Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
10
Добавлен:
01.05.2025
Размер:
1.14 Mб
Скачать

Qonşunun әzab-әziyyәti

Nəql olunmuş rəvayətlərdə qonşuların hüquqlarına riayət olunmasına böyük əhəmiyyət verildiyi kimi, onlara qarşı hörmətsizlik və kobudluq edilməməsinə də böyük diqqət yetirilmişdir. Həzrət Peyğəmbər (s) buyurur:

«Allaha və axirət gününə iman gətirmiş şəxs öz qonşusuna əziyyət etməməlidir».3

Әnsardan biri həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:

«Ya Rəsuləllah! Filan qəbilənin yanında bir ev aldım. Qonşu olacağım şəxsdən mənə xeyir dəyəcəyinə ümid etmirəm, həmçinin zərərinin yetişməyəcəyindən də arxayınam». Həzrət Peyğəmbər (s) üzünü imam Әli (ə), Salman, Әbuzər və Miqdada tutub buyurur:

«Məscidə gedib uca səslə deyin: Qonşusu əzab-əziyyətindən əmin olmayan şəxs iman gətirməmişdir».4

Başqa bir rəvayətdə deyilir: Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib öz qonşusundan şikayətlənir. Həzrət Peyğəmbər (s) ona səbr etməyi tövsiyə edərək buyurur:

«Səbr et! Bəlkə o öz rəftarını dəyişsin».

Şikayət üçün ikinci dəfə həzrət Peyğəmbərin (s) yanına gəldikdə yenə də ona səbr etməyi tövsiyə edir. Üçüncü dəfə şikayətə gəldikdə isə həzrət Peyğəmbər (s) buyurur:

«Cümə günü ev əşyalarını bayıra çıxarıb camaatın gəlib-getdiyi yolun üstünə qoy. Onlar səndən bunun səbəbini soruşduqda de ki, qonşum mənə əziyyət etdiyi üçün belə edirəm».

Həmin şəxs həzrət Peyğəmbərin (s) dediyi kimi də edir. Qonşusu el arasında rüsvay olacağını görüb yalvar-yaxar edərək evinə qayıtmasını xahiş edir və söz verir ki, bundan sonra bir daha onun narahatçılığına səbəb olacaq heç bir iş görməyəcəkdir.

Nəql olunmuş rəvayətlərdə həmçinin qonşuların çətinlikləri ilə maraqlanmağa və bu işdə səhlənkarlığa yol verməməyə tə᾽kid olunur. Həzrət Peyğəmbər (s) buyurur:

«Qonşusu ac olduğu bir halda tox qarına yatan şəxs müsəlman deyildir».1

Başqa bir rəvayətdə həzrət Әli (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Qonşusu ac olduğu bir halda tox qarına yatan şəxs Allaha və axirət gününə iman gətirməmişdir».

Səhabələr heyrətə gələrək soruşdular: «Elə isə vay bizim halımıza!» Həzrət Peyğəmbər (s) buyurdu:

«Yediyiniz xurma və yeməklərinizin artığı, pul, əxlaq və artıq paltarlarınızla Allahın qəzəbini yatırın».

Yə᾽ni yediyiniz yemək, geydiyiniz paltar, pul və s. şeyləri sədəqə verməklə Allahın razılığını qazanmağa çalışın.2

Bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə qonşu deyildikdə dörd tərəfdən ətrafdakı qırx ev nəzərdə tutulur.

Həzrət Әli (ə) buyurur:

«Məscidin sahəsi qırx addım, qonşuluq isə hər dörd tərəfdən qırx ev hesab olunur».1

Islamın böyük alim və görkəmli şəxsiyyətləri həzrət Peyğəmbər (s) və mə᾽sum imamların sünnəsinə tabe olaraq qonşunun hüququna riayət edilməsinə böyük diqqət yetirmişlər.

Misal olaraq onlardan bir neçəsinə işarə edirik:

Görkəmli fiqh alimlərindən olan mərhum şeyx Seyyid Cavad Amili öz xatirələrində yazır: «Günlərin bir günündə axşam yeməyini yediyim zaman illər boyu elmindən bəhrələndiyim mərhum ustad Bəhrul-ülumun xidmətçilərindən biri qapını döyüb məni səslədi. Qapını açdıqda dedi: «Ustad sizi çağırır, şam süfrəsi kənarında əyləşib amma siz gəlməyincə yeməyə əlini yeməyə uzatmayacaq.» Tələm-tələsik evdən çıxıb ustadın evinə gəldim. Evə daxil olduqda əsəbi halda üzünü mənə tutub dedi: Heç Allahdan çəkinmirsən?! Ustadın bu sözlərindən heyrətə gələrək təəccüblə soruşdum: Deyə bilərsinizmi təqsirim nədir? Dedi: «Yeddi gündür qonşun ailəsi üçün yemək tədarükü görə bilmir və neçə müddətdir ki, qonşuluqdakı dükandan ucuz xurmalar nisyə götürür. Bu gün də xurma almaq üçün dükana gedib, dükançı borcunun çoxaldığını bəhanə gətirib ona nisyə heç bir şey verməyib. O da xəcalət çəkərək kor-peşiman evinə qayıdıb və bu gün ailəsi ac qalıbdır.»

Dedim: Ustad! And olsun Allaha, bütün bunlardan xəbərsizəm, yoxsa əlimdən gələn köməyi əsirgəməzdim.

Dedi: «Məni də narahat edən budur ki, nə üçün bu müddət ərzində qonşundan xəbər tutmayıb, ac qaldıqları günlərdə onlara heç bir köməklik etməmisən. Әgər xəbərin olan halda kömək etməsəydin müsəlman yox, yəhudi hesab olunardın». Sonra yeməklə dolu sinini mənə verib dedi: «Xidmətçi ilə birlikdə həmən şəxsin evinə gedin və bu yeməkləri ona verib deyin ki, bu gün şam yeməyini birlikdə yeyəcəyik.» Sonra ayağa qalxıb bir qədər pul verib dedi: «Bu pulu da süfrənin altına qoyarsan....»

Mərhum Seyyid Bəhrul-üluma bu haqda kimsənin mə᾽lumat vermədiyi bir halda, bütün bunlardan necə xəbərdar olması söhbətimizdən xaricdir. Lakin, dediklərimizdən bu nəticəyə gəlmək olur ki, bu kimi böyük şəxsiyyətlər yaşadıqları cəmiyyətin sosial vəziyyəti ilə yaxından maraqlanmış və qonşuların hüquqlarının riayət olunmasına xüsusi diqqət yetirmişlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]