Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Dinlə bağli tədqiqat aparmağin əhəmiyyəti

Aydın oldu ki, bir tərəfdən həqiqətlər barəsində mə’rifət kəsb etməyə olan fitri meyl, digər tərəfdən isə insanın mənfəət və məsləhətini kəsb edib ziyan və təhlükələrdən amanda olması ilə əlaqədar təfəkkür etməsi onu elm və dünyagörüş əldə etməyə vadar edən güclü bir amildir. Deməli, bir şəxs “filan tarixdə görkəmli şəxsiyyətlərdən bir qrupu bəşərin hidayəti və hər iki dünyada xoşbəxtliyə çatması üçün yol göstərmək məqsədilə Allah tərəfindən seçilmiş və öz sözlərini çatdırıb bəşəriyyəti hidayət etməkdə heç bir sə’ydən çəkinməmiş, hər növ çətinlik və əzab-əziyyətə dözərək hətta öz canlarını da bu hədəf yolunda fəda etmişlər” kimi sözləri eşidib agah olsa, din barəsində qeyd olunan məqsədlərlə tədqiqat aparmaq fikrinə düşür ki, peyğəmbərlərin iddialarının düzgün və kifayət qədər məntiqi dəlillərə malik olub-olmadığını öyrənsin. Xüsusilə, onların əbədi ne’mət və səadətlə müjdələyən, əbədi əzab və bədbəxtçiliklə qorxudan də’vətləri barədə mə’lumat əldə etsə daha artıq təhqiqat aparmaq fikrinə düşər. Çünki onların də’vətini qəbul etmək ehtimal verilən sonsuz mənfəətlərə nail olmaq, onlarla müxalifət etmək isə ehtimal verilən sonsuz zərərlərə düşməkdən ibarətdir. Belə bir şəxs özünün din barədə qafil olub bu işə laqeyd yanaşmasına, onun haqqında tədqiqat aparmamasına dair hansı bir bəhanə gətirə bilər?!

Bəli, bə’zilərinin tənbəllik və e’tinasızlıq üzündən tədqiqat aparmaq üçün özlərini zəhmətə salmaq istəməməsi, yaxud dinin qəbul edilməsində müxtəlif məhdudiyyətlər olduğunu və onları ürəkləri istəyən bə’zi işlərdən saxladıqları üçün din barəsində tədqiqat aparmaqdan imtina edə bilmələri mümkündür.1 Amma belə şəxslər bu kimi tənbəlliyin və e’tinasızlığın ağır və acınacaqlı aqibətinə dözməli, nəhayət əbədi əzabı və bədbəxtçiliyi qəbul etməlidirlər.

Belə şəxslərin vəziyyəti acı dərmanı qəbul etməkdən qorxaraq həkimin yanına getməyən və qəti ölümə razı olan nadan xəstə uşağın vəziyyətindən qat-qat ağırdır. Çünki belə uşağın əqli özünün fayda və ziyanını ayırd etmək üçün kifayət qədər inkişaf etməmişdir. Həkimin göstərişləri ilə müxalifət etməsinin zərəri də dünya həyatındakı bir neçə günlük həyatdan məhrum olmaqdan başqa bir şey deyildir. Lakin həddi-büluğa çatmış və agah olan insan özünün fayda və ziyanı haqqında fikirləşərək ötəri ləzzətləri əbədi əzabla müqayisə etmək qüdrətinə malikdir.

Buna görə də Qur’ani-kərim qəflətdə olan belə şəxsləri heyvanlardan da alçaq səviyyəli olduğunu bildirərək buyurur:

Onlar heyvan kimidirlər, hətta yolunu onlardan da çox azmışlar. Qafil olanlar da məhz onlardır.”2

Başqa bir ayədə onlar canlıların ən pisi kimi təqdim edilərək buyurulur:

Həqiqətən, Allah dərgahında canlıların ən pisi həqiqəti dərk etməyən karlar lallardır.”3

BİR ŞÜBHƏNİN HƏLLİ

Bə’ziləri bəhanə gətirib deyə bilərlər ki, bir məsələni həll etmək üçün göstərilən sə’ylər o zaman bəyənilər ki, insan onun həll yollarını tapmağa ümidvar olsun. Lakin biz din və onunla əlaqədar məsələlər barədə düşünməyin nəticə verəcəyinə o qədər də ümidvar deyilik. Buna görə də vaxt və qüvvəmizi nəticələrinə daha artıq ümidvar olduğumuz işlərə sərf etməyimiz daha ağlabatan işdir. Belə şəxslərə demək lazımdır ki: Əvvəla, dinin əsas məsələlərinin həll olunmasına ümid heç bir vəch ilə digər elmi məsələlərdən az deyildir və bildiyimiz kimi elmi məsələlərdən çoxunun həll olunması alimlərin apardıqları uzun fəaliyyətlər və sə’ylərin nəticəsində müyəssər olmuşdur.

İkincisi, ehtimalın dəyəri yalnız ehtimalın miqdarına tabe deyil, əksinə ehtimal olunan şeyin də miqdarını nəzərə almaq lazımdır. Məsələn, bir işin fayda və qazancının ehtimalı beş faiz, başqa birininki isə on faiz olsa, lakin birinci işdə ehtimal verilən qazancın miqdarı min manat, ikinci işdə isə yüz manat olsa, birinci iş ikinci işdən beş mərtəbə yuxarıdadır. Halbuki onun miqdarının (beş faiz) ehtimalı ikinci işdə olan ehtimalın miqdarının (on faiz) yarısına bərabərdir.

Dinlə bağlı axtarış aparmaq barədə olan ehtimal mənfəəti sonsuz olduğundan ondan qəti nəticələr əldə etmək ehtimalı nə qədər zəif olsa da, o yolda çalışmağın dəyəri yenə də yetərli nəticəyə malik olmayan hər hansı bir işdə sə’y göstərib çalışmağın dəyərindən qat-qat artıqdır. Dinlə bağlı tədqiqatı tərk etmək əqlən o zaman üzrlü sayılır ki, insan dinin düzgün olmamasına, yaxud onun hər hansı məsələni həll etməyə qadir olmadığına tam əmin olsun. Amma, görəsən, belə bir inam haradan əldə oluna bilər?