Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Peyğəmbərlərin isməti barəsində əqli dəlillər

Peyğəmbərlərin günaha mürtəkibolma qarşısında ismətinin zəruri olması barədə birinci əqli dəlil bundan ibarətdir ki, onların be’sətində əsas hədəf bəşəriyyətin Allah tərəfindən tə’yin olunan həqiqət və vəzifələrə doğru hidayət edilməsidir və onlar həqiqətdə Allahın insanlar arasında olan nümayəndələridir ki, başqalarını düz yola hidayət etməlidir. Deməli, əgər bu nümayəndələr ilahi göstərişlərə laqeyd yanaşsalar və öz vəzifələrinin əksinə əməl etsələr, camaat onların əməl və rəftarlarının dediklərinə zidd olduğunu görəcək, artıq onların sözlərinə lazımi qədər e’timad etməyəcək və nəticədə onların be’sətində nəzərdə tutulan hədəf, ümumiyyətlə, həyata keçməyəcəkdir. Deməli, Allahın hikmət və mərhəməti peyğəmbərlərin pak, günah qarşısında mə’sum, hətta səhv və unutqanlıq üzündən belə, yaramaz işlər baş verməyən şəxslər olmasını tələb edir ki, camaat səhv və unutqanlıq iddiasını günaha mürtəkib olmaq üçün bir bəhanə qərar verdiklərini güman etməsinlər.

Peyğəmbərlərin ismətinə ikinci əqli dəlil budur ki, onlar öz risalətlərini və vəhyin möhtəvasını camaata çatdırıb onlara düz yolu göstərməyə, eləcə də onların ruhən və mə’nən təlim-tərbiyəsinə, aludəliklərdən təmizlənməsinə, iste’dadlı şəxsləri insaniyyətin kamal mərhələsinə çatdırmağa vəzifəlidirlər. Başqa sözlə, onlar tə’lim və yol göstərmək vəzifəsindən əlavə insanları tərbiyə edib onlara yol göstərməyi də öhdələrinə almışlar. Bu özü də cəmiyyət fərdlərinin ən görkəmli və ən iste’dadlı şəxslərinə şamil olan hərtərəfli tərbiyədən ibarətdir. Belə bir məqam yalnız özləri insani kamalın ən yüksək dərəcələrinə çatan və nəfsani səciyyələrin (ismət məlakəsinin) ən kamil həddinə malik olan kəslərə layiqdir.

Bundan əlavə, əsas e’tibarı ilə bir mürəbbinin başqalarını tərbiyə edərkən özündən göstərdiyi davranış və rəftarın rolu onun sözündən daha mühümdür. Rəftar və davranış baxımından müəyyən nöqsanlı hallara və çatışmazlıqlara malik olan bir şəxsin sözləri də gözəl nəticələr və tə’sirlər qoymayacaqdır. Deməli, Allahın, peyğəmbərləri cəmiyyətin tərbiyəçiləri və mürəbbiləri ünvanı ilə göndərməkdə hədəfi yalnız o zaman kamil şəkildə həyata keçəcəkdir ki, onlar əməldə, rəftarda və danışıqda hər növ sapmadan, günahdan uzaq olsunlar.

Peyğəmbərlərin ismətinə nəqli dəlillər

1.Qur’ani-kərim insanlardan bir qrupunu müxləs (Allah üçün xalis olunmuş) adlandırır1 ki, hətta İblisin belə onları aldatmağa ümidi yoxdur. Belə ki, o, Adəm övladlarını aldadıb yoldan çıxaracağına dair and içdiyi zaman müxləsləri istisna etmişdir. “Sad” surəsinin 82-83-cü ayələrində İblisin dilindən belə deyilir:

“İblis dedi: (Pərvərdigara!) Sənin izzətinə and olsun, onların hamısını aldadıb yoldan çıxarcağam, yalnız Sənin müxləs bəndələrindən başqa.”

Şübhəsiz, İblisin onları azdırmağa ümidi olmaması onların azğınlıq və aludəlik cəhətindən toxunulmaz və ismətli olduğuna görədir. Əks halda, onun düşmənçiliyi peyğəmbərlərə də şamil olar və əgər belə olmasaydı, onları azdırmaq fikrindən heç vaxt əl çəkməzdi.

Deməli, müxləsin mə’nası mə’sumla bərabər olacaqdır. Bu sifətin yalnız peyğəmbərlərə aid olmasına heç bir dəlil mövcud deyil, amma, buna baxmayaraq onlara da şamil olur. Belə ki, Qur’an peyğəmbərlərdən bir qrupunu müxləs hesab etmişdir. “Sad” surəsinin 45-46-cı ayələrində buyurulur:

“Bizim bəndəmiz İbrahimi, İshaqı, Yə’qubu yada sal. Onlar əl (qüdrət) və bəsirət sahibi idilər. Biz onları xalis etdik...”

“Məryəm” surəsinin 51-ci ayəsində buyurulur:

Kitabda Musanı zikr et. Həqiqətən o müxləs, rəsul nəbi idi.”

Həzrət Yusifin günaha düşməyin ən ağır şəraitlərində olmasına baxmayaraq, günahdan amanda qalmasının səbəbi onun müxləs olması hesab edilir. “Yusif” surəsinin 24-cü ayəsində belə buyurulur:

Beləliklə, Biz ondan pisliyi yaramaz işləri kənarlaşdırdıq. Həqiqətən o, Bizim müxləs bəndələrimizdən idi.”

2.Qur’ani-kərim peyğəmbərlərə mütləq şəkildə itaət etməyi vacib bilmişdir. O cümlədən “Nisa” surəsinin 63-cü ayəsində buyurulur:

Biz hər bir peyğəmbəri göndərdiksə, yalnız Allahın izni ilə itaət olunsun deyə (göndərdik).”

Onlara mütləq şəkildə itaət edilməsi o zaman səhih ola bilər ki, Allaha itaət etmək məqsədilə olsun və onlara itaət edilməsi Mütəal Allaha itaət etməklə zidd olmasın. Əks halda Allah-taalaya mütləq şəkildə itaət əmri verilməsi ilə xəta və inhiraf ərəfəsində olan şəxslərə mütləq şəkildə itaət edilməsinə əmr edilməsi ziddiyyətə gətirib çıxarar.

3.Qur’ani-kərim ilahi mənsəbləri o kəslərə aid edir ki, onlar zülmə aludə olmasınlar. İbrahim (ə) imamət məqamının öz övladlarına da çatmasını Allahdan istədikdə cavabında buyuruldu:

Mənim əhdim zalımlara çatmaz.”1

Bildiyimiz kimi, hər bir günah ən azı nəfsə zülm etmək sayılır və Qur’anın istilahında hər bir günahkar şəxs zalım adlandırılır. Deməli, peyğəmbərlər, yə’ni ilahi məqam, nübüvvət və risalət sahibləri hər növ zülm və günahdan amanda olmalıdırlar.

Digər ayələrdən və nəql olunan çoxlu rəvayətlərdən də peyğəmbərlərin ismətli olmasını aydınlaşdırmaq olar ki, onları burada qeyd etmirik.