Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
6
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Allaha e’tiqad bəsləməkdə qorxu və cəhalətin rolu

Bə’zi sosioloqlar digər bir şübhəni irəli sürərək iddia edirlər ki, “Allahın varlığına e’tiqad təhlükələrdən, xüsusilə zəlzələ, ildırım və s. kimi təbii hadisələrdən yaranan qorxudan əmələ gəlmişdir, həqiqətdə bəşər özünə ruhi aramlıq və təskinlik vermək üçün (nəuzibillah) xəyali bir varlıqdan Allah düzəldərək ona pərəstiş etməyə başlamışdır. Buna görə də həmin hadisələrin təbii amilləri və təhlükələrdən amanda qalmaq üçün yollar nə qədər artıq kəşf olunsa, Allahın varlığına olan e’tiqad da bir o qədər zəifləyəcəkdir.”

Marksistlər bu şübhəni öz kitablarında çox hay-küylə “sosiologiyanın nailiyyətlərindən biri” kimi irəli çəkir və ondan agah olmayan insanları aldatmaq üçün bir vasitə kimi istifadə edirlər.

Onların cavabında demək lazımdır:

Əvvəla, bu şübhənin əsası sadəcə bir fərziyyədir ki, onu sosioloqların hamısı deyil, bə’ziləri irəli çəkmişlər və onun düzgünlüyünə heç bir elmi dəlil yoxdur.

İkincisi, elə yaşadığımız bu əsrdə hadisələrin səbəbinə başqalarından daha artıq agah olan böyük alimlərdən çoxu hikmətli Allahın varlığına yəqin etmişlər və etməkdədirlər.1 Deməli, Allahın varlığına e’tiqad bəsləmək cəhalət və qorxudan irəli gəlmir.

Üçüncüsü, əgər bə’zi hadisələrdən qorxmaq, yaxud bə’zi hadisələrin təbii amillərini tanımamaq Allaha inanmağa səbəb olsa, bunun mə’nası “Allah insanın cəhalət və qorxusunun yaratdığı bir şeydir” demək olmayacaqdır. Necə ki, ləzzəttələblik, şəhvətpərəstlik və s. kimi psixi məqsədlərdən çoxu da elmi və fəlsəfi sə’ylərə səbəb olur, lakin onların dəyər və e’tibarına xələl yetirmir.

Dördüncüsü, əgər müəyyən şəxslər Allahı səbəbi mə’lum olmayan hadisələrin yaratdığı bir şey ünvanı kimi tanısalar və hətta əgər onların təbii amillərinin kəşf olunması ilə imanları azalsa belə, bunu Allaha e’tiqadın e’tibarsız olduğunu deyil, onların öz nəzəriyyə və imanlarının zəifliyi hesab etməliyik. Çünki həqiqət bundan ibarətdir ki, Allah-taalanın, dünya varlıqlarına nisbətən olan səbəbkarlığı (illiyyəti) təbii səbəblərdən və onlarla eyni səviyyədə deyildir. Əksinə, daha geniş miqyaslı səbəb olub bütün maddi və qeyri-maddi səbəblərin hamısının fövqündədir. (Gələn dərslərdə bu barədə daha artıq mə’lumat veriləcəkdir.) Təbii səbəblərin kəşf olunub-olunmaması da onun isbat və ya inkar olunmasına əsla tə’sir göstərmir.

Səbəbiyyət (səbəb-nəticə) prinsipi ümumi bir qanundurmu?

Bə’zi qərb alimlərinin ortaya atdığı şübhələrdən biri də budur ki, əgər səbəbiyyət prinsipi ümumidirsə, Allah üçün də bir səbəb təsəvvür etməliyik. Halbuki, O, ilkin səbəbdir və Onun heç bir səbəbi yoxdur. Deməli, illətsiz bir Allahın qəbul edilməsi səbəbiyyət qanununu pozur və onun ümumi bir qanun olmadığını göstərir. Əgər onun külliyətini qəbul etməsək, Vacibül-vücudu isbat etmək üçün bu prinsipdən istifadə edə bilmərik.Çünki deyilə bilər ki, maddənin və ya enerjinin əsli öz-özünə, heç bir səbəb olmadan yaranmış, onda baş verən dəyişikliklər də digər varlıqların yaranmasına səbəb olmuşdur.

Yeddinci dərsdə də qeyd etdiyimiz kimi, bu şübhə səbəbiyyət prinsipinin düzgün şəkildə izah və təfsir edilməməsindən yaranmışdır. Onlar belə təsəvvür etmişlər ki, qeyd olunan prinsipin mə’nası “hər bir şeyin səbəbə ehtiyacı vardır” - deməkdir. Halbuki onun səhih və düzgün tə’biri belədir: “Hər bir mümkünül-vücudun, yaxud başqasına bağlı və ondan asılı olan varlığın səbəbə (illətə) ehtiyacı vardır.” Bu da ümumi, heç bir istisna qəbul etməyən və zəruri bir qanundur. Amma maddənin və enerjinin barəsində deyilən “o, heç bir səbəb olmadan öz-özünə yaranmışdır, onda baş verən dəyişikliklər də sair varlıqların yaranmasına səbəb olmuşdur” sözünə gəldikdə isə, onun həddindən artıq çatışmazlıqları vardır ki, gələcək dərslərdə bəyan edəcəyik.