Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Yanliş təsəvvür

Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) mö᾽cüzələrinin yalnız Qur᾽andan ibarət olduğunu və onun digər başqa mö᾽cüzələrə sahib olmadığını iddia edirlər. Hətta bə᾽zi sadəlövh insanlar əldə etdikləri yanlış mə᾽lumatlara əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər.

Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.

«Bizə möcüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.»

Onlar deyirlər: Ayədən belə mə᾽lum olur ki, Məhəmmədin (s) Qur᾽andan savayı başqa bir mö᾽cüzəsi olmamışdır. Və Allah-taala ona Qur᾽andan başqa ayrı bir mö᾽cüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri mö᾽cüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.

Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır.

Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.

Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur.

Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:

1. Ayədə əlamət və nişan mə᾽nasını verən «ayə» sözünün cəm formasından, yə᾽ni «ayat» sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yə᾽ni «əlif-lam» ilə işlənmişdir. Bu səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:

a) «Əlif-lame cinsi»;

Bu halda ayənin mə᾽nası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və mö᾽cüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məs᾽uliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.

b)  «Əlif-lame cəmi»;

Bu mə᾽na da peyğəmbərliyi sübuta yetirən mö᾽cüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.

v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mə᾽nasında işlənmişdir. Buradan belə mə᾽lum olur ki, Qur᾽anın inkar etdiyi mö᾽cüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir.

2. Əgər müşriklərin inkar və təkzib etmələri onların mö᾽cüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽ani-kərim də nazil olmazdı. Çünki, ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Qur᾽anın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi mö᾽cüzələr peyğəmbərlərin bütün mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir.

3. Ayədə mö᾽cüzənin göstərilməməsi keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, mö᾽cüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə mö᾽cüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir mə᾽na daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki qaldı mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

İlahi hikmətin iki səbəbi vardır:

1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.

2. Əgər insanları təkzib etmək mö᾽cüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.

İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar mö᾽cüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə mö᾽cüzə görmək istəyirdilər. Belə bir halda mə᾽lum məsələdir ki, Allah-taala onlara mö᾽cüzə göstərməyəcəkdir.

Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri mö᾽cüzələrə deyil, müşriklərin mö᾽cüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri mö᾽cüzələrə dəlalət edir.

Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri sonralar baş verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi?

Cavab: Onların mö᾽cüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.

«Halbuki sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil.» (Ənfal-33).

Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir mö᾽cüzə göndərilməmişdir.

İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən mö᾽cüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az olmayırdı. İstər peyğəmbərlərin, istərsə də mö᾽cüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnməyir. Amma əgər əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki, həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər.

Əgər bir şəxs mö᾽cüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.

Tələb olunan mö᾽cüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi mö᾽cüzəni ayənin sonunda «qorxuducu mö᾽cüzələr» adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən mö᾽cüzələrdə də müşahidə edilə bilər.

4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan mö᾽cüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir.

a) İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.

«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitaba [lövhi məhfuzda] yazılmışdır.»

b) Həmən ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.

v) Bu mö᾽cüzələr həmən xəbərdarlıq ayələri altında qeyd olunmuş və «Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır.

Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur.

5. Bu mətləbə toxunan digər Qur᾽an ayələrində də qadağan olunmuş mö᾽cüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda mə᾽lum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.

Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.

1. Bəla istənilən ayələr;

2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr;

3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.

1. BƏLA İSTƏNİLƏN AYƏLƏR

«Bir zamanda: Ya Allah! Əgər [Quran] Sənin tərəfindən gəlməsi haqdırsa, onda başımıza göydən daş yağdır və ya şiddətli bir əzab göndər. Halbuki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz.» (Ənfal 32-33).

«De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə [nə edərsiniz?] Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər?» (Yunus-50).

«Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: «Bu əzabı gecikdirən [ona mane olan] nədir?» deyəcəklər.» (Hud-8).

«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53).

«Onlara bir ayə gəldiyi zaman: «Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik!» – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar.» (Ənam-124).

«[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir möcüzə gətirsin!» (Ənbiya-5).

«Dərgahımızdan müşriklərə haqq [Quran və peyğəmbər] gəldikdə onlar: «Musaya verilən [möcüzələri] nə üçün eynilə ona da verilmədi?» – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: «İki sehr [tövrat və Quran] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və Məhəmməd bir-birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Quranı, Musanı və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48).

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]