Məhəmməd Füzuli “Leyli və Məcnun”
“Leyli və Məcnun” Füzuli yaradıcılığının yüksək zirvəsidir. Şərq xalqları içərisində çox geniş yayılmış bu mövzunun qədim bir tarixi vardır. Hələ qədim zamanlardan ərəb şifahi ədəbiyyatında mövcud olaıı bu mövzuda ilk dəfə 1188- ci ildə Nizami Gəncəvi epik poema yazmış, sonralar onlarca Şərq şairi bu mövzuya müraciət etmişlər. "Leyli və Məcnun" türk ədəbiyyatının da sevimli mövzularından olmuş və hələ XV əsrdən başlayaraq türk dilində bir çox "Leyli və Məcnun" əsərləri yaranmışdır ki, bunların içərisində geniş şöhrət qazanıb nadir sənət nümunəsi kimi əbədiləşən Füzuli poeması olmuşdur.
Füzuli özünün həssas sənətkar təbiətinə çox uyğun olan bu mövzunu sələflərindən fərqli bir şəkildə işləyərək, əsərə bir çox yeni epizodlar və mövzu ilə bağlı türk xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi əzəməti, insan gözəlliyinin ülviliyi və məhəbbətin qüdrətini tərənnüm edən ölməz sənət abidəsi yaratmışdır. Saf, təmiz eşqin mənəvi qələbəsini təsdiq edən bu əsərində şair bir sıra ictimai məsələlərə də toxunmuş, sevgi azadlığı, məhəbbət aləmində bərabərlik, insan şəxsiyyətinə hörmət, vəfa, sədaqət, fədakarlıq, dəyanət kimi gözəl sifətlərdən bəhs etmişdir. Şair eləcə də insan və təbiət probleminin həllində bu zəmindən çıxış edir. Əsərdə xüsusi diqqəti çəkən problemlərdən biri də orta əsr qadınlarının hüquqsuzluğuna, kölə vəziyyətinə etiraz və usyandır.
Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.
Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrənıanların-Leyli ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin valideynindən başqa Nofəl, ibn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət, əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər ikinci, üçüncü dərəcədə qalır.
Cabir Novruzun yaradıcılığı
Cabir Novruz 1933-ci il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir.
Təbiiliyə çağırış Cabir Novruz poeziyasının başlıca mahiyyətini ifadə edir. C.Novruzun bütün yaradıcılığında - hər kiçik şeirində və hər böyük poemasında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, pislik, mərdlik, qəhrəmanlıq, gənclik, qocalıq, zəriflik anlayışları da məhz təbiilik prizmasından baxılıb qiymətləndirilir. Dövrümüzün böyük problemləri, bəşəriyyəti düşündürən ən ali məsələlər bir şair kimi C.Novruzu da söz deməyə, qəlbinin narahatlığını şeirə çevirməyə səfərbər edir.
“İnsan məhəbbəti” C.Novruzun ilk poemasıdır. Burada süjet xətti tələbə-müəllim konflikti əsasında inkişaf etdirilir. Lakin qeyd etmək lazımdır ki, C.Novruzun poemaları sırf lirik istiqamətdədir, bu poemalarda hadisə və konfliktlər lirik əhval-ruhiyyə, şairin təsvir obyektinə birbaşa münasibəti ilə müşayiət olunur. “İnsan məhəbbəti” poemasında şair təsvir etdiyi həyat hadisələrinə qarşı laqeyd deyil, onu tələbə-müəllim konfliktindən daha çox insanda yaranan antihumanizm: zalımlıq, qəddarlıq, kəmfürsətlik kimi həm şəxsi, həm də ictimai bəlalar düşündürür. İnsana qayğı, qədirşünaslıq humanizmin ən yüksək zirvəsi, poeziyanın isə dayaq nöqtəsidir.
Cabir Novruzun poeziyasında ədəbiyyatımızın ümumi ahəngi ilə səsləşən motiv və mövzulara da tez-tez təsadüf olunur. Şeirlərindəki fəlsəfi notlar, dünya, ölüm, həyat və humanizm barədə düşüncələr siyasi lirikanın imkan dairəsini daha da genişləndirdi. Cabir Novruz da bu tendensiyaya “İnsan himnləri”, “Qərbi Berlin”, “İtmiş kəndin nağılları”, “Zaman” poemaları ilə qoşuldu. Poeziyada ömrün ilk ünvanına - kəndə, kökə, ilkinliyə çağırış motivləri qüvvətləndi.
Ömrünün son illərində C.Novruz poeziyasında bu hədəflərin obyekti daha konkretdir. Vaxtilə böyük bir vəcdlə insan gözəlliyini, təbiət gözəlliyini vəsf edən C.Novruz indi bu gözəlliyə qənim kəsilənləri ifşa hədəfinə çevirir. Azərbaycanın bu son 10-12 ildə aldığı yaralar şair ürəyində də öz əks-sədasını tapıb. Şuşaya həsr etdiyi poemada, yaxud 15 il öncə işıq üzü görən «Azərbaycan» poemasında tariximiz-bu günümüz bütün təzadlarıyla əks olunur.
