- •I fesil
- •I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
- •Vergi və mükəlləfiyyətlər.
- •I Sultan Süleymanın yürüşləri
- •I sultan süleymanin azərbaycana ilk yürüşü
- •I sultan süleymanin azərbaycana ikinci yürüşü
- •I sultan süleymanin azərbaycana üçüncü yürüşü:
- •I süleymanin azərbaycana dördüncü yürüşü:
- •1555-Ci il amasya sülhü:
- •XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
MÜNASİBƏTLƏRİ
1555-ci ildən sonra Səfəvilər dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlərində I Şah Təhmasibin hakimiyyətinin sonuna qədər sülh dövrü davam etdi.
1559-cu ilin sonunda şahzadə Bəyazid öz ailəsi və on iki min nəfərlik dəstəsi ilə qəzvinə I Şah Təhmasibin sarayına gəldi. Türk sultanı Süleymanın oğlu Beyazid atasına qarşı üsyan etmiş, lakin darmadağın olunmuşdu. Ardınca göndərilmiş təqibçi dəstədən canını qutarmaq üçün o, Çuxursədə-Səfəvilərin ərazisinə daxil olmuşdu. O, qızılbaş paytaxtında təntənə ilə qarşılanmışdır. Öz mənafeyini düşünən Təhmasib, Süleymanın oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bəyazid onu türk sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə çoxlu bədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq fikrindən uzaq idi. Şah, Bəyazidin təslim olması müqabilində türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini yaxud oğullarından birinin osmanlı ərazisində sancaqbəyi təyin edilmısini və Kərbəladakı şiə türbələrinə nəzarət etmək üçün qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu kələkləri, özünün qiyamçı oğlunun danışıqsız qaytarılmasında təkid edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə hədələyən sultan tərəfindən rədd edildi.
Hicri 969-cu ilin zülqədə ayında (1562-ci il iyulda) Van hakimi Xosrov paşa başda olmaqla, Qəzvinə sultanın böyük elçi həyəti gəldi1. Şahın Bəyazidi qaytarmasına nail olmaq onların əsas vəzifəsi idi. Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı artan I Təhmasib Bəyazidi və onun dörd oğlunu sultan nümayəndələrinin sərəncamına verdi. Onlar elə ordaca edam edildilər, cənazələri isə Osmanlı Türkiyəsinə aparıldı. Beyazidin beşinci oğlunun taleyi daha dəhşətli oldu. Bursada yaşayan üç yaşlı uşaq sultanın casusları tərəfindən boğulub öldürüldü. Şərəf xan Bidlisinin məlumatına görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi məbləği 30 min İraq tüməninə bərabər 400 min florini, şahzadə Səlimin isə 100 min florinini şaha təqdim etdilər. Hər halda yetişməkdə olan münaqişə aradan qalxdı və xəyanət hesabına sülh əldə edildi. I Şah Təhmasib “Təzkirə” də özünə yöndəmsiz halda bununla bəraət qazandırır ki, guya o, Bəyazidə onu elçilərə təslim etməyəcəyinə söz vermişdi və buna görə də onu elçilərə təslim etməklə, öz vedinə xilaf çıxmamışdır.
1576-cı ildə 52 il Səfəvi taxtında əyləşən, qərbdən Osmanlı, şərqdən isə Özbək-Cağatay kimi sünni dövlətlərin hücumlarına dəfələrcə məruz qalan Şah Təhmasib vəfat etdi. Hakimiyyətə II İsmayıl gəldi. II İsmayılın bir dövlət xadimi kimi
_______________
1)Tarix-i cahan-ara, səh.307308
fəaliyyətinə nəzər salaraq onun xasiyyətində şiəliyə deyil, sunniliyə doğru meylinin güclü olduğunu görərik. Belə nəticəyə gəlmək olar ki, II İsmayıl sunni məzhəbinə meylinin onun “III Muradla sülh münasibəti yaratmaq, şiə-sünni ziddiyyətinin bir qədər yumşaltmaq” fikri ilə əlaqəlidir.
