksiyası kimi təqdim etmək konfrontasiya ruhunu zəiflədib, tərəfdaşı sizinlə razılaşmağa vadar edə bilir, məsələn:

— Belə etsən, sonra deyə bilərlər ki...;

— Mən bilən, filankəs bunu bilsə, fikirləşəcək ki, yəqin...;

— Kənardan baxanlara bu belə görünə bilər ki...; və s.

6) Tənqid zamanı, eyni zamanda, tərəfdaşa geri çəkildiyi halda öz «simasını xilas» üçün şans verilməlidir, yəni məsələ elə qurulmalıdır ki, geri çəkildikdə o, özünü alçalmış hiss etməsin, pərt vəziyyətə düşməsin, gələcəkdə başqalarının tənə, məsxərə obyektinə çevriləcəyini düşünməsin. Tənqidinizlə onun alçalmasını istəyirsinizsə, bu başqa məsələ. Lakin sizə lazımdırsa ki, hansısa bir mübahisəni həll edəsiniz, kiməsə hansısa fikri qəbul etdirəsiniz, kimisə öz tərəfinizə və ya sizə lazım olan yola çəkəsiniz, bu zaman artıq onun geri çəkilməsinə paralel olaraq təzyiqi artırmaq yalnız ümumi işin ziyanınadır ki, xeyrinə deyil. Deyilən məsələ güclü psixoloji baryer effektinə malikdir və əksər insanları özlərinin gün kimi aydın görüb, bildikləri mövqeni qəbul etməkdən çəkindirən başlıca faktordur. Yəni insanlar başa düşdükdə ki, bu mövqeyi, bu fikri qəbul etmək, onun həqiqiliyini etiraf etmək onları başqalarının yanında alçaldacaq, onların mənliyinə xəsarət toxunduracaq, o zaman həqiqəti öz şəxsi maraqlarına qurban verərək, «öldü var, döndü yoxdur» yolunu seçib, belə deyilsə «son damla qanına qədər» vuruşmağı üstün bilirlər. Çünki müqayisə edib, geri çəkilməyin ziyanının, öz yerində qalarkən aldığı zərbələrdən daha böyük olduğunu öz-özü üçün müəyyən edir. əksinə, geri çəkildiyi halda onun təhlükəsizliyinə təminat verdikdə, bunu etibarlı şəkildə sığortaladıqda tərəfdaş geri çəkilməyi, güzəştə getməyi mümkün variantlardan biri kimi nəzərdən keçirə bilir və çox ehtimal da ki, qəbul edir.

Qadağalar:

a) Bütün hallarda şəxsiyyət və onun fəaliyyətini bir-birindən fərqləndirməli və tənqid edərkən heç vaxt şəxsiyyət sferasına toxunmamalı.

 Yəni, məs., demək mümkündür ki, «Sənin sözündə (mövqeyində, qənaətində və s.) səhv var (və ya filan sözün səhvdir)». Bu, heç bir əks-reaksiya doğuran deyil və normal qarşılanasıdır. Lakin heç vədə «Sən yalan danışırsan» tipli deyim yolverilməzdir və burada tərəf-müqabil öz şərəf və ləyaqətinə zərbə gördüyündən, istər-istəməz əks-hücuma köklənəsidir. Eyni ilə «Sənin bu hərəkətin düzgün deyil», «Sənin filan hərəkətin xuliqanlıq kimi yozula bilər» və s. kimi deyimlərlə «Sən öz hərəkətini bilmirsən (və ya nə etdiyini bilmirsən)», «Sən xuliqansan» (və ya dələduzsan, avarasan...) və s. kimi deyimlər arasındakı fərq də bu qəbildəndir;

b) Tənqid konkret vaxtdakı konkret davranış və ya deyimlərlə əlaqədar olmalıdır, yəni konkret arqumentlərə əsaslanmalıdır, daha, ümumi və qeyri-müəyyən faktlara yox.

 Məs., «Sən həmişə beləsən» ifadəsi ifrat əsəbilik doğura bildiyi halda, «Sən filan vaxt filan məsələ ilə bağlı da belə etmişdin» ifadəsi artıq tərəfdaşın dil-ağzını bağlayan bir formulədir. Fövqəlümumilik kvantorları («həmişə», «heç vaxt», «daim», «hər yerdə», «hər işdə», «ömrü boyu» və s.) ilə ifadə olunan bütün tənqidlər bu kateqoriyaya aiddir. əksinə, bütün hallarda «indi-burada» və ya «filan vaxt-filan yerdə (və yaxud konkret olaraq filan məsələ ilə bağlı)» prinsipinin qorunması məsələni 180 dəyişir;

c) Publika (kollektiv, qrup, kütlə və s.) qarşısında tənqid yolverilməzdir. Tərəfdaş təkbətəklikdə edilən hansısa tənqidi qəbul edə biləcəyi halda, bir başqalarının yanında deyilən həmin tənqidə istər-istəməz mənfi reaksiya verməyə məcburdur. Yəni şahidlər belə vaxtda güclü provakasion təsirə malikdirlər və onların yanında öz «simasını xilas etmək» üçün hər kəsin tənqidə dözümsüzlük nümayiş etdirməsi, hətta haqsız olduğunu başa düşsə də, mövqeyini axıra qədər müdafiə etməsi qaçılmazdır. Təkbətəklikdə isə güzəşt üçün də, kompromis üçün də, heç bir baryer yoxdur və bu halda faktlarla, obyektiv arqumentlərlə razılaşıb haqsız olduğunu boynuna almaq, geri çəkilmək, ona bayaqkı miqyasda itki bahasına başa gəlməyəcək.

