Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

İkinci hissə:

«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Qur᾽anın orjinal nüsxəsində bə᾽zi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.

1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.

2. Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Qur᾽an indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.

3. Koleyni «Üsuli-kafi»də və Əyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Qur᾽an dörd hissədən ibarət olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri haqda nazil olmuşdur. Qur᾽ana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.

4. Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:

«Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.»

Cavab: İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də Qur᾽anın təhrif olunduğunu iddia etmək olmaz.

Yox əgər təhrifdən savayı heç bir mə᾽na əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər, Qur᾽anın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mö᾽təbər rəvayət kimi istinad olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql olunmuş rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.

Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.

1. Hamı tərəfindən mö᾽təbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan «Qədir» hədisindən bir daha mə᾽lum olur ki, Əli (ə)-ın adı Qur᾽ani-kərimdə birbaşa çəkilməmişdir. Çünki, Əli (ə)-ın «Qədir» hədisi vasitəsilə xilafətə tə᾽yin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün işlərində köməklik etməli və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.

Əgər Əli (ə)-ın adı Qur᾽anda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə («Qədir» hadisəsində) xilafətə tə᾽yin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Qur᾽anda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir» hadisəsindən bir daha bizə mə᾽lum olur ki, Əli (ə)-ın adı Qur᾽ani-kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki, Qur᾽an demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.

2. Əli (ə)-ın Qur᾽ani-kərimdə adı çəkilməsinə dəlalət edən bə᾽zi rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Bir halda ki, həmin ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.

3. Əbu Bəkrin «Üsuli-kafi»də imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə, Əli (ə)-ın adının Qur᾽ani-kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa surəsinin «Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!» ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Qur᾽anda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rə᾽kət qılınacağı barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər (s) tərəfindən izah olundu. (Vafi. 2-ci cild, 30-cu səh).

Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yə᾽ni Əli (ə)-ın adı Qur᾽anda çəkilməmişdir. Lakin bə᾽zi ayələrin təfsir və ya izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.

4. Əbu Bəkrə bey᾽ət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın Qur᾽anda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Qur᾽anda çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad edər və onun iste᾽fasını tələb edərdilər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]