Bəxtiyar Vahabzadənin yaradıcılığı
Xalq şairi Bəxtiyar Vahabzadə özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı sənətkarlardan biridir. Onu haqlı olaraq çağdaş milli şeirimizin canlı klassiki adlandırırlar.
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. Onun “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib. Şairin “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
Bəxtiyar Vahabzadə əsərlərinin demək olar ki, hamısında qüdrət, aydınlıq və müdriklik görünür
Şairin tarixi faciə janrında qələmə aldığı “Dar ağacı” pyesi də məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisəli olsa da, bu əsər də B.Vahabzadənin tarixi mövzulu dramaturgiyasının uğurlu bir nümunəsidir.
"Dar ağacı"nda baş verən əsas konflikt iki qardaş arasında davam etdirilir. Bir xətt üzrə hadisələrin cərəyanı zahirən Azərbaycanla xilafətin, yadellilərin mübarizəsində öz əksini tapır. İslamın yaşıl bayrağı altında çıxış edən Aqşini doğma vətənin taleyi düşündürmür, onu yalnız ərəb xilafətinin göstərişləri, verdiyi əmrlər maraqlandırır. 816-cı ildən 836-cı ilə qədər ərəb xilafətinə qarşı döyüşən Elxan isə qardaşı Aqşinin əksidir. Onun Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə bütün əsər boyu davam edir. İki qardaş arasında baş verən hadisələr yalnız iki nəfərə aid deyil, iki ideya, məfkurə arasında gedən mübarizədir.
Pyesin gedişatında biz Elxanın güclü iradəsi ilə üzləşirik. O doğma qardaşı Aqşinin də qırılmaz inadını sındırır.
Əsərdə vətənini, elini, obasını qiymətələndirməyən, onun qədrini bilməyən, yadelli işğalçı qəsbkarın bir "sağ ol"una görə vətəninə, elinə, ana yurduna, xalqına xor baxan Aqşinin taleyi faciə ilə qurtarır. O, öz aldanışını hiss edir. Qardaşı Elxanın dedikləri yadına düşür və sonda salona etdiyi müraciətlə tamaşaçılardan ayrılır.
Əli Əmirlinin dramaturgiyası
Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Əli Əmirli 1971–ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında dərc edilmişdir.
1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Bu mənada, dramaturq Əli Əmirlinin ədəbiyyata gəlişi teatra yeni ab-hava gətirib. Əli Əmirlinin əsərlərini oxuculara, tamaşaçılara sevdirən cəhətdən biri onu əsərlərinin cazibədar bir üsulda, şirin dillə yazılması, təsvir və dialoqların oxucu və tamaşaçının qəlbini fəth etməsidir. Dramaturqun yaratdığı obrazlar yenilikçi və mübarizdirlər. Dramaturqun müasir və tarixi mövzuda yazdığı pyeslərində dünəni, bu günü, gələcəyi və milli varlığı uğrunda mübarizəsi öz dramatik təcəssümünü tapıb. Dramaturqun pyesləri nəinki milli teatrımızın, hətta qonşu xalqların da teatr səhnəsində tamaşaya qoyulub və qoyulmaqdadır.
Əli Əmirlinin "On beş pyes" kitabından sonra oxuculara təqdim edilən "Hasarın o üzü" müəllifin ikinci kitabıdır. Kitabda fərqli mövzulardan bəhs edən “Mesenat”, “Ağa Məhəmməd şah Qacar”, “Hasarın o üzü”, “Köhnə ev”, “Varlı qadın”, “İyirmi ildən sonra”, “Sevən qadın”, “M.S.S. - mən səni sevirəm”, “Əli və Nino” kimi pyeslər yer alıb.
Ə.Əmirlinin kitaba daxil edilən üçüncü əsəri “Hasarın o üzü” adlanır. Əsərdə bir ailə daxilində dinə iki baxış təsvir edilir.
Ailənin başçısı Qəribdir. O, ali təhsilli həkimdir. Çox müalicə edib. Lakin bir xəstə onun ömrü boyu həyatının gərgin keçməsinə səbəb olur. 16 yaşlı bir qızın beyin qabığında şişi görəndə sarsılır, həyəcanlanır, qızın çox yaşamayacağına qəti şəkildə inanır. Lakin Qəribin həyat yoldaşı Humay doktora məsləhət görür ki, o, Allaha yalvarsın, namaz qılsın, Allahdan imdad diləsə, özü də yaxşı olar, xəstəsi də. Qərib axirətə, dinə inanmır. Humayın gecə-gündüz namaz qılmasına, müxtəlif ayələrdən misal gətirməsinə etiraz edir. Humay əbədi həyatı qazanmaq üçün bu dünyada insanları axirət qorxusu ilə çəkindirir.
Hasarın o biri üzü də var, görünməyən üzü. Əsərdə təsvir edilən ailə üzvləri bir-birin eşitmir. Qadın ərini, ailənin yeganə qızı Zərif isə nə atanı, nə də ananı eşidir, özünü sərbəst hesab edir, evə gec gəlir, əxlaqsızlıq edir, atasız uşaq doğur. 16 yaşlı qızın bu özbaşınalığı ailənin dağılmasına gətirib çıxarır. Xəstə Humay xanımın real hesab etdiyi bu dünyada inandığı din adlı hasar ailə üzvlərinin hərəsini hasarın bir tərəfinə atır.
