Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
3.71 Mб
Скачать

5. Tədhin: (yağ sürtmə).

Müqəddəs yağ sürtmə mərasimi xəstə şəxslər üçün yerinə yetirilir. Belə ki, xəstə insanın hər bir yerini müqəddəs yağla yağlayırlar. Məsihilərin inancına görə, bu əməl həzrət Məsihin xəstənin başı üzərində hazır olmasına və ona şəfa verməsinə səbəb olur. Həmçinin inanırlar ki, əgər xəstə şəxs bu halda ölsə, Bərzəx aləminə varid olmaq üçün hazırlaşır.

Protestanların bu ayinə e’tiqadları yoxdur; onlar deyirlər ki, müqəddəs kitabda onun barəsində heç bir şey qeyd olunmamışdır. Amma katoliklər onu həzrət İsanın şəxsən öz göstərişi ilə icra olunan müqəddəs məsihi ayinlərindən biri hesab edirlər.

6. İzdivac:

İzdivac məsihi dinində ilahi və müqəddəs bir iş sayılır. Məsihilər onu dünyəvi bir iş hesab etmirlər; onların əqidəsinə görə, izdivac Allahın bəşəriyyətə olan məhəbbət nişanəsidir. Ər-arvad izdivac etməklə bir-birinə qovuşur və söz verirlər ki, ölüm anlarına kimi bir-birinin yanında qalsınlar, həmkarlıq edərək məhəbbət və əmanətdarlıqla həyat sürsünlər və övlad tərbiyə etsinlər. İzdivac məsihiliyin müqəddəs bir işi və yeddi müqəddəs ayindən biri olduğuna görə əqd mərasimi həmişə kilsədə və keşişin vasitəsilə yerinə yetirilir.

7. Vürud ayini:

Məsihilərin müqəddəs ayinlərinin sonuncusu ruhanilərin və kilsə xidmətçilərin cərgəsinə qoşulmaq istəyən şəxslərlə əlaqədardır. Bu cərgəyə daxil olmaq üçün müəyyən qayda-qanunlar və mərasimlər mövcuddur. Dini təhsildən əlavə, kilsədə əməli təcrübə kəsb edib imtahanlar verdikdən sonra müəyyən iltizamları yerinə yetirmək vacibdir ki, özünü kilsə üçün vəqf etmək, dinə xidmət etmək onların ən mühümüdür. Buna görə də bu məqama nail olmaq istəyən şəxs dünya işlərindən, xüsusilə izdivacdan çəkinməyə iltizam verir ki, ömrünün axırına qədər subay qalsın, bütün ömrünü dinə xidmət etməyə vəqf etsin.

Protestanlar bu ayini də qəbul etmirlər, keşişlərin və kilsə xadimlərinin evlənməsini qanuni bir iş hesab edirlər. Son zamanlar katolik kilsələri də keşişlərə izdivac icazəsi vermişdir.

