Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
1.45 Mб
Скачать

Xaliqiyyət

Vacibül-vücudun mümkünül-vücudların yaranışı üçün ilkin səbəb ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücuda xaliqiyyət, mümkünlərə məxluqiyyət sifəti mənsub edilir. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun əlaqəsinin bir tərəfində olub məxluqiyyət sifəti adı ilə müəyyən olunur.

Lakin bə’zən xəlq etmək kəlməsi daha məhdud mə’nada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun əlaqədar olduğu tərəf mövqeyində dayanan varlıqlara aid edilir. Bunun müqabilində ibda’ məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə, icad etmək xəlq və ibda’ olaraq iki yerə bölünür.

Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxtəlif şeylər hazırlaması mə’nasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun və hərəkət “fe’l”, ondan hasil olan varlıq isə “fe’lin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmışla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı yaradılanın zatına olunan əlavə olsaydı, mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı. Deməli, fe’li sifətlərin tə’rifində deyildiyi kimi, bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yə’ni əlavə və nisbət əqlin mülahizəsinə bağlıdır.

Rübubiyyət

Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.

Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan rübubiyyət məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.

Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:

1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının tə’minatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.

2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri tə’yin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.

Allahın mütləq rübubiyyətinin mə’nası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bə’zilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb tə’min edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.

Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)

Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yə’ni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mə’nası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.