Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Araşdırma

Belə bir nəticəyə gəlirik ki, Qur᾽anla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: «Alimlərdən bə᾽ziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mö᾽təbərliyini qəbul etməyən şəxsləri küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Qur᾽anı da mütəvatir hesab etməməkdə günahlandırır və bu səbəbdən də, belə şəxsləri küfr etməkdə suçlayırlar. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibni Ləb, bu əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O, öz əqidəsini sübuta yetirmək üçün böyük sə᾽y göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə Qur᾽anın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Qur᾽an qiraətlər olmadan mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab olunurlar.

Alimlərin bə᾽ziləri deyirlər: «Qiraətlərlə Qur᾽anın mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.»

Zərkeşi «Burhan» kitabında yazır: «Qur᾽an və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Qur᾽an həzrət Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bə᾽ziləri qiraətləri mütəvatir, bə᾽ziləri isə sadəcə olaraq mö᾽təbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən mütəvatir olaraq nəql olunmaları, yə᾽ni mö᾽təbər olduqlarına dəlalət edən hədisin nəql olunması kimsəyə mə᾽lum deyildir. Çünki, qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (Əl-itqan. 1-ci cild, 138-ci səh).

Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir

Bə᾽zən belə təsəvvür olunur ki, Qur᾽anın nazil olduğu «yeddi hərf» və «yeddi oxunuş» üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.

Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.

1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;

2. Bu rəvayətlərin mö᾽təbərliyinə istinad etsək də belə, «yeddi hərf» və «yeddi oxunuş» üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki, bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mö᾽təbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe᾽, Abdulla ibni Kəsir, Əbu Əmr Ə᾽la, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.

Bə᾽ziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu, heç də belə deyildir... Alimlərin bə᾽ziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət üsulunu mö᾽təbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.

Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mö᾽təbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər mə᾽lumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...

Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab «Şafi» kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.

Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları «Kitabus-səb᾽ə» (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.»

Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bə᾽ziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bə᾽zilərini elmi baxımdan yeddi mö᾽təbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Qur᾽anın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda bu qiraətləri, yeddi Qur᾽an üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Mə᾽munun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yə᾽qub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid, Kəsaini, Yə᾽qub Həzrəminin yerinə tə᾽yin edir!!» (Tibyan 82-ci səh).

Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Qur᾽an üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər mə᾽lumat əldə edə bilmədikləri üçün yaranmışdır.»(Tibyan, səh.61.)

Qurtəbi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.»

İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da, xəlifə Osmanın dövründə yığılmış Qur᾽an nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu, sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş qaydalarıdır.» (Təfsir Qurtəbi. 1-ci cild, 46-cı səh).

İbni Cəzri də Kəsainin Qur᾽anın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki, kifayət qədər mə᾽lumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mö᾽təbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.

Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüz illiyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüz illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz illik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bə᾽ziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.

Hamının e᾽timadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.

Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı mə᾽lumat vermişdir. Onların siyahısında yeddi mö᾽təbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) «Əl-cam» adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı mə᾽lumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cə᾽fər Təbərinin də on mö᾽təbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mö᾽təbər qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı mə᾽lumat vermişdir.

Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: «Qiraətlərin tarixi haqda ətraflı mə᾽lumat verməkdən əsas məqsəd, kifayət qədər mə᾽lumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.»

Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» və «yeddi oxunuş» üslubu ilə yeddi mö᾽təbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bə᾽zi mə᾽lumatsız şəxslər belə güman edirlər ki, mö᾽təbər hesab olunan qiraətlər yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və «yeddi oxunuş» hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mö᾽təbər və əsassız hesab etmişlər. Bir halda ki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bə᾽zi qiraətlər onların bir çoxundan daha mö᾽təbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların «Qur᾽an yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bə᾽zi mə᾽lumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox keçmiş alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki, mə᾽lumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.

Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə nəzərdə tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış mə᾽lumata bu haqda heç bir mə᾽lumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-itqan (Süyuti). 1-ci cild, 138-ci səh).

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.

Demək, mö᾽təbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:

1. Bütün qarilərin mö᾽təbər olub-olmaması;

2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.

Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]