III Murad taxta çıxan çağlarda Osmanlı dövləti, demək olar ki, daha rəqibinin qalmadığı ən böyük imperiya idi. F.Kırzıoğlunun məlumatına görə, artık 1577-ci ildə Osmanlı imperiyasının şimal, qərb və cənubda döyüşəsi bir düşməni və tamah salınıb alınası bir torpağı qalmamışdı. Amma onun şərq qonşuluğunda II Şah İsmayılın bəhs etdiyimiz davranışı, yəni 1555-ci il Amasya sülhünün 1676-cı ildən bəri pozulması, Anadoludakı qızılbaşların fitnə-fəsadı, Dağıstan, Şirvan , Gilan əhalisi kimi İran sünnilərinin də islam xəlifəsi adil padşahdan yardım istəmələri səbəblərdən Osmanlı dövləti İranla döyüşmək qərarına gəldi1. F.Kırzıoğlu Qızılbaş-Osmanlı münasibətlərinin pozulma səbəblərini, heç şübhəsiz obyektiv vermir və “İranla döyüşmək qərarına gələn” Osmanlıların əsl məqsədini- öz sələflərinin “Şərq diyarını” zəbt etmək məqsədilə pərdələməyə çalışır.
Demək, məsələ yeni bir ölkə zəbt etmək tamahında və beləliklə də qonşu Səfəvi dövlətinin tezliklə aradan götürülmə istəyində idi. Başqa bir türk tədqiqatısı Camal Göycə 1578-ci ildə başlayan Səfəvi Osmanlı hərbini əsl səbəbini qızılbaşlığın iranlılar tərəfindən Türkiyənin şərqində yayılmasında və hər iki dövlətin- Türkiyə və İranın Gürcüstan və Azərbaycan üzərində “nüfuz əldə etmək istəyi”ndə görür2.
II Şah İsmayılın Osmanlılarla olan düşməncəsinə münasibəti tezlikləyeni böyük bir yürüşün təşkil edilməsini labüdləşdirirdi. Lakin 1577-ci ildə II Şah İsmayıl saray sui-qəsdi nəticəsində öldürüldü və Qazi Əhməd Quminin “Xülasətət-təvari” əsərində yazıldığı kimi hakimiyyətə onun bsacısı Pərixan xanım gəldi. Lakin tezliklə Səfəvi taxt-tacı onun böyük qardaşı Məhəmməd Xudabəndəyə verildi.
III Sultan Murad ciddi surətdə Səfəvilərlə müharibə hazırlığına başladı. Osmanlıların Səfəvi dövlətinə müharibəyə vadar edən səbəblər bunlar olmuşdu. Amasya sülhü bağlanmağından sonda Səfəvilər Rusiya və İngiltərə ilə Qafqaz və Xəzər dənizi vasitəsilə ticarət əlaqələrini inkişaf etdirməyə başladılar ki, Osmanlılar bir kənarda qalmışdılar. Onlar da Xəzər dənizində öz hərbi dəniz qüvvələrini saxlamaq, beləliklə Mərkəzi Asiya ilə əlaqə yaratmaq fikrindəydilər.
