Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Mö’cüzənin tə’rifi

Mö’cüzə Allahın iradəsi ilə nübüvvət iddiası edən şəxsdə baş verən və onun iddiasının doğruluq əlaməti olan xariqüladə işlərə deyilir. Göründüyü kimi, bu tə’rif üç məsələni əhatə edir:

a) Müəyyən xariqüladə hadisələr və varlıqlar vardır ki, adi səbəb və amillər vasitəsilə vücuda gəlmir.

b) Bu xariqüladə işlərdən bə’ziləri Allahın iradəsi və Onun xüsusi izni ilə peyğəmbərlər vasitəsilə zahir olur.

v) Belə xariqüladə bir iş peyğəmbərin iddiasının doğruluq əlaməti ola bilər və bu halda o mö’cüzə adlandırılır.

İndi yuxarıda qeyd olunan üç məsələ ilə əlaqədar əlavə izah veririk.

Xariqüladə işlər

Bu dünyada baş verən hadisələr əksər hallarda müxtəlif sınaqlar və təcrübələrlə, mə’lumat əldə ediləcəyi mümkün olan səbəb və amillərlə baş verir. Fiziki, kimyəvi, psixoloji və s. kimi hadisələrin əksəriyyəti buna misal ola bilər. Amma nadir hallarda bu hadisələrdən bir qrupu digər bir yolla baş verir və onların səbəb və amillərinin hamısını hissi və təcrübi sınaqlar vasitəsilə tanımaq olmaz. Müəyyən şahidlər bu cür hadisələrin baş verməsində başqa amillərin tə’sirli olduğunu göstərir. Belə ki, murtazların (yoqların) gördükləri heyrətli işlər buna misal ola bilər. Müxtəlif elm sahələrində mütəxəssis olanlar bu işlərin maddi və təcrübi elm qanunları əsasında baş vermədiyini təsdiq edirlər. Bu işlər xariqüladə işlər adlandırılır.

İlahi xariqüladə işlər

Xariqüladə işləri iki ümumi bölmədə təsnif etmək olar: Onlardan birincisinin adi səbəb və amillərə malik olmamağına baxmayaraq onların qeyri-adi səbəbləri müəyyən qədər bəşərin ixtiyarındadır və xüsusi tə’limlər və məşqlərlə onları əldə edə bilər. Murtazların işləri bunlara misal ola bilər. Digər bir qismi isə elə xariqüladə işlərdir ki, onlar yalnız Allahın xüsusi izni ilə həyata keçə bilər, onların ixtiyarı da Allahla əlaqəsi olmayan insanlara həvalə edilmir. Buna görə də belə işlər iki əsas xüsusiyyətə malikdir:

1.Bu kimi işlər öyrənməli və öyrədilməli deyildir. 2.Daha güclü qüvvələrin tə’sirinə mə’ruz qalmır və başqa amillər tərəfindən məğlub edilmir.

Bu cür xariqüladə işlər Allahın seçilmiş və heç vaxt yollarını azmayan və həvayi-nəfsə uymayan bəndələrinə məxsusdur. Lakin təkcə peyğəmbərlərə də məxsus deyil. Bə’zən başqa ilahi övliyalar da onlardan istifadə edirlər. Buna görə də kəlam istilahında onların hamısını mö’cüzə adlandırmırlar. Adətən peyğəmbərlərdən başqaları tərəfindən həyata keçən bu cür görünən işləri kəramət adlandırırlar. Eləcə də qeyri-adi ilahi elmlər də nübüvvət vəhyi ilə xülasələnmir. Bə’zən belə elmlər başqalarına da verilir. Bunlar ilham, təhdis və s. adlanır.

Eləcə də ilahi və qeyri-ilahi olan iki xariqüladə işin ayırd edilməsi də mə’lum olur. Yə’ni əgər xariqüladə işin görülməsi öyrənib-öyrədilmək xüsusiyyətinə malik olsa, yaxud başqa bir fail onun qarşısını ala bilsə, yaxud davam etməsini dayandırıb onun tə’sirini aradan qaldırsa, o zaman bu, ilahi xariqüladə iş sayılmayacaqdır. Bu kimi hallarda şəxsin əqidə və əxlaq pozğunluğunu, şəxsi mənafe güdməsini onun Allahla əlaqədə olmamasının, işlərinin nəfsani və şeytani olması kimi başa düşmək olar.

Burada digər bir məsələni də qeyd etmək yerinə düşərdi. İlahi xariqüladə işlərin failini Allah olduğunu (bütün məxluqata, o cümlədən adi hadisə və varlıqlara qarşı failiyyətindən əlavə) hesab etmək olar. Çünki onların vücuda gəlməsi Allahın xüsusi izn və icazəsinə bağlıdır.1 Onları mələk və peyğəmbərlərə də aid etmək olar. Çünki onlar vasitə, yaxud yaxın fail ünvanına malikdirlər. Qur’ani-kərim ölülərin dirildilməsini, xəstələrə şəfa verilməsini, quş xəlq edilməsini həzrət İsaya (ə) verilən mö’cüzə olduğunu bildirmişdir.2 Bu iki nisbət arasında heç bir təzad yoxdur. Çünki bəndələrin failiyyətinin arxasında Allahın failiyyəti durur.