Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi

Osmanın xilafəti dövründə Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.

1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Qur᾽anı təhrif etməyə cür᾽ət edə bilməzdi.

2. Osmanın, Qur᾽anın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə tə᾽yin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.

3. Əgər Osman həqiqətən də Qur᾽anı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.

4. Əgər Qur᾽an xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə tə᾽yin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun müxalifləri belə e᾽tiraz etməmişlər.

Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir: «And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir.» (Nəhcül-bəlağə).

Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Qur᾽anda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.

Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi

Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. Lakin artıq bizə mə᾽lumdur ki, kimsə tərəfindən belə bir iddia və ya nəzəriyyə irəli sürülməmişdir.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən sonra, Qur᾽anda Bəni-üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bə᾽zi əlavələr edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə saxlanılmayır. Sonralar oxunan və tədris olunan Qur᾽anlar, məhz bu Qur᾽anlardan köçürülürdü. (Mənahicul irfan 257-ci səh).

Cavab: Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Qur᾽anda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Qur᾽an nüsxələrini yığdırıb oraya bə᾽zi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Qur᾽an sədası altında yaşayan yüz minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz e᾽tirazlarını bildirmirdilərmi?!

Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Qur᾽an mütəxəssislərinin tə᾽lif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!

Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.

Həccac bütün Qur᾽an nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə Qur᾽an hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!

Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Qur᾽anda Bəni-üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara qarşı öz e᾽tirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə qarşı öz e᾽tirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.

Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Qur᾽an və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]