Suallar

1. Məsihilərin kilsədə icra etdikləri ibadətlər hansılardır?

2. Tə’mid qüslu nədir?

3. Tənfiz ayini hansı məqsədlə təşkil olunur?

4. Məsihilər günahların bağışlanması üçün nə edirlər?

5. Rəbbani gecə mərasimi necə təşkil olunur?

6. Hansı əqidə əsasında yağlama mərasimi baş verir?

7. Məsihilərin ruhanilər cərgəsinə keçmək üçün hansı ayinləri vardır?

ƏLLİ ÜÇÜNCÜ DƏRS

İNCİL

İncil, yaxud Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır. Məsihilər Əhdi-ətiqi (Əhdi-qədimi) qəbul edib, asimanı kitab ünvanı ilə təsdiq etməkdən əlavə, Əhdi-cədidə də öz müqəddəs kitabları kimi ehtiram qoyurlar. Onlar inanırlar ki, Allah insanla iki əhdi-peyman (əhd) bağlamışdır. Biri qədim əhd-peymandır ki, (Əhdi-ətiq) İsa Məsihdən əvvəlki peyğəmbərlərin vasitəsi ilə insanlardan alınmış və onda bəşəriyyətin nicat yolu, şəriət və ona əməl etməyin necəliyi bəyan olunmuşdur. Digəri isə yeni əhdi-peymandır (Əhdi-cədid) ki, Allahın oğlu İsa Məsih vasitəsilə bağlanmışdır. Bu əhd-peymanlar nicat və qurtuluşdur ki, həzrət Məsihə məhəbbət bəsləmək yolu ilə hasil olur. Çünki, Məsih insan surətində təcəssüm etmiş və insanların günahlarının cəzalarının ən çətini olan dara çəkilməyi qəbul etməklə, bəşəriyyətə nicat vermişdir. Yeganə oğlunu insanlara qurbanlıq edən ata Allaha məhəbbət, insanların nicatı üçün ölüm ayağına qədər dara çəkilməyin üzücü əzab-əziyyətlərinə dözən oğul Allahın məhəbbətinin əvəzində, oğul və ataya məhəbbət bəslənilməli və onların xatirinə başqaları ilə məhəbbətlə, nəvazişlə rəftar edilməlidir. Əhdi-cədid tə’limlərinin ruhu bu dində həmin əqidə əsaslarının izah, şərh və xatırladılmasıdır.

Əhdi-cədid iyirmi yeddi kitab, məktub və risalədən ibarətdir ki, məsihilərin əqidəsinə görə, onların hamısı həzrət Məsihin üruc etməsindən sonra həvarilərin, yaxud onların şagirdlərinin tərəfindən yazılmışdır və onlardan heç biri İsa tərəfindən tənzim olunmamışdır. Onlar hətta inanırlar ki, «Bizim Allahımız olan İsa Məsih Allahın pak kəlməsidir və onda bütün hikmət və elm xəzinələri məxfi olmuşdur, onun bir kitab yazmağa və yadigar qoymağa heç bir lüzumu yox idi.»1

Məsihilər tə’kid edirlər ki, müqəddəs kitabın hamısı vəhy kəlamıdır. Onlar müqəddəs kitabı yalnız İsanın risalətinin bəyanı və tərcümeyi-halının şərh olunması, məsihi dininin əqidə əsasları kimi qələmə verir və onun ilahi bir dəyərə malik olduğunu deyirlər. Buna görə də İsanın tərcümeyi-halı, o həzrətin zamanında olan məsihilərin tarixi və həvariyyunun şərhi-halına məxsus olan hissə tarixi yönə malikdir; həzrət İsa Məsihin sözlərini nəql edən hissə isə o həzrətin hədisləri həddində dəyərləndirilə bilər. (Müsəlmanların peyğəmbərlərin hədisinə verdikləri dəyər kimi). Qur’ani-Kərim İncilin həzrət İsaya (təhrif olunmamış İncili, nəinki dördlük təşkil edən İncili) nazil olunmasını aşkar şəkildə buyurur, onun ayələrini ilahi vəhy hesab edir və onlarıAllah kəlamı adlandırır.

«...Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) O endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Qur’anı) da O nazil etdi.»2

Qur’ani-Kərim İsanın sözlərini belə bəyan edir:

«Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».3

Aydındır ki, vəhy vasitəsilə həzrət İsaya nazil olan İncil dördlük təşkil edən İncillə eyni deyildir. Qeyd olunduğu kimi, məsihilərin öz e’tiraflarına əsasən, bu kitab İsa tərəfindən yazılmamışdır və onu başqaları yazıb tənzim etmişdir.

* * *

Qeyd olunduğu kimi, Əhdi-cədid 27 kitab və risaləyə şamildir. Tarixi mə’lumatlardan aydın olur ki, ilk əsrlərdə məsihilər arasında geniş yayılmış müqəddəs kitab və risalələr indikindən qat-qat artıq idi. Hətta onun sayını 160 nüsxəyə çatdırırlar. Amma Roma imperatorluğunun məsihiliyi qəbul etdiyi dördüncü miladi əsrində 27 kitab və risalə onların müqəddəs kitabı adı ilə tanındı və digərləri qeyri-mö’təbər hesab olundu. Ondan sonra məsihilər arasında müqəddəs kitab yalnız 27 ədəddir. Katolik məsihilərin yığıncağı 1046-cı miladi ilində bu kitabın asimani kitab olması barədə düşünülən hər növ şəkk-şübhəni qadağan etmiş və müxaliflərin e’tirazlarına da məhəl qoymamışdır. Bu kitabın 27 bölməsi aşağıdakılardan ibarətdir:

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]