Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq

7-ci irad:

Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Qur᾽anı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Qur᾽an ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Qur᾽an həqiqətən mö᾽cüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.

Cavab:

Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:

1. Qur᾽anın mö᾽cüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Qur᾽anın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yə᾽ni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.

2. İnsanlar Qur᾽anın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyillər. Qur᾽an ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qur᾽ana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.

3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mö᾽təbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.

4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Qur᾽an Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı Qur᾽an hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Qur᾽an nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.

Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Qur᾽anı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Qur᾽an hafizlərinin bol olduğu bir şəraitdə belə bir məs᾽uliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.

Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq

8-ci irad:

Onlar deyirlər:

Qur᾽anın bəyan tərzi ilə, mahir ədib və şe᾽r ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Qur᾽anda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.

Cavab:

Qur᾽an, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Qur᾽an fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.

Şübhəsiz, Qur᾽anın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Qur᾽an surələrindən hər birini mütaliə etdikdə yaradılış, mə᾽ad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli mə᾽lumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şər᾽i məsələləri ilə yaxından tanışlıq hasil olur.

Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi mə᾽na baxımından heç bir nizamsızlıq müşahidə etmirik.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Qur᾽anın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yə᾽ni kamala çatmaqdan məhrum olardı.

Qur᾽ana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.

Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi çatışmamazlıqla qarşılaşardı. O da Qur᾽anda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Qur᾽an öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir mə᾽na kəsb etməzdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]