1578-ci ildə Lələ Mustafa paşa III Murad tərəfindən qəbul edildi və elə həmin gün 5 min nəfər yeniçəri 15 gəmiyə minib İstanbuldan Üsküdara yollandı. “Şərq yürüşü”nün son planına sarayda yenidən baxıldıqdan sonra türk ordusu Səfəvi dövləti üzərində böyük hucuma başladı. Beləliklə, 1555-ci ildə Amasya sülhü Osmanlılar tərəfindən pozuldu və onlar Gürcüstan və Şirvan üzərinə hücuma keçdilər. Və bir neçe ciddi vuruşmaqdan əvvəl Gürcüstan və Şirvan Osmanlılar
______________________
1)F.Kırzıoğlu. Göstərilən əsər, səh.268
2)C.Gökcə. Göstərilən əsər, səh. 26
n ələ keçirildi. Qaynaq və bir sıra tədqiqat əsərlərindən məlum olur ki, əgər qızılbaş qoşunları düzgün taktika seçsəydilər, bəlkə də məğlubiyyətdən yaxa qurtarmaq olardı. Belə ki, Qarsdan şimal-şərq istiqamətində yerləşən Çıldır gölünün yaxınlığında baş verən məşhur Çıldır döyüşündə əvvəlcə İmamqulu xan Qacarın başçılığı ilə Qarabağ döyüşçüləri qalib gəlmiş, lakin Mustafa paşanın əlavə göndərdiyi 20-30 minlik ordu tərəfindən məğlubiyyətə uğradılmışdılar1.
Beləliklə, qəzəlbaş əmirləri arasında birliyin olmaması, bəzi Səfəvi əmirlərinin türklərlə döyüşün “yüngül bir iş” olacağı barədə səhv mülahizələri, 50 minlik Azərbaycan və Şirvan döyüşçüsünün birləşə bilməməsi, ən nəhayət Osmanlı ordusunun sayca çox, döyüş hazırlığı cəhətincə isə üstün olması Gürcüstanın və Şirvanın səfəvilərin əlindən çıxmağına səbəb oldu2.
1578-1590-cı illər arasında qızılbaş və Osmanlı qoşunları dəfələrlə üz-üzə gəlmiş, Azərbaycanın cənub torpaqları, Kür və Araz çayları arasındakı yerlər, həmçinin bütün Şirvan ərazisi qanlı döyüş meydanlarına çevrilmişdi. Bəzi illərdə, hərbi üstünlüyün Osmanlılarda olmasına baxmayaraq, qızılbaş qoşunları böyük qələbələr də əldə etmişdilər, lakin Səfəvi dövləti daxilində baş verməkdə olan çəkişmələr, qızılbaş döyüşçülərinin uğurlu hərbi fəaliyyətlərinə mane olurdu3.
Beləliklə, 1586-1589-cu illərdə təqribən bütün Azərbaycan III Sultan Muradın ordusu tərəfindən tədricən ələ keçirildi. Yeni Səfəvi şahı I Abbas sultanla sülh danışıqlarına başlamağa tələsdi. O, yerdə qalan əraziləri əldə saxlamaq üçün sülhün ağır şərtlərini qəbul etməli oldu. 1590-cı il İstanbul sülhünün şərtlərinə əsasən Azərbaycan (Qaradağ,Ərdəbil və Talış vilayətləri istisna olunmaqla),Cənubi Qafqaz əraziləri və İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə daxil edildi4)
____________________________
1)Şahin Fazil Fərzəlibəyli “Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlərdə)” Bakı-1995, səh.98
2)Oktay Əfənfiyev “Azərbaycan Səfəvilər dövləti” Bakı 2007, səh.151.
3)Yenə orda, səh.163
4)”Azərbaycan Tarixi” III cild (7 cilddə). Bakı 2007, səh.23
NƏTİCƏ
Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi. Hakimiyyət başında bir-birini ardıcıl olaraq əvəz edən rumlu, təkəli və şamlı tayfaları feodallarının dövrü 1534-cü ilə qədər uzandı. Kiçik fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələrinin yeni dövrünün başlanması da elə bu zamana təsadüf edir. I Sultan Süleymanın dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası bu müharibədə təcavüzkar tərəf idi. Osmanlı Türkiyəsinin Azərbaycanı ələ keçirməyə səy göstərməsi, bu ölkəni iri xammal istehsalçısı olmasından, təbii ehtiyatlarının zənginliyindən, Asiya ilə Avropa arasında gəlirli tranzit yolunun Azərbaycan ərazisindən keçməsindən irəli gəlirdi.