Nümunə üçün, məs., rəislərin adətən tənqidə qarşı dözülməz olub, ələlxüsus iclas zamanı onların ünvanına səslənən tənqidlərlə, sözlərinin qarşısında söz deyilməsi kimi məsələlərlə barışa bilmədikləri məlumdursa da, əksinə, iclasdan sonra təkbətəklikdə onlara yaxınlaşıb və ya kabinetinə gəlib öz iradlarınızı bir-bir sadalamaq vəziyyətin tonunu dəyişir, bayaq yaranmış gərginliyi aradan götürür və hətta mümkündür ki, gələcək münasibətlərinizin ahənginə bəzi müsbət notlar əlavə edir. Hansı ki, bir qədər əvvəl, camaat yanındakı bu cür sərbəstliyiniz, başqalarına da ibrət olması üçün istər-istəməz, hətta can-cigəri olmuş olsanız da belə, onu sizə qarşı sərt davranmağa məcbur edəcəkdi.

Həmin səbəbdən, oğlana qızla gedərkən və ya kiməsə ailəsi, uşaqları yanında sataşmaq, təhqiramiz münasibət göstərmək, tənqid demək təhlükəli məsələdir. Çünki başqa vaxt onun buna reaksiya verməməsi mümkün idisə, indi qeyri-mümkündür və istər-istəməz indi o, qadının nəzərində özünü alçalmaqdan qorumaq, şərəfini xilas etmək üçün hər vasitədən istifadə etməyə, ölümə belə getməyə hazır olur.

Ümumiyyətcə, belə məqamlarda qadın kişi, kişisə qadın üçün ciddi provakasion faktordur. Belə ki, öz cinsi yanında deyilən tənqidlərə insanlar nisbətən yumşaq reaksiya göstərə bildikləri halda, əks cinsi yanında bu, qeyri-mümkün olur və hər şey patoloji vəziyyət alır;

d) Tənqid hansısa şübhələrə, subyektivliyə, əsaslanmamalıdır, yəni yenə də bayaqkı kimi, konkret olmalı, dəqiq fakt və arqumentlər üzərində durmalıdır. Məs., «Mən bilirəm ki, sən yenə onunla görüşürsən», «Mən bilirəm ki, sən onsuz da, ora gedirsən» və s. kimi ifadələr heç bir əsas üzərində dayanmayıb, havaya atılan boş güllələrdir və heç bir hədəfə dəyməyib, bir para əsəbləri qıcıqlandırası, bəzən, hətta əks effekt göstərəsi, yəni tərəfdaşı daha da intriqaya, acığa salıb, bu yola təhrik edəsidir. Hətta siz haqlı olmuş olsanız belə, əlinizdə konkret faktınız olmadığından, ittihamınız kəsərsiz və mənasız söz yığnağı xarakteri kəsb edəcək. əksinə, səbrini basıb, hücuma yalnız konkret fakt ələ keçirdikdən sonra başlamaq, vəziyyəti dəyişir və tərəfdaşın dil-ağzını bağlayır.

Nümunə üçün, məs., hansısa bir jurnalistin hansısa bir idarənin rəhbəri barədə yazdığı «O, rüşvətxordur, dövlət əmlakını çapıb-talayır» və s., yaxud hansısa bir siyasətçinin digəri barədə dediyi «Onun xarici banklarda milyardlarla dollar vəsaiti, Avropanın müxtəlif ölkələrində yüzlərlə möhtəşəm villaları var» və s. tipli ifadələrlə «O, filan vaxt filankəsdən filan məsələ ilə bağlı filan yerdə on min dollar rüşvət alıb» Və ya «Onun filan ölkənin filan bankındakı filan hesabda bu qədər vəsaiti və filan ölkənin filan ünvanlarında hansı dəyərdə tərpənməz əmlakı var» tipli ifadələr arasındakı təsir fərqi göz qabağındadır. Ümumiyyətcə, fakt istənilən formalı tənqidin başlıca silahıdır və bunu nəzərə alaraq, hətta müsahibələrinin birində Azərbaycanın tanınmış jurnalisti Mirşahin, faktı jurnalist sənətində özünün allahı adlandırmışdı.

e) Tənqid zamanı tərəfdaşı kiminləsə müqayisə etməkdən çəkinməli. «Filankəs səndən fərasətlidir», «Filankəs qədər də olmadın» və s. tipli deyimlər bu qəbildəndir. Bu, onun mənliyinə güclü zərbə olduğundan situasiyanı ifrat qəlizləşdirə bilər;

Və s.

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]