Osmanlı Türkiyəsinin hücumu, öz təsirini Cənubi Qafqazın Qərbinə-Gürcüstana yaymağacəhd göstərən Səfəvilər dövlətinin inadlı müqavimətinə rast gəldi. Üstünlük, hər halda istila etdiyi ölkələrin saysız-hesabsız insan qüvvəsini və maddi ehtiyatlarını mənimsəmiş Osmanlı imperiyasının tərəfində idi. 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur oldular. Müharibənin gedişində Osmanlı basqınlarının yolu üzərində yerləşən Cənubi Azərbaycan vilayətlərinə böyük ziyan vuruldu. Düşmən qoşunlarının ölkənin içərilərinə irəliləməsini çətinləşdirmək üçün, bəzi sərhəd əyalətləri Səfəvilərin özləri tərəfindən qəsdən viran qoyuldu.
I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş əyanlarının çəkişmələri nəticəsində zəiflədi. Hakimiyyətə gəlmiş II İsmayıl feodalların sui-qəsdinin qurbanı oldu. XVI əsrın 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş əmirləri arasında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin timsalında mərkəzi hakimiyyət iflic vəziyyətə düşmüş və əməli olaraq fəaliyyətdən qalmışdı.
Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki daxili çəkişmələrdən yenə də istifadə etdi və öz qoşunlarını Cənubi Qafqaza göndərdi. 1590-cə ilə qədər davam etmiş müharibənin yeni dövrü başlandı. Bu dövrdə Osmanlı Türkiyəsi heç bir itki qarşısında geri çəkilməyərək inadlı və ardıcıl surətdə Cənubi Qafqazı işğal etməyə nail olurdu. Bu ölkələr ağır dağıntılara məruz qaldı. Qanlı döyüşlər meydanı olmuş Azərbaycan xüsusilə böyük ziyan çəkdi.
Azərbaycan Osmanlı Türkiyəsi tərəfindən XVII əsrin əvvəlinə qədər davam etmış işğalı I Şah İsmayıl tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoydu. Ölkədə osmanlı feodallarının 20 ilə qədər davam etmiş hökmranlığı onun sərvətlərinin talan edilməsinə, Azərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxardı.
Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən ibrətamizdir.
Osmanlı-Səfəvi müharibələrinin iki qardaş türk xalqlarının düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır. XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir.
Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini müxtəlif vasitə və bahanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və beləliklə onların hər birini zəiflətməyə, osmanların Cənubi-Şərqi Avropadakı işğallarını qarşısını almağa çalışırdılar.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan tarixi, III cild (7 cilddə). Bakı 2007
2.Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər (red. S.Əliyarlı). Bakı 2009
3.Azərbaycan tarixi, I cild (ən qədim zamanlardan XX əsrədək). Bakı 2005
4.Şahin Fazil Fərzəlibəyli “Azərbayacan və Osmanlı imperiyası (XV-XVI əsrlər)”
Bakı 1995.
5.Şahin Fərzəliyev “Azərbaycan XV-XVI əsrlərdə” (Həsən bəy Rumlunun
“Əhsənüt-təvarix” əsəri üzrə). Bakı 1983.
6.Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”. Bakı 2007.
7.”Azərbaycan tarixi üzrə qaynaqlar” Bakı-2007.
8.Övliya Çələbi “Səyahətnamə” Bakı-1989.
9.Ekrəm Uykucu “Tahmasib” İstanbul-1984.
10.Yaqub Mahmudov “Azərbaycan Avropa ölkələri ilə əlaqələr” Bakı-1986.
11.S.A.Məmmədov “Azərbaycan XV-XVIII əsrin birinci yarısında” Bakı-1981.
12.T.M.Müsevi “Orta əsr Azərbaycan tarixinə dair fars dilli sənədlər” Bakı-